Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşması İrəvandakı revanşistlərin yenidən hərəkətə keçmələrinə səbəb olub. Çünki iki ölkə arasında münasibətlərin normallaşması ölkəni 20 ildən çox idarə etmiş, onun olan-qalan sərvətlərini yağmalamış, talançılıqla məşğul olmuş Qarabağ klanının (1997–2018-ci illərdə Ermənistan dövlətini idarə edən, əsasən Qarabağ məsələsi ilə bağlı hərbi ritorika fonunda hakimiyyətə gələn mütəşəkkil cinayətkar dəstənin qeyri-rəsmi adı – S.H.) başçılarına sərf etmir.
Burada haşiyə çıxaraq qeyd etmək lazımdır ki, haqqında söz açdığımız cinayətkar dəstənin hakimiyyəti dövründə Ermənistan, demək olar ki, sənayesizləşmiş, kasıb, dilənçi ölkəyə, Rusiya Federasiyası üçün əmək miqrantlarının əsas mənbələrdən birinə çevrilib, ordu xeyli zəifləyib, onun müdafiə qabiliyyəti heçə endirilib. Qarabağ klanı iki onillik ərzində, necə deyərlər, vampir kimi erməni xalqının qanını içib və Ermənistanın gələcək – İkinci Qarabağ müharibəsi zamanı biabırçı məğlubiyyətini, ermənilərin milli rüsvayçılığını əvvəlcədən müəyyən edib. Bu mütəşəkkil cinayətkar dəstə 2018-ci ilin mayında erməni xalqı tərəfindən siyasi səhnədən süpürülüb atılsa da, hələ də geri çəkilmək istəmir, 7 il öncə itirdiyi hakimiyyəti ələ keçirməyə çalışır. Məqsəd yenə də varlanmaq, itirilən mövqeləri bərpa etmək, hazırda hakimiyyətdə olanlarla haqq-hesab çəkmək və cəzasızlıq mühiti şəraitində ölkənin, necə deyərlər, bütün şirələrini sovurmaqdır. Qarabağ klanı hazırda Respublika partiyası, “Ermənistan” bloku, “Ana Ermənistan”, “Şərəfim var” və digər kiçik partiyalarda birləşdib. Onun “xaç atası” yenə də bir zamanlar Ermənistan prezidenti olmağı bacarmış quldur Robert Koçaryandır. Prezident vəzifəsini “estafet” kimi 2008-ci ildə Koçaryandan təhvil almış Serj Sarkisyan, keçmiş müdafiə naziri Seyran Ohanyan kimilər isə onun sözəbaxan əlaltıları kimi tapşırıqlarını icra edirlər. Sonuncu şəxsə, yəni Ohanyana hazırda faktiki olaraq, Ermənistanda müxalifət düşərgəsinə rəhbərlik etmək missiyası həvalə edilib. O, bir neçə gün öncə növbəti revanşist bəyanatla çıxış edib.
“Ermənistan” blokunun parlament fraksiyasının rəhbəri Ohanyan revanşistlər üçün hər zaman tribuna rolu oyanayan “Nyus.am” saytına müsahibəsində deyib: “Düşünürəm ki, Qarabağ münaqişəsinin (?) düzgün həlli istiqamətində danışıqlar davam etməli və bu danışıqlarda Ermənistanın səsi eşidilməlidir”.
Seyranın daha sonra səsləndirdiyi fikirlər məlum düşərgənin hazırda iki ölkə arasında əldə olunmuş razılığa münasibətinin açıqlanması baxımından maraq doğurur: “Bunlar ilk növbədə Qarabağın taleyi ilə bağlı danışıqlardır. Burada üç məqam nəzərə alınmalıdır. Birincisi, münaqişə bitməyib, Azərbaycanın “Qarabağ xalqının zorla deportasiyası yolu ilə törətdiyi cinayət əməlləri soyqırımı”dır və Azərbaycan buna görə cavab verməlidir. İkincisi, “Arsax respublikası”nın institutları fəaliyyət göstərməlidir, bütün idarəetmə sistemi işləməlidir və bu, Ermənistanda olmalıdır. Qarabağın taleyi ilə bağlı danışıqların alternativi yoxdur. Danışıqlar formatı isə Minsk qrupunun həmsədrliyidir. Bu proseslərin həyata keçirilməsi üçün hər şeyi etmək lazımdır. Danışıqlar, təbii ki, asan deyil, insanlar Qarabağın taleyinin həll olunduğunu düşünürlər. Təbii ki, bütün bunları bərpa etmək çətindir, lakin gecikmə cinayət kimidir”.
Bu bəyanatın özü açıq şəkildə göstərir ki, Ermənistanın müxalif siyasi düşərgəsi, ələlxüsus radikallar və revanşistlər Qarabağ məsələsini qətiyyən həll olunmuş hesab etmirlər. Bu isə onu göstərir ki, həmin qüvvələr hakimiyyətə gələrlərsə, Ermənistan yenidən Azərbaycana qarşı ərazi iddiaları siyasətinə qayıdacaq. Yəni, Ohanyan və onun arxasında dayananlar doğrudan da heç anlamırlarmı ki, bu, ilk növbədə Ermənistanın özünə bədbəxtliklər gətirəcək?! Eyni zamanda, onlar bu yanaşmanın, bütövlükdə, Cənubi Qafqaz regionunda sabitliyə töhfə vermədiyini başa düşmürlər?!
Hələ sovet dövründə Bakıda – Ali Ümumqoşun Komandirləri Məktəbində hərbi təhsil almış, keçmiş SSRİ-nin bir çox yerlərində xidmət etmiş, “tuşonka” satan erməni generallarından fərqli olaraq, hərb işindən az-çox başı çıxan Ohanyan, aydın görünür ki, hazırkı geosiyasi vəziyyəti və Azərbaycan Ordusunun döyüş hazırlığının səviyyəsini, müdafiə qabiliyyətini nəzərə almır. Bu gün istənilən hərbi ekspert çox gözəl başa düşür ki, Ermənistan ordusunun Qarabağ ərazisinə müdaxiləsi bir neçə gün, hətta saatlar ərzində yatırdıla bilər. Üstəlik, onların hərəkətləri də heç bir real beynəlxalq dəstək almayacaq. Bundan əlavə, bu halda Ermənistan Sovet dövründə ona verilmiş ərazilərini itirmək riski ilə üzləşə bilər. Ohanyan və onun kimiləri Ermənistan və onun vətəndaşları haqqında düşünürlərmi? Görünən odur ki, düşünmürlər.
Bugünlərdə Qarabağ klanından aldığı direktivlərlə hərəkət edən erməni apostol kilsəsinin arxiyepiskopu, “Müqəddəs mübarizə” adlı qondarma hərəkatın rəhbəri Baqrat Qalstanyan da dilə gəlib. O, vətəndaşlarla canlı efirdə söhbət edərək ötən həftə baş verən hadisələrin yekunlarını təhlil edir və ona öz qiymətini verir. Keşiş, xüsusilə sülh sazişi ətrafında baş verənlərə toxunub və bunların Ermənistan dövlətinin maraqlarına cavab vermədiyini bildirib.
Baş verən prosesləri təhrif edən daha bir açıqlama tarixçi və politoloq Armen Ayvazyandan gəlib. O, “Nyus.am”a müsahibəsində deyib: “Kompromis söhbəti artıqdır, çünki Paşinyan həm Azərbaycanın, həm də Türkiyənin tələblərini bənd-bənd qəbul edir. Başa düşmək lazımdır ki, Ermənistanın kapitulyasiyası sənədləşdirilir”.
Ermənistanın müstəqillik əldə etməsindən sonrakı ilk xarici işlər naziri Raffi Ovannisyan isə Ermənistan və Azərbaycan arasında sülh sazişinin mətni üzrə danışıqların başa çatması ilə bağlı müxtəlif ölkələrdən gələn bəyanatlara əhəmiyyət verməməyə çağırıb. O, revanşist fikirlərini davam etdirərək indiki siyasətin davamının yeni müharibəyə və ölkənin özünü məhvinə gətirib çıxaracağını iddia edib: “Nə bu sözlərin, nə də mətnin özünün uzunmüddətli və real sülhə heç bir aidiyyatı yoxdur”.
Ümumiyyətlə, Ermənistanda bu kimi açıqlamalar verənlərin sayı getdikcə çoxalır. Onlar iki dövlət və xalq arasında düşmənçiliyin əbədi davam etməsini arzulayanlardır. Məqsədləri isə yazımızın girişində qeyd etdiyimiz kimi, erməni xalqının faciələri üzərindən şəxsi ambisiyalarını təmin etməkdir.
Əlbəttə, Ermənistanda baş qaldıran revanşizm meyilləri rəsmi Bakıda da diqqətlə izlənilir. Xarici işlər naziri Ceyhun Bayramovun “Milli Məclis” analitik informasiya jurnalında dərc olunan “Azərbaycanın müstəqil və suveren xarici siyasət modeli” məqaləsində qeyd etdikləri də bunun daha bir göstəricisidir. Nazir qeyd edib ki, Ermənistanda revanşizm tendensiyası normallaşma prosesinin yekunlaşdırılmasında ən ciddi maneədir.
XİN başçısı məqaləsində Azərbaycan–Ermənistan sülh müqaviləsinin mətni ilə bağlı aparılan danışıqlardan söz açıb: “Azərbaycanla Ermənistan arasında sülh sazişi üzrə ikitərəfli danışıqlar çərçivəsində əldə edilmiş irəliləyişə baxmayaraq, Ermənistanın konstitusiyasında və digər normativ hüquqi aktlarda ölkəmizə qarşı ərazi iddialarını ehtiva edən müddəaların dəyişdirilməsi istiqamətində Ermənistan tərəfinin siyasi iradə nümayiş etdirməməsi fonunda bu ölkədə davam edən revanşizm tendensiyası, xarici qüvvələrin birbaşa dəstəyi ilə Ermənistanın sürətlə silahlanması normallaşma prosesinin yekunlaşdırılması üçün ən ciddi maneə olaraq qalmaqda davam edir. Qeyd olunan təhdidlərin daim diqqət mərkəzində saxlanılması diplomatiyamızın əsas hədəflərindən biridir. Bunlarla yanaşı, Ermənistanın 30 ilə yaxın davam edən təcavüzü nəticəsində yaranmış itkin düşmüş şəxslər probleminin həlli istiqamətində beynəlxalq səylərin genişləndirilməsi, genişmiqyaslı humanitar minatəmizləmə əməliyyatları üçün dəstəyin cəlb edilməsi, habelə Ermənistandan qovulmuş 300 minə yaxın azərbaycanlının hüquqlarının bərpa olunması məsələsinin diqqət mərkəzində saxlanılması səyləri olduqca əhəmiyyətli istiqamətlərdəndir”.
Nazir əlavə edib ki, 30 illik işğal dövründə olduğu kimi 44 günlük Vətən müharibəsində və antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpasından sonra da Azərbaycana qarşı Ermənistan və onun havadarları tərəfindən aparılan qarayaxma kampaniyasının qarşısının alınması, suverenliyimizə və ərazi bütövlüyümüzə qarşı təhdidlərin neytrallaşdırılması istiqamətində addımların beynəlxalq ictimaiyyətə izah edilməsi və bu addımları sual altına almaq, məhdudlaşdırmaq cəhdlərinin qarşısının alınmasına yönəlmiş ardıcıl, sistemli və qətiyyətli xarici siyasət fəaliyyəti davam etməlidir.
Əlbəttə, bu gün İrəvanda revanşist ideyalarla alışıb-yananlar çox güman ki, heç vaxt hakimiyyətə qayıtmayacaqlar. Onlar Ermənistan cəmiyyəti qarşısında özlərini bədnam ediblər. Bu səbəbdən çətin ki, nə vaxtsa hansısa məsul vəzifə tuta bilsinlər. Hərçən ki, heç nəyi tamamilə istisna etmək olmaz. Eyni zamanda, onlar keçmişin qalığı olan Qarabağ münaqişəsi və digər bu kimi mövzulardan istifadə edərək, əvvəlki fəaliyyətlərinə haqq qazandırmağa və Ermənistanın siyasi spektrində mövqelərini möhkəmləndirməyə çalışırlar. Hazırda Ermənistan cəmiyyətində, bütövlükdə, pasifist əhval-ruhiyyə hökm sürür. Bu isə Ermənistanın 44 günlük Vətən müharibəsində düçür olduğu ağır məğlubiyyətinin, eləcə də İrəvanın regiondakı siyasi vəziyyətə hərbi yolla təsir göstərməsinin qeyri-mümkün olduğunu sübut edən sonrakı hadisələrin nəticəsidir.
Bu istiqamətdə fikirlərini XQ ilə bölüşən politoloq Yeganə Hacıyeva bildirdi ki, Ermənistan cəmiyyəti monoetnik olsa da, monolit deyil. Onun sözlərinə görə, müxtəlif qrupların təsir dairəsində olan təbəqələr var. Bura ABŞ-dakı, Avropa İttifaqındakı, həmçinin Rusiyadakı erməni lobbi qruplarının Ermənistan siyasəti və cəmiyyətindəki dəstəkçiləri daxildir. Bu səbəbdən sülh sazişi ilə bağlı məsələlərə fərqli yanaşmalar var: “Sülh sazişi regionda hamının maraqlarına cavab versə də, müxtəlif dairələr prosesi sabotaj etməyə çalışırlar. Həmin dairələrin hərəkətləri kənardan dəstəklənir. Avropa İttifaqından gələn direktivlər əsasında hərəkət edən siyasi qruplar hərəkətdədirlər. Əslində, onlar fəaliyyətlərini heç dayandırmamışdılar. Aİ-nin Ermənistana yardım qismində göndərdiyi maliyyənin bir hissəsi iki ölkənin münasibətlərinin gərginləşməsi üçün revanşist əhval-ruhiyyənin, necə deyərlər, diri qalmasına xərclənir”.
Politoloq qeyd etdi ki, ancaq təkcə Aİ deyil, bütün dünyadakı erməni lobbisinin “dilən-dolan” mexanizmi proseslərin önündə gedir. Ötən il onlar keşiş Baqartı özlərinə birləşdirici fiqur seçiblər: “Əslində, dünyəvi ölkənin siyasi proseslərinin önündə kilsə nümayəndəsinin getməsinin özü də çox maraqlı hadisədir. Amma bu qəribəlik, Ermənistanın siyasi reallığıdır. Ermənistanda Azərbaycanla münasibətlərin normallaşmasından məmnun olmayan dairələr var. Bu dairələrə onların müxtəlif beynəlxalq təşkilatlardakı havadarları dəstək verir”.
Səxavət HƏMİD
XQ