Qərb siyasətçiləri Ermənistanın törətdiyi vandalizmi unutdurmağa çalışırlar
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 8-də Bakıda Zəfər parkının açılışında iştirak edib.
Xatırladaq ki, dövlət başçımızın 2020-ci il dekabrın 3-də imzaladığı sərəncamda Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması və ictimaiyyətə nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin yaradılması tapşırılmışdı.
Sərəncamdan dərhal sonra layihə hazırlandı və tikinti işlərinə başlanıldı. Sərəncamın hansı səviyyədə icra edilməsi artıq tək bizim yox, bütün dünyanın gözü qarşısındadır. Yəni bu sətirlərdə həmin tikinti prosesi, eləcə də, Zəfər abidəsinin və Zəfər muzeyinin özünəməxsusluğu barədə söz açmayacağıq. Hərçənd, o istiqamətlərdə də xüsusi qəzet materialları hazırlamaq mümkün və lazımdır. Bu yazıda isə cənab Prezidentin həmin tədbirdəki nitqində Ermənistana və onun havadarlarına ünvanılanan bəzi mesajlar barədə söz açmaq istəyirik. O mesajlar ki, bizim dostlarımız məmnunluqla qarşıladılar, Ermənistanda isə silkələnmə effekti yaratdı.
Məsələn, dövlət başçımız xatırlatdı ki, son otuz ildə bizi işğal faktı ilə barışmağa çağıran bəzi Qərb siyasətçiləri indi də Ermənistanın Azərbaycan ərazilərində törətdiyi terror və təxribatları, Xocalı soyqırımını, ərazilərimizin 20 faizinin viranəliyə çevrilməsini, milli-mədəni, tarixi və dini abidələrimizin vəhşicəsinə yerlə yeksan edilməsini unutdurmağa çalışırlar. Ancaq əbəs yerə, biz həmin vandalizmləri unutmayacağıq.
Cənab Prezidentin nitqində deyildiyi kimi, indi Ermənistanın bəzi Qərb havadarları bu vəhşilikləri törətmiş ölkədən “sülh göyərçini” düzəltmək istəyirlər. Sanki bu 30 illik işğal olmayıb, dağıntılar olmayıb, vəhşiliklər olmayıb, Xocalı soyqırımı olmayıb: “Məscidlərimizin, qəbirlərimizin dağıdılması, bütün Qarabağın, Şərqi Zəngəzurun viran edilməsi sanki olmayıb. Yəni, bunu unutdurmaq, dünya ictimaiyyətinə unutdurmaq istəyirlər. Amma biz heç vaxt bunu unutmayacağıq və Azərbaycan xalqı heç vaxt bunu unutmamalıdır, bizdən sonra gələn nəsillər bu tarixi bilməlidirlər və heç vaxt unutmamalıdırlar. Necə ki, biz Qarabağı 30 il ərzində unutmamışdıq, necə ki, 30 il ərzində xalqımız bir nöqtəyə vuraraq bu Qələbəni yaxınlaşdırırdı. Bundan sonra da bu tarixi yaddaş heç vaxt yadımızdan çıxmamalıdır”.
Bəli, öz havadarlarının köməyi ilə Azərbaycan ərazilərinin 20 faizini işğal etmiş Ermənistan rəhbərlərinin Qarabağ və Şərqi Zəngəzurda gördükləri iş ancaq sökmək, dağıtmaq, yandırmaq, əraziləri minalamaqdan ibarət olmuşdur. Yəni hamısı bir nəfər kimi bayquş xislətlidirlər. Bayquş isə heç zaman sülh, əmin-amanlıq, tərəqqi, quruculuq istəyə bilməz. Onlar nəinki işğal etdikləri ərazilərdə, hətta, indi Ermənistan adlanan tarixi türk torpaqlarında da bütün tarixi, mədəni və dini abidələrimizi yox edəndə də öz bayquş simalarını göstərmişdilər.
Onların bayquşluğunu sübut edən başqa bir fakt isə 44 günlük İkinci Qarabağ müharibəsindən sonra ortaya çıxdı. Belə ki, müharibənin dayandırılması üçün Kremlə yalvararaq kapitulyasiya aktına imza atmağı məqsədəuyğun sayan İrəvan rəhbərləri əvvəlcə sülh sazişi imzalamağa razılıq versə də, dörd ildir ki, bayquşcasına sülhdən, əmin-amanlıqdan, regional sabitlikdən qaçırlar. Doğrudur, onların bu hikkələrinin təməlində Cozef Bayden Amerikasının və Emmanuel Makron Fransasının diktələri də durur. Ancaq öz ölkəsinin sabahını düşünən dövlət rəhbərləri xalqı hansı uçuruma apardıqlarının fərqinə varmalı idilər. Bunun üçün onlara dörd il bəs etməli idi. Təəssüf ki, hələ də normal bir addım ata bilmirlər.
Dövlət başçımız adı çəkilən çıxışında bu məsələyə daha konkret münasibət bildirərək dedi ki, İkinci Qarabağ müharibəsinin, antiterror əməliyyatının nəticələri hesab edirəm ki, Ermənistanın bu günə qədər düzgün addımlar atması üçün kifayətdir:
“Ancaq bir məsələ var, onu da biz unutmamalıyıq ki, bu gün bu vəziyyətlə barışmaq istəməyən anti-Azərbaycan qüvvələr, bəzi Qərb paytaxtlarında oturan islamofoblar, azərbaycanofoblar Ermənistanı yeni müharibəyə təhrik edirlər. Bu, Ermənistan dövləti üçün tam faciə ola bilər və mən dəfələrlə həm rəsmi çıxışlarımda, həm təmaslar əsnasında Ermənistan tərəfinə izah etməyə çalışırdım ki, bundan uzaq dursunlar, o fitnəyə getməsinlər”.
Təəssüf ki, özünü Ermənistanın dostu adlandıran Qərb dövlətləri öz maraqlarını təmin etmək üçün bu Cənubi Qafqaz ölkəsini qurban vermək istəyirlər. Onlar yenə də regionda ara qarışsın, yenə də qan tökülsün, yenə də bulanıq suda balıq tuta bilsinlər deyə Ermənistanı sülh sazişindən yayındırır, əksinə silahlandırırlar. Ona görə də Azərbaycan Prezidenti xəbərdarlıq edir ki, hələ gec deyil, Qərbdəki bacı və qardaşları Ermənistanı silahlandırmaq siyasətindən əl çəkməlidirlər: “Hələ ki, gec deyil, bundan əl çəksinlər, onlar heç vaxt bizimlə rəqabət aparmaq gücündə olmayacaqlar. Biz müharibə istəmirik. Biz istədiyimizə nail olduq, ərazi bütövlüyümüzü təmin etdik, dövlət suverenliyimizi təmin etdik. Bütün sərhədlərdə ərazi bütövlüyü təmin edilir və keçmiş məcburi köçkünlər, qaçqınlar öz dədə-baba torpaqlarına qayıdırlar”.
İttifaq MİRZƏBƏYLİ