“Böyük manipulyator”

post-img

Mark ENDEVELD
(əvvəli ötən saylarımızda)

Prezidenti kimi Kohler də özündənrazı, hamıya yuxarıdan aşağı baxan, təkəbbürlü bir adamdır. “Onda da eynilə Makronda olduğu kimi yumor hissi var”, – deyə Kohlerin tabeliyində olan adamlardan biri etiraf edir. Yadımdadır ki, bir dəfə hansısa iclasda çıxış edəndən sonra “kimin sualı var?”, – deyə bizə müraciət etdi. Heç kimdən səs çıxmadı. Kohler başını bulayıb dedi: “Bəli, ağıllı adam ağzını açanda hamını heyrətə gətirir. Ona sual verməyə heç kim cəsarət eləmir...”. İqtisadiyyat Nazirliyində Aleksi Kohler həmsöhbətlərindən birinə çəkinmədən demişdi ki: “Burada nazir mənəm! Halbuki nazir Makron idi”.

Makron ilə Kohler arasındakı bu sarsılmaz müttəfiqlik, İqtisadiyyat Nazirliyindən başlamışdı. Makron lovğalığı və ünsiyyət effektləriylə, Kohler isə sənaye məsələlərindəki təcrübəsi ilə fərqlənirdi. Bundan başqa, o vaxt nazir Makron yaxşı bilirdi ki, o, Brüsselə qarşı heç bir manevr edə bilməyəcək, ona görə də bütün vacib dosyeləri Kohlerin əli ilə maliyyə naziri Mişel Sapana ötürürdü. Makron onu da bilirdi ki, o, İqtisadiyyat Nazirliyində “müvəqqətidir”, ona görə də bütün fikrini gələcək prezident seçkilərinə cəmləmişdi. 2015-ci ilin yazından başlayaraq onun diqqət və enerjisinin yalnız bir hədəfi vardı: prezident seçkiləri!

İqtisadiyyat Nazirliyinin yalançıları

İqtisadiyyat Nazirliyində mühüm məsələlərin çoxunu kabinet direktoru Kohler özü həll edir. Makron nazirliyin bu ikinci adamına tam azadlıq verir. Elə olur ki, hətta özünün o qədər də dərindən bilmədiyi və ya o qədər də xəbəri olmadığı işləri Kohlerin razılığı ilə qəbul edir. Ona görə də Makron ilə Kohler – üzdə hərəsi öz rolunu oynasa da – arxada bütün qərarları bir yerdə qəbul edir və lazım gələndə bir-birini müdafiə edirlər. Kiçik eynəkli və boz kostyumlu bu kabinet direktoru, heç kimə nazirinin əsl ambisiyalarını görməyə imkan vermir.

Makronun ən yaxın əməkdaşı kimi bu yüksək dövlət məmuru, ali dövlət orqanlarında bilərəkdən hamıya yalan danışır ki, nazirinin siyasi layihəsindən, eləcə də onun kabinetinin real fəaliyyətindən heç kəsin xəbəri olmasın. İqtisadiyyat Nazirliyinin bu saf məhsulu ilə gələcək prezident seçkilərinin qalibi arasındakı yaxınlıq məhz bu orijinal yalandan doğulur. Bəlkə də, elə buna görə 2016-cı ilin avqustunda, Makron Aleksi Kohler üçün zəmanət verir ki, o, dəniz yolu ilə daşınmalarda dünyada ikinci yeri tutan Aralıq Dənizi Gəmiçiliyi Şirkətinin maliyyə direktoru olsun. Makron onu da bilir ki, əvvəllər Kohler bir müddət Aralıq Dənizi Gəmiçiliyi Şirkətini gəmilərlə təchiz edən San-Nazar tərsanəsində də çalışıb. Bundan başqa, Kohlerlər ailəsinin İtaliyada və İsveçrədə gəmiçilik şirkətinə rəhbərlik edən Apontlar ailəsi ilə lap qədimlərdən yaxın əlaqələri var.

O dövrdə bir sıra digər şəxslər də bu orijinal yalanda iştirak edib, Makron-Kohler cütlüyü ilə əməkdaşlıq edəcəklər... hətta onlarla bir yerdə prezident Fransua Hollanda qarşı xəyanətdə də iştirak edəcəklər. Onlardan biri İsmael Emeliendir. Milyarder Vənsan Bolloreyə məxsus olan çox məşhur Havas kommunikasiya agentliyində çalışan otuz yaşlı bu cavan oğlana, elə həmin şirkəti idarə edənlərdən biri Jil Finşelşteyn himayədarlıq edir. Bu sonuncu, həm də Sosialist Partiyasının tarixi mərkəzlərindən biri olan Jan-Jores Fondunun baş direktorudur. Bu fondun prezidenti isə Emmanuel Makronun çox yaxın bir adamı, keçmiş nazir, 1988-ci ildə Fransua Mitteranın kampaniyasının xəzinədarı olmuş Henri Nalletdir.

İqtisadiyyat Nazirliyində İsmael Emelien “xüsusi məsləhətçi” titulu daşıyırdı. O bu titulu Yelisey sarayında da saxlayacaq. Prezidentin ətrafında olan adamların bəziləri onu “yekəxana”, “sinik”, “sərt və qapalı” bir adam kimi təqdim edirlər. 2015-ci ilin payızından bu gənc və təkəbbürlü oğlan Makronun gələcək prezident kampaniyasının hazırlığına başlayır. İqtisadiyyat Nazirliyində Makronun yaxın çevrəsi tam sürətlə fəaliyyət göstərir. Gələcək namizəd prezident seçilməmişdən bir il əvvəl əhali arasındakı sorğulara 325 min 643 avro pul xərcləyir. Nazir istefa verməmişdən əvvəl dövlət tərəfi ndən onun üçün ayrılmış nümayəndəlik xərclərinin 80 faizi də (təxminən 120 min avro) bu sorğulara xərcləyir. 2016-cı ilin yanvarında Makron Las-Veqasda keçirilən French Tech Night tədbirində iştirak edir. Havas agentliyi tərəfindən gələcək əmək naziri Müriel Penikonun rəhbərlik etdiyi, eyni zamanda, həm İqtisadiyyat Nazirliyinə (Makron), həm də Xarici İşlər Nazirliyinə (Fabiüs) tabe olan Biznes Frans üçün hazırlanan bu tədbirdə məqsəd Fransa şirkətlərini xaricdə tanıtdırmaqdır. Las Veqasın The Linq Hotel sarayında təşkil edilən bu tədbirdə Emmanuel Makron ətrafına toplaşan gənc sahibkarlardan prezidentlik ambisiyalarını gizlətmir. Havas tərəfindən təşkil olunan bu tədbirin “məsləhət” tərəfinə 118 min 54,50 avro, texniki “xərclərinə” isə 147 min 217,75 avro pul xərclənir.

Onu da qeyd etmək lazımdır ki, Havas agentliyi İqtisadiyyat Nazirliyində özünü öz evindəki kimi hiss edir. Challenges qəzetinin yazdığına görə, Jil Finşelşteyn hələ 2012-ci ildə Büdcə üzrə nazir müşaviri Jerom Kauzak və ovaxtkı iqtisadiyyat naziri Pier Moskoviçi üçün ödənişli missiyalar təşkil etmişdi. 2013-cü ildə isə İqtisadiyyat Nazirliyinin yeddi nümayəndəsinə biznes üzrə məsləhət vermək üçün səkkiz məşhur agentlikdən ibarət bir qrup yaratmışdı. Təbii ki, Havas agentliyi də bu səkkiz agentliyin arasında idi. 2016-cı ilin yazında bu şübhəli işlərdə ittiham olunmaqdan qaçmaq üçün İsmael Emelien Havas agentliyindəki vəzifəsindən istefa verib bütün bacarığını və enerjisini Makronun yaratmaqda olduğu “Hərəkətdə!” hərəkatına yönəldir.

Planş bandası Puatiye şəhərinin bandasına qarşı

Əlindən hər iş gələn, çevik, bir yerdə qərar tuta bilməyən İsmael Emelien Makronun ətrafında bərqərar olan müxtəlif dairələrdə heç də yekdilliklə qəbul olunmur. Yelisey sarayının gələcək “xüsusi məsləhətçisi” 2015-ci ilin iyununda fəaliyyətə başlayan “Gənclər Makron ilə” (JAM) qrupu ilə rəqabət aparır. Bu qrupun üzvləri iyirmi yaşlarında, üzləri tər-təmiz təraş edilmiş, əyinlərində həmişə qara kostyumlar olan Puatiye şəhərinin hüquq fakültəsinin keçmiş tələbələridir. Gənc Sosialist Hərəkatının keçmiş fəalları, Dominik Stros-Kan meyilli, 2016-cı ildə anti-CPE (26 yaşdan aşağı olan gənclərin ilk əmək müqaviləsi) tətillərində iştirak edən bu gənclər hüquq fakültəsində təhsil alan dövrdə bir yataqxanada yaşayıblar.

Puatiye şəhərinin hüquq fakültəsində təhsil almış bu iddialı gənclər arasında Pier Person və Saşa Hulie kimi deputatlar, İqtisadiyyat Nazirliyində Makronun parlament müşaviri olmuş Stefan Sejurne və Milli Assambleyanın prezidentinin müşaviri Florian Hümez də var. Onlar Gənc Sosialist Hərəkatında, eləcə də tələbələr birliyində siyasi texnikaları mükəmməl mənimsəyiblər. Ona görə də Dominik Stros-Kanın bu keçmiş pərəstişkarları Sosialist Partiyasının mədəniyyətinə yaxşı bələddirlər. Onların siyasi rəqibləri, mütəmadi olaraq Parisin Planş küçəsindəki qərargahda yığışan nüfuzlu Siyasi Elmlər İnstitutunun və Ali Kommersiya məktəbinin məzunları isə, öz növbələrində, texnokrat Pier Moskoviçiyə meyillidirlər. Göründüyü kimi, Planş bandası ilə Puatiye bandası arasındakı rəqabət yalnız eqo və ya ambisiyadan irəli gəlmir, həm də onların bitirdikləri siyasi məktəblərin fərqindən, eləcə də tərbiyə aldıqları sosial mühitdən irəli gəlir.

Puatiye bandasını dəstəkləyən Emmanuel Makronun İqtisadiyyat Nazirliyində ilk kabinet direktoru olmuş Anna Rubinşteyndir. 2014-cü ilin oktyabrında Stefan Sejurneni məhz bu qadın parlament müşaviri təyin etmişdi. Sosialist Partiyasının tarixi fəalı, Loran Fabiüsa yaxın olan Anna Rubinşteyn Stefan Sejurne ilə, eləcə də LREM partiyasının gələcək deputatı Qiyyom Şişlə Fransa adaşı bölgəsinin ovaxtkı prezidenti Jan-Pol Üşonun ofisində tanış olmuşdu. Puatiye bandasının uşaqları bu qadına o qədər yaxındırlar ki, onu o qədər sevib hörmət edirlər ki, hərdən ona “maman” deyə müraciət edirlər. 2016-cı ildə bu bandaya Stefan Sejurnenin dəstəyi ilə Ot-dö-Sen departamentinin gələcək deputatı Qabriel Attali da qoşulacaq. Bu adamların hamısı “Gənclər Makron ilə” qrupunda böyük fəaliyyətə başlayacaqlar.

(ardı var)

Siyasət