III MƏQALƏ
Tarixi olduğu kimi qəbul etmək, dərk etmək və olduğu kimi qiymətləndirmək lazımdır.
Heydər ƏLİYEV,
Ümummilli lider
Təfəkkür köləliyinə üsyan
Türk dünyasında dövlətçilik baxımından neqativ istiqamətdə XX əsrin əvvəlləri dönüş nöqtəsi oldu. Yalnız Osmanlının ərazi qalıqları üzərində Türkiyə Cümhuriyyəti müstəqil dövlət olaraq yarandı. Hətta Türkiyəyə də Qərbdən çox ciddi təsirlər və təzyiqlər arxa plana keçmədi. Qərbin imperialsit dairələrinin türk dünyasını parçalamaq siyasəti daha da genişləndi. Onlarla birgə Rusiya imperiyasının dağıdıcılıq fəaliyyəti qətiyyən unudulmaz. Harada türk dövlətçiliyi vardısa, oranı dağıdır, harda türk-müsəlman insanı vardısa, onu sürgün edir, işgəncə verir və məhv edirdilər.
Türklərə qarşı qərəzli olanlar siyasətlərini müxtəlif gəlişi gözəl siyasi, diplomatik və ideoloji terminlərlə pərdələməyə çalışırdılar. Onlar “sivil dünya”, “mədəniyyət”, “demokratik dövlət”, “insan haqları” və s. ibarələrlə bütövlükdə İslam ölkələrini dağıtmaqla məşğul idilər (indi də elədir). Bunlar tarixi faktlardır.
XXI əsrin əvvəllərində R.T.Ərdoğanın sayəsində ABŞ başda olmaqla kollektiv Qərbin uzun illər Türkiyədə pozucu fəaliyyətlərinin üstü açılmağa başladı. Bu proses indi də çox ağrılı şəkildə davam edir.
Lakin siyasi nəzəriyyəçilər hesab edirlər ki, onun pik səviyyəsi 2016-cı il uğursuz dövlət çevrilişi cəhdində olmuşdu. Türkiyə o sınaqdan salamat çıxmaqla bütövlükdə türk dünyası üçün əhəmiyyətli töhfə verdi.
Bunu kimlərəsə, xüsusilə yad mədəniyyət və “sivillik” aşiqlərinə anlatmaq kimi bir niyyətim yoxdur. Sadəcə, türk dünyası ilə bağlı siyasi və geosiyasi mənası olan bir faktı konstatasiya edirəm.
Digər türk dövlətləri – Azərbaycan, Qazaxstan, Özbəkistan, Qırğızıstan və Türkmənistan isə Çar Rusiyasından sonra sovetlərin tərkibində mövcud olmağa məhkum edildilər. Onların sırasında yalnız Azərbaycan müstəqil demokratik dövlət qura bilmək potensialını qısa müddətdə olsa da, dünyaya sübut etdi. AXC bu baxımdan Türkiyə də daxil olmaqla hər bir türk dövləti üçün həm ideya örnəyi, həm də təcrübədir! Azərbaycanda XX əsrdə müstəqil dövlətin qurulmasının müxtəlif şərtləri türk dünyası kontekstində mütləq tədqiq edilməlidir. Buradan bir neçə aspektdə maraqlı və vacib nəticələr çıxarmaq mümkün olacaqdır.
Məsələn, uzun müddət Rusiya kimi amansız və özünəməxsus istila fəlsəfəsi olan bir imperiyanın ərazi, idarəetmə, süni inzibati bölgü, hüquqi ayrı-seçkilik və demoqrafik dağıntılara məruz qoyduğu bir türk məmləkəti necə oldu ki, Şərqdə ilk demokratik Respublika qura bildi və onu bir il yaşatdı? Çünki ətraf qəvi düşmənlə dolu idi! Buna rəğmən qəhrəman Azərbaycan xalqı özünün üçrəngli gözəlim bayrağını demokratiya rəmzi kimi Qafqazda dalğalandırdı! Şair Ramiz Qusarçaylı görün, necə dərin duyğularla öz dövlətinin bayrağını vəsf edir:
Şənini vəsf etməyə yetər, qüdrətim yetər
Ulduzunu, ayını göydə mələklər öpər,
Hər rəngində “ya qazi, ya şəhid” bir mən bitər,
Sən ey İstiqlalımın əbədiyyət sancağı, –
Azərbaycan bayrağı!
Sən Arazın, Samurun umuduna bələndin,
Çəni ağlar Göyçənin buluduna bələndin,
Dərbəndin dərd hıçqıran sükutuna bələndin
O tayımda Savalan, bu tayımda Şah dağı,
Azərbaycan bayrağı!
Bu, azərbaycanlının əsrlərlə davam edən işğal və köləlik zülmünə təfəkkürünün “üsyanı”, “ruhunun hayqırtılarıdır”!
Türk dünyası üçün Azərbaycan təcrübəsi
Azərbaycan XX əsrdən başlayaraq türk dünyasında müstəqil dövlət qura bilmək təcrübəsinin təməlini qoydu. Burada Türkiyə Cümhuriyyəti istisnadır, çünki o, 700 yüz il üç qitədə mövcud olmuş Osmanlının varisidir. Azərbaycan isə Səfəvinin süqutu ilə parçalanmış ərazilərini “hissə-hissə” toparlayan məmləkətdir.
Onu işğal etdilər, parçaladılar və bu, təəssüf ki, bir neçə əsr davam etdi. Buna görə də XX əsrdə türk xalqları üçün müstəqil dövlət qurmaqda Azərbaycan təcrübəi bir örnək olmalıdır! Mərkəzi Asiya dövlətləri Azərbaycan istiqamətinə fokuslanmalıdırlar.
Bununla təfəkkürün köləliyi anlayışının mühüm bir aspektinə baxa bilərik. Məsələ onunla bağlıdır ki, çox ziddiyyətli siyasi, ideoloji, geosiyasi proseslərin çarpaz atəşi ortasında qalan Azərbaycan insanları həm də ağır psixoloji şəraitə salındılar. Bu da bizim təfəkkürümüzdə köləlik, özünə inamsızlıq, yadı daha yüksək tutmaq, xüsusilə dövlət məsələsində onlara üstünlük vermək kimi zərərli artefaktlar formalaşdırdı.
Belə görünür ki, indi də türk birliyi məsələsinə rusun, avropalının, amerikalının, yəhudinin, farsın gözü ilə baxanlar mövcuddurlar. Onlar minbir bəhanə ilə türk birliyini və ayrıca Türkiyəni qaralamağa çalışır və özlərinin köləlik “quyusu”nu daha da dərinləşdirirlər. Bu anlarınızda Azərbaycan bayrağına baxın:
Yağının min hiyləsi küydən, kələkdən keçər,
Sən sancılan ucalıq min-min ürəkdən keçər,
Dağlar yerindən oynar, daşlar ələkdən keçər,
Göylərin nur yağmuru, yerlərin göy qurşağı, –
Azərbaycan bayrağı!
Təfəkkürümüzü köləlikdən xilas etmənin zamanı çoxdan yetişmişdir! Türk dünyası birliyi zərurətinin və ayrıca Azərbaycan dövlət təcrübəsi örnəkliyinin dərin və ciddi geosiyasi anlamı da vardır.
Geosiyasi aspekt
Bizcə, məsələnin bu tərəfi dünya miqyasında müşahidə edilən geosiyasi proseslərin fonunda daha aktual görünür. Yəni Türk Dövlətləri Təşkilatının (TDT) geosiyasi şansını necə əsaslandırmaq və qiymətləndirmək olar?
Öncə, qlobal geosiyasətin ümumi mənzərəsinə baxaq. İndi demək olar ki, hər bir siyasi lider və ciddi analitik geosiyasi turbulentlikdən, idarə olunan xaosdan, dünya düzəni formatının kəskin dəyişməsindən, müxtəlif sferalarda dağıdıcılıqdan bəhs edir. Hələlik hazırkı dönəmdə dünya geosiyasəti haqqında müsbət fikir bildirən yoxdur. Bunları ümumiləşdirsək, yekun mənzərəni dünya geosiyasətinin “xüsusi kəskinləşmiş mərhələsi”, “risklər və qeyri-müəyyənliklər dönəmi” və s. kimi xarakterizə edə bilərik. Bizim üçün əsas sual bu vəziyyətdə belədir: türk dövlətləri yaranmış indiki vəziyyətə necə reaksiya verməlidirlər? Özü də bu sual ümumi deyil, konkret TDT kontekstində qoyulmalıdır. Çünki faktiki olaraq TDT var, onu türk dövlətləri xarici siyasətlərinin prioriteti kimi qiymətləndirmişlər (xüsusilə, Azərbaycan və Türkiyə).
Bundan başqa, müasir dünyanını geosiyasi mənzərəsində regionlaşma və məntiqi olaraq regional təşkilatlanma prosesi aparıcıdır (bunu tanınmış analitik və strateqlərin hamısı etiraf edir). Deməli, həm dünyanın geosiyasi gedişatı, həm də TDT-nin mövcudluq faktı hər bir türk dövlətindən tarixi seçim etməyi tələb edir. Real türk birliyi, yoxsa birliyin yad güclərin xeyrinə imitasiyası? Gerçəkdən TDT-ni inkişaf etdirmək, yaxud əsrlərdir davam edən türkü arxa plana atan ideologiyaların, maliyyə qurumlarının, iddialı etnosların istədikləri kimi həm öz xalqı, həm də TDT ilə “oynamaq”?
Kimsə düşünürsə ki, türk dövlətlərinin ərkanları bu suallar üzərində düşünmürlər, həyatlarının səhvini edirlər. Burada qapalı heç nə yoxdur. Türk öz marağını təmin etmək üçün bütün imkanlarından yararlanacaq.
Qətiyyən şübhə etmirik: Azərbaycan və Türkiyə kimliyindən asılı olmayaraq nə özünü güclü sayan yad dairələrə, nə də toplumun içində illərlə yetişdirilən “kolonlara” (5-ci və 6-cı olmalarını fərqi yoxdur, lap 7-ci və ya 8-ci də ola bilər) türk dünyasını yenidən parçalamağa və dünya siyasətində arxa plana atmağa imkan verməyəcklər! Bu iki qardaş dövlətin liderləri buna qadirdirlər və indiyə qədər də belə olduğunu sübut etmişlər! Yol davam edir! Mübarizədən bir an da olsun çəkilmələri yoxdur! Buna da iki qardaş liderin tam tarixi, siyasi və geosiyasi əsasları vardır! Bu məqam üzərində dayanaq!
Qərəzli Qərb və başqaları
Qərbi ayrıca vurğulamağımız təsadüfi deyildir. Dünyanın tanınmış geosiyasi strateqləri, analitikləri, filosofları və politoloqları əmindirlər ki, Vestfal sazişindən sonra dünya miqyasında (hərçənd H.Kissincer “dünya miqyası” anlayışını ənənəvidən fərqli qəbul etmişdir, lakin bu, başqa mövzudur) geosiyasətdə aparıcı rolu Qərb oynamışdır. Başlıca olaraq da “Qoca qitə”ni nəzərdə tuturlar. Buradan məntiqi olaraq alınır ki, indi dünyanın qarşılaşdığı hər bir problem və ya müsbət məqamda Qərbin rolu daha çoxdur. Bu tezisin fonunda analitiklər XXI əsrin başlanğıcında qlobal geosiyasəti xarakterizə edərkən əsas sual kimi “Qərb bu mərhələdə də aparıcı güc ola biləcəkmi?”ni seçirlər.
Bu, o deməkdir ki, dünyanın hazırkı geosiyasi vəziyyətində Qərb yaxasını qırağa çəkə bilməz və məsuliyyət daşıyır. Onunla bərabər Rusiya və nə qədər özünü sakit göstərsə də, Çin məsuliyyət daşıyırlar. İndi xəyalən bu güclərin coğrafi obrazlarını vahid mənzərədə türk dünyası fonunda birləşdirək. Belə alınır ki, türk dünyası faktiki olaraq indiyə qədər dünya geosiyasətini “qarışdıranların” coğrafi əhatəsindədir. Biz hələ ikinci dərəcəli rol oynayan güclü dövlətləri (məsələn, İran, Hindistan və s. demirik).
Bu cür geosiyasi dinamikada Türk dövlətləri öz maraqlarını bir neçə istiqamətdə təmin edə biləcək fəaliyyət göstərməyə məhkumdurlar. Bu, hansısa simpatiya və ya şəxsi seçim deyildir, əksinə, ciddi tarixi məsələdir. Türklər elə seçim etməlidirlər ki, uzun müddətdir ki, başlarına bəla olan faktorları neytrallaşdıra bilsinlər. Buna görə də Azərbaycan və Türkiyə liderlərinin fəaliyyətləri fonunda tam əminliklə deyə bilərik ki, indi qlobal geosiyasətdə türk ssenarisi “işləyir” və dünyanın özünü ən güclü sayan dairələri belə bu gerçəkliyi diqqətə almağa məhkumdurlar!
Dünya siyasətində “türk ssenarisi”nin bir neçə prioritet hədəflərini müəyyən etmək olar. Yəni, sadə desək, türk dövlətləri TDT-ni hansı məqsədlə yaratmışlar? Çılğın türklər dünya geosiyasətində hansı mövqeni tutmağa fokuslanmışlar?
(ardı var)
Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru