Azərbaycanın təşəbbüsü ilə BMT-də mina qurbanlarının hüquqlarının müdafiəsini tələb edən xüsusi qətnamə irəli sürülüb.
AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 1-də Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının (İHŞ) 58-ci sessiyası çərçivəsində “Minalar, insan hüquqları və ətraf mühitin deqradasiyası - mina qurbanlarına effektiv yardım” mövzusunda keçirilən yüksəksəviyyəli tədbirdə elan edilib.
Azərbaycanın BMT-nin Cenevrə Bölməsi nəzdindəki Daimi Nümayəndəliyi və “Universal Rights Group” (URG) beynəlxalq təşkilatı tərəfindən birgə təşkil olunmuş tədbir BMT-dəki daimi nümayəndəliklər, insan hüquqları sahəsindəki nüfuzlu qurum və ekspertlər, həmçinin beynəlxalq media nümayəndələrinin iştirakı ilə keçirilib.
Tədbirdə əsas məruzə ilə çıxış edən Xarici İşlər Nazirliyinin Xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov Azərbaycanın əsas həm-müəllif qismində irəli sürdüyü “Piyadalar əleyhinə minaların bütün insan hüquqlarından tam istifadə edilməsinə təsiri” adlı qətnamənin BMT İnsan Hüquqları Şurasının gündəliyinə daxil olduğunu elan edib. Natiq diqqətə çatdırıb ki, hələ iki il əvvəl belə bir təşəbbüslə çıxış etmiş ölkəmiz bu hədəf istiqamətində sistemli fəaliyyət aparıb. Bunun nəticəsində mövzu üzrə ilk dəfə xüsusi hesabat İHŞ-də təqdim edilib, BMT-də bir sıra paralel tədbirlər və məsləhətləşmələr təşkil olunub, ötən il Azərbaycanın təşəbbüsü ilə İHŞ-nin 57-ci sessiyasında yayılmış Birgə bəyanat 65 ölkə tərəfindən dəstəklənib.
Ermənistanın işğalı nəticəsində Azərbaycan torpaqlarının Avropada minalarla ən çox çirklənmiş ikinci ərazi olduğunu vurğulayan natiq postmünaqişə dövründə 383 vətəndaşımızın mina partlayışında həyat və sağlamlıqlarının itirdiyini, ümumilikdə isə Azərbaycanda 4 minə yaxın mina qurbanı olduğunu vurğulayıb. Sözügedən qətnamənin İHŞ-də ilk dəfə qəbul ediləcəyini bildirən E.İskəndərov bu sənədin mina qurbanları üçün ədalətin bərpa olması, onlara beynəlxalq yardımın artırılması üçün zəmin yaradacağını deyib.
Tədbirdə çıxış edən qətnamənin həmmüəllifi olan Əlcəzair, həmçinin Qambiyanın BMT-nin Cenevrə Bölməsindəki Daimi nümayəndələri, BMT-nin İnsan Hüquqları Pozuntuları üzrə Məruzəçisi, səfir Yvette Stevens və digər natiqlər minalarla mübarizə sahəsində beynəlxalq əməkdaşlıq imkanları, qarşılıqlı təcrübə mübadiləsi və mina qurbanlarına yardımın mümkün beynəlxalq mexanizmləri ətrafında fikir mübadiləsi aparıblar.
Çıxışçılar Azərbaycana insan hüquqlarının beynəlxalq səviyyədə müdafiəsinə verdiyi dəstəyə görə təşəkkür ediblər.
Tədbir çərçivəsində çıxış edən hüquqşünas və Beynəlxalq İnsan Hüquqları Müşavirləri (IHRA) təşkilatının təsisçisi Ben Keith tərəfindən “Mina Ədaləti” (Campaign for Landmine Justice) kampaniyasının rəsmi təqdimatı da həyata keçirilib. Kampaniyanın başlıca məqsədi mina qurbanlarının hüquqlarının təmin edilməsi ilə bağlı beynəlxalq həmrəylik mexanizminin yaradılmasına nail olmaqdır.
Tədbirin sonunda məruzəçilər iştirakçıların və media nümayəndələrinin suallarını cavablandırdılar.