Terrorizmə xərclənən “başgicəlləndirici” pullar

post-img

Humanitar yardım adı altında gizlənən USAID-in “genişmiqyaslı” fəaliyyəti sona çatır

Ağ evin dəyirmi kabinetində oturduğu qısa müddətdə Donald Tramp Administrasiyasının verdiyi mühüm qərarlardan biri də Beynəlxalq İnkişaf Agentliyi ilə – USAID-lə bağlı oldu. Demokratların hakimiyyətdə olduğu dönəmdə USAID Birləşmiş Ştatların dünyada qlobalist siyasətini reallaşdırmaq üçün etibarlı vasitəyə çevrilmişdi.

Co Bayden tərəfindən ermənilərə rəğbəti ilə seçilən Samanta Pauerin bu qurumun başına gətirilməsindən sonra qlobal sülhə ciddi təhlükə yaranmışdı. Xanım Pauerin Fransanın siyasi dairələri ilə birləşərək Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin olunmasına maneələr yaratması, bölgədə sönmüş münaqişə ocağını yenidən körükləmək istəyən Emmanuel Makronun ətrafı ilə işbirliyində olması, separatizmi, terrorizmi stimullaşdırmaq üçün nəzərdə tutulan Avropa Sülh Fondu ilə sinxron hərəkət etməsi USAID-in nə kimi çirkli geosiyasi oyunlara baş vurduğunu təsdiqlədi. Sələfindən fərqli olaraq, Donald Trampın təxribatçı qurumu kəskin tənqid etməsi, onun fəaliyyətini dondurması ilə ortaya ciddi suallar çıxdı. İndi söhbət USAID-in, ümumiyyətlə, qalıb-qalmamasından gedir.

ABŞ-ın adını batıran qurum

50 milyard dollardan çox büdcəyə malik bu təşkilatın bu qədər vəsaiti nəyə və hara xərclədiyi ilə bağlı araşdırmalar davam etdirilir. İndi məlum olur ki, USAID büdcəsinin bir hissəsini Suriyada terrorçuların maddi təminatına, Əfqanıstandakı radikal qruplaşmaların təşkilinə xərcləyib. Belə görünür ki, özünün yaramaz hərəkətləri ilə dünyada ABŞ-ın demokratik imicinə zərbə vuran, ölkənin adını batıran USAID-in fəaliyyəti uzun müddət araşdırılmaya məruz qalacaq. Başqa cür ola da bilməz. Əgər bir ölkənin yaratdığı maliyyə təşkilatı onun xarici siyasət kursuna zidd hərəkət edirsə, öz yolundan sapırsa, bununla da “supergüc”ün beynəlxalq nüfuzuna xələl gətirirsə, deməli, barəsində daha ciddi tədbirlər görülməlidir.

Fəaliyyətinin məqsədi, xarakteri və coğrafiyası bu qənaətə gəlməyimizə zəmin yaradır ki, bu agentlik milli iradə üzərində özünün hegemonluğunu qurmağa çalışıb. Elə götürək postsovet məkanını. Müstəqilliyini yeni qazanmış ölkələrin vətəndaşlarının casusluğa cəlb edilməsi, daxildə siyasi qarşıdurmaların yaradılması, ictimai rəylə manipulyasiya üsulları, “buqələmun media subyektləri”nin maliyyələşdirilməsi QHT fəaliyyətinin boyunu aşan planlardan xəbər verir. USAID-in bu tip məqsədyönlü fəaliyyəti həmin ölkələrdə gec-tez narazılıq doğurmalı idi. Rusiya öz ərazisində USAID-in fəaliyyətinə qadağa qoyub, Gürcüstan onun işlərindən narazıdır. Çünki bu ölkədəki radikal qrupları maliyyələşdirən məhz USAID olub.

USAID-in Azərbaycan sərgüzəştləri

Son 30 il ərzində USAID-in Azərbaycandakı fəaliyyəti çox qaranlıq və şübhəli olub. Bu gün onlar car çəkirlər ki, ötən dövrdə Azərbaycana 450 milyon dollar həcmində yardım edilib. Amma bu zaman həmin “inkişafa yardımların” statistikası və onların hara xərcləndiyi barədə heç nə deyilmir. İndi məlum olub ki, 450 milyonun böyük bir hissəsi ölkəmizə qarşı çeşidli təxribatların hazırlanmasına və törədilməsinə xərclənib. Bu bədnam qurum Azərbaycanda müxtəlif elektron media subyektlərinin, QHT-lərin əsas sponsoru, qrant verəni missiyasını yerinə yetirib. USAID COP29 tədbiri ərəfəsində “Azərbaycandakı erməni əsirlərin azad olunması” kampaniyasının geniş vüsət alması üçün “qrant layihələri” ayırıb. Ötən ilin oktyabrında ABŞ-da Azərbaycana qarşı növbəti çirkin ideoloji kampaniyanın aparılmasını unutmamışıq. Hətta 60 konqresmen ABŞ-ın sabiq Dövlət katibi Antoni Blinkenə müraciət edərək, ondan COP29 ərəfəsində Azərbaycana təzyiqlərin artırılmasını, beynəlxalq iqlim sammitinin baş tutmaması üçün bütün addımların atılmasını tələb etmişdilər. Həmin kampaniyanın maliyyəçisi məhz USAID idi. Bunun da olduqca sadə bir səbəbi var: bu qurumun fəaliyyətinin mahiyyəti pozuculuq və ara qarışdırmaqdan ibarət olub. Bunu amerikalı ekspertlərin özləri də etiraf ediblər. Məsələn, ABŞ-ın Tennessi Texnologiya Universitetinin siyasi elmlər üzrə professoru Maykl Gunter ötən ilin oktyabrında bildirmişdi ki, USAID rəhbərliyi Azərbaycana və Türkiyəyə qarşı qərəzli mövqedədir. O, bunu fakta və sübuta istinadla bəyan edib: USAID rəhbəri Samanta Pauerin yazdığı “A Problem from Hell” adlı kitabının birinci fəslində Osmanlı dövründə ermənilərin “soyqırımı” qurbanı olduğu iddia edilir. Amma xanım Pauer, nədənsə, erməni vandalların 1992-ci ildə Xocalıda törətdikləri soyqırımı, eləcə də digər qətlləri yazmağı “unudub”. Yəni, faktlar onu deyir ki, USAID-in Azərbaycandakı fəaliyyəti hərtərəfli araşdırılmalıdır.

Rəsmi Bakının USAID-in bölgədə, xüsusilə də Azərbaycanda həyata keçirdiyi, “beynəlxalq inkişaf”la qəti kəsişməyən fəaliyyətinə reaksiyası özünü çox gözlətmədi. “Azərbaycan Beynəlxalq İnkişaf Agentliyinin (USAID) ölkədə fəaliyyətinin dayandırılması üçün ABŞ-a bildiriş göndərib”. Bu barədə KİV-in sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib. XİN rəsmisinin açıqlamasına görə, “USAID-in ölkədə fəaliyyət göstərməsi üçün heç bir hüquqi əsasın olmadığı və fəaliyyətini dayandırması barədə bildiriş ABŞ tərəfinə rəsmən göndərilib”.

Qeyd edək ki, USAID-in rəsmi səhifəsi fəaliyyətini dayandırıb. Okeanın o tayından gələn məlumatlara görə, Ağ ev Administrasiyası agentliyin müstəqil statusunun ləğv edilməsi və onun Dövlət Departamentinin strukturuna inteqrasiyasının mümkünlüyünü nəzərdən keçirir. Əgər belə bir addım atılarsa, beynəlxalq yardımla bağlı proqramların idarə olunmasında agentliyin muxtar səlahiyyəti xeyli azaldılmış olacaq.

İlkin araşdırmalar nəticəsində üzə çıxarılıb ki, onilliklər ərzində USAID vergi ödəyiciləri qarşısında hesabat verməyib. Səbəbi odur ki, agentlik bürokratların gülünc və bir çox hallarda zərərli layihələrinə külli miqdarda pul göndərib, onlar da bunun müqabilində quruma “çətirlik” ediblər. Baş müfəttişliyin təhqiqatı USAID-in ABŞ-ın özündə qadağan edilmiş “Əl-Qaidə” terror təşkilatı ilə əlaqəli suriyalı döyüşçülər üçün yemək daxil, bir çox qanunsuz yardım aksiyalarını üzə çıxarıb.

Mövzu ilə bağlı XQ-yə danışan “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi icmalçı Elxan Şahinoğlunun sözlərinə görə, USAID-in humanitar yardım adı altında vəsaitin çox hissəsini özlərinə xərclədikləri üzə çıxdı: “Bunun da üsulları var imiş. Məsələn, hesabatlarında, guya, Ukraynaya milyardlarla dollar xərcləndiyini qeyd ediblər, amma sonra aydın olub ki, həmin vəsait USAID-in müxtəlif xarakterli tədbirlərinə, agentliyin işçilərinin şəxsi maraqlarına yönəldilib. Onların xərclədiyi istiqamətlər isə heç də, tutaq ki, əməkdaşlığın inkişafına zəmin yaratmayıb. Tamamilə əksinə olaraq, həmin ölkələrdə ciddi problemlərin yaranmasına səbəb olub. Daxili çəkişmələrə, inqilablara, çevrilişlərə gətirib çıxarıb. Yaxud da pullar adları “qara siyahılar”da olan terror təşkilatlarının hesablarına köçürülüb. Bundan isə qonşu və ya digər dövlətlərə qarşı istifadə olunub. Bir sözlə, milyonlarla vəsait faydalı işlərə sərf olunmayıb.

Əslində, USAID-in missiyası, məqsədi nə olmalı idi? ABŞ-la dünyanın müxtəlif ölkələri arasında mədəni və humanitar əlaqələrin inkişaf etdirilməsi. Dediyimiz kimi, reallıqda bunun əksi baş verdi. USAID həmin pulların vasitəsilə bir çox dövlətlərin daxili işlərinə qarışmaqla ABŞ-la həmin dövlətlər arasındakı normal münasibətləri gərginləşdirmiş oldu. Bunun əyani sübutu kimi qonşu Gürcüstanda baş verən hadisələri göstərmək olar”.

“Hraparak” həyəcan siqnalı verdi

USAID-in haylarla sərfəli əməkdaşlığına son qoyulacağı barədə xəbərlər İrəvanı təşvişə salıb. “Hraparak” qəzeti yazıb ki, bu təşkilatın maliyyələşdirilməsinin yaxın gələcəkdə bərpa olunmayacağı istisna edilmir. Belə olan halda hakimiyyət ayrı-ayrı qeyri-hökumət təşkilatlarının maliyyə problemlərinin həllini öz üzərinə götürməli olacaq. Qəzetin məlumatına görə, USAID ofislərinin bağlanması ilə bağlı qərar illərdir ABŞ proqramlarından gen-bol istifadə edən erməni fəallar arasında panikaya səbəb olub. Əslində, bu təşviş hakimiyyət dəhlizlərinə də sirayət edib. Çünki onlar yaxşı başa düşürlər ki, indi xarici dəstəkdən məhrum olanlar üçün maliyyə mənbəyi rolunu hökumət oynamalı olacaq.

Oxuculara xatırladaq ki, 2024-cü ilin sentyabrında Ermənistan hökuməti USAID xətti ilə ölkəyə ayrılan maliyyə vəsaitinin həcminin 250 milyon dollara qədər artırılmasını təsdiqləyib. Ermənistan və ABŞ arasında 2022-ci il iyunun 29-da imzalanmış qrant sazişinə əsasən, bu məbləğ 120 milyon dollar təşkil edirdi. Bu, Paşinyan iqtidarı üçün ciddi itkidir. Axı, Azərbaycandan fərqli olaraq, bir çox problemlərini xarici yardımlar hesabına həll edən Ermənistan ciddi zərbə altına düşür. Hay ekspertlərinin hesablamalarına əsasən, USAID 1992-ci ildən bu günə qədər Ermənistana təxminən 3,3 milyard dollar həcmində “sərmayə” yatırıb. Agentlik hazırda Ermənistanda 22 layihəni maliyyələşdirir. Bir sözlə, Donald Trampın məlum qərarından ən çox ziyan çəkəcək ölkələrdən birinin Ermənistan olacağı şübhə doğurmur.

Bob Menendezin yolu ilə

Yazımızı maraqlı və ibrətamiz bir müqayisə ilə tamamlamaq istədik. Bu yaxınlarda ermənipərəst senator Bob Menendez korrupsiya və dövlətə xəyanət ittihamları ilə 11 il müddətinə həbsxanaya salındı. Senatorun evinə baxış zamanı külli miqdarda nağd pul, dəbdəbəli avtomobillər və qızıl külçələr aşkar edildi. Bu adamın erməni diasporundan aldığı külli miqdarda rüşvətin müqabilində Azərbaycana qarşı kəskin və qərəzli mövqe tutduğu məlum fakt idi. USAID-in rəhbəri Samanta Pauerin əməlləri ilə Menendezin cinayətləri arasında müəyyən oxşarlıq əlamətləri görünür. ABŞ-ın dövlət maraqlarına zərbə vuran Samanta Pauerin Ruben Vardanyanla yaxın əlaqəsi ağla bu cür paralelləri gətirir. Digər mühüm məqam isə ondan ibarətdir ki, USAID korrupsiyada, yəni ehtiyacı olan ölkələrə və icmalara yardım proqramına yönəldilməli olan vəsaitlərin oğurlanmasında ittiham olunur. Bunun üzərinə terroru dəstəkləməyi də gəlsək, bu, dövlətə xəyanət ittihamı ilə eyni maddə ilə tövsif edilə bilər...

İmran BƏDİRXANLI
XQ



Siyasət