XXI əsrin yeni geosiyasi çağırışları və Azərbaycan

post-img

IV MƏQALƏ

Postmüharibə mərhələsində geosiyasi çağırışlar

Belə bir təsnifi regional və qlobal səviyyələrin qarşılıqlı əlaqəsində təyin etmək olar. Çünki, sözün həqiqi mənasında, Azəbaycanın II Qarabağ müharibəsində əldə etdiyi qələbə regional və qlobal miqyasda “çox daşları tərpətdi”.

Bu tezisin geosiyasi anlamı bəsit deyildir. Söhbət kompleks şəkildə regional miqyasla qlobal miqyasda geosiyasi dinamikanın elə yeniləşməsindən gedir ki, əsrlərdir özlərini güclü hesab edən qüvvələri bir-birinə qarışdırmışdır. Obrazlı desək, onlar bir-birinə baxıb çiyinlərini çəkdilər: “Nə baş verir?”.

Bu reaksiya iki məqamı ifadə edirdi. Birincisi, Azərbaycan Respublikası başda Prezident olmaqla, regonda inqilabi geosiyasi dəyişiklik etmişdir.

İkincisi, bu dəyişiklik çoxlarının ənənəvi istismarçı və pozucu şüuruna elə təsir etmişdi ki, istənilən yolla regionu yenidən qan gölünə çevirməyə hazır idilər. Bu da avtomatik olaraq regional miqyasda riskləri, təhdidləri artırır və faktiki olaraq yeni çağırışları ifadə edirdi.

Müasir mərhələdə Cənubi Qafqazda heç zaman belə bir mənzərə yaranmamışdı. Belə ki, keçən əsrin əvvəllərində Cənubi Qafqazda anqlo-saks ölkələri, Rusiya və qismən İran geosiyasi aktivlik göstərirdilər və həmin mənzərədə türk faktoru çox cüzi idi. O dönəmdə güclü oyunçular regionu böyük ölçüdə anti-türk əhval-ruhiyyəsinə sala bildilər. Bu anlamda hər tərəfdən Azərbaycanın müstəqil dövlət ola bilməsinə təhdidlər yağmağa başladı. Nəticəsi məlumdur.

İndi həmin olaylardan 100 ildən bir qədər çox vaxt keçmişdir və regionun dinamik inkişaf edən dövləti Azərbaycan Respublikası “geosiyasi çarxı” ədalət istiqamətində ciddi dəyişmişdir. Bu prizmadan baxanda Cənubi Qafqazda regional çağırışlar əsas olaraq Azərbaycanı hədəf almalı idi.

Deməli, postmüharibə mərhələsində regional geosiyasi çağırışlar əsas olaraq qalib dövlət və qalib liderə qarşı yönəldilmişdir. Bunu indiki mərhələdə Azərbaycan məsələsini təhlil edəndə ciddi surətdə nəzərə almaq gərəkdir. Belə ki, çağırışların məhz qalib dövlətə qarşı istiqamləndirilməsi həm tarixi ədalətsizlik, həm də geosiyasi nonsesdir.

Həm də ona görə ki, qalib dövlət Azərbaycan və onun qalib lideri İlham Əliyev regionda sülh, barış, təhlükəsizlik və əməkdaşlığın memarı rolunu oynayır. Azərbaycan müstəqil dövlət kimi regional və qlobal təhlükəsizlik sisteminin yenilənməsində aktiv iştirak edən ölkədir! Onun fəaliyyəti milli miqyasdan regional səviyyəyə, oradan da regionlararası miqyasa uğurla proyeksiya olunur.

Sağlam düşüncə üçün bu situasiyanın özünü risk altına atmaq cəhdi bütövlükdə dünyaya qarşı haqsızlıqdır. Lakin, təəssüf ki, reallıqdır. Beləliklə, postmüharibə mərhələsində regional geosiyasi çağırışların mahiyyətində paradoksallıq, konkret olaraq tarixi ədalətə qarşı çıxış etmək üstünlük təşkil etməkdədir. Rəsmi Bakı buna tam hazır olmalıdır.

Digər mühüm məqam ondan ibarətdir ki, Qalib dövlət regionun liderliyi ilə dövlət başçısının liderliyini üzvi surətdə birləşdirməyi həmin geosiyasi çağırışlar fonunda həyata keçirməlidir. Bu, ikiqat çətinlik yaradır.

Birincisi, İlham Əliyev qalib lider olmasına rəğmən özünə qarşı bütün təhdidləri neytrallaşdırır. Həm də bununla kifayətlənmir – Azərbaycan lideri regionun sabitliyi, təhlükəsizliyi və əməkdaşlığının memarına çevrilir. Bunlar İlham Əliyevin sürətlə özünü göstərən və tez-tez istiqamətini dəyişən regional geosiyasi çağırışlara lider kimi reaksiyasının əsas məqamlarındandır.

İkincisi, İlham Əliyev həm də regional lider olan dövlətin başçısı kimi yeni cağırışlara cavab veridir. Dövlətin liderliyi təmin olunmasa, şəxsi liderliyin səmərəsi azala bilər. Bu da o deməkdir ki, postmüharibə mərhələsində öncəki mərhələdən fərqli olaraq şəxsi liderliklə dövləti liderliyin sintezi aparıcı rol oynamalıdır.

***

Cənubi Qafqazda postmüharibə mərhələsində şəxsi liderliklə ölkə liderliyinin regional miqyasda ahəngdarlığını necə təmin etmək olar? Bizcə, Azərbaycan üçün yeni tarixi mərhələdə XXI əsrin geosiyasi çağırışlarının regionumuza proyeksiyası şəraitində başlıca sual bundan ibarət olacaqdır.

Azərbaycan 2003-2020-ci illər müddətində iki aspektdə yeni geosiyasi dəyər yaratdı. Onlardan biri İlham Əliyevin timsalında yeni uğurlu liderlik nümunəsi yaratması ilə bağlıdır. Bu proses faktiki olaraq Azərbaycanda milli siyasi liderliyin regional miqyada uğurlu proyeksiyasının baş verməsini ifadə edir. Onun da iki aspekti mövcuddur: Birincisi, İlham Əliyev öz şəxsi liderliyinin yeni parametrlərinin inklüzivliyini real fəaliyyəti ilə qəbul etdirdi, ikincisi, paralel olaraq Azərbaycanın Cənubi Qafqazda regional liderliyini təmin etdi. Bu iki aspekt İlham Əliyevin eksklüziv fəaliyyətinin ümumi mənzərəsidir.

İkinci dəyər Azərbaycanın ərazi bütövlüyünün tam bərpası ilə suverenliyin tam təmini arasında ahəngdarlığın yaradıldığı prosesin geosiyasi və idarəediməsi aspekti ilə əlaqəlidir. Onun siyasi yekunu yuxarıda vurğuladığımız liderliyin sintezi məsələsinin politoloji aktuallaşması oldu.

Burada başqa bir geosiyasi mahiyyətli məsələ ön plana çıxır. Biz, liderliyin yeni məqamlarının sintezinin geosiyasi məkana proyeksiyasını nəzərdə tuturuq. Məlumdur ki, müasir geosiyasi və politoloji təlimlərdə coğrafi məkanın və ərazinin nəzəri obrazının yaradılması və onların müstəqil dövlətçiliyə təsiri çox aktuallaşmışdır. Bu proses faktiki olaraq indiki tarixi mərhələdə dövlətlərin kimliyinin (identikliyinin) formalaşmasında əsas yerlərdən birini tutmağa başlamışdır. Onun konkret təzahürü isə regionlararası geosiyasi məkanda şəxsi liderliklə dövləti liderliyin bir-birini tamamlaması özəlliyinə bağlıdır. Məsələnin məhz bu aspekti XXI əsrin çağırışları fonunda son dərəcə ciddi və əhəmiyyətli məzmun alır. Bunu necə təmin etmək mümkündür? Əsas hərəkətverici və təminedici faktor kimi nəyi seçmək daha doğru olardı?

Çox güman ki, bunu uğurlu reallaşdırmanın başlıca yolu regional təşkilatlarda şəxsi liderliklə dövlətin aparıcı rolunu uyğunlaşdırmaqla sıx əlaqəlidir. Bir neçə il ərzində Azərbaycanın bu istiqamətdə müsbət təcrübəsi toplanmışdır.

***

Azərbaycan Prezidenti Cənubi Qafqazda dövlətin liderliyini iqtisadi, energetik, multikultural dəyərlərin təmini, təhlükəsizlik və siyasi-diplomatik faktorların sinxronlaşması sayəsində reallaşdırdı. Bunun birbaşa əyaniləşməsi isə II Qarabağ müharibəsindən dərhal sonra başladı. Belə ki, İlham Əliyev məğlub etdiyi ölkəyə regional miqyasda əməkdaşlıq, sülh, barış və kommunikasiyaların açılmasını təklif etdi.

Çoxları gözləyirdi ki, Azərbaycan qisas dalınca düşərək, Ermənistanı tamamilə darmadağın edəcək. Ancaq Azərbaycan lideri yaranmış vəziyyətə milli maraqlarla regional maraqların qarşılıqlı təmini kontekstində yanaşdı. İndi bu yanaşma öz bəhrələrini verir. Ermənistan faktiki olaraq tədricən Azərbaycan liderinin formalaşdırdığı təhlükəsizlik və əməkdaşlıq modelinə tərəf gəlir. Onun gec və ya tez Zəngəzur dəhlizinin açılmasına da razılıq verəcəyinə də şübhə yoxdur.

Bu baxımdan müharibədə qələbə Azərbaycan Respublikasının dövlət olaraq regional gücünü hər kəsə nümayiş etdirdisə, postmüharibə mərhələsində İlham Əliyevin yeritdiyi regional siyasət onun şəxsi liderliyini təsdiqlədi. İndi kimsə şübhə etmir ki, Cənubi Qafqazda aparıcı siyasi lider İlham Əliyevdir. Gürcüstan və Ermənistanın liderləri regional miqyasda bu rolu oynaya bilmirlər. Açıq görünür ki, İlham Əliyevin şəxsi liderlik keyfiyyətləri çox üstündür.

Deməli, bu regionda şəxsi liderlik İlham Əliyevə məxsusdur. Dünyanın çox müxtəlif ölkələrindən əsas olaraq Azərbaycana səfərlərin edildiyi bunu təsdiq edən faktorlardan biridir. Həmin liderlərin Azərbaycan Prezidenti ilə Cənubi Qafqazın aktual geosiyasi və təhlükəsizlik məsələlərini müzakirə etdikləri məlumdur.

Bunların fonunda dünyanın böyük güclərinin ilk olaraq məhz Azərbaycan Prezidenti ilə təmasa keçib həyati əhəmiyyətli geosiyasi məsələləri müzakirə etdikləri də sirr deyildir. Məsələn, Rusiya Prezidenti V.Putin ilk olaraq Azərbaycanın dövlət başçısı ilə müzakirələr aparır. Azərbaycanla əməkdaşlığın bütövlükdə regiona fayda verəcəyinə əminliyini ifadə edir. O cümlədən, Moskva Azərbaycanın layihələri olan Zəngəzur dəhlizi və “3+3” formulunu dəstəkləyir.

Amerika dövlət başçıları dəfələrlə Azərbaycan Prezidentinə ünvanladıqları məktublarında İlham Əliyevin liderliyini tam qəbul edərək, əməkdaşlığı daha geniş miqyasda yeni səviyyəyə yüksəltməkdə maraqlı olduqlarını ifadə edirlər.

Avropa İttifaqının rəhbərliyi enerji sahəsində əməkdaşlığın strateji aspektdə davamı məsələsini Prezident İlham Əliyevlə müzakirə edirlər. Real olaraq bununla bağlı əməkdaşlıq sənədi (memorandum) vardır. Bundan başqa, İlham Əliyev böyük şirkətlərlə enerji sahəsində “Əsrin ikinci müqaviləsi”ni imzalamışdır. Strateji aspektdə Azəbaycanla Avopa enerji üzrə tərəfdaşdırlar.

İranla münasibətlərdə İlham Əliyev çox təsirli addımlar atır. Rəsmi Tehran İlham Əliyevin təşəbbüslərinə haqq qazandırmağa başlamışdır.

Türkiyə isə tamamilə başqa faktordur. İki qadaş dövlətin başçıları bir-birinin liderliyini həm gücləndirir, həm də regionun rifahı üçün lazımi addımları birgə atırlar. Aydın görünür ki, R.T.Ərdoğan İlham Əliyevin regional liderliyini nəinki qəbul edir, hətta onun daha da güclənməsi üçün imkanlarını əsirəmir.

Bütün bunlar onu təsdiq edir ki, İlham Əliyev regional miqyasda şəxsi liderliklə dövləti liderliyi uğurla sintez edə bilmişdir. Bu da iki istiqamətdə XXI əsrin çağırışları fonunda məsələləri daha da akuallaşdırır.

Birincisi, Azərbaycanda liderliyin regionlararası konteksti daha aktual nəzəri və praktiki məsələyə çevrilir. İkincisi, prosesin bu cür uğurlu aparılmasında aparıcı faktorun müəyyən edilməsini ön sıraya çıxarır.

Birinci məsələ Azərbaycanın regional təşkilatların üzvü kimi regionlararası miqyasda geosiyasi rolunun müxtəlif cəhətlərinin təhlilini ehtiva edir. Bu səviyyədə Azərbaycan Respublikası liderliyin təminatı məsələsini aktuallaşdırmağı tələb edir.

İkinci məsələ isə milli ideyanın regionlararası miqyasda liderlik aspektində oynaya biləcəyi rolu təhlil etmək zərurətini ortaya qoyur.

Hər iki məsələ ayrıca araşdırılmalıdır.

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Siyasət