Azərbaycanın tale kitabının müəllifi

post-img

Dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycanın müstəqilliyi, siyasi sabitliyi və iqtisadi inkişafı sahəsindəki xidmətləri ölçüyəgəlməzdir. Ulu öndərin Azərbaycan üçün elədiyi xidmətləri aşağıdakı sahələr üzrə təsnifatlandırmaq olar:

Azərbaycanın müstəqilliyi və siyasi sabitlik. Heydər Əliyev 1993-cü ildə Azərbaycan Prezidenti seçildikdən sonra ölkənin müstəqilliyini qorumağa və siyasi sabitliyini bərpa etməyə yönəlmiş genişmiqyaslı islahatlar apardı. 1990-cı illərin əvvəllərində ölkədə baş verən daxili çaxnaşmalar və Qarabağ müharibəsi dönəmində Ulu öndər milli birliyi təmin etmək üçün önəmli addımlar atdı.

İqtisadi inkişaf. Ümummilli lider Azərbaycanda iqtisadi islahatların əsasını qoymuş və ölkəni böhranlı vəziyyətdən çıxarmaq üçün neft sektoru və xarici sərmayələrin cəlb edilməsi məsələlərinə xüsusi diqqət yetirmişdir. Onun siyasi qətiyyəti sayəsində “Əsrin müqaviləsi” imzalandı, xarici investorlar Azərbaycana cəlb edildi və ölkə neft ixracatçısına çevrildi. Bu strategiya ölkənin iqtisadi inkişafını sürətləndirdi və Azərbaycanın beynəlxalq arenadakı mövqeyini gücləndirdi.

Xarici siyasət. Azərbaycanın beynəlxalq aləmdə yerini möhkəmləndirmək üçün uğurlu xarici siyasət kursu yürütdü. Onun prezidentliyi dövründə Azərbaycan həm Rusiya, həm də Qərb dövlətləri ilə balanslı münasibət qurdu, regional və beynəlxalq təşkilatlarla əməkdaşlığa başladı.

Heydər Əliyevin xidmətləri, həmçinin Azərbaycanın milli maraqlarını müdafiə etməyə və ölkənin beynəlxalq arenada nüfuzunu artırmağa yönəlmiş uzunmüddətli strateji addımlardan ibarətdir. Məhz onun uzaqgörən siyasəti sayəsində Azərbaycan Cənubi Qafqaz regionunun mühüm aktoruna çevrildi. Heydər Əliyev həm Azərbaycanın daxili inkişafı, həm də beynəlxalq aləmdəki mövqeyinin möhkəmləndirilməsi sahəsində əvəzsiz xidmətlər göstərdi.

Yeni Azərbaycan Partiyası. 1992-ci ildə Yeni Azərbaycan Partiyası (YAP) Heydər Əliyev tərəfindən yaradıldı. Partiyanın əsas məqsədi Azərbaycan dövlətçiliyini və müstəqilliyini gücləndirmək, ölkədə siyasi və iqtisadi sabitliyi təmin etmək idi. YAP, həmçinin Azərbaycanın müasir inkişafının və gələcəyinin təməllərinin qurulmasında əsas rol oynayan siyasi təşkilatdır. Ümummilli liderin “Dünənin, bu günün, gələcəyin partiyası” deyərək həm keçmişini, həm bu gününü, həm də gələcəyini müəyyənləşdirdiyi YAP-ın xalq, dövlət qarşısındakı xidmətləri bu təşkilatın cəmiyyətdəki mövqeyinin daha da möhkəmlənməsinə, xalqın partiyanın ideoloji-siyasi xəttinə dəstəyinin güclənməsinə böyük imkanlar açdı. 1993-cü il oktyabrın 3-də YAP-ın sədri Heydər Əliyevin xalqın mütləq əksəriyyətinin səs çoxluğu ilə Prezident seçilməsi partiyanın həyatında yeni dövrün başlanğıcı oldu.

Ulu öndərin dühasının məhsulu olan və müasir müstəqil Azərbaycan dövlətçiliyinin qorunması və inkişafında əvəzsiz xidmətlərə imza atan Yeni Azərbaycan Partiyası Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən və dünyanın güclü liderlərindən birinin – İlham Əliyevin rəhbərliyi altında fəaliyyətini uğurla davam etdirir. Artıq 32 ildir ki, YAP Azərbaycanda demokratik inkişafın, sosial rifahın və iqtisadi yüksəlişin təmin olunmasında mühüm rol oynayır.

Nuranə DAVRİNBƏYOVA,
Qaradağ Rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi

Siyasət