Yeni geosiyasi trendlər:  Cənubi Qafqaz konteksti

post-img

I məqalə

“Yeni Böyük Oyun”: dəyişmə dinamikası

Bu məqalədə hazırda müşahidə olunan geosiyasi proseslər realpolitika kontekstində təhlil edilir. Öncə, məqalədə istifadə etdiyimiz bir sıra anlayışların izahını verək. 

“Yeni Böyük Oyun” termininin əsasında XIX əsr boyu Böyük Britaniya ilə Rusiya arasında Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiyanın mühüm strateji məkanına nəzarət uğrunda aparılan mübarizəni əks etdirən “Böyük Oyun” (Great Game) anlayışı dayanır (Artur Konollinin məktubları və Redyard Kiplinqin kitabları əsasında). “Yeni Böyük Oyun” isə indiki mərhələdə ABŞ, Rusiya, Çin və bir sıra regional güclərin bütövlükdə Avrasiyaya, o cümlədən Cənubi Qafqaz və Mərkəzi Asiyaya nəzarət uğrunda apardıqları mübarizəni (rəqabəti) ifadə edir. 

Burada Avrasiya kontekstinə X.Makinder, Z.Bzejinski, H.Kissincer və başqalarının fikirləri kontekstində baxmırıq. Lakin bizim üçün Z.Bzejinskinin “Azərbaycan Avropa ilə Asiya arasında açar geosiyasi körpüdür” tezisini aksiom kimi qəbul edirik. Yəni bu fikir təkzibi olmayan, coğrafi və geosiyasi baxımdan avtomatik qəbul edilməli yanaşmanı ifadə edir.  

Ümumi səviyyədə  “Yeni Böyük Oyun” Avrasiyada geosiyasi durumun dinamikasının dəyişməsinə hədəflənmiş bir neçə gücün fəaliyyətlərinin yekun geopolitik effektidir. Yekun mənzərəni siyasi-nəzəri ifadə etmək üçün isə “geosiyasi proses”, “dünya siyasi düzəninin transformasiyası”, “dünyanın yenidən bölüşdürülməsi”, “nüfuz uğrunda fövqəldövlətlərin rəqabəti”, “məkan genişlənməsi və sıxılması”, “yüksələn nüfuz mərkəzləri” və s. kimi anlayışlardan istifadə olunur. Vurğulanan anlayışların geosiyasi təlimlərdə və politologiyada müəyyən olunmuş məzmunlarından kənara çıxmalar məqalədə yer almamışdır. Eyni zamanda, hazırkı mərhələnin bir sıra xüsusiyyətləri əsasında onlara yeni məzmun çalarları verilə bilər. Bununla nəzəri izahı sonlandırırıq. 

Praktiki aspektdə “Yeni Böyük Oyun”un dəyişmə dinamikası dedikdə hazırda müşahidə edilən geosiyasi trendlərin qarşılıqlı münasibətləri fonunda Yaxın Şərq-Qafqaz-Mərkəzi Asiya geosiyasi “zəncirində” özünü göstərən proseslərin qarşılıqlı təsirlərinin yekun mənzərəsi nəzərdə tutulur. Bu məqam Azərbaycan Respublikasının müstəqil dövlət kimi artıq hətta “Yeni Böyük Oyun” səviyyəsində təsiri olan geosiyasi aktor statusunda olduğu tezisimizə əsaslanır.    

Qlobal trendlər: Azərbaycanın geosiyasi statusu

Bu tezis müasir mərhələdə Böyük Oyunda təbii və insan resursları uğrunda mübarizənin daha da aktuallaşmasına əsaslanır. Azərbaycan həm təbii resurslar, həm də insan kapitalı uğrunda aparılan mübarizədə təsirli mövqeyə malikdir. Praktika göstərir ki, rəsmi Bakı Avropadan tutmuş Uzaq Şərqə qədər geniş bir məkanda təbii resurslardan istifadə, onların nəqli, logistikası və başqa aspektlərdə kifayət qədər fəal mövqe tutmaqdadır. Bakının təsiri davamlı olaraq bu istiqamətlərdə artır. 

Paralel olaraq, Azərbaycan insan kapitalı sferasında yeni səviyyədə regionlararası miqyasda təsirə malikdir. Həmin kontekstdə Azərbaycanın BMT, Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı, COP platforması kimi mühüm istiqamətlərdə humanitar xarakterli ədaləti təmin etmək, dövlətlərin hüquqlarının qorunması (məsələn, müstəmləkəçiliyə qarşı mübarizə) istiqamətində apardığı mübarizə xüsusi önəm kəsb etməkdədir. 

Bunun fonunda bütövlükdə Avropa-Yaxın Şərq-Cənubi Qafqaz-Mərkəzi Asiya geosiyasi məkanında Bakının həyata keçirdiyi qarşılıqlı paylaşma, yardımlaşma və bərpa işlərində fəal iştirak xətti əhəmiyyətlidir. Türkiyədə zəlzələdən zərər çəkənlərə yardımlar, onlar üçün binaların tikilməsi, Gürcüstana hərtərəfli dəstəyin verilməsi, Ukraynaya humanitar yardımların davamlı olaraq göstərilməsi, Suriyaya humanitar yardım karvanının göndərilməsi və həmin ölkədə də bərpa-quruculuq prosesində iştirak əzmkarlığı və s. kimi faktlar inkaredilməzdir. 

Azərbaycan praktiki olaraq Mərkəzi Asiya və Avropa istiqamətində geosiyasi çəkisi yüksək olan addımları ardıcıl olaraq atır. Son olaraq Serbiyanın Azərbaycan qazına olan ehtiyacının çətinliklərə və maneələrə baxmayaraq, rəsmi Bakı tərəfindən məsuliyyətlə diqqətə alınması nümunəvi geosiyasi addım kimi qəbul edilməlidir. 

Gürcüstan rəhbərliyi seçkidən sonra ilk olaraq Azərbaycanla geniş tərkibli əməkdaşlıq müqavilələri imzalamışdır. Onların məzmununda humanitarlıq, qarşılıqlı faydalı əməkdaşlıq, sabitliyin təmini, nəqliyyat-kommunikasiya infrastrukturunun yeni səviyyəyə yüksəldilməsi, təhlükəsizlikdə əməkdaşlıq əsas yer tutur. 

Bunların fonunda Azərbaycan Respublikasının türk dövlətləri təşkilatı çərçivəsində fəaliyyətinin humanitar, əməkdaşlıq istiqamətlərinin əhəmiyyəti ayrıca görünür. Bakı faktiki olaraq Türk Dünyasının aparıcı dövləti kimi geosiyasi kontekstdə xalqların əməkdaşlığı, rifahı, insan faktorunun ön plana çıxarılması və qarşılıqlı yardımlaşma prosesini motivə edərək onların geosiyasi sabitlik və təhlükəsizlik sferaları ilə vəhdətinə nail olmuşdur!  

Müstəqil dövlət üçün kifayət qədər ciddi nailiyyətdir. Onun politoloji təhlili vacibdir. Bu bağlılıqda indi müşahidə edilən qlobal trendlərin ümumi siyasi, geosiyasi və praktiki xüsusiyyətləri üzərində dayanaq.

Amerika: “məqsədli destruktivlik”?

Belə bir fikir vardır ki, Vaşinqton müəyyən regionlarda gərginliyin artırılmasına, böhranların artmasına, hərbi toqquşmaların davam etməsinə təkan verən addımlar atır. Bu, bir tərəfdən, konkret regionlarda (o cümlədən Cənubi Qafqazda) qeyri-müəyyənliyi və həyəcanı artırır, digər tərəfdən isə başqa regionlarda sabitliyin pozulmasına təsir edə bilir.   

Nümunə kimi, ABŞ-ın hələ də Suriyada müəyyən terror qruplarına dəstəyi davam etdirməsini və Cənubi Qafqazda hərbi kontingent yerləşdirmək haqqında informasiyalar yayılmasını göstərmək olar. Ayrıca, Uzaq Şərq istiqamətində ABŞ–Çin qarşıdurması yeni intensivlik alır. Ukrayna-Rusiya hərbi toqquşmasında proseslərin dinamikası aydın deyildir. 

Bunlar dünyanın ən güclü dövlətinin qlobal miqyasda “məqsədli destruktivlik” xəttini seçdiyinimi təsdiq edir? Eyni zamanda, bu, tendensiyadır, yaxud artıq trenddir? Məsələnin bu tərəfi bizi xüsusilə Cənubi Qafqaz kontekstində çox maraqlandırır. Əgər Amerika vurğulanan anlamda geosiyasi xəttini bizim regionda hərbi kontingenti yerləşdirməyi birbaşa Ermənistanla strateji tərəfdaşlıq xartiyası bağlılığında davam etdirməkdə israrlı olsa, yuxarıda işarə etdiyimiz anlamda trenddən danışa bilərik. 

Təəssüf ki, bunun belə olmayacağına təminat verə biləcək əlaməti hələlik görə bilmirik. Vaşinqton və İrəvan amerikan hərbi kontingentinin adını “gömrük və sərhəd mühafizəsi komandası” qoyması prosesin mahiyyətini dəyişmir. Çünki öncədən bu ifadənin məzmununa regionda ayırıcılıq ruhu qoyulmuşdur. Amerika Ermənistan gömrük və sərhədini kimlərdən qorumaq arzusundadır? Burada öncədən məqsədli destruktivlik olmasa, əsas olaraq birləşdiricilikdən, sabitlikdən, əməkdaşlıqdan bəhs edilərdi. 

O cümlədən, real olaraq məqsəd regionun bütövlükdə sabitliyi, təhlükəsizliyi və inkişafına nail olmaqdırsa, onda bölgənin hər bir dövlətinin maraqları nəzərə alınmalı idi. ABŞ bir tərəfdən Gürcüstanı hədələyir, digər tərəfdən, Azərbaycana qarşı Ermənistanı dəstəkləyir və həm də İrəvanda aqressiv əhval-ruhiyyəni artıran addımlar atır. Vaşinqtonun regionda məhz Ermənistanı strateji tərəfdaş seçməsi bunun əlamətidir. 

Avropa İttifaqı: genişlənmə siyasəti trend kimi 

Hiss olunur ki, rəsmi Brüssel özünün genişlənmə siyasətinə yeni nəfəs verməyə çalışır. Bunun fonunda Ermənistan parlamentinin Aİ-yə üzv olma iddiası diqqət çəkir. Baş nazir N.Paşinyan da rəsmi olaraq buna dəstək verir. Deməli, Aİ Cənubi Qafqazın bir ölkəsini heç bir real əsas olmadan öz himayəsinə götürmək iddiasını açıqlamışdır. Bir qədər öncə bu keyfiyyətdə Gürcüstanı görürdülər, hətta Tbilisi ilə dnaışıqların aparılmasından dəm vururdular. Gürcüstanda seçkiöncəsi vəziyyət və onun nəticələri fonunda isə Brüsselin mövqeyi tam dəyişdi – indi Gürcüstan “demokratik deyildir”, “avtoritar rejimlərin yanındadır” və buna görə də arzuolunan deyil. Buna paralel olaraq sosial, iqtisadi, siyasi, idarəetmə və digər aspektlərdə uğurlu olmayan, yeni heç bir dəyəri ortaya qoya bilməyən Ermənistan Aİ-yə “layiq” olmuşdur!

Cənubi Qafqaz kontekstində bu gedişat Avropa İttifaqının genişlənmə siyasətini daha böyük miqyasda özünün strateji geosiyasi məqsədlərinə sırf eqoistik dövlət identikliyi kontekstində həyata keçirməyə qərar verdiyini göstərir. Eqoistik dövlət identikliyi (A.Vendt) dövlətin beynəlxalq münasibətlərdə əməkdaşlıq, sabitlik və kollektiv təhlükəsizliyə deyil, sırf eqostik maraqlarının təmininə istiqamətləndirdiyini ifadə edir. 

Belə çıxır ki, Avropa İttifaqı qlobal miqyasda özünün geosiyasi statusunu yüksəltmək naminə Cənubi Qafqazda eqoistik mövqe tutmağa üstünlük verməkdədir. Bu mövqeyin də keçici olduğuna dəlalət edən fakta rast gəlmirik. 

Rusiya və İran: geosiyasətin “nostalji trendi”

Söz yox ki, Rusiya və İran kollektiv Qərb və İsrail tərəfindən küncə sıxışdırılmışlar. Moskva və Tehran bu vəziyyətdən çıxmaq üçün ölüm-qalım savaşı verirlər. Onun təzahürlərindən biri Rusiyada strateji tərəfdaşlıqla bağlı sənədin imzalanmasını göstərmək olar. Bu sənədin müəmmalı cəhətlərindən danışılır. Orada tərəflərin həqiqi mənada strateji tərəfdaş olmalarından çox, birinə təcavüz olarsa, digərinin təcavüzkara dəstək verməməsi öhdəliyi vardır. Bundan başqa, hərbi sahədə əməkdaşlıq məqamı mövcuddur.     

Belə alınır ki, son bir neçə əsrdə Cənubi Qafqaza təsirləri böyük olan bu iki güc keçmiş vaxtların nostaljisi xəyalı ilə sənəd imzalamışlar – nə risk edib Qərbin qarşısına çıxa bilirlər, nə də ötmüş nüfuzdan imtina etmək niyyətində deyillər. Bu da iki dövlətin geosiyasi kontekstdə tərəddüdlü mövqe tutmasından xəbər verir. Bu isə Böyük Oyunda qeyri-müəyyən mövqedə olmaq anlamına gəlir. Həm də Cənubi Qafqaz dövlətlərinə münasibətdə Rusiya ilə İranın yanaşmasında ciddi fərqlər mövcuddur. Deməli, həmin dövlətlərin Cənubi Qafqaz üçün faydalı əməkdaşlıq edə bilməsi ehtimalı yüksək deyildir. Bu, daha çox qısa müddətli geosiyasi dividentlərə hesablanmış mövqedir. Əlbəttə, Böyük Oyunda belə bir mövqeni konstruktiv adlandırmaq çox çətindir.  

3 trendin “geosiyasi kəsişmə sahəsi”

Cənubi Qafqazda vurğulanan trendləri hazırda birləşdirən ortaq ­geosiyasi faktor mövcuddurmu? Bizcə, mövcuddur və təəssüf ki, geosiyasi aspektdə müsbət qiymətləndirilə bilən amil deyildir. Diqqət etsək, görərik ki, ABŞ, Aİ, Rusiya və İranın yaratdıqları geosiyasi trendlərdə Cənubi Qafqazın maraqları ikinci plana atılır. Onlar üçün başlanğıc regionda özlərinin maraqlarının təmini ilə bağlıdır. Bu təminatın fonunda regional maraqları qiymətləndirməyə çalışırlar. Belə yanaşmada regional faktorlar kənar geosiyasi aktorların istəklərindən asılı olur – onlara sərf edənə müsbət, sərf etməyənə mənfi qiymət verirlər. 

Geosiyasətdə bu yanaşma mütləq surətdə risklərə, qeyri-müəyyənliyə və parçalanmağa aparıb çıxarır. 

Vurğulanan trendlər üçün başqa ortaq xüsusiyyət sabit və qalıcı təhlükəsizlik modelinin yoxluğu ilə bağlıdır. Əgər geosiyasi aktorların ortaq təhlükəsizlik anlamı yoxdursa, onların regionda mübarizəsi əsas olaraq qarşıdurmaya, konfrontasiyaya və toqquşmalara istiqamətlənəcək. Bu mənada yuxarıda vurğuladığımız 3 trendi riskli adlandırmaq olar.

Ancaq geosiyasi aspektdə xoşbəxtlikdən regionun ümumi geosiyasi mənzərəsi bununla məhdudlaşmır.  

Füzuli Qurbanov, 
XQ-nin analitiki,
 fəlsəfə elmləri doktoru

 

Siyasət