Rusiya ilə Azərbaycan arasında məlum səbəbdən gərginliyin yaşandığı bəllidir. O da aşkar görünür ki, Kreml bu gərginliyi aradan qaldırmaq əvəzinə anti–Azərbaycan təbliğatı ilə məsələni daha da qəlizləşdirir. İş o yerə çatıb ki, mülki təyyarəmizin vurulmasının günahkarı bunda Azərbaycanı ittiham etməyə başlayıb.
Azərbaycanın Rusiya ilə heç bir problemi yoxdur. Tərəflər arasında strateji müttəfiqlik səviyyəsinə çatmış münasibətlərin birdəfəlik pozulacağı, müvəqqəti gərginliyin hərbi toqquşma mərhələsinə keçməsi də real deyil.
Dünyada, bölgədə geosiyasi vəziyyət dəyişib. Azərbaycan artıq o ölkə deyil ki, ərazisində Sumqayıt hadisələri təşkil etsinlər, Yanvar qırğını törətsinlər, Xocalı soyqırımının gerçəkləşməsinə dəstək versinlər... Bunların hamısı ötən əsrdə, hətta ötən minillikdə qaldı. Müəmmalı görünən məsələ Rusiyanın Azərbaycandan istəyinin nədən ibarət olmasıdır. Əslində, 50 gün bundan əvvəl baş vermiş təyyarə qəzası Rusiya üçün Azərbaycanla münasibətlərinin sınaq nöqtəsinə çevrildi. Moskvanın bu situasiyada fakta, məntiqə və reallığa uyğun davranmaması ikitərəfli münasibətlərdə boşluğun yaranmasına rəvac verdi. İndi bu boşluğu üşüncü qüvvələr, həm də Azərbaycanı və Rusiyanı sevməyən güclər doldurmağa çalışırlar. Bunun məsuliyyəti də Moskvanın boynundadır.
Kreml doğrudanmı Bakı ilə “körpüləri yandırmaq” siyasətini yeridir? Hazırda ikitərəfli münasibətlərdə müşahidə olunan sərinləşmənin motivinin təkcə aviaqəza olmadığı ehtimalını səsləndirən siyasi ekspertlərlə razılaşmamaq olmur. Bəs, bu qarşıdurmada Rusiya nə qədər irəli gedə bilər? Münasibətlərin normallaşması üçün Şimal qonşumuzdan gözləntimiz nədir? Bu və ya digər suallara qəzetimizin əməkdaşlıq etdiyi daimi ekspertlərlə aydınlıq gətirməyə çalışdıq.
* * *
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri Fərid Şəfiyev Azərbaycan–Rusiya münasibətlərində yaranmış böhranın ciddi təhlilə ehtiyac duyduğu qənaətindədir: “Ortada aydınlıq tələb edən bir neçə məsələ var. Böhranın əsas səbəbi AZAL-ın sərnişin təyyarəsinin vurulması ilə bağlı hadisədir. Doğrudur, Rusiya tərəfi təyyarəmizi qəsdən deyil, təsadüfən vurub. Amma, eyni zamanda, məsuliyyətdən qaçır, səhvini etiraf eləmir. Əlbəttə ki, məsələnin maliyyə tərəfi ilə yanaşı, məsuliyyətə bağlı mənəvi tərəfi də var. Moskvanın bundan boyun qaçırması müstəmləkəçilikdən qalmış “velikorus” ab-havanın, imperialist yanaşmanın təzahürüdür. Yəni keçmiş Sovet respublikasına bir qədər yuxarıdan-aşağı baxmaq düşüncəsi də yox deyil. Əgər o vaxt Malayziyanın sərnişin təyyarəsinin Ukraynanın hava məkanında vurulmasında hansısa hərbi-siyasi çalarlar var idisə, Azərbaycanla Rusiya arasında buna bənzər heç bir problem yoxdur. Yaranmış vəziyyətə kənardan baxsaq, aydın görünür ki, burada uduzan Rusiya olacaq.
Kreml isteblişmenti papağını qabağına qoyub fikriləşməli və nəticə çıxarmalıdır ki, istər bölgədə, istərsə də geosiyasi müstəvidə Rusiyanın çəkisi xeyli aşağı düşüb. Bakının tələblərinə gəldikdə isə deməliyik ki, onlar normal və beynəlxalq hüquq çərçivəsindədir. Məhz qəzadan sonra ortaya çıxan və ikitərəfli münasibətləri gərginləşdirın digər məsələ Bakıdakı “Rus evi” ilə bağlıdır. Qeydiyyatdan keçməyən bu “ev” bağlandı. Amma onunla yanaşı, USAID-in də fəaliyyəti dayandırıldı. Azərbaycan heç vaxt imkan verə bilməz ki, kimsə “yumşaq güc”dən yararlanaraq onun daxili işlərinə qarışsın. Artıq məlumatlar var ki, “Rus evi”nin ətrafına müəyyən qüvvələr toplaşır və şübhəli məsələləri müzakirə edirlərmiş.
Azərbaycan həmişə çalışıb ki, Şimal qonşusu ilə münasibətləri daim normal inkişaf eləsin. İqtisadi sahədə Rusiya ilə bir sıra mühüm layihələrimiz var. Bu münasibətlərin, əməkdaşlığın tənəzzülə uğramasını yalnız bizi istəməyənlər arzulayırlar.
Cənubi Qafqazın ən güclü ölkəsi ilə münasibətlərin pozulması Moskvanın da maraqlarına cavab vermir. Amma təyyarə qəzası ilə bağlı Bakının tələbi tam haqlıdır”.
* * *
Siyasi icmalçı Fərhad Məmmədov hesab edir ki, Azərbaycanın baş vermiş təyyarə qəzası ilə bağlı haqlı gözləntiləri var: “Amma Rusiyanın tutduğu mövqe bu gözləntilərə cavab sayıla bilməz. Belə olduqda ikitərəfli münasibətlərdə boşluqlar yaranır. Əlbəttə ki, üçüncü qüvvələr bunu fürsət bilib, həmin boşluğu “doldurmağa” çalışırlar. Bu cür cəhdlər həm Ermənistan, həm də Qərb tərəfindən edilməkdədir. Azərbaycan hələlik bu məsələnin beynəlmiləlləşməsinə rəvac verməyib. Sadəcə, təyyarənin istehsalçısı kimi Braziliya və bir də beynəlxalq ekspert qurumu qəzanın başvermə səbəblərini araşdırmağa qoşulublar. Amma indiki mərhələdə Azərbaycan əmin olsa ki, Rusiya tələb olunan istiqamətdə hər hansı addım atmayacaq, bu halda digər beynəlxalq qüvvələrin prosesə qoşulmasına etiraz etməyəcək. İki ölkə arasında sərinləşmiş münasibətlərin istiləşməsi Rusiyanın atacağı addımlardan asılıdır. Əgər Kreml bununla bağlı düzgün və prinsipial mövqe ortaya qoymasa, bu zaman münasibətlərin soyuma dərəcəsi daha da aşağı düşəcək. Bunun günahkarı da yalnız Rusiya olacaqdır. Yox, əgər Moskva özündən asılı olan addımları atacağı təqdirdə münasibətlərin tez bir zamanda normal məcraya düşməsini müşahidə edəcəyik. Çünki Azərbaycan Şimal qonşusuna qarşı öz siyasətini düşünülmüş və praqmatik şəkildə qurub. Ən əsası isə üçüncü qüvvələrin bu münasibətlərə təsir etməsinə heç vaxt imkan verməyib”.
* * *
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlunun fikrincə, Rusiya–Azərbaycan münasibətlərin gərgin səviyyəyə çatmasının birinci təqsirkarı Moskvadakı hakimiyyətin özüdür. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, əgər Rusiya üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirsəydi belə gərginlik də yaşanmazdı. Axı, Bakı qeyri-mümkün nə tələb edir? Deyirik ki, təyyarəmizi vurmusan, insanlarımızı öldürmüsən, indi də buyur üzrxahlıq elə, zərərçəkənlərə kompensasiya ödə və cinayəti törədənləri cəzalandır. Ondan bütün bu məsələləri dərhal, qısa müddətdə həllini tələb etmirik. Heç olmasa, bununla bağlı rəsmi açıqlama verin, müvafiq tədbirlərin görüləcəyini bildirin. Bunların heç birini etmədiyi bir yana, Rusiyada Azərbaycana qarşı qara piara start verilib.
Azərbaycan qonşu ölkələrin heç biri, xüsusən də Rusiya ilə münasibətlərin gərginləşməsində maraqlı deyil. Bakı birinci addımın Moskva tərəfindən atılacağını gözləyir. Bunun əvəzində nə görürük? Rusiya Dövlət Dumasının deputatları Azərbaycan xalqını aşağılayan açıqlamalar verirlər. Onları cavabı isə mütləq verilməlidir. Bütün hallarda Bakı gərginliyin qalmasının tərəfdarı deyil. Amma Moskva da öz üzərinə düşəni etmir. Rusiya Prezidenti Bakı ilə bir neçə dəqiqəlik telefon danışığında bu məsələni həll edə bilər. Yəni, Azərbaycan Prezidentinə zəng edib bu məsələnin araşdırılacağını söyləsə, gərginlik nisbətən ortadan qalxmış olar. Bunları etmirlər, edəcəkləri də gözlənilmir. Ola bilsin ki, hökumətlərarası komissiyanın toplanmasına ehtiyac yaranıb. İşçi qrupu vəziyyətdən çıxmağın yol xəritəsini hazırlaya bilər. Yoxsa, Azərbaycan əleyhinə təbliğatı gücləndirməklə Rusiyadakı şovinist qüvvələrin əlinə bəhanə verirlər. Onsuz da azərbaycanlı miqrantlara qarşı qaydaları sərtləşdiriblər. Rusiya vətəndaşları olan azərbaycanlı iş adamlarının adlarının çəkilməsini, onların hədəfə alınmasını görürük. Bütün məsuliyyət Moskvanın üzərindədir, çıxış yolunu da özü tapmalıdır”.
* * *
XQ-yə açıqlamasında politoloq Tofiq Abbasov diqqəti Rusiya mətbuatında Kremlin tapşırıqlarını icra edən resursların olduğuna yönəltdi: “Rusiyada muzdlu mətbu orqanları və təşkilatlar var. Misal üçün, biri Ara Abramyanın "bayquş yuvası"dır. Oradan mətbuata sifarişlər verilir. Rusiyada Azərbaycana qarşı mütəşəkkil şəkildə işləyən media resursları var. Həmin qüvvələr ermənilərin ruporu olmaqdan yorulmayıblar. Xaricdə oturanlar isə ölkəmiz barədə feyk-məlumatlar yayırlar. Bizim media da azaddır, hansısa qəzetə, yaxud sayta deyə bilmərik ki, bunu niyə yazırsınız?! Bu, təbii hiddətdir. Əslində, Rusiyada ikili standartlara Qorbaçovun dövründən yol verilirdi. Bizim səsimizi boğur, ermənilərə tribuna verirdilər. İndi isə Solovyov kimilər türkofob və islamofob saxta məlumatları Rusiyanın dövlət telekanalına çıxarıb danışırlar.
Rusiyanın siyasi dairələrindəki bəzi “siyasi dəllallar” erməni sevdası ilə yaşadıqlarını gizlətmirlər. Moskva bilməlidir ki, Azərbaycan xalqı təyyarə hadisəsini ağrı ilə yaşadı. Əslində, Rusiyaya ayıb olmalıdır ki, öz vətəndaşlarının da həlak olduğu, daha doğrusu, öldürdükləri hadisəyə belə laqeyd yanaşdı. Bəs biz nə etməliyik, susmalıyıq? Bir sözlə, Rusiyadan səslənən iddialar yersizdir. Onlar hər iki tərəfin mətbuatına baxsınlar, nəticə çıxarsınlar: sizin cəmiyyətin bizə münasibəti necədir, bizimkilərin onlara necə? Bizdə heç zaman Rusiya cəmiyyətinə nifrət olmayıb.
Biz Rusiyanı hadisəni qəsdən törətməkdə ittiham etmirik. Üstəlik, qəzada Rusiya vətəndaşları da həlak olublar. Sadəcə, bu cinayəti törədənlər cəzalandırılmalı, zərərçəkənlərə təzminat ödənməli və üzrxahlıq edilməlidir. Yəni siz humanistliyin nə olduğunu bilmirsiniz? Məsələni ört-basdır etməklə heç nə dəyişmir. Rusiya mediası Naxçıvan istiqamətində helikopterin vurulmasını və Qarabağda sülhməramlıların həlak olmasını cavab olaraq yada salır. Əvvəla, biz üzr istədik, üstəgəl, müharibə şəraitində hər şey olur. Ona qalsa, sülhməramlı kontingent də Vardanyanla işbirliyi qurmuşdular. İndi bu məsələlərə yenidən qayıtmalıyıq? Ona görə də Rusiyanın təyyarə hadisəsində məsuliyyəti var və bundan qaça bilməz”.
* * *
Sonda Rusiyanın Azərbaycanla razılaşmaq reallığını qəbul edəcəyi ehtimalı böyükdür. Elə ən optimal sonluq bu ola bilər: Vladimir Putin İlham Əliyevə zəng edir. Moskva Bakının haqlı tələbini qəbul edir və buna uyğun davranır. Bununla da hər şey öz axarına düşür. Bundan itirənlər isə iki ölkə arasındakı münasibətlərdə “yaranmış boşluğu” doldurmağa çalışanlar olacaq.
İmran BƏDİRXANLI
XQ