“Lavrovologiya”nın Rusiya ermənipərəstlərinə təsiri

post-img

Yaxud “Lazarevçilər”in sərsəm bəyanatına sözardı

Rusiyanın Xarici işlər naziri Sergey Lavrov ötən ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında Azərbaycanın ölkəsinə məxsus hərbi helikopteri vurmasını xatırladanda hər şey məlum idi. Məlum idi ki, rəsmi Moskva 2020-ci ilin 44 günlük müharibəsi gedişində baş vermiş olayın üzərinə siyasi sərmayə yatırmaqla, hadisəni AZAL-ın sərnişin təyyarəsinin Rusiya səmasında vurulması faktı ilə eyniləşdirmək istəyir. 
Qeyd edək ki, cənab Lavrov “müqayisəsini” Azərbaycan-Rusiya münasibətlərinin rəvanlığı və bütün məsələlərdə qarşılıqlı anlaşmanın mövcudluğu prizmasından aparmışdı. Əslində, təxminən bunu demək istəmişdi: Biz təyyarəni ­vurmuşuqsa, siz də helikopteri vurmuşdunuz. Müvafiq olaraq, biz sizə keçmişdiksə, göz yummuşduqsa, siz də bizə keçin və göz yumun. İndi isə Lavrovun düşüncəsindəkini, amma dilə gətirmədiyini deyək: Bizim üçün öz vətəndaşımızın, insanımızın canı cəhənnəmədir, siz də elə davranın! Amma söhbətimiz Lavrovun, belə demək mümkünsə, qəddar diplomatik subliminalizmi ilə bağlı deyil. Diqqət yetirəcəyimiz başlıca məsələ onun apardığı “paralelin” Rusiyanın ermənipərəst dairələri üçün mühüm anti-Azərbaycan tezisinə çevrilməsidir. 
Əlqərəz, Beynəlxalq rus-erməni “Lazarev Klubu” adlanan sərsəmlər yığınından ibarət təşkilat Azərbaycan ərazisində hərbi cinayətlər törətməkdə ittiham olunan ermənilərin Bakıda davam edən məhkəmə prosesi ilə bağlı bəyanat yayıb. Bəyanat barədə anonsu isə iki gün əvvəl Rusiyanın baş ermənipərəsti, Dövlət Dumasının MDB ölkələri və xaricdə yaşayan həmvətənlərlə iş Komitəsi sədrinin birinci müavini ­Konstantin Zatulin vermişdi. Sözügedən bəyanat da demək olar, Zatulinin səsləndirdiyi cəfəngiyyatın təkrarıdır. Amma bir qədər fərqli formada. 
Beləliklə, Bakıda keçirilən məhkəmə prosesi ilə bağlı etirazını bildirən “Lazarev klubu” iddia edib ki, proses, guya insan hüquqlarının və beynəlxalq hüquq normalarının pozulmasıdır. Rusiyanın başıpozuq erməni və ya ermənipərəst ­mövcudiyyətinin irəli sürdüyü şablon sabun köpüyünün heç bir əhəmiyyəti olmasa da, başlıca məqam ölkədə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini şübhələndirmək yolu tutan qruplaşmanın olmasıdır. Çünki klub məhkəməsi keçirilən ermənilərin Azərbaycan hakimiyyətinin 2023-cü ildə “Qarabağa təcavüzü” nəticəsində əsir götürüldüklərini iddia edib. Görəsən, bəyanatı hazırlayanlar bilmirlərmi ki, Rusiya Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tanıyıb? Əlbəttə ki, bilirlər, özü də çox yaxşı. 
Amma “Lazarev klubu”nun “cəsarəti”, necə deyərlər, göydəndüşmə deyil. Təşkilatdakılar rəsmi Moskvanın Ermənistan – Azərbaycan münaqişəsi ilə bağlı oynadığı ikili rolun mahiyyətinə gözəl bələddirlər. Onlar hazırda məlum təyyarə olayı ətrafında Bakı-Moskva münasibətlərində soyuqluğun yarandığının da fərqindədirlər. Yəni, Lavrovun haqqında söz açdığımız diplomatik subliminalizminə siyasi sərmayənin yatırılması buna görədir. Məhz bu səbəbdəndir ki, “Lazarevçilər” məhkəməsi davam edən ermənilərin Azərbaycanda, guya mühakimə olunmadan cinayətkar sayılmalarını qabartmaqla yanaşı, 2020-ci ildə ölkəmizin hərbçiləri tərəfindən Rusiya helikopterinin vurulmasını da yada salırlar. 
“Lazarev klubu” Lavrovun informasiya kirliliyi yaratmaq naminə ortaya atdığı tezisi daha azğın formada “genişləndirməyi” yaddan çıxarmayıb. Klub davam edən məhkəmə prosesini siyasi əhəmiyyət daşıyan aksiya, Azərbaycan rəhbərliyinin və azərbaycanlıların ermənilərə qarşı nifrətinin göstəricisi olaraq qələmə verməklə, təyyarənin vurulması ilə helikopterin vurulmasını ­eyniləşdirməklə kifayətlənməyib, həmçinin, ortaya son dərəcə anarxist yanaşma qoyub. Həmin yanaşmanın nədən ibarət olduğundan söz açacağıq.
Ancaq əvvəlcə xatırlayaq ki, Azərbaycan tərəfindən Rusiya helikopteri Naxçıvan istiqamətində Ermənistan–Azərbaycan sərhədinin Ermənistan tərəfində vurulmuşdu. Yuxarıda da bildirdik ki, hadisə baş verəndə ölkəmiz Ermənistanla müharibə aparırdı və müharibənin Naxçıvan cəbhəsində olacağına dair proqnozlar var idi. O zaman sual yaranır: Belə bir həssas durumda Rusiya helikopterinin sərhədə yaxın hissədə nə işi var idi? Bəlkə, bu, Rusiyanın Ermənistana müttəfiqlik münasibətlərindən qaynaqlanırdı? Ola bilərmi ki, Ermənistan ərazisindən qalxan hərbi helikopter ordumuzun Naxçıvan istiqamətindəki mövqelərini atəşə tutmaq istəyirdi?
Əlbəttə, biz bu yazıda təfərrüatları açıqlamaq, nələrisə şübhələndirmək niyyətində deyilik. Rəsmi versiya budur ki, Azərbaycan Rusiyaya məxsus hərbi helikopteri səhvən vurub və buna görə lazımi addımları atıb. İndi  “Lazarev klubu” bəyan edir ki, həmin addımlar az imiş. Guya rəsmi Bakı yalnız üzr istəməklə kifayətlənib, təzminat ödəməyib. Hesab edirik ki, bu məqamı “yenilik” saymaq olar. Azərbaycan təzminat ödəməyib və Rusiya da illərdir buna susub? Kiməsə inandırıcı gəldimi? Təbii ki, yox. Digər tərəfdən, tutalım, belə bir hal olub. O zaman ermənipərəstlərəmi qalıb bu barədə söz açmaq, detallara varmaq? 
Amma Rusiyanın Xarici işlər naziri təyyarə olayı ilə helikopter olayı arasında “paralellər” apara bilirsə, ermənipərəst klubun başıpozuqlarına nə deyəsən? Nəzərə alaq ki, bu şovinist-revanşist yığımı üçün müharibə bitməyib. Bitməyib ki, onlar 2023-cü ilin sentyabrında keçirilmiş lokal xarakterli antiterror tədbirləri əsnasında Qarabağda rus sülhməramlılarının həlak olmaları faktını da xatırladırlar. Yeri gəlmişkən, 44 günlük müharibənin son günündə Rusiyaya məxsus helikopter vurulur, antiterror tədbirləri başa çatar-çatmaz sülhməramlılar Azərbaycan əsgərinin gülləsinə tuş gəlirlər. Qəribə deyilmi?
Nə isə “Lazarevçilər” o qədər azğınlaşıblar ki, indi də müharibənin bitmədiyini bildirirlər. Yəni Lavrovun subliminal paralellərini təkrarlayan klub üzvləri bəyanatlarına belə bir fikri daxil ediblər: Müharibə müharibədir! Başqa sözlə desək, savaşda hər yol məqbuldur. Deməli, Azərbaycan Rusiyanın hərbi helikopterini vurubsa, Rusiyanın da Azərbaycanın sərnişin təyyarəsini vurması mümkündür. Və deməli, Kremlin baş diplomatı yaratdığı informasiya kirliliyinin nəticəsi ilə “öyünə” bilər. Belə davam etsə, Rusiya ermənipərəstləri Lavrovun sözündən tutub Azərbaycana müharibə də elan edəcəklər. Nə desən olar!
“Lazarev klubu”nun anti-Azərbaycan mahiyyətli bəyanatındakı digər məsələlərin üzərində dayanmağa lüzum görmürük. Sonda bir məqamı vurğulayaq ki, məlum təyyarə olayı ilə bağlı Azərbaycan-Rusiya münasibətlərində yaranmış gərginlikdən ikincinin ermənipərəst dairələri istifadə edirlər. “Şimal”ın erməni sevdalılarının hərəkətə gəlmələri bundan qaynaqlanır. Yaxşı olar ki, mövcud məqam rəsmi Moskvanı düşündürsün. Düşündürsün və Rusiyanın bəzi dairələrinin erməni amili üzərindən Azərbaycana yönəlik hərəkətlərinə dair müvafiq tədbir görsün. Əlbəttə, Kreml dünyanın Rusiyadan üz döndərdiyi bir vaxtda Ermənistanı yenidən öz orbitinə qaytarıb ondan dost düzəltmək istəyirsə, rəsmi İrəvanın ötən 5 ildən artıq zaman kəsiyində davam etməkdə olan anti-Rusiya hoqqabazlığını dayandıracağına ümid bəsləyəcək qədər sadəlövh durumdadırsa, heç bir tədbir görməyə, Lavrov isə “Lazarevçilər” üçün qatı açılmamış “­diplomatik tezislər” uydura bilər. 

Ə.CAHANGİROĞLU 
XQ

Siyasət