Tarixboyu fərqli coğrafiyalardan keçən yollar müxtəlif xalqlar arasında münasibətlər yaratmış, bu münasibətlər sonradan strateji tərəfdaşlığa belə çevrilmişdir. Dünya tarixinə iz salan belə yollardan biri də “Böyük İpək Yolu”dur. Təsadüfi deyil ki, bu yol hazırda bəşər tarixində ilk transkontinental ticarət və diplomatiya yolu kimi qiymətləndirilir.
Belə ki, eramızdan iki əsr əvvəl Çindən qərb istiqamətində ticarət karvanlarının hərəkət etməsi ilə bu dövlətin xarici ticarət əlaqələri formalaşıb və nəticədə Çin malları, xüsusilə də Çin ipəyi dünyanın dörd bir tərəfinə yayılıb. İxrac olunan əsas məhsul ipək olduğuna görə bu yol “İpək Yolu” adlandırılıb.
Çoğrafi baxımdan bu qədim yolun üzərində yerləşən Azərbaycan da tarixən “İpək Yolu”nun bir parçası olub. Yəni Azərbaycanla Çini hələ min illər əvvəl bu qədim yol birləşdirib. Tarixi “İpək Yolu”ndan başlanan münasibətlər ötən 34 il ərzində - Azərbaycan müstəqillik əldə etdikdən sonra hər iki xalqın rifahı naminə müxtəlif sahələrdə davamlı şəkildə inkişaf edib.
Diplomatik münasibətlərin qurulmasında Heydər Əliyev amili
Azərbaycanla Çin arasındakı diplomatik münasibətlər 1992-ci ilin aprelində qurulub. 1992-ci ilin avqust ayında Çinin ölkəmizdə səfirliyi açılıb. 1993-cü ilin sentyabrında isə Milli Məclis Azərbaycanın Pekində səfirliyinin açılması barədə qərar qəbul edib.
Ölkələrarası münasibətlərin inkişafı isə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra başlayıb. Təsadüfi deyil ki, Azərbaycan–Çin münasibətlərinin bugünkü yüksək səviyyəsi məhz Ümummilli Liderin siyasi müdrikliyinin nəticəsidir. Ulu Öndər Heydər Əliyevin 1994-cü ilin martında Çinə rəsmi səfəri zamanı dövlətlər arasında səkkiz müqavilə imzalanıb. Bunlar dostluq münasibətlərinin inkişaf etdirilməsinin əsasları haqqında birgə bəyanat, iki ölkə arasında hava yolunun açılması, elmi-texniki və mədəni əməkdaşlıq, təbabət, radio və televiziya, turizm sahəsində qarşılıqlı fəaliyyət və s. sahələri əhatə edib.
1996-cı ilin aprel ayında isə Çin Xalq Respublikası (ÇXR) Baş nazirinin müavini Tsyan Tsiçen Azərbaycanda səfərdə olub. O, Heydər Əliyevlə danışıqlar zamanı bildirib: "Çin Azərbaycanla münasibətlərin inkişaf etdirilməsinə böyük əhəmiyyət verir və bütün sahələrdə dostcasına əməkdaşlığın daha da genişləndirilməsi üçün onunla birlikdə səy göstərməyə hazırdır".
Bu görüşdə ikitərəfli münasibətlərlə yanaşı, əsas müzakirə mövzularından biri də Azərbaycanın dövlət suverenliyi və torpaqlarının işğalı olub. Tsyan Tsiçen ÇXR-in Azərbaycan torpaqlarının toxunulmazlığını tanıdığını və Azərbaycanın yanında olduqlarını bir daha bəyan edib.
Sonrakı dövrlərdə müxtəlif səviyyələrdə həyata keçirilən qarşılıqlı səfərlər münasibətlərin inkişafı üçün münbit şərait yaradıb.
1997-ci il 27-30 avqust tarixində Çin Xalq Respublikasının Ümumçin Xalq Nümayəndələri Məclisinin sədr müavini Van Bintsyanın başçılığı ilə nümayəndə heyəti Azərbaycana səfər edib. Səfər zamanı iki ölkə arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi, Azərbaycan və Çin parlamentləri arasında əlaqələrin daha da inkişaf etdirilməsi müzakirə olunub. Çin Xalq Yığıncağının nümayəndə heyəti Milli Məclisə 60.000 dollar məbləğində texniki yardım təqdim edib.
1998-ci il sentyabrın 8-də Bakıda Azərbaycan Prezidenti Heydər Əliyevin təşəbbüsü ilə tarixi “Böyük İpək Yolu”nun bərpası üzrə TRASEKA proqramı çərçivəsində Avropa və Asiya dövlət başçılarının zirvə görüşünə həsr olunmuş beynəlxalq konfrans baç tutub. Bu konfrans da öz növbəsində iki ölkə arasında münasibətlərin daha da dərinləşməsinə səbəb olub.
1999-cu il 21-24 iyun tarixində Ümumçin Xalq Nümayəndələri Məclisi Daimi Komitəsinin sədri Li Pen Azərbaycana səfər edib. Li Pen Prezident Heydər Əliyev və digər dövlət rəsmiləri ilə görüşlər keçirib. Səfər zamanı Li Pen və Heydər Əliyev Bakıda Çin Xalq Respublikası səfirliyinin yeni binasının təməlqoyma mərasimində iştirak ediblər.
Siyasi əlaqələri strateji müstəviyə qaldıran rəsmi səfərlər
2003-cü ildə Azərbaycan Prezidenti seçilən İlham Əliyev də Çinlə münasibətlərin inkişafına hər zaman xüsusi diqqət yetirib. Dövlət başçısı Çinə bir neçə dəfə səfər edib. 2005-ci il martın 17-19-da Prezident İlham Əliyev Çin Xalq Respublikasında rəsmi səfərdə olan zaman ÇXR-in sədri Xu Szintao Azərbaycan Prezidentinin səfərini iki ölkə arasında münasibətlərin tarixində çox mühüm hadisə kimi qiymətləndirib. O, həmçinin Azərbaycanın Cənubi Qafqazda liderlik mövqeyinin möhkəmlənməsindən məmnun olduğunu bildirib. İlham Əliyev isə Azərbaycanın Çinlə əlaqələrə xüsusi önəm verdiyini vurğulayaraq Azərbaycan rəhbərliyinin Çinin işgüzar dairələrinin ölkə iqtisadiyyatının müxtəlif sahələrinə sərmayə qoymasına köməklik göstərəcəyini deyib.
İlham Əliyev bu səfər zamanı Azərbaycan-Çin biznes forumunun işində iştirak edib, Böyük Çin Səddinə baxıb, həmçinin, digər işgüzar görüşlərdə iştirak edib. Bundan başqa, 7 avqust 2008-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Pekində keçirilən XXIX Yay Olimpiya oyunlarının açılış mərasiminə qatılıb.
Dövlət başçısının 2015-ci ilin dekabrında Çinə həyata keçirilən daha bir səfəri zamanı “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında İpək Yolu İqtisadi Kəmərinin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu” imzalanıb. Bu sənəd əməkdaşlıq üçün mühüm əhəmiyyətə malikdir.
Sözügedən səfər barədə 2019-cu ilin aprelində Çinin “Sinxua” agentliyinə müsahibə verən Prezident İlham Əliyev deyib: “Mənim 2015-ci ildə Çinə səfərim zamanı bir çox mühüm sənədlər imzalanmışdır. Bunların sırasında iki ölkə arasında imzalanmış “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu da var idi. Azərbaycan Çinin “Bir kəmər, bir yol” təşəbbüsünü tam dəstəkləyir. Azərbaycan və Çin arasında nəqliyyat sahəsində əməkdaşlıq üçün çox yaxşı perspektivlər var”.
2016-cı ilin may və iyun aylarında isə Çin Xalq Respublikası Dövlət Şurası Sədrinin birinci müavini Can Qaolinin rəhbərlik etdiyi nümayəndə heyəti, Kommunist Partiyası Siyası Şurasının üzvü, Mərkəzi Komitəsinin siyasi və hüquqi məsələlər komissiyasının katibi Menq Ciancu Azərbaycana səfər ediblər. Tərəflər praqmatik əməkdaşlıq, təhlükəsizlik sahəsində əlaqələr haqqında fikir mübadiləsi aparıblar.
2019-cu il aprelin 24-də Azərbaycan Prezidenti İlham Əliyev Çinə növbəti dəfə səfər edib və ayın 26-27-də Çinin paytaxtı Pekində keçirilən 2-ci “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumunda iştirak edib.
Bu gün dünyanın bütün ölkələri ilə qarşılıqlı surətdə faydalı əməkdaşlıq yaratmaq prinsipini rəhbər tutan Azərbaycan güclü dövlət olan Çinlə bütün istiqamətlərdə sıx əlaqələrə və strateji müttəfiqliyə malikdir. Azərbaycanın müstəqilliyini tanıyan (1991-ci il 27 dekabr) ilk ölkələrdən biri də Çin Xalq Respublikası olub. Bu gün də ÇXR və Azərbaycan qarşılıqlı şəkildə bir-birinin suverenliyini və torpaqlarının toxunulmazlığını tanıyır. BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən olan ÇXR hər zaman Azərbaycanı dəstəklədiyini bildirir. Tayvan, Tibet və "Şərqi Türküstan" məsələlərində Azərbaycanın Çinin mövqeyini dəstəkləyən xarici siyasətini qarşı tərəf də yüksək dəyərləndirir.
Azərbaycan-Çin iqtisadi əlaqələrinin genişləndirilməsi, bu sahədəki problemlərin həlli məqsədilə Hökumətlərarası İqtisadi Komissiya yaradılıb. Komissiyanın ilk iclası 2009-cu il 27 may tarixində keçirilib. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi və Çin Xalq Respublikasının Kommersiya Nazirliyi arasında əməkdaşlıq haqqında 2012-ci il iyunun 12-də Pekin şəhərində memorandum imzalanıb. Azərbaycan 2016-cı ildə Asiya İnfrastruktur İnvestisiya Bankına üzv olub və İnvestisiya Bankı TANAP layihəsinə 600 milyon dollar kredit ayırıb. Azərbaycanın "Bir kəmər, bir yol" layihəsinə verdiyi önəm 2017-ci ilin oktyabrında "Bakı-Tbilisi-Qars" dəmir yolunun açılışı ilə öz təsdiqini tapıb. Çin hökuməti "Bakı-Tbilisi-Qars" dəmir yolunun istifadəyə verilməsini, bu yolun tikintisində Azərbaycanın rolunu, eləcə də "Bir kəmər, bir yol" layihəsinə verdiyi dəstəyi yüksək qiymətləndirib.
Azərbaycan Cənubi Qafqazda Çinin ən böyük ticarət tərəfdaşıdır
Prezident İlham Əliyevin 2019-cu ilin aprelində Çinə səfəri zamanı iki ölkə şirkətləri arasında ümumi dəyəri 821 milyon ABŞ dolları olan 10 sənəd imzalanıb. 2019-cu ilin birinci yarısında iki ölkə arasında ticarət dövriyyəsi 2.3 dəfə artaraq 1.4 milyard ABŞ dollarından çox olub. Halbuki, 1992-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi - 1,5 milyon ABŞ dolları təşkil edirdi. 2022-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi əvvəlki illə müqayisədə 21 faizdən çox artıb. 2023-cü ildə Çin Azərbaycanın ticarət dövriyyəsində dördüncü sırada qərarlaşıb. 2023-cü ildə isə Azərbaycandan Çinə ixrac olunan mal və məhsulların dəyəri 63,5 milyon dollar təşkil edib. Çindən Azərbaycana idxalın həcmi isə 1 milyard 556,2 milyon dollar olub. Beləliklə, Azərbaycana idxal olunmuş məhsulların 15,4 faizi Çinin payına düşüb və bu göstərici ilə Çin ikinci pillədə yer alıb.
Bu statistika indi də yüksələn xətlə inkişaf edir və təsadüfi deyil ki, hazırda Çinin Cənubi Qafqaz ölkələri ilə olan ümumi ticarət dövriyyəsinin 50 faizə yaxınını məhz Azərbaycan təşkil edir.
Çinin Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşı olan Azərbaycan bu ölkə ilə sənaye, kənd təsərrüfatı, ticarət, turizm, İKT, nəqliyyat-logistika, tikinti və digər sahələrdə əməkdaşlıq edir. Ölkəmizin Çində ticarət nümayəndəliyi fəaliyyət göstərir. Bununla yanaşı, Urumçi, Luco və Şanxayda Azərbaycanın Ticarət evləri açılıb. Azərbaycan Çinin müxtəlif bölgələrinə ticarət missiyaları təşkil edir. Çin şirkətləri Azərbaycanda sənaye layihələrinin reallaşdırılmasında iştirak edirlər.
Çinin İKT şirkətləri də ölkəmizdə uğurla fəaliyyət göstərirlər. Bu gün Azərbaycanda 120-dək Çin kapitallı şirkət qeydiyyata alınıb. Ölkəmizdə dövlət vəsaiti hesabına icra edilən 600 milyon ABŞ dolları dəyərində layihələrdə Çin şirkətləri iştirak edib. Azərbaycan Çin vətəndaşları üçün sadələşdirilmiş viza proseduru tətbiq edir. Vizanı ölkənin beynəlxalq hava limanlarında əldə etmək olur. Eyni zamanda, Azərbaycan və Çin arasında müntəzəm birbaşa uçuşlar həyata keçirilir.
Xüsusilə qeyd etmək lazımdır ki, ölkələrimiz arasında iqtisadi əlaqələr Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində birgə əməkdaşlıq, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının fəaliyyəti, Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) ilə icra olunan layihələr, Azərbaycanın Çinin “Bir kəmər, bir yol” təşəbbüsünə qoşulması, Şərq-Qərb, Orta Dəhliz layihələri çərçivəsində tərəfdaşlıqlar və Çinin paytaxtı Pekin şəhərində Azərbaycan Ticarət Evinin açılışı sayəsində daha da gücləndirib.
Ölkələr, həmçinin informasiya sahəsində də sıx əməkdaşlıq edir. Belə ki, AZƏRTAC ilə “Sinxua” agentlikləri arasında münasibətlər artıq 20 ildir davam edir. İki agentlik arasında imzalanmış saziş gündəlik olaraq qarşılıqlı xəbər, foto və video mübadiləsini, sosial media sahəsində əməkdaşlığı nəzərdə tutur.
İlham Əliyev: “Bir çox məsələlərdə Çinlə mövqelərimiz üst-üstə düşür”
Ümumiyyətlə, son illərdə iki ölkə arasındakı əlaqələr strateji müstəviyə qaldırılıb. Belə ki, 2022-ci ilin sentyabrında Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Səmərqənddə keçirilən Sammiti zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə Çin Sədri Si Cinpin arasında keçirilən görüşdə ikitərəfli münasibətlərin gələcək inkişafının istiqamətləri müəyyənləşdirilib. 2023-cü ilin əvvəlindən isə yüksək səviyyəli ikitərəfli mübadilələrin yeni dalğası başlayıb, qarşılıqlı səfərlər davam edib. 18 iyul 2024-cü il tarixində isə Azərbaycan Respublikası müşahidəçi ölkə statusu almaq üçün ŞƏT-ə müraciət edib.
Prezident İlham Əliyev Çinin “China Media Group” media korporasiyasına verdiyi müsahibədə iki ölkə arasındakı münasibətlərin əla səviyyədə olduğunu vurğulayıb. Dövlətimizin başçısı, eyni zamanda, bu gün regionun siyasi, habelə nəqliyyat marşrutları xəritəsinə nəzər saldıqda ölkələrimizin bir-biri ilə nə dərəcədə eyni mövqedən çıxış etməsinə toxunub.
“Beynəlxalq gündəliyə aid təməl məsələləri götürsək, görərik ki, bizim mövqelərimiz suverenlik, müstəqillik, ərazi bütövlüyü, digərlərinin daxili işlərinə qarışmamaq, iqtisadi əməkdaşlıq məsələlərində mövqelərimiz üst-üstə düşür. Biz qarşılıqlı ticarətin həcminin artmasını görürük və böyük potensial xüsusilə göz qabağındadır. Ölkələrimizi gələcəkdə daha da birləşdirəcək meydana gələn yeni nəqliyyat marşrutlarını görürük. Bunun özü də regional təhlükəsizliyə və sabitliyə böyük töhfə olacaq”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.
Dövlət başçısı, həmçinin COVID-19 pandemiyası başlayan zaman peyvəndlərin ölkəmizə gətirilməsində Azərbaycana yardım edən yeganə ölkənin Çin olduğunu xüsusilə diqqətə çatdırıb.
Çin Xalq Respublikasının Sədri Si Cinpin də ölkəmizlə əlaqələrə böyük önəm verdiyini dəfələrlə ifadə edib. O, İlham Əliyevlə görüşlərində və ünvanladığı məktublarda Azərbaycan və Çinin dost, tərəfdaş ölkələr olduğunu diqqətə çatdırıb.
Hərbi sahədə yeni mərhələ
Hərbi əməkdaşlığa gəldikdə, 1999-cu ilin may ayında ÇXR tərəfindən Ermənistana 8 ədəd "Tayfun" tipli raket kompleksinin satılması o zaman Azərbaycan-Çin münasibətlərinə soyuqluq gətirsə də, son dövrlər hər iki ölkə arasında hərbi sahədə münasibətlər inkişaf etməkdədir. 2019-cu ilin yanvarında Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikası Dövlət Şurasının üzvü, ÇXR-in Milli Müdafiə naziri general-polkovnik Vey Fenxenin dəvəti ilə Pekinə rəsmi səfər edib. Səfər çərçivəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Çin Xalq Respublikası Milli Müdafiə Nazirliyi arasında hərbi yardımın göstərilməsinə dair sənəd imzalanıb. Bununla da Azərbaycan-Çin əlaqələrində hərbi sahədə yeni mərhələ başlanıb.
Siyasi-hərbi əlaqələrlə yanaşı, hər iki şərq ölkəsini bu gün mədəni münasibətlər də bağlayır. Azərbaycan Respublikası və ÇXR arasında imzalanmış mədəni əməkdaşlığa dair müqaviləyə əsasən, 1995-ci il 12-21 aprel tarixi arasında Pekin Beynəlxalq sərgi mərkəzində məşhur Azərbaycan rəssamı Səttar Bəhlulzadənin əsərlərinin sərgisi keçirilib. 2001-ci ildə Çinin Cizian əyalətinin Çücou şəhəri və Azərbaycanın Sumqayıt şəhəri qardaşlaşıb. 2008-ci il 10 avqust tarixində Çin Xalq Respublikasının paytaxtı Pekində - "China World Hotel"-də XXIX Yay Olimpiya oyunları çərçivəsində "Azərbaycan günü" keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər. 2011-ci ilin mayında Çində Azərbaycan mədəniyyəti günləri keçirilib, 10-14 dekabr 2012-ci il tarixində isə Azərbaycanda Çin Xalq Respublikasının mədəniyyət günləri keçirilib. 2019-cu ilin noyabrında Pekində Heydər Əliyev Fondu və ÇXR-dəki Azərbaycan Respublikası səfirliyinin dəstəyi ilə “Azərbaycan musiqisi axşamları” adlı konsert proqramı baş tutub. Azərbaycanda iki Konfutsi İnstitutu fəaliyyət göstərir. Ölkəmizdə Çin mədəniyyətinə və Çin dilinə maraq artmaqdadır.
Çin Azərbaycanın ən böyük strateji tərəfdaşı kimi
Beləliklə, qeyd etmək lazımdır ki, Azərbaycanın mövcud olan zəngin təbii xammal ehtiyatı və Avropadan Asiyaya uzanan ticarət yolunda əlverişli coğrafi mövqedə yerləşməsi onun dünya birliyində nüfuzunun güclənməsinə imkan verir. TRASEKA proqramı çərçivəsində nəzərdə tutulan Avropa ilə Asiya arasında körpü rolunu oynayan “Böyük İpək Yolu”nun bərpası Azərbaycan qarşısında yeni inkişaf üfüqləri açmaqdadır. Bu tarixi yolun bərpası Avropa, Qara dəniz, Xəzər dənizi və Asiya regionlarında təbii ehtiyatlardan istifadəyə və qarşılıqlı faydalı əməkdaşlığa hər zaman kömək edəcək.
“Böyük İpək Yolu”nun inkişafı təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının dirçəlişində və inteqrasiya prosesində müstəsna rola malikdir. Xüsusilə də, 2020-ci ilin payızında Azərbaycanın qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqazda yeni geostrateji vəziyyət, iqtisadi və mədəni əməkdaşlıq vəd edən Zəngəzur dəhlizinin perspektivləri Türk dünyasının bütünləşməsi istiqamətində atılan ən ciddi addımlardan biri olacaq. Əminliklə söyləmək olar ki, bütün bu işlərin həyata keçməsi, uğurla davam etməsi üçün Çin Azərbaycanın ən böyük strateji tərəfdaşı və dəstəkçilərindən biri rolunda çıxış edir.