Haysayağı “ruletka”?

post-img

Ermənistanın hərbi eskalasiya meyilləri aşkar hiss olunur

Hayastanın mövcud siyasi panoramı ondan xəbər verir ki, rəsmi İrəvanın müxtəlif bəhanələrlə sülh müqaviləsinin imzalanmasını gecikdirməsi daşnak-revanşistləri fəallaşmağa, üstəlik, cəmiyyəti Azərbaycanla yeni müharibə çağırışları etməyə “ilhamlandırıb”. Bu cür avantürist meyillərin tirajlanmasına rəvac verənlər Cənubi Qafqazda bayraqlarını sancmaq planlarından əl çəkməyən haypərəst “kollektiv Qərb”, daşnak-revanşistləri yemləyən erməni lobbisi, eləcə də daxildə Paşinyana müxalif düşərgənin təmsilçiləridir. Müharibə ritorikasına kənardan “züy tutanlardan” biri də Ermənistanın sabiq baş diplomatı Vardan Oskanyandır.

Oskanyan yenə “meydan sulayır”

Son vaxtlar revanş xəyalı ilə yaşayan bu qüvvələrin Avropanın müxtəlif paytaxtlarından aldıqları təlimatlar əsasında hərəkətə keçdikləri şübhə doğurmur. Rəsmi İrəvan hələlik ona müxalif düşərgənin getdikcə güclənən müharibə ritorikasına reaksiya verməyib. Baş nazir Nikol Paşinyana hərdən “məsləhətlər” verməyə girişən V.Oskanyanın “artsax xalqının əsas hüquqlarının müdafiəsi üzrə komissiyanın” iclası ilə bağlı yaydığı məlumatda bir neçə məqam diqqəti çəkir. Birinci məqam odur ki, 2023-cü ilin sentyabrında Xankəndidəki separatçı rejimin sonuncu “prezidenti” Samvel Şahramanyan qondarma “artsax” və onun oyuncaq strukturlarının ləğvini elan etsə də, onlar “fəaliyyətlərini” davam etdirirlər. Oskanyan qeyd edir ki, “komissiya öz səylərini “artsaxın məcburi köçkün” əhalisinin təhlükəsiz, kollektiv surətdə və ləyaqətlə qayıtmasının təmin edilməsinə, Bakı həbsxanalarında qanunsuz saxlanılan erməni girovlarının azad edilməsinə” yönəldib. Vardan onu da iddia edir ki, guya, ATƏT-in Minsk qrupunun üç həmsədr ölkəsi – ABŞ, Rusiya və Fransa “ermənilərin geri qayıtmaq hüququnu açıq şəkildə dəstəkləyiblər”. Bu açıqlaması ilə, o, əslində, ermənipərəst qüvvələrin Azərbaycana qarşı beynəlxalq miqyasda hazırladıqları təxribat planlarını faş edib. Oskanyanın sözlərinə görə, “bu yaxınlarda İsveçrə Milli Şurası Artsax və Azərbaycan nümayəndələrinin dialoq apara biləcəyi platformanın yaradılması təklifini qəbul edib”. Bu günə qədər əldə edilən nailiyyətlərə əsaslanaraq, komissiyanın işinin həlledici mərhələyə qədəm qoyduğunu deyən eks-nazır yaxın aylarda Vaşinqton, Brüssel, Cenevrə və digər şəhərlərdə təşkil olunan tədbirlərdə iştirak edəcəyini, vasitəçilik prosesi üçün zəruri olan diplomatik atmosferin yaradılmasına yönəlmiş yüksək səviyyəli görüşlər keçirəcəyini də bildirib.

Bir mərkəzdən idarə olunduğu şübhə doğurmayan anti–Azərbaycan hay “çete”sinin məqsədi sülh danışıqlarında Bakını güzəştlərə getməyə məcbur etməkdir. Böyük ehtimalla müharibə ritorikasının güclənməsi də bu məqsədə xidmət edir. Amma Cənubi Qafqazı yenidən “barıt çəlləyi”nə çevirmək istəyənlərin bu istəklərində heç də qeyri-ciddi olduqlarını söyləməyə əsasımız yoxdur.

“Barıt çəlləyi”nin fitilinə kim yaxınlaşacaq?

Rəsmi İrəvanın revanşist əhval-ruhiyyə ilə dolu ritorikası, intensiv silahlanma ilə bağlı son hərəkətləri onu göstərir ki, bölgədə hayların təhrik etdiyi yeni hərbi qarşıdurma yetişmək üzrədir. Maraqlıdır ki, Ermənistan müharibəyə hazırlaşdığını da gizlətmir. Bunun əyani sübutu kimi ötən həftə hökumətin iclasında aprelin 1-dən iyunun 13-dək ehtiyatda olan hərbçilərin təlimlərə çağırılması barədə qərarın verilməsini göstərə bilərik. Toplanışlar on həftə davam edəcək ki, bu da standart təlim müddətini əhəmiyyətli dərəcədə üstələyir.

Bəli, Ermənistan hakimiyyətinin beynəlxalq ictimaiyyətə Azərbaycanla sülhə hazır olduğu barədə pafoslu bəyanatlarına baxmayaraq, onun fəal şəkildə yeni müharibəyə hazırlaşmasının konturları göz qabağındadır. Yerli nəşrin mötəbər mənbələrə istinadla yaydığı məlumata görə, Ermənistan aprel ayında müharibəyə başlamağı planlaşdırır. Yəni, alınan məlumatlar şərti sərhəddə qəsdən təxribatçı hərəkətlərin törədiləcəyindən xəbər verir. Bu isə yeni hərbi qarşıdurma təhlükəsini reallığa çevirə bilər. Nəşr Ermənistanın şərti sərhəddəki yaşayış məntəqələrinin ildırım sürətilə işğalını nəzərdə tutduğunu da qeyd edib.

Eskalasiya prosesində xüsusi rolu rəsmi olaraq “müşahidə missiyası” kimi təqdim edilən Avropa İttifaqının Ermənistandakı kəşfiyyatçıları oynayır. Kənardan gətirilən bu legionun fəaliyyətinin xarakteri müəyyən qənaətlərə gəlməyimizə zəmin yaradır. Aİ missiyası, faktiki olaraq, mümkün toqquşma zonalarında kəşfiyyat işləri aparır. Avropalı “binokllu diplomatlar” planlı şəkildə şərti sərhəd boyu əraziləri müşahidə edir, vuracaqları “nöqtələri” müəyyənləşdirir, Azərbaycan Ordusunun mövqelərini təhlil edirlər. Faktiki olaraq, monitorinq adı altında Ermənistan hərbi komandanlığına məlumat ötürən missionerlərin son vaxtlar daha da aktivləşməsinin Ermənistanın sürətlə silahlandırılması ilə üst-üstə düşməsi təsadüfi deyil.

Mövzu ilə bağlı XQ-yə danışan Qafqaz Tarixi Mərkəzinin direktoru, siyasi analitik, hərbi ekspert Rizvan Hüseynov hesab edir ki, İrəvan, həqiqətən də, vəziyyəti təhlükəli həddə çatdırıb: “Ermənistan istəsə də, istəməsə də, xaricdəki havadarlarının onu Azərbaycana qarşı hərbi təxribata hazırladıqları məlumdur. Bu məsələdə bölgədə maraqları olan, ölkəmizə düşmən kəsilən bəzi güclərin adını çəkə bilərik. Avropadan Fransanı, Asiyadan Hindistanı və digərlərini göstərə bilərik. Bəli, onlar Azərbaycanı provakasiyaya çəkməyə çalışırlar. İki ölkə arasında hələlik şərti sərhəd mövcuddur və burada kimin hara nəzarət etdiyini, insident baş verərsə, beynəlxalq hüquqa görə hansı tərəfin haqlı olduğunu müəyyənləşdirmək çətindir. Ermənitan tərəfi məhz bu amilə istinad etmək barədə düşünür. İrəvanı buna təhrik edənlər də bundan yararlanaraq, şərti sərhəddə hansısa hərbi əməliyyatı keçirməyə çalışacaqlar.

Əgər belə bir situasiya yaranarsa, Azərbaycan Ordusu Ermənistan qüvvələrini yenə darmadağın edəcək. Yəni, dediyimiz amildən Azərbaycana qarşı hərəkət üçün bir bəhanə kimi istifadə olunacağı istisna deyil.

Ermənipərəst qüvvələr bundan Azərbaycana təzyiq mexanizmi kimi istifadəyə ümid edirlər. Əgər bu baş verərsə, kimin birinci hücuma keçdiyini sübut eləmək çətin olacaq. Hayların xaricdəki dəstəkçiləri, “binokllu” missionerlər, siyasi qruplar nəzarətlərində olan KİV vasitələrilə informasiyanı elə yayacaqlar ki, guya, hücum edən tərəf Azərbaycandır. Halbuki, təxribatı Ermənistanın edəcəyinə şübhə qalmayacaq. Ona görə bu məsələyə təkcə hərbi yöndən baxmaq lazım deyil. Yəqin ki, o halda rəsmi Bakı bütün variantları nəzərə alaraq, həm Azərbaycan, həm Türkiyə, eləcə də bizə tərəfdaş ölkələr hər cür hərəkət etməyə hazır olacaqlar”.

“Barbarossa” planı öz başlarında çatlayacaq

Yerli ekspertlərin qənaətincə, yeni hərbi təxribata hazırlaşan Ermənistan bölgədə mövcud reallığı dəyişdirməyə, sonra bunu baş vermiş fakt kimi təqdim etməyə çalışır. İrəvanın planı ondan ibarətdir ki, şərti sərhəddə vəziyyət qəfil dəyişir, ildırımsürətli əməliyyat Azərbaycanı “fakt” qarşısında qoyur. Yəni, haylar özlərinə məxsus “barbarossa” əməliyyatı hazırlayıblar. Bu zaman Bakı təcavüzə deyil, onun nəticələrinə reaksiya verməyə məcbur olacaq. Amma belə məkrli planı həyata keçirmək üçün ciddi resurslar lazımdır. Doğrudur, son iki ildə Ermənistan Fransa və Hindistandan silah almağa milyardlarla dollar xərcləyib. Bu məsələdə Aİ də öz rolunu oynayır. Xüsusilə Avropa Sülh Fondu vasitəsilə ayrılan maliyyə yardımları birbaşa və ya dolayı yolla Ermənistanın hərbiləşdirilməsinə sərf edilir. Bu, misli görünməmiş silahlanma səviyyəsidir və bunun Ermənistanın “müdafiə strategiyası” ilə heç bir əlaqəsi yoxdur. Görünən odur ki, Ermənistan təcavüzə hazırlaşır. Sadaladığımız faktlar Hayastanın kənardan dəstəyin hesabına vahid strateji plan hazırladığını göstərir. Aydın məsələdir ki, mövcud vəziyyətdə şərti sərhəddə mümkün hərbi əməliyyatların başlanmasının bütün məsuliyyəti Ermənistanın və onun himayədarlarının üzərinə düşəcək. Azərbaycan dəfələrlə sülh dialoquna hazır olduğunu nümayiş etdirib, amma güc tətbiqi ilə bağlı istənilən ssenarini də qətiyyətlə dəf edəcək. Azərbaycan öz ərazi bütövlüyünü, vətəndaşlarının təhlükəsizliyini qorumaq üçün kifayət qədər imkanlara malikdir.

Ermənistanın hansısa ölkəyə təcavüz niyyəti yoxdurmu?

“Ermənistan özünün müdafiə imkanlarını modernləşdirmək, bütövlükdə müdafiə sistemini yeniləmək niyyətindədir. Burada təkcə Hindistandan deyil, başqa yerlərdən də gətirilən texnika daha yaxşı müdafiə qabiliyyətinə malik orduya malik olmağa yönəlib. Ermənistanın heç bir üçüncü ölkəyə təcavüz etmək niyyəti yoxdur”. “Armenpress”in yaydığı məlumatına görə, bunu Hindistanın “WION” nəşrinə müsahibəsində Hayastanın baş diplomatı Ararat Mirzoyan deyib. Ölkəsinin Hindistanla hərbi sahədə sıx əməkdaşlıq etdiyini gizlətməyən Mirzoyan bu əməkdaşlığın daha da dərinləşəcəyinə inandığını vurğulayıb. “Amma bir daha qeyd etmək istərdim ki, bu əməkdaşlıq və xüsusən də Hindistanda istehsal olunan və Ermənistan tərəfindən alınan müəyyən hərbi avadanlıqlar hansısa ölkəyə qarşı istifadə olunmaq üçün nəzərdə tutulmayıb”, – deyən A.Mirzoyan bu zaman Ermənistanın “sülhsevər gündəliyə” malik olduğunu önə çəkib.

A.Mirzoyanın müsahibəsində ölkəsinin qonşulara təcavüzə hazırlaşmadığını üçüncü dəfə təkrarlaması diqqətdən yayınmayıb: “İrəvan özünün Şərq qonşusu ilə ikitərəfli danışıqları aparır, ümumiyyətlə, bölgədə sülh və sabitliyin bərqərar olmasına, qonşuları ilə münasibətlərin normallaşmasına diqqət yetirir. Bəzi spesifik sahələrdə Hindistanın təcrübəsi, eləcə də orada istehsal olunan hərbi avadanlıqlar bizim üçün maraqlıdır. Amma Ermənistanın bu sistemlərdən heç bir tərəfə qarşı istifadə etmək niyyəti yoxdur”.

Hayların baş diplomatının məntiqindən belə çıxır ki, İrəvan Bakı ilə müharibə partiyasına deyil, “ruletka” oynamağa hazırlaşır. İrəvan isteblişmentinin sözdə bir cür, əməldə ayrı cür davranmasının az şahidi olmamışıq. Bu mənada bizim üçün Mirzoyanın “sülhpərvər” açıqlamasının inandırıcılıq əmsalı sıfıra bərabərdir.

Geri dönüşün “hüquqi şlaqbaumu”

Rəsmi İrəvanın təşkil etdiyi müharibə ritorikasını səsləndirənlərlə yanaşı, ermənilərin Qarabağa qayıdışı məsələsini də gündəmdə saxlamağa çalışanların bağırtılarını eşitməkdəyik. Hayların “qayıdış hüququ” ilə bağlı qaldırılan hay-küy bir məqsəd daşıyır: bu “tezisi” gündəmdə saxlamaqla “böyük gücləri”, beynəlxalq təşkilatları Azərbaycana təzyiq xarakterli addımlara sövq etmək. İntəhası, beynəlxalq hüquq baxımından bu təşəbbüslərin heç bir perspektivi yoxdur. Ermənilərin Qarabağa “geri qayıdışı” ilə bağlı siyasi şouları intensivləşdirmənin səbəblərindən biri də Bakıda davam edən məlum məhkəmə prosesi ilə bağlıdır. Bu, hayların geri dönüşünün qarşısına endirilən “hüquqi şlaqbaum”dur. Çünki hazırda Azərbaycanın ədalət məhkəməsi qarşısında dayanan təqsirləndirilən şəxslərin səsləndirdikləri fikirlər, həmçinin bundan sonra dilə gətirəcəkləri etiraflar Ermənistanın sabiq və indiki siyasi rəhbərliyi ilə yanaşı, işğala dəstək verən bütün ölkə və təsisatların rəhbərlərini də narahat edir. Məhkəmə prosesində onların müttəhimlərlə işbirliyində olduqları barədə faktlar açıqlanmaqdadır. Rəsmi Bakının Qərbi azərbaycanlıların öz yurdlarına ləyaqətli qayıdışının təmin olunması tələbi Ermənistanı naqolay vəziyyətə salıb. Bir müddət öncə Asiya Parlament Assambleyasının Bakı Bəyannaməsində Qərbi azərbaycanlıların haqlarının bərpası ilə bağlı müddəanın əksini tapması, Milli Məclisdə keçirilən dinləmələr, eləcə də icmanın digər təşəbbüsləri daşnak-revanşistləri “əks-arqument”lər gətirməyə məcbur edib. Belə avantürist iddiaların heç bir fayda gətirməyəcəyini özləri də yaxşı bilirlər. İndi məhkəmə qarşısında ifadə verən təqsirləndirilən şəxslər – separatçı liderlər Qarabağda cəmi 30 minədək erməninin yaşadığını, onların da əksəriyyətinin öz xoşları ilə bölgəni tərk edərək Rusiyaya, Avropaya köçdüyünü bildirirlər.

İmran BƏDİRXANLI
XQ





Siyasət