Sülh mayakı və ya İrəvan üçün şans

post-img

Ermənistan Azərbaycan Prezidentinin fikirlərindən nəticə çıxarmalıdır

Prezident İlham Əliyev XII Qlobal Bakı Forumununun açılış mərasimindəki çıxışında Azərbaycan-Ermənistan sülh prosesi ilə bağlı fikirlərini bölüşdü. Hesab edirik ki, dövlətimizin başçısının bildirdikləri sözügedən prosesin hazırkı fazasını müəyyənləşdirmək üçün, bir növ, mayakdır.

Əlbəttə, Bakı və İrəvan sülh müqaviləsinin ərsəyə gəlməsinə yönələn fəaliyyətlərini davam etdirirlər və bu, müsbət haldır. Ancaq bir başlıca nüans var ki, hazırda ölkəmizin Ermənistan rəhbərliyinə inamı və etimadı tükənib. Rəsmi İrəvan ötən beş ildə bu istiqamətdə hansısa əməli addım atmayıb və ona görə hazırda tərəflər arasında barış sazişi yoxdur.

Mövcud durum isə Cənubi Qafqaz regionunun gərginlik parametrini şərtləndirir. Halbuki, Ermənistanın olanlardan nəticə çıxarması lazımdır. Baş nazir Nikol Paşinyan administrasiyası nəzərə almalıdır ki, 44 günlük müharibə qalibi olan Azərbaycan Ermənistana barış əlini uzatmaqla ölkəyə böyük lütf göstərib.

Əlbəttə, rəsmi İrəvan üçün bu anlayış fərqlidir. Onun keçmişdən nəticə çıxarmaması da bundan qaynaqlanır. Ermənistan rəhbərliyi müharibədən əvvəlki bəyanatlarının ölkə üçün hansı acınacaqlı nəticələr doğurduğunu düşünmür. Çünki onu düşünməyə qoymayanlar var və onlar yenə “fəallıq” göstərir, İrəvanı illüziya bataqlığında boğmaqda davam edirlər. Nəticədə N.Paşinyan elə bəyanatlar verir ki, sanki işğalçı ölkənin rəhbəri deyil. O, öz aləmində, şərtlər hazırlayır, prinsiplər və meyarlar müəyyənləşdirir.

Görəsən, torpaqlarımıza qəsb hansı prinsip və meyar əsasında reallaşmışdı? İndi Qərbin bəzi dairələrinin hazırda “sülh göyərçini” qiyafəsində təbliğ etdikləri Ermənistan nə səbəbə quzğuna dönmüşdü? Ona görə Prezident İlham Əliyev xalqımızın da keçmişdə olanları unutmadığını vurğulayır. Bu yanaşma gələcəyə rasional baxışın müəyyənləşdirilməsini tələb edir. Rasionallıq isə həm də təminatdır. Azərbaycana Ermənistanın işğalçılıq niyyətinə düşməyəcəyinə dair yazılı təminat, öhdəlik lazımdır.

Təminatın möhkəmliyinə və dönməzliyinə duyulan ehtiyac ölkəmizin irəli sürdüyü şərtlərin yerinə yetirilməsini günün regional əhəmiyyət daşıyan tələbinə çevirir. Nəzərə alaq ki, Ermənistanın işğalçılıq siyasəti bütövlükdə Cənubi Qafqazın inkişafını ləngidən faktor rolunda çıxış edib. İrəvan bu yaramaz ampluadan uzaqlaşmalı, region xalqlarının qarşısında bəraət almaq üçün, necə deyərlər, reabilitasiyadan keçməlidir.

Məsələn, paytaxtımızda Azərbaycan ərazilərində çoxsaylı cinayətlərdə ittiham olunan erməni əsilli şəxslərin məhkəməsi gedir. Rəsmi İrəvan özündə Bakı məhkəməsi ilə əməkdaşlıq etmək cəsarəti tapmalı, Ermənistanda veyil-veyil gəzib arabir ağzıköpüklü bəyanatlar səsləndirən sarkisyanları, koçaryanları, habelə digər müharibə canilərini, əli minlərlə dinc azərbaycanlının qanına batmış insanlıqdan bixəbər məxluqları, revanşist və şovinist xislətliləri Azərbaycana təhvil verməlidir. Bunu ilahi ədalət naminə etməlidir. Təəssüf ki, hazırkı görüntü Paşinyan iqtidarında ədalətin yoxluğunun sübutudur.

Bəli, bütün bunlara görə Azərbaycan sülh müqaviləsinin imzalanması baxımından iki konseptual şərtlə çıxış edir. Birinci şərt Ermənistan konstitusiyasının işğalçı mahiyyətin, psixi xəstəliyin girovluğundan qurtulmasıdır. Bunun üçün ölkənin əsas qanunu dəyişdirilməli, onun mənfur niyyətli İstiqlal bəyannaməsinə istinad yükü aradan qaldırılmalı, ümumən, erməni qanunvericiliyi ərazi iddiasına kökləniş seqmentindən xilas olmalıdır.

İkinci şərtimiz də məlumdur. Söhbət ATƏT-in Minsk qrupunun rəsmən buraxılması ilə bağlı Bakının və İrəvanın müştərək müraciət ünvanlamasından gedir.

Dövlətimizin başçısının yanaşması bu iki məsələni eyni müstəviyə gətirməyi əsas tutur. Çünki onları birləşdirən cəhət təcavüz amilidir: “Bizə lazımdır ki, onların Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları olmasın. Orada Azərbaycana qarşı ərazi iddiaları hələ də qalır. Bizə lazımdır ki, ATƏT-in Minsk qrupu buraxılsın. Biz bu mesajı Ermənistana çatdırırıq və deyirik ki, Minsk qrupunun saxlanılmasında məntiq yoxdur. O, Qarabağ məsələsinin həlli üçün yaradılmışdı. İndi Qarabağ məsələsi həll olunub. Ermənistan Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır. ATƏT-in həmin qrupunun buraxılması üçün ümumi müraciətdə siz bizə niyə qoşulmursunuz? Onlar istəmirlər. Belə çıxır ki, onlar bir ayağını ərazimizdə yer saxlamaq üçün edir. Əlbəttə ki, virtual olaraq. Onların silahlanması – bu, nəyi göstərir?”

Prezident İlham Əliyevin də bildirdiyi kimi, hazırda rəsmi İrəvanın yeritdiyi kurs gələcəkdə işğal üçün hansısa hüquqi mexanizmlər müəyyənləşdirməkdir. Paşinyan iki gün əvvəl yenə “Laçın dəhlizi” ifadəsini dilə gətirmişdi. Bir vaxtlar rəsmi İrəvan “dəhliz məsələsini” beynəlxalq məhkəmələrə daşımışdı. Sonra çalışmışdı ki, Qarabağ ermənilərinə beynəlxalq təminat alsın. Daha sonra onların bölgəyə qayıdışı ilə bağlı xaricin qarantiyalarını əldə etməyə baş vurdu.

Bir sözlə, Ermənistan rəhbərliyi səmimiyyətdən uzaq davrandı. Bu gün də manipulyativ xəttinə “sadiqdir”. Nikol və komandasının üzvləri kal diplomatik gedişləri ilə müəyyən məsələləri kontekstdən çıxarıb, öz aləmlərində, hüquqi cəhətdən üstünlük qazanmağa ümid bəsləyirlər. Əslində, hərəkətləri acizlikdən və miskinlikdən başqa bir şey deyil. Kənardan son dərəcə gülməli görünürlər.

Gülməlidir ona görə ki, beynəlxalq aləmin ritmini tuta bilmirlər. Güc amilinin həllediciliyini yarımçıq təfəkkürlərinə əsasən canlandırır, reallıqlara meydan oxumağa çalışırlar. İrəvanın hazırkı sülh gündəliyi sadaladıqlarımıza əsaslanır. Azərbaycana isə, Prezident İlham Əliyevin vurğuladığı kimi, konkret təminat sənədləri, yazılı kağızlar lazımdır. Bunu dərk etmək, əslində, heç bir çətinlik yaratmamalıdır. Amma çətinlik yaradır. Üstəlik, Ermənistan yeni müharibəyə hazırlaşır. “Kim onları yenidən müharibəyə sürükləyir? Fransa və onun Prezidenti. Onların Ermənistanı təchiz etdiyi məhvedici silahlar bizə qarşı yönəlir. Bu gün başqa yerdə lazım ola biləcək “Sezar” haubitsaları Ermənistana göndərilir. Əslində, Avropa İttifaqının kəşfiyyat missiyası olan dırnaqarası Avropa monitorinq missiyası gecə-gündüz casus kimi sərhədlərimizdə dayanır və baxırlar ki, bəlkə haradan, bir yerdən girə bilsinlər. Bizim də həmin dırnaqarası monitorinq missiyası barədə kifayət qədər kəşfiyyat məlumatımız var. Avropanın Sülh Fondu milyonlarla dolları Ermənistanı silahlandırmaq üçün ona verir. Bəli, onlar deyir ki, bu pul qeyri-məhvedici hərbi qurğular üçündür”, – deyən dövlətimizin başçısı sürətli silahlanma ilə bağlı məsələlərin dəfələrlə rəsmi İrəvan təmsilçilərinin, onların havadarlarının diqqətinə çatdırıldığını açıqlayıb. Lakin nəticə yoxdur.

Ermənistan həm diplomatik platformalarda, həm də hərbi planda anti-Azərbaycan xarakterli yanaşmasını kəskinləşdirməyə cəhd göstərir. Mövcud durumda Paşinyan iqtidarının sülh barəsindəki iddiaları savaş hazırlığını pərdələmək mahiyyəti daşıyır. Hər halda, başqa cür düşünmək üçün əsas qalmır. Çünki Nikol və tərəfdarları səmimi deyillər və bunun müxtəlif parametrləri barədə söz açdıq.

Ümumən, Azərbaycan Prezidentinin XII Qlobal Bakı Forumununun açılışındakı çıxışı zamanı bildirdiklərinə kompleks yanaşılmalıdır. Dövlətimizin başçısının fikirləri qan yaddaşımıza işıq salır, üzləşdiyimiz tarixi ədalətsizlikləri kino lenti kimi gözlər önündə canlandırır. Bu canlandırmada acılar, çətinlik və məhrumiyyətlər, məyusluqlar və üzüntülər var. Bu canlandırmada bütöv bir itirilmiş nəslin fəryadını da görürük. Prezident İlham Əliyev xalqımızın keçmişdə olanları unutmadığını məhz buna görə vurğulayır. Unutqan olmadığımızın göstəricilərini əməli iş müstəvisinə gətirməliyik.

Bu səbəbdən Ermənistanla sülh prosesinə kompleks yanaşır və yanaşacağıq. İki fundamental şərtimiz barədə söz açdıq. Amma başqa vacib məqamlar da var. Onlardan biri də Naxçıvana maneəsiz yoldur. Həmin yol iki yüz illik istibdadımızın mükafatı, ilahi ədalət payımız olmalıdır. Ermənistan bunu və mövcud kontekstdə Zəngəzur dəhlizinin ölkəmiz üçün həyati əhəmiyyət daşıdığını anlamalı, əməli fəaliyyətə üstünlük verməlidir.

Rəsmi İrəvan erməni cəmiyyətini sülhə məhz qeyd etdiyimiz zəmində hazırlamalıdır. Barışa alternativ olaraq müharibənin, savaş ritorikasının seçilməsi tam yolverilməzdir. Beş il əvvəlki “seçimin” Ermənistan üçün hansı rüsvayçı durum formalaşdırdığının və həmin durumun ağrılarının hələ də sıravi ermənilərin çiyinlərindən asılı qaldığının, qurama erməni dövləti üçün başqaxıncıya çevrildiyinin fərqinə tam ciddiyyəti ilə varılmalıdır. İndi Paşinyan iqtidarının düşünmək üçün şansı var. Sabah bu şans heç olmaya da bilər. Hər ötən gün Ermənistan və onun hakimiyyəti üçün ziyan hesabındadır.

Ə.RÜSTƏMOV
XQ

Siyasət