Bakı daha bir beynəlxalq məclisə ev sahibliyi edir

post-img

Öncə onu xatırladaq ki, Asiya Parlamentləri Assambleyası (APA) 1999-cu ildə Sülh və Əməkdaşlıq Uğrunda Asiya Parlamentarilərinin Konfransında Banqladeşin təşəbbüsü ilə yaradılmış Sülh Naminə Asiya Parlamentləri Assosiasiyasının varisidir. Yəni 1999-cu ildə yaradılmış assosiasiya 2006-cı ildə assambleyaya çevrilmişdir. APA təsis tarixi yeddi il fərqlə iki tarixdə göstərilən (1999 və 2006-cı illər) azsaylı beynəlxalq təşkilatlardandır. Aşağıda o barədə söz açacağıq. Burada maraqlı məqam odur ki, bu qurum cəmi 27 il fəaliyyət göstərsə də, həm XX, həm də XXI əsrlərin problemləri ilə mübarizə aparmalı olmuşdur.

43 daimi üvü olan bu qurumun təsiçiləri arasında Çin Xalq Respublikası, Rusiya Federasiyası, Türkiyə Cümhuriyyəti, Hindistan, Pakistan, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri kimi Asiya nəhəngləri də var. Dünən Bakıda fəaliyyətə başlayan sessiyada isə quruma üzv olmayan Belarus parlamenti də müşahidəçi mandatı ilə iştirak edir.

Azərbaycan Parlamentinə sədrlik qurumun ötən ilin fevralında keçirilmiş sessiyasında Türkiyə Parlamentindən keçmişdir. Bakıda dünən açılışı olmuş və hələ iki gün davam edəcək tədbir haqqında söz açmazdan əvvəl Asiya qanunvericilərinin əsas məram və məqsədləri və qurumun fəaliyyəti barədə bəzi məqamları yada salmaq istərdik.

Bildirilir ki, bu qurumun 2004-cü ildə Pakistanın paytaxtı İslamabadda keçirilən 5-ci sessiyasında Filippinin Asiya Parlament Assambleyasının AŞPA-ya bənzər quruma çevrilməsi ilə bağlı təşəbbüsü təsdiqlənmişdir.

Baş Assambleyanın 2006-cı ilin noyabrında İranda keçirilən 7-ci sessiyasından sonra Tehran Bəyannaməsi qəbul edilmiş və ona əsasən Sülh Naminə Asiya Parlamentləri Assosiasiyası yeni beynəlxalq parlament strukturuna, Asiya Parlament Assambleyasına çevrilmişdir.

Bildirilir ki, bu qurum müasir dövrün aktual problemlərinin həllində, o cümlədən Asiya regionunda sülhün təmin edilməsində üzv dövlətlərin rolunu artırmaqla milli parlamentlərin səylərinin əlaqələndirilməsinə diqqət yetirir. APA Asiyada təhlükəsizliyin və sabitliyin təmin edilməsi üçün parlamentlərarası dialoq və kollektiv strategiyanın hazırlanması istiqamətində fəaliyyət göstərir. Rəsmi dili ingilis dilidir. Bir sıra Asiya ölkələrinin parlamentariləri APA-nın BMT və bəzi regional təşkilatlar, o cümlədən ŞƏT ilə əməkdaşlığının genişləndirilməsinin tərəfdarıdır.

Azərbaycan bu qurumda Milli Məclisin deputatları Rizvan Nəbiyev – nümayəndə heyətinin rəhbəri, İlham Məmmədov – nümayəndə heyəti rəhbərinin müavini, Günay Ağamalı, Aydın Hüseynov və Naqif Həmzəyevlə təmsil olunur. Xatırladaq ki, Rusiya da assambleyada səsvermə hüququna malik beş nümayəndə ilə təmsil olunur.

Ali orqanı hər il çağırılan Baş Assambleyanın sessiyasından ibarət olan qurumun rəhbərliyi sədrdən, sədr müavinindən, İcraiyyə Şurasının üzvlərindən və iştirakçı ölkələrin qanunvericilik orqanlarından üçə qədər parlamentaridən ibarətdir. APA-nın Daimi Katibliyi Tehranda yerləşir.

O ki qaldı Asiya Parlament Assambleyasına sədrliyin Azərbaycana keçməsinə, xatırladaq ki, biz bu estafeti Türkiyə Böyük Millət Məclisindən götürmüşük. Belə ki, ötən il fevralın 22-də Bakıda Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyası keçirilmişdi. “Asiyada dayanıqlı inkişaf naminə regional əməkdaşlığın gücləndirilməsi” mövzusuna həsr olunmuş tədbirdə 40-dək ölkənin parlament nümayəndə heyəti, o cümlədən 10-a yaxın ölkənin spikeri, habelə bir sıra beynəlxalq parlament təşkilatlarının rəhbərləri iştirak edirdilər. Assambleyanın baş katibi Mohammad Reza Majidi öz çıxışında demişdi ki, Asiya Parlament Assambleyasına sədrlik növbəti iki il üçün Türkiyədən Azərbaycana keçir.

Türkiyə Böyük Millət Məclisinin və Asiya Parlament Assambleyanın fəaliyyətdə olan sədri Numan Kurtulmuş Asiya Parlament Assambleyasına sədrliyi Türkiyədən Azərbaycana təhvil vermişdi. Qeyd edilmişdi ki, bu gün humanitar böhranlar, münaqişələr, yoxsulluq, iqlim dəyişikliyi ilə yanaşı, ayrı-seçkilik, irqçilik, ksenofobiya və islamofobiyanın artması kimi aktual problemlər Asiya regionuna da mənfi təsir göstərir. Bütün bu çağırışlar ayrı-ayrılıqda deyil, yalnız kollektiv, birgə səylərlə həll edilə bilər. Bu, bölgəmizdə sülh, təhlükəsizlik, sabitlik və davamlı inkişaf üçün də keçərlidir.

Fevralın 19-da Bakıda Azərbaycanın sədrliyi ilə keçirilən Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyasında 35 nümayəndə heyəti, ümumilikdə 280 nəfərə yaxın nümayəndə iştirak edir. Tədbirdə bir sıra mühüm məsələlərin müzakirəsi nəzərdə tutulur. Bildirilir ki, APA Asiya parlamentlərini birləşdirən mühüm parlament diplomatiyası platforması olmaqla yanaşı, bu cür tədbirlər həm də üzv ölkələrin qanunverici orqanları arasında müzakirələrin və dialoqun inkişafına xidmət edir.

Asiya Parlament Assambleyasının baş katibi Mohammad Reza Majidi Bakıda Azərbaycanın sədrliyi ilə keçirilən APA-nın 15-ci plenar sessiyasının açılış mərasimində deyib ki, “Azərbaycan Asiya Parlament Assambleyasına sədrliyi üzərinə götürməklə güclü əməkdaşlıq nümunəsi nümayiş etdirdi”. Baş katib xatırladıb ki, assambleya qarşıda duran proqramları Azərbaycanın sədrliyi ilə tam yerinə yetirir və yetirəcək: “Biz parlamentlərarası əməkdaşlığı daha da gücləndirməyə çalışırıq. Hazırda sıralarımız da genişlənməkdədir. APA çox vacib parlament platforması olaraq Fələstin məsələsini diqqət mərkəzində saxlayır”.

İttifaq MİRZƏBƏYLİ

Siyasət