Səfir Sobhaninin bildirdiklərinə sözardı
İran hesab edir ki, Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası və demarkasiyası sülhə nail olmaq yolunda yeni addımdır, proses Alma-Ata Bəyannaməsinə və beynəlxalq qaydalara əsaslanır. Bu fikri İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Mehdi Sobhani İrəvanda keçirilmiş mətbuat konfransında dilə gətirib. Cənab Sobhaninin başqa nələri bildirməsinə diqqət yetirəcəyik. Ancaq əvvəlcə bir məqamın üzərində dayanaq.
Bəli, İran səfirinin bildirdikləri yenilik deyil. Çünki Tehranın mövqeyi onsuz da bəllidir. Görünür, hazırda İran üçün 1991-ci ilin Alma-Ata Bəyannaməsinə söykənən məntiq də var. Qeyd edək ki, İran tərəfi ilk dəfədir sənədə istinadın zəruriliyinə dair açıqlama verir. Olsun, etirazımız yoxdur. İran böyük dövlətdir, cənub qonşumuzdur. Amma...
1991-ci ilin Alma-Ata Bəyannaməsi keçmiş SSRİ-yə daxil olan respublikaların bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanımalarını əsas tuturdu. Ancaq Ermənistan nə etdi? Azərbaycan torpaqlarını işğala məruz qoydu. İşğal otuz ilə yaxın müddətdə davam etdi.
Onu da bildirək ki, İrana ikinci Xocalı faciəsinin yaşanmaması üçün minnətdarlıq borcumuz var. Əgər Zəngilan sakinləri Araz çayı üzərindən bu ölkəyə keçməsəydilər, kim bilir hansı böyük faciə baş verəcəkdi və bunlar İran dairələrinə da yaxşı bəllidir. Yəni söhbət Ermənistanın sözügedən sənədi tamamilə heçə saymasından gedir və məsələ Alma-Ata Bəyannaməsini əsas götürməkdədirsə, gərək bütün detallar nəzərə alınsın.
Nəzərə alınsın ki, Ermənistan təcavüzkar siyasət yürütməklə, nəinki Alma-Ata Bəyannaməsini, eləcə də Sobhaninin barəsində ümumi söz açdığı beynəlxalq prinsipləri pozub. Həmin prinsiplərdən yalnız birini diqqətə çatdıraq və deyək ki, cənab səfirin BMT-nin Azərbaycan ərazilərində işğala son qoyulmasına dair dörd qətnaməsninin mövcudluğundan xəbərsizliyi mümkünsüzdür. İrəvan həmin qətnamələri lazımsız kağız parçasına çevirmişdi. Artıq soruşmayacağıq ki, rəsmi Tehran nə üçün buna laqeyd yanaşmışdı. Çünki işğal başa çatıb. Hərçənd, yaddaşımız yerindədir.
İranın Ermənistandakı səfiri çox doğru vurğulayır ki, sərhədlərin delimitasiyası və demarkasiyası Azərbaycanla Ermənistan arasında sülhə nail olmaq yolunda yeni və ən əsası mühüm addımdır. Ancaq prosesin çox ləng getdiyinə dair təsəvvür var. Bu gün Ermənistan sülhdən yayınmaq, regiona aid olmayan dövlətləri Cənubi Qafqazda maraq sahibinə çevirməkdə israrlıdır. Sülh prosesinin ləngliyi də məhz bununla bağlıdır.
Belə bir durumda İran, doğrudan da, bögədə barış mühitinin qərarlaşmasında maraqlıdırsa, gərək, İrəvana da Qərbin məkrli planlarında yer almamaqla bağlı ismarıclarını çatdırsın. Bəlkə də çatdırır, çünki ara-sıra İslam respublikasının ayrı-ayrı rəsmilərinin regiona kənar müdaxilənin yolverilməzliyinə dair açıqlamalarını eşidirik. Yeri gəlmişkən, Azərbaycan “Region region ölkələri üçündür!” şüarı ilə çıxış edir ki, bu, cənub qonşumuzun maraq və mənafeləri ilə uzlaşan haldır.
Kənar müdaxilədən söz düşmüşkən isə deyək ki, Ermənistan Avropa İttifaqının Azərbaycan-Ermənistan şərti sərhədinin öz tərəfində lövbər salmış mülki müşahidə missiyasının səlahiyyət müddətini artırıb. O missiyanın ki, tərkibi alman polislərindən və fransız jandarmlarından ibarətdir və təsisatın gələcəkdə NATO missiyasına çevrilməsi ehtimalı böyükdür. Görəsən, İranın məsələyə dair reaksiyası necədir? Yoxsa, ölkə yenə hesab edir ki, Aİ-nin müşahidəçiləri bölgədə olması heç bir təhlükə deyil? Hər halda, bu qənaətə gələrkən, Ermənistanın hazırda sürətli silahlanma xətti seçdiyi barədə ciddi düşünmək lazımdır. Ümid edək ki, cənub qonşumuz bütün təfərrüatları hesaba alır.
Əlqərəz, sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin beynəlxalq normalara və Alma-Ata Bəyannaməsinə uyğun aparılmasının regionda təhlükəsizliyin və əminamanlığın təmin olunmasına töhfə verəcəyini vurğulayan M.Sobhani bilavasitə İranla Ermənistan arasındakı sərhəddən söz açıb. Məlumdur ki, Ermənistan Azərbaycanın Zəngəzur dəhlizi təşəbbüsünə qarşı çıxır və bu mövqe həm də ölkənin İranla sərhəd xəttinin aradan qalxmasının yolverilməzliyi prizmasında dəyərləndirilir. Mövcud dəyərləndirmədə başlıca xətt, guya, Bakının təcavüzkar siyasət yürütməsidir. Halbuki, məsələnin belə qoyuluşu kökündən yanlışdır. Çünki Azərbaycan rəhbərliyi, xüsusən Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, Zəngəzur dəhlizi, heç bir halda, Ermənistana qarşı ərazi iddiası, ölkənin suveren hüquqlarının məhdudlaşdırılması anlamına gələ bilməz. Cənab Sobhani isə bildirib ki, “Ermənistan və Azərbaycan arasında beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəqiqləşdirilməsi ilə bağlı aparılan danışıqların Ermənistan–İran sərhədinə heç bir təsiri ola bilməz”.
Əlbəttə, cənab səfir də haqlıdır. İzah etdik ki, Azərbaycan Ermənistanın ərazi bütövlüyünün pozulmasını istəmir. Amma ölkəmiz Zəngəzur dəhlizində, yəni Naxçıvana quru yolunda israrlıdır. Rəsmi Bakı 43 kilometrlik yolda İrəvan tərəfindən hansısa sərhəd və gömrük nəzarətinin tətbiqi ilə razılaşmır və məsələ prinsipial əhəmiyyət daşıyır.
Dövlətimiz qarşı tərəfin bununla razılaşmayacağı təqdirdə, İran variantına üstünlük veriləcəyini açıqlayıb. O zaman, gəlin, düşünək görək Ermənistanın xaricdəki havadarları bununla razılaşırmı? Onlar ölkəmizi tutduğu yoldan döndərmək üçün İrəvanı təxribatçı addımlar atmağa sövq etməyəcəklər ki? Əgər Ermənistan sülhə zidd mövqe tutub Azərbaycanla hərbi eskalasiya yaratmağa çalışsa, Tehranın məsələyə münasibəti necə olacaq? Bu kimi suallar çoxdur və onlara ən yaxşı cavabı zaman verəcək.
Ə.RÜSTƏMOV
XQ