2024-cü il 5-6 dekabr tarixlərində ölkəmizin paytaxtında “Qayıdış hüququ, Ermənistandan zorla çıxarılan azərbaycanlılar üçün ədalətin təşviqi” mövzusunda ikinci beynəlxalq konfrans artıq tarixdir.
Xatırlatma üçün qeyd edək ki, analoji konfrans 2023-cü il dekabr ayının 5-də Bakı şəhərində keçirilən “Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz şəkildə ləyaqətlə geri qayıdışını təmin etmək: qlobal kontekst və ədalətli həll” mövzusunda tədbirin davamı idi. Onu isə hökmən vurğulamaq lazımdır ki, Qərbi Azərbaycan İcmasının (QAİ) təşkilatçılığı ilə baş tutan, artıq ənənəyə çevrilən hər iki tədbir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ümumazərbaycançılıq konsepsiyasının tərkib hissəsindən qidalanıb. Həmin konsepsiya Prezidentin 2022-ci il dekabr ayının 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olarkən bir qrup icma üzvü önündəki çıxışında yer tapan tezislərdə qarşıya qoyulan hədəflərə beynəlxalq hüquq çərçivəsində çatmağın yollarını göstərirdi. Dövlətimizin başçısı Qərbi Azərbaycan İcmasının inzibati binasını nəzərdə tutaraq deyirdi: “Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin. Artıq bu istiqamətdə işlər başlamışdır. Ancaq, əminəm ki, icma bu işləri daha məqsədyönlü şəkildə və nəticəyə hesablanmış tərzdə aparacaqdır”.
Bu, konsepsiyada soydaşlarımızın ölüm qorxusu altında, ağlagəlməz soyuqqanlılıqla törədilən vəşhşiliklər fonunda çıxarıldıqları doğma torpaqlarına ləyaqətli şəkildə qayıtmaq imkanlarının mövcudluğunu xatırladan məqamlardır. O konsepsiyanın qidalandığı hüquqi və mənəvi köklərin yaranışı isə müasir Azərbaycan dövlətinin qurulduğu məqamlarda, ötən əsrin 90-cı illərində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin imzaladığı dövlət sənədlərində açıq-aşkar görünür. Belə sənədlərin birində, 18 dekabr 1997-ci ildə imzalanan “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” Fərmanın preambulasında xalqımızın yaşadığı ağrılar bu cür ümumiləşdirilirdi: “Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gerçəkləşdirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən - min illər boyu yaşadıqları öz doğma tarixi-etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir”.
Daha sonra SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli 4083 nömrəli və 1948-ci il 10 mart tarixli 754 nömrəli qərarları Azərbaycan xalqına qarşı növbəti tarixi cinayət aktının törədildiyi qeyd olunur və ümumən insanlığa qarşı törədilən cinayətlər siyahısında yer alan bu əməldən xalqımızın bir hissəsinə vurulan zərbələr qeyd olunur: “Bu qərarlar əsasında 1948 - 1953-cü illərdə yüz əlli mindən çox azərbaycanlı Ermənistan SSR ərazisindəki dədə-baba yurdlarından kütləvi surətdə və zorakılıqla sürgün olunmuşdur. Adi hüquq normalarına zidd olan bu qərarların icrası zamanı avtoritar-totalitar rejimin mövcud repressiya qaydaları geniş tətbiq edilmiş, minlərlə insan, o cümlədən qocalar və körpələr ağır köçürülmə şəraitinə, kəskin iqlim dəyişikliyinə, fiziki sarsıntılara və mənəvi genosidə dözməyərək həlak olmuşlar. Bu işdə erməni şovinist dairələrinin və SSRİ rəhbərliyinin cinayətkar siyasəti ilə yanaşı, o dövrki Azərbaycan rəhbərliyinin öz xalqının taleyinə zidd mövqeyi, soydaşlarımıza qarşı törədilən cinayətlərin təşkilində və həyata keçirilməsində iştirakı da az rol oynamamışdır”.
Bütün bunlardan sonra 1948 - 1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindən deportasiya olunması faktının ötən 50 il ərzində lazımınca araşdırılmaması, hadisələrə hüquqi-siyasi qiymət verilməməsi qeyd olunaraq xalqımıza qarşı törədilən cinayət iştirakçıları ilə bərabər, o cinayət əməlinin hərəkətsizlikləri ilə bağlı qalmasında iştirak edənlərin mənəvi məsuliyyəti vurğulanır. Bunlardan sonra keçmiş Ermənistan SSR-nin ərazisində tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyasının hərtərəfli tədqiq edilməsi, Azərbaycan xalqına qarşı dövlət səviyyəsində həyata keçirilmiş bu tarixi cinayətə hüquqi-siyasi qiymət verilməsi və onun beynəlxalq ictimaiyyətə çatdırılması məqsədi ilə Prezident Heydər Əliyevin sədr olduğu Dövlət Komissiyası yaradıldı. Qeyd etməyi zəruri sayırıq ki, Qərbi Azərbaycan barədə akademik informasiya bazasının yaradılması, həmin ərazilərin kulturoloji qatlarının elmi tədqiqata cəlb edilməsi, mövzu aktuallığının kütləvi informasiya vasitələrinin diqqətində saxlanılması məhz o zamanlardan sistemli şəkil almağa başladı. O istiqamətdə fəaliyyətin nümunəsi kimi “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də qaldırılan məsələyə elmi yanaşmaları ilə seçilən populyar “Fakt” verilişinin ölkəmizdə və onun sərhədlərindən kənarda necə səbirsizliklə gözlənildiyi indi də çoxlarının xatirəsindədir. Azərbaycan və Türkiyə elmi ictimaiyyətinin qiymətli nümayəndələri akademik Budaq Budaqov, Türkiyə Dil və Tarix Qurumunun sədri, professor Rəşad Gənc, görkəmli dilçi-alim, Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi, professor Həsən Mirzəyev, tarix elmləri doktoru, professor Rəhim Əliyev, Qərbi Azərbaycanda nəşr edilən “Sovet Ermənistanı” qəzetinin sonuncu Baş redaktoru, tarix elmləri namizədi İsrafil Məmmədov və onlarla cəfakeş araşdırmaçının təqdimatında Ermənistan SSR-də dövlət siyasətinə çevrilən erməni millətçiliyinin başlıca hədəfi- “Azərbaycanlılarsız Ermənistan” ideologiyasının əsl mahiyyəti, o ideologiyanın qurbanına çevrilən yüzminlərlə soydaşımızın yaşadıqları acı reallıqlar çatdırılırdı. Prezident İlham Əliyevin Azərbaycanda siyasi hakimiyyətin sükanı arxasına keçməsindən sonra həyatımızın müxtəlif sosial sahələrində olduğu kimi, Qərbi Azərbaycandan silah gücünə çıxarılan soydaşlarımızın gələcək taleyi ilə bağlı məsələ ölkəmizin 20 faizindən çoxunun Ermənistan silahlı qüvvələrinin işğalında olduğu, ölkə vətəndaşlarının 1 milyona yaxın əhalisi məcburi köçkün həyatı yaşadığı vaxtlarda da ikinci dərəcəli məsələyə çevrilmədi. Əlbəttə, bu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət siyasətinə çevrilən iradəsi idi. Məhz həmin iradənin nəticəsi idi ki, Ali Baş Komandanın qətiyyəti və Dəmir yumruğu, Azərbaycan Silahlı Qüvvələrinin Vətən sevgisi ilə çuğlaşan peşəkarlığı və rəşadəti sayəsində 44 günlük Vətən müharibəsindən qazanılan Zəfərdən 2 il sonra, dekabr ayının 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olarkən bir qrup icma üzvü önündəki çıxışında yer tapan tezislərdə qarşıya qoyulan hədəflərə beynəlxalq hüquq çərçivəsində çatmağın yollarını göstərirdi. Əlbəttə, bu yol heç də Ermənistanda çoxlarının dilə gətirdiyi kimi, “beynəlxalq normalarla bugünkü Ermənistan Respublikasının qəbul edilən ərazilərinə” ölkəmizin ərazi iddiası olaraq qəbul edilməməli, Cenevrə İnsan Haqları Konvensiyasının əsas prinsiplərindən biri kimi Qərbi Azərbaycanın (yeri gəlmişkən, bu da rəsmi Ermənistanda, həmçinin erməni millətçiliyi havadarlarının dünyanın müxtəlif platformalarında “ərazi iddiaları” kimi səsləndirdiyi deyil, coğrafi termin olaraq qəbul edilməlidir) aborigen əhalisinin, etnik azərbaycanlıların öz tarixi torpaqlarında yaşamaq haqqı olaraq qəbul olunmamalıdır. Məhz 2022-ci il dekabr ayının 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olarkən bir qrup icma üzvü önündəki çıxışında Prezident İlham Əliyev bu haqlar kontekstində çıxış edərək İcmanın perspektiv vəzifələrindən birini xatırladırdı: “Qərbi azərbaycanlıların hüquqları bərpa edilməlidir və onlar öz doğma torpaqlarına qayıtmalıdırlar. Mən bunu deyəndə təxmin edirəm, yenə də Ermənistanda növbəti dəfə isterika başlayacaq ki, Azərbaycan gəldi bizi işğal etdi və sair. Yox. Biz bunu sülh yolu ilə etmək istəyirik. Biz hüquqlarımızı sülh yolu ilə təmin etmək istəyirik və yenə də deyirəm, bütün konvensiyalar bu hüququ tanıyır. Ona görə buna nail olmaq üçün biz, o cümlədən beynəlxalq müstəvidə daha fəal olmalıyıq”.
Qərbi Azərbaycan İcmasının üzvlərinə, ümumilikdə, qərbi azərbaycanlıların tarixi torpaqlarına qayıtmasınadək hər zaman aktual olmalı məsələdə bütün azərbaycanlılara səfərbərlik çağırışı kimi səslənən bu fikrində cənab Prezident xalqımızı hüquqi-mənəvi varislər olaraq vahid məqsəd uğrunda birləşməyə səsləyirdi. Bu çağırışı səsləndirən amillər isə kifayət qədərdir və o amillərdən bir neçəsini xatırlatmaq istərdik. Ancaq azərbaycanlılar deyil, Cənubi Qafqazın etnik coğrafiyası ilə maraqlanan hər kəs, hətta bu gün 29 743 kvadrat kilometrlik ərazi ilə beynəlxalq hüququn subyekti sayılan Ermənistan Respublikasında yaşayan ermənilərin də mütləq əksəriyyəti bu ərazilərin etnik azərbaycanlıların tarixi vətəni olduğunu bilir. Onlar onu da bilirlər ki, yaxın son yüz ilə, bu torpaqlarda bolşevik Rusiyasının iradəsi ilə sovet Ermənistanı elan olunana qədər adıçəkilən ərazidəki 17 mahalın istisnasız olaraq hamısı birmənalı şəkildə tükdilli toponimlərdən ibarət idi. Maraqlı olansa budur ki, yüz ildə “ermənilərin əzəli torpaqları” elan olunan bu arealda bircə dənə də ermənidilli toponimlə ifadə olunan ərazi vahidi ilə rastlaşmaq mümkün deyil. Qərbi Azərbaycanda günümüzə qədər, hətta, Ermənistan Respublikasında yerli əhalinin nəzərəçarpan hissəsinin qeyri-rəsmi istənilən söhbətində regonların adlarının Abaran, Ağbaba, Dərəçiçək, Dərələyəz, Gərnibasar, Göyçə, Karbi, Qaraqoyunlu, Qırxbulaq, Loru, Pəmbək, Sərdarabad, Şörəyel, Talın, Vedibasar, Zəngəzur, Zəngibasar mahalları kimi çəkildiyi heç kimə sirr deyil. Burada isə hansısa sirr axtarmaq lazım deyil, onu şərtləndirən amilləri elm izah edir. Erməni “alimlərinin” Rusiya imperatorunun 1828-ci ilin martından İrəvan xanlığının bazasında Erməni vilayəti yaradılması haqqında fərmanından sonra- XIX əsrin ikinci yarısından başladıqları canfəşanlıqları- “yeni erməni tarixi yaratmaq prosesində daşları ağladan cəhdləri” nəinki həmin vaxtlar, bu günümüzdə də ciddi alimlərdə acı təbəssüm yaradır. Söhbət, coğrafi adlara - bəşəriyyətin mənəvi mədəniyyətinin ən qiymətli abidələrinə kobud müdaxilədən, onların yaralanmasından gedir. Həmin abidələr nəsildən-nəslə ötürülən, əsrlər deyil, minilliklər boyu xalqın keçdiyi yollarda buraxdığı izlərin yaddaşını qoruyur. Ermənistan Respublikasında türkdilli toponimlərin istifadəsini də o yaddaş qaçılmaz edir və elmin təsdiq etdiyi kimi, onu pozmaq, demək olar ki, praktik olaraq heç kimə nəsib olmur.
Qəbul edək ki, 2023-cü il dekabrın 5-də Qərbi Azərbaycan İcmasının təşkilatçılığı, 28 ölkədən 44 nümayəndənin iştirakı ilə paytaxt Bakıda keçirilən “Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıdışını təmin etmək: qlobal kontekst və ədalətli həll” mövzusunda ilk beynəlxalq konfrans bu həqiqəti bir daha təsdiq etdi. Adıçəkilən konfransın 5 dekabr tarixinə salınması Qərbi Azərbaycandan soydaşlarımızın sonuncu nəfərinin çıxarıldığı gündür və həmin gün Deportasiya Günü kimi yaşanan faciələrin rəmzidir.
5 dekabr 2024-cü ildə növbəti, II beynəlxalq konfrans 51-dən artıq dövlətdən 200-dən çox nümayəndənin iştirakı ilə işinə başladı.
Konfransın panel iclaslarında “Ermənistandan zorla çıxarılmış azərbaycanlıların geri qayıtmaq hüququnun tarixi və hüquqi əsaslarına baxış”, “Münaqişələrdən təsirlənən regionlarda barışıq və sülh quruculuğu səyləri”, “Beynəlxalq vəkillik və diplomatiyanın rolu”, “Ədalət, insan təhlükəsizliyi və əmlakın geri qaytarılması”, “Mədəni irsin qorunması və bərpası” mövzuları ətrafında aparılan müzakirələr mühüm sənədlərin qəbulu ilə başa çatdı.
Konfransın ilk gününün bağlanış mərasimində çıxış edən Avrasiya Araşdırmaları Mərkəzinin aparıcı tədqiqatçısı Jakub Voytsex Koreyba bildirib ki, dünyanı yaşamaq üçün daha yaxşı məkana çevirmək lazımdır. O qeyd edib ki, insanların yaşadıqları ərazidən zorla qovulması heç bir halda qəbul edilməməlidir. Qayıdış hüququ beynəlxalq hüquqda təsbit edilib. Məhz ona görə də biz hüququ bərqərar etmək üçün müvafiq hüquqi alətlər yaratmışıq”.
Həmin sənəddə deportasiyanın insan hüquqlarının ən ciddi pozuntularından biri, azərbaycanlıların Ermənistandan məcburi köçürülməsi hələ də həll olunmamış böyük bir ədalətsizlik olduğu, Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Pakt, Pinheiro Prinsipləri və beynəlxalq adət hüququnun qayıdış üçün əsas verdiyi bir daha xatırladıldı və Beynəlxalq Cinayət Məhkəməsi prokurorunu, Ermənistanın azərbaycanlıların qayıdışına imkan verməməklə beynəlxalq hüquq və Roma Statutu çərçivəsində üzərinə götürdüyü öhdəlikləri pozmasını araşdırmağa çağırışlar səsləndirildi.
Yeri gəlmişkən, 5 dekabr 2024-cü ildə “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda II beynəlxalq konfransa təbrik məktubunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan hökumətinin bu istiqamətdə fəaliyyət göstərdiyini yada salır, İcma üzvlərinn işini müsbət qiymətləndirirdi “Qərbi Azərbaycan İcması üzvlərinin doğma torpaqlara qayıdış hüququnu təmin etmək məqsədilə beynəlxalq hüquqa uyğun dinc təşəbbüslərinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsi olduqca əhəmiyyətlidir. Uğurla həyata keçirilən Qayıdış Konsepsiyasına əsaslanan bu təşəbbüslər Qərbi azərbaycanlıların sülh yolu ilə təhlükəsiz və ləyaqətli şəkildə öz doğma yurdlarına geri dönməsinə böyük töhfələr verəcəkdir”.
Mahirə Hüseynova,
ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru,
filologiya elmləri doktoru, professor, QAİ İdarə Heyətinin üzvü.