Bu, hökumətin səmərəli siyasəti, təhlükəsizlik qüvvələrinin işi və ölkənin davamlı inkişafı sayəsində mümkün olmuşdur
Azərbaycan bir çox göstəricilərə görə dünyanın ən təhlükəsiz ölkələrindən biri kimi qəbul olunur. Ölkənin sabit ictimai-siyasi vəziyyəti, qanunların tətbiqi və qonaqpərvər mədəniyyəti bu təsəvvürə töhfə verən əsas amillərdəndir. Həmçinin Azərbaycan zəngin mədəniyyət, tarix və təbiət gözəllikləri ilə turistlərin marağını cəlb edir ki, bu da ölkənin təhlükəsiz imici ilə dəstəklənir. Martın 17-də açıqlanan “Global Terrorism Index 2025” (GTİ) hesabatı da bu faktları bir daha təsdiqləyir.
Ümumiyyətlə, GTI reytinq sıralanması indeksləri terror hadisələri, ölümlər, ağır nəticələr, girovlar, terrorçuluqla mübarizə, terrorçuluğun araşdırılması effektivliyi və digər çoxsaylı göstəricilər üzrə hesablamalara əsaslanır. Beynəlxalq akademik institutlar, Birləşmiş Millətlər Təşkilatı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), Dünya Bankı və digər beynəlxalq təşkilatlar üçün istinad mənbəyi kimi çıxış edən GTI-nin hesabatları İqtisadiyyat və Sülh İnstitutu (Institute for Economics and Peace - İEP) tərəfindən dövri olaraq açıqlanır.
GTI-nin son hesabatına əsasən, Sahel bölgəsi dünyada terrorizmlə əlaqəli ölümlərin yarısından çoxunu təşkil edən terrorizmin episentri olaraq qalır. “İslam Dövləti” isə ən təhlükəli təşkilat kimi qiymətləndirilir. Hesabata əsasən, ərazisində terrorçuluq fəaliyyəti və terror təhlükəsi ən yüksək olan ölkələr arasında ilk yerləri Burkina Faso (8.581), Pakistan (8.374) və Suriya (8.00) tutur. Qeyd olunan sıralamada İsrail (7.463) 8-ci, Rusiya (6.267) 16-cı, İran (6.056) 18-ci, Türkiyə (3.968) 32-ci, ABŞ (3.517) 34-cü, Fransa (2.712) 40-cı, Niderland (1.402) 60-cı, Norveç (1.198) 66-cı, Finlandiya və Yaponiya (0,949) 72-ci, Danimarka və Ermənistan (0.72) 79-cu, Avstriya və Cənubi Koreya (0.582) 82-ci, Latviya və Litva (0.423) 86-cı yerdədir.
Azərbaycan terror təhlükəsi üzrə qeyd olunan sıralamada “0.233” indekslə 2024-cü illə müqayisədə (89) bir reytinq də yüksələrək 2025-ci ildə 90-cı yerdə qərarlaşmaqla, 1-dən 100-dək artan mümkün reytinq həddində dünyada terrorla bağlı ən təhlükəsiz ölkələrdən biri kimi yüksək reytinqə malikdir. Ölkədə belə təhlükəsizlik səviyyəsinə destruktiv qüvvələrin dini, etnik və digər zəminlərdə pozucu planlarından meşələrdə sığınacaqlar yaradılması cəhdlərinədək hər cür terror-təxribat həmlələrinin olduğu bir şəraitdə nail olunmuşdur. Beynəlxalq təşkilatların hesabatlarından göründüyü kimi, kifayət qədər həssas və mürəkkəb geosiyasi məkanda olsa da, uğurlu dövlət siyasəti nəticəsində bərqərar olmuş inkişaf, əmin-amanlıq, o cümlədən terrorçuluğa qarşı mübarizə sahəsində təhlükəsizlik orqanları tərəfindən görülən effektiv işlər sayəsində Azərbaycan son illər dünyada yüksək daxili təhlükəsizlik reytinqinə sahiblənmişdir.
Əlbəttə, bütün bunlar ölkədə ciddi hüquq-mühafizə sisteminin mövcud olmasının və ictimai təhlükəsizliyin təmin olunmasına xüsusi diqqət yetirilməsinin nəticəsidir. Azərbaycanın cinayət statistikasına görə, xüsusilə qətl, silahlı basqın və ağır cinayətlər kimi kateqoriyalar üzrə göstəricilər bir çox ölkələrlə müqayisədə çox aşağıdır. Eyni zamanda, Azərbaycanda ictimai asayişin qorunması dövlət siyasətinin əsas istiqamətlərindən biridir və bu sahədə müxtəlif hüquqi, inzibati və əməli tədbirlər həyata keçirilir. Dövlətin hüquq-mühafizə orqanları və vətəndaş cəmiyyəti birlikdə ictimai təhlükəsizliyi təmin etmək üçün davamlı iş aparırlar.
Azərbaycan terrorizmlə mübarizə sahəsində də ardıcıl və hərtərəfli siyasət aparır. Bu fəaliyyət qanunvericilik, hüquq-mühafizə, hərbi və beynəlxalq aspektləri əhatə edir. Azərbaycanın xüsusi xidmət orqanları əməliyyat şəraitinə uyğun olaraq antiterror əməliyyatları həyata keçirir. Bundan əlavə, Azərbaycan banklar, QHT-lər və digər strukturlar vasitəsilə çirkli pulların yuyulmasına və terrorçu qrupların maliyyələşdirilməsinə qarşı fəal mübarizə aparır. Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan öz milli qanunlarını terrorizmlə mübarizə üzrə beynəlxalq konvensiyalara uyğunlaşdırmışdır. “Terrorçuluğa qarşı mübarizə haqqında” Qanun (1999) terrorizmlə mübarizə fəaliyyətinin hüquqi əsasını təmin edir.
Azərbaycan terrorizmə qarşı mübarizədə beynəlxalq təşkilatlar və ölkələrlə sıx əməkdaşlıq edir. BMT – Təhlükəsizlik Şurasının terrorizmlə mübarizəyə dair qətnamələrini dəstəkləyir. Eyni zamanda, “İnterpol”un terrorçular haqqında beynəlxalq məlumat mübadiləsində iştirak edir. Habelə “Europol” – beynəlxalq terrorizmlə mübarizədə Avropa İttifaqı ilə əməkdaşlıq edir. Ölkəmiz Müstəqil Dövlətlər Birliyi çərçivəsində də antiterror təşəbbüslərinə qatılır. Türk Şurası – Türkiyə, Qazaxıstan, Özbəkistan və digər türkdilli ölkələrlə təhlükəsizlik məsələlərində qarşılıqlı fəaliyyət göstərir. Bu sahədə yürüdülən siyasət Azərbaycanın milli və regional təhlükəsizliyin qorunmasına sadiqliyini əks etdirir.
Bir sözlə, Azərbaycan həm qabaqlayıcı, həm də cavab tədbirlərinə xüsusi diqqət yetirməklə terrorizmlə mübarizəyə kompleks yanaşma həyata keçirir. Həm ölkə daxilində, həm də beynəlxalq aləmdə terrora qarşı fəal mübarizə aparılır. Hökumət strukturları, müasir texnologiyalar və beynəlxalq əməkdaşlıq terror təhlükələrini minimuma endirməyə və vətəndaşların təhlükəsizliyini təmin etməyə kömək edir.
Səbuhi MƏMMƏDOV
XQ