II MƏQALƏ
Milli ideya və milli ideologiya
I məqalənin son tezisi milli ideyanın hər bir tarixi mərhələdə fərdi və kollektiv miqyaslarda sosial, psixoloji, mədəni, mənəvi, emosional və digər aspektlərdə identikliyin dövlət identikliyi ilə münasibətlərini tənzimləyən əsas faktor kimi anlamı ilə bağlı idi. XXI əsrin yeni çağırışları fonunda, bu, bir tərəfdən milli ideyaya kreativ yanaşaraq, onu dinamik yeniləşə bilən proses kimi təsəvvür etməyi, digər tərəfdən isə istənilən dəyişiklik fonunda belə milli ideyanın Azərbaycan üçün başlamış yeni tarixi mərhələ kontekstindən kənara çıxa bilməməsini qəbul edir. Bu, ümumi tezisdir və onu konkretləşdirməyə ehtiyac var.
Birincisi, milli ideyanın dinamik yeniləşməsi məsələsi dəqiq və konkret faktor üzrə ola bilər. Yəni burada universal miqyasda milli ideyanın yeniləşməsindən söhbət getmir. Onda baxdığımız məsələ milli ideyanı adekvat ifadə etmir. Çünki milli ideya öncədən müəyyən edilən elə əsas fəaliyyət məzmunu və məqsəddir ki, müəyyən perspektivdə toplum və dövlət üçün mahiyyətcə dəyişməz qalmalıdır. Müəyyən detallarda, aspektlərdə, xüsusiyyətlərdə isə korrektələr ola bilər və bəzən, bu, zərurətə çevrilir.
İkincisi, milli ideya dövlət və cəmiyyət üçün elə həssas və dərin məqamlarla bağlı özəlliklərə malikdir ki, onun daim bir ideoloji çərçivədə qalması vacibdir. Azərbaycan üçün, bu, yeni tarixi mərhələdə milli ideyanın azərbaycançılıq ideologiyası çərçivəsində hər korrektə edilmə ssenarisində (milli ideyanın məzmun və məqsədində) qalmasının təmini deməkdir.
Bizim üçün bu iki şərtin ödənmsəi strateji xarakter daşıyır. XXI əsrin yeni çağırışları ilə bağlı məsələ geosiyasi, siyasi, ideoloji və milli kimlik kontekstində daha da aktuallaşır. Vurğulanan situasiyanı daha aydın təsəvvür etmək üçün öncə XXI əsrin çağırışlarının hansı istiqamtədə milli ideyaya təsir edə biləcəyi üzərində dayanaq.
Yeni çağırışların təsir hədəfləri
Burada iki prinsipial cəhəti qeyd etmək lazımdır. Birinci cəhət onunla bağlıdır ki, indi əksəriyyətin “XXI əsrin yeni çağırışı” dediyi proses təzə başlamışdır. Konkret olaraq biz Prezident İlham Əliyevin bununla bağlı mövqeyinin düzgünlüyünü nəzərdə tuturuq. İkinci cəhət isə dövlət başçısının məsələni qiymətləndirməsi fonunda və azərbaycançılıq ideologiyası kontekstində yeni tarixi mərhələdə milli ideyada hansı yeni məqamların diqqətə alınmasının müəyyənləşməsi ilə əlaqəlidir.
Öncə Azərbaycan Prezidentinin mövcud geosiyasi situasiyanın daha ədalətli dünya düzəni yaratmaq kontekstində fikir dinamikasına nəzər salaq. 2024-cü il martın 14-də XI Qlobal Bakı Forumunun mövzusu “Parçalanmış dünyanın bərpası” idi. Bu, təsadüf deyildi, əksinə müasir dünyanın real geosiyasi mənzərəsinin dəqiq ifadəsi idi. Forumun təşkilatçılarından olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin müasir vəziyyətlə bağlı demişdi: “Biz “Parçalanmış dünyanın bərpası” adı altında görüşürük. Dünya həqiqətən parçalanıb, hər yerdə ciddi çağırışlar var. Əslində, biz təhlükənin hökm sürdüyü vaxtda görüşürük... Təhdidlər ətrafdadır, yeni dünya düzəni yarandığı bir dövrdə böyük güclər formalaşmış düzənin quruluşunu parçalayır, mövcud sülh və təhlükəsizlik qaydalarının dəyişdirilməsi prosesinə cəlb olunurlar”. Nümunə kimi, İsmail Serageldin Rusiya-Ukrayna müharibəsini, ABŞ-ın “dərindən parçalanmış siyasətini”, Latın Amerikasında cinayətkarlıq və zorakılığın baş alıb getməsini, “hazırda qaçqınların və məcburi köçkünlərin sayının hətta 100 milyonu keçdiyi”ni, “Çinin formalaşan yeni dünya düzənində haqlı olaraq əsas rol oynamağa” çalışmasını göstərmişdir.
Həmin forumda Prezident İlham Əliyevin qlobal və regional miqyaslarda geosiyasi yanaşmasında aşağıdakı fikirlər əsas yer almışdır. Dövlət başçısı demişdir: “Dünya sürətlə dəyişir. Əfsuslar olsun ki, yeni qeyri-sabitlik və qarşıdurma ocaqları meydana çıxır. Ötən ilin martında müzakirə etdiklərimizlə bu gün müzakirə etdiklərimizi müqayisə etsək nəzərəçarpan dəyişikliklər görərik. Burada geosiyasi dəyişikliklər baş verir. Ona görə də qlobal əhəmiyyət kəsb edən məsələlərin həlli üçün bu gün dünyanın həqiqətən də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinin və iştirakçılarının təcrübəsinə, biliyinə, onların dövlət, hökumət başçıları və xarici işlər nazirləri kimi təcrübəsinə ehtiyacı var”.
Bütün bunların fonunda Cənubi Qafqazda baş verən prosesləri dövlət başçısı belə qiymətləndirmişdir: “Qeyd etdiyim kimi, ötən görüşümüzdən bu yana dünyada, eləcə də regionumuzda çox hadisələr baş verib. Regionumuzdakı dəyişikliklər lokal xarakterli kimi görünə bilər, əslində isə zənnimcə, onların daha geniş fəsadları var. Çünki bir il bundan əvvəl burada ötən görüşümüzdən bu yana baş verən əsas geosiyasi dəyişiklik Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpasıdır. Bu, həqiqətən də çox ciddi geosiyasi dəyişiklikdir ki, fikrimcə həll olunmayan kimi görünən münaqişələrin həllinə çox müsbət təsir göstərəcək”.
Nəhayət, dövlət başçısı həm qlobal və regional miqyasda baş verənlərin Azərbaycana təsiri, həm də bu situasiyada dövlətimizin fəaliyyətini aydın ifadə etmişdir. İlham Əliyev bəyan etmişdir ki, “Azərbaycan sülh prosesini davam etdirməyə hazırdır. Hər iki ölkənin xarici işlər nazirləri səviyyəsində görüşlər bərpa olunub və indi biz düşünürük ki, sülhə nail olmaq mümkündür. Biz bunu istəyirik. Biz tarixi ədaləti və beynəlxalq hüququ bərpa etdik və indi regionda düşmənçiliyə son qoymaq vaxtı yetişib”.
İndi yuxarıda vurğulanan məqamların prizmasında bir il sonra, 2025-ci il martın 13–15-də keçirilən XII Bakı Forumuna baxaq. Bu dəfə mövzu yeni çağırışlar fonunda dünya düzəninin formalaşması ilə bağlı idi. Deməli, keçən bir il müddətində faktiki olaraq qlobal və regional geosiyasətdə müsbət istiqamətdə ciddi yenilik olmamışdır. XII Bakı Qlobal Forumu zamanı “Euronews” televiziyasına verdiyi müsahibədə Azərbaycanın dövlət başçısı vurğulamışdır: “Bu gün hər kəs tərəfindən bölüşülən fikir odur ki, hazırda yeni qaydaların müəyyənləşdirilməsi prosesi baş verir. Bildiyimiz dünya nizamı artıq mövcud deyil. Hələ ki, beynəlxalq ictimaiyyət tərəfindən istifadə olunacaq qarşılıqlı əlaqə konfiqurasiyası heç kəsə bəlli deyil. Buna dair fərqli fikirlər var”.
Buradan Azərbaycan lideri iki mühüm fikri məntiqi olaraq alır və bəyan edir. Birincisi, “hər bir ölkənin özünün daxili işlərinə və daxili imkanlarına daha çox diqqət ayırmalı, hər hansı bir yardıma və hətta beynəlxalq hüquqa arxalanmamalı olduğunu” qeyd edir, ikincisi, “beynəlxalq hüququn selektiv tətbiqinin qurbanı olan Azərbaycanın gələcəyini daxili resurslar hesabına qurmaq baxımından böyük təcrübəsi” olduğunu vurğulayır.
Son iki ildə dünya miqyasında baş verənlərə Azərbaycan Prezidentinin münasibəti göstərir ki, qlobal və regional miqyaslarda qeyri-müəyyənlik, risklər, təhdidlər, çağırışlar bütövlükdə geosiyasi sabitsizliyi gücləndirir, müstəqil dövlətlər bununla bağlı çətin vəziyyətə düşürlər. Bundan başqa, həmin proseslər faktiki olaraq müstəqil dövlətlərin daxili vəziyyətinə ciddi təsir edir. Bu təsirlərin özəlliyi ondan ibarətdir ki, hazırda xarici neqativ təsirlərlə daxili situasiya arasında ciddi bağlantı vardır. Nümunə kimi, dünyanın böyük güclərinin Azərbaycan–Ermənistan münaqişəsini (artıq həll olunmuş) ədalətli həll etmək istəməmələrini göstərmək olar. Bu vəziyyət uzun müddət (30 il) həm bütövlükdə Cənubi Qafqazı, həm də orada yerləşən dövlətləri ziddiyyətli vəziyyətdə saxlamışdır. Heç bir yerli dövlət tam mənası ilə təminatlı sabitliyə nail olmamışdır. Yalnız Azərbaycan daxili sabitliyini saxlamış və həm də onu qorumaq üçün titanik güc sərf etmişdir. Belə bir vəziyyətdə Azərbaycan məhz milli ideyanın məzmunu, hədəfi və məqsədini düzgün müəyyən etmək sayəsində uğurlar əldə etmişdir. “Ərazi bütövlüyünün bərpası” milli ideya kimi həmin mərhələdə bütün dövləti və sosial rıçaqları vahid məqsəd istiqamətində birləşdirməyə ciddi təkan vermişdir.
Deməli, həmin mərhələdə Azərbaycanın milli ideyasının konkret məzmun, forma və məqsəd almasında qlobal və regional geosiyasi dinamikanın çox ciddi rolu olmuşdur. Eyni məntiqlə deyə bilərik ki, bizim üçün çox əhəmiyyətli olan postmünaqişə və ya postmüharibə mərhələsində milli ideyanın məzmun və məqsədinin müəyyən edilməsində qlobal və regional geosiyasi dinamikanın təsiri əsaslı olaraq nəzərə alınmalıdır.
Bu fəaliyyətin birbaşa azərbaycançılıq məfkurəsi ideologiyası çərçivəsində həyata keçirilməsinin həm taktiki, həm də strateji zəruriliyi aydın görünür. Azərbaycan lideri İlham Əliyevin vurğuladığı kimi, qlobal və regional geosiyasi təsirlər müstəqil dövlətlərin daxili vəziyyətinə ciddi təsir edir (“hər bir ölkənin özünün daxili işlərinə və daxili imkanlarına daha çox diqqət ayırmalı, hər hansı bir yardıma və hətta, beynəlxalq hüquqa arxalanmamalı olduğunu”). Bu özəlliyi Azərbaycan həmişə nəzərə almışdır və ona əsasən fəaliyyət göstərmişdir (“beynəlxalq hüququn selektiv tətbiqinin qurbanı olan Azərbaycanın gələcəyini daxili resurslar hesabına qurması baxımından böyük təcrübəsi”).
Deməli, Azərbaycan yeni mərhələdə də azərbaycançılıq məfkurəsi kontekstində siyasətini aparmalıdır. Bu o deməkdir ki, hər bir səviyyədə bizim ölkə, dövlət və cəmiyyət üçün əsas tezis belə olmalıdır: “Öncə Azərbaycan”! Bu tezis bəlkə də yeni tarixi mərhələdə milli ideyanın əsas parametrlərindən biri ola bilər. Lakin indidən deyə bilərik ki, regonlararası miqyasda Azərbaycan Respublikası üçün azərbaycançılıq ideologiyası kontekstində öncə Azərbaycanın maraqlarının təmini olmalıdır!
Regional liderlik faktoru
Maraqlıdır, milli ideyada regional liderlik faktoru necə nəzərə alına bilər ki, praktiki nəticəsi olsun? Yuxarıda qısa təsvir edilən qlobal və regional çağırışlar diktə edir ki, hansısa formada bu məqam diqqətə alınmalıdır. Çünki Azərbaycan müstəqil və qalib dövlət kimi milli ilə yanaşı, regional təhlükəsizlik məsuliyyətini də öz üzərinə götürmüş olur. Bəs bunu milli ideya səviyyəsinə yüksəltməyə ehtiyac varmı?
Bizcə, çox böyük anlam və əhəmiyyətdə ehtiyac vardır! Məsələ onunla bağlıdır ki, regional liderlik Cənubi Qafqaz üçün bir dönüm nöqtəsidir. Elə bir nöqtə ki, yalnız Cənubi Qafqazla məhdudlaşmayan geniş bir geosiyasi məkanda tamamilə müsbət mahiyyətli yeni geosiyasi dinamika, mənzərə və konfiqurasiya yarana bilər! Bu prosesin əsas motivəedici və reallaşdırıcı gücü isə Azərbaycan Respublikasıdır! Bununla Azərbaycan “adi müstəqil dövlət” statusundan yeni səviyyəyə keçid prosesindədir. Onun milli ideya kontekstində izahını vermək gərəkdir.
Yığcam ifadə etsək, Azərbaycan tədricən ABŞ, Rusiya, Türkiyə, Çin kimi böyük güclərin malik olduqları geosiyasi statusla “orta güc” adlanan bir sıra dövlətlərin (İsrail, Argentina, Pakistan və s.) malik olduqları status arasında yer tutmaqdadır. Azərbaycan hələlik təsir baxımından “orta güc” statuslu dövlətlər səviyyəsində deyil. Lakin Bakı artıq öz regionunda şəriksiz liderdir və növbəti mərhələ onun üçün regionlararası miqyasda lider olmaqla bağlıdır. Yeni tarixi mərhələnin başlıca mahiyyəti bundan ibarətdir.
Deməli, Azərbaycanın yeni geosiyasi statusu “regionlararası lider” olmalıdır. Bunun başlıca əlamətini ədalətlilik, beynəlxalq hüquq və qarşılıqlı faydalı əməkdaşlıqla təhlükəsizliyin təmininin sintezi təşkil edir.
Deməli, Azərbaycan Respublikası regionlararası geosiyasi güc statusuna yüksəlmək üçün daxili inkişafın mənəvi potensialı, sosial, mədəni, siyasi birləşdirici imkanları ilə regionlararası mühitdə birləşdirici ola biləcək qüvvəyə, mənəvi potensiala, sosial, siyasi və mədəni kimliyə uğurlu proyeksiya etməlidir. Bu isə onu göstərir ki, Azərbaycan, məsələn, ABŞ-da olduğu kimi xarici məqsədini daxili milli strateji məsələ kimi görməli və onu dəqiq fəaliyyət proqramı çərçivəsində sistemli reallaşdırmalıdır.
Belə alınır ki, regionlararası liderlik məsələsi Azərbaycan üçün faktiki olaraq milli ideya səviyyəsinə yüksəlmiş məqamdır. Azərbaycan həmin məqsədinə cəmiyyət və dövlət olaraq bütün potensialını və real gücünü səfərbər edərək çata bilər!
(ardı var)
Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru