Ukrayna mətbuatı Azərbaycan Prezidentinin təyyarə qəzası ilə bağlı söylədiyi fikirlərə geniş yer ayırıb

post-img

Ukraynanın nüfuzlu media orqanları Azərbaycan Prezidenti İlham Əliyevin təyyarə qəzasında həlak olan ekipaj heyətinin ailə üzvləri və sağ qalan təyyarə bələdçiləri ilə görüşündə söylədiyi fikirlərə geniş yer ayırıb.

AZƏRTAC xəbər verir ki, “Ukrinform”, “RBK-Ukrayna”, “UNİAN”, “İnterfaks-Ukrayna”, “Korrespondent”, “Yevropeyskaya Pravda” və digər onlarla informasiya agentliyi, xəbər portallarında dərc olunan məqalələrdə Prezident İlham Əliyevin Aktau şəhəri yaxınlığında “Azərbaycan Hava Yollarına” (AZAL) məxsus təyyarənin qəzaya uğraması ilə bağlı rəsmi Bakının mövqeyinə dair fikirləri işıqlandırılıb.

Xəbərlərdə dövlətimizin başçısına istinadən qeyd olunur ki, Azərbaycan vətəndaşlarının bu qəzada həlak olmasının günahı Rusiya tərəfinin üzərindədir. Azərbaycan ədalət tələb edir, günahkarların cəzalandırılmasını tələb edir, tam şəffaflıq və insani davranış tələb edir.

Məqalələrdə Prezident İlham Əliyevin hazırda “qara qutu”ların şifrəsinin açılması prosesinin getdiyini söylədiyi vurğulanıb. Yaxın vaxtlarda ilkin nəticələrin aydın olacağı və hər şey öz yerini tutacağı qeyd edilib.

Yazılarda dövlət başçımızın fikirlərinə istinadla daha sonra bildirilir: “Rusiyanın dövlət qurumları tərəfindən bu hadisəni ört-basdır etmək və cəfəng versiyalar üzərində dayanmaq bizdə həm təəccüb, həm təəssüf, həm də haqlı olaraq hiddət hissi doğurur. Günahsız insanlar həlak olublar”.

Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev











Siyasət