Yeni il ərəfəsində müşahidə edilən bayram ab-havası, təəssüf ki, faciəli hadisənin kölgəsində qaldı - AZAL Hava Yollarına məxsus Embraer 190 təyyarəsi Bakı-Qroznı marşrutu ilə uçarkən qəzaya uğradı. Qəzanın ilkin səbəbləri məlumdur - təyyarə Rusiya hava məkanında olan zaman kənar müdaxiləyə məruz qaldı, digər hava limanlarına eniş etməsinə imkan verilmədi və naviqasiya xidmətlərindən məhrum edilən hava gəmisi Xəzər dənizi üzərindən uçaraq Aktau yaxınlığında qəza enişi etməyə məcbur qaldı. Bu faciə hər birimizi sarsıtdı, çünki qəzada insanlar həyatlarını itirmişdilər. Amma hamını daha çox sarsıdan və hətta qəzəbləndirən məqam bu oldu ku, ciddi zərər alan təyyarənin digər hava limanlarına enişinə icazə verilmədi. Halbuki həmin ərazidə yetərli sayda eniş zolaqları vardı.
Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov söyləyib.
O qeyd edib ki, təyyarə qəzası xəbərini Prezident İlham Əliyevi MDB-nin ənənəvi olaraq hər ilin sonunda keçirilən qeyri-rəsmi sammitində iştirak etmək üçün Sankt-Peterburqa gedərkən alıb və dərhal vətənə qayıdıb. Hələ havada ikən müvafiq tapşırıqlar verən ölkəmizin başçısı qəzanın səbəblərini araşdırmaq üçün Baş nazirin rəhbərliyi ilə komissiya yaradılması, Azərbaycan nümayəndələrindən ibarət nümayəndə heyətinin Aktauya ezamı, ora azərbaycanlı həkimlərdən ibarət briqadaların göndərilməsi barədə göstəriş verdi. Bundan sonra Bakı hava limanında Prezident İlham Əliyev hadisə ilə bağlı dərhal müşavirə keçirdi.
Heç kimə sirr deyil ki, yerli aviaşirkətimizin pilotları təkcə postsovet məkanında deyil, bütün dünyada ən peşəkarlardan sayılırlar. Azərbaycanın mülki aviasiya donanması isə müasir və tam texniki xidmətə yararlı təyyarələrlə təmsil olunur. Qəzaya uğrayan təyyarədən hamımızın ruhumuzda ağrı, bədənimizdə inanılmaz titrəyişlərlə izlədiyimiz ayrı video kadrları təyyarənin bütün heyətinin nə qədər insanlıq, peşəkarlıq nümayiş etdirdiyini göstərdi!
Dövlət televiziyasına müsahibəsində Prezident İlham Əliyev pilotların və bütün ekipajın böyük qəhrəmanlıq göstərdiyini vurğuladı. İdarəedilməz vəziyyətdə olan təyyarəni müxtəlif üsullarla idarə etdiklərini xüsusilə vurğulayan dövlət başçısı əlavə etdi ki, qəza enişindən sağ çıxa bilməyəcəklərini gözəl anlayan pilotlar sərnişinləri xilas etmək üçün maksimum böyük qəhrəmanlıq göstərdilər və məhz bunun nəticəsində təyyarə qəzasında sağ qalanlar oldu. Prezident İlham Əliyev müsahibəsində pilotların və ekipaj üzvlərinin xidmətləri dövlət tərəfindən layiqincə qiymətləndiriləcəyini vurğuladı və çox qısa müddətdən sonra həlak olmuş iki pilot və bələdçi Milli Qəhrəman adına, qəzada sağ qalmış iki bələdçi isə “Rəşadət” ordeninə layiq görüldülər.
İstintaqın nəticələri hələlik açıqlanmasa da, şahidlərin ifadələri, təyyarənin gövdəsinin qalıqları üzərindəki izlər, qəza zamanı onun salonunda olan bəzi sərnişinlərin çəkdiyi videolar, eləcə də araşdırmanın ilkin nəticələri təyyarənin qəzaya uğradığını təsdiqləyir. Təyyarəmiz Qroznı üzərində Rusiya hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulmuşdu və sistem təyyarənin rabitə elektron mübarizə (REM) tərəfindən tamamilə iflic olunmuşdu. Bunlar artıq danılmaz faktlardır. İndi Azərbaycan ədalətli qərar gözləyir.
Prezident İlham Əliyev dövlət televiziyasına müsahibəsində birmənalı şəkildə diqqətə çatdırdı ki, Rusiya tərəfi Azərbaycandan üzr istəməli və öz günahını etiraf etməlidir. Bundan başqa, Azərbaycan günahkarların cəzalandırmasını gözləyir, eyni zamanda, Azərbaycan dövlətinə, zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödəməlidir. Dövlət başçısı Azərbaycanın tələblərinin fövqəladə olmadığını, onların beynəlxalq təcrübəyə və normal insani davranışa əsaslandığını diqqətə çatdırdı.
Deputat sonda qeyd edib ki, Prezident İlham Əliyev dövlət televiziyasına verdiyi müsahibəsində ölkəmizin mövqeyini aydın şəkildə qeyd etməklə prinsipiallığını, qətiyyətini bir daha nümayiş etdirdi. Azərbaycan lideri sübut etdi ki, milli maraqlar, vətəndaş sevgisi onun yürütdüyü siyasətin əsas prinsipidir. Məhz bu baxımdan hər zaman vətəndaşın yanında dayanan, vətəndaşı düşünən Prezident İlham Əliyevə milyonların sevgisi təsadüfi deyil.