COP29 Azərbaycanın qlobal reytinqini daha da gücləndirəcək - RƏY

post-img

“Qlobal iqlim problemlərinin müzakirə edilməsi və həlli yollarının tapılmasında əsas platforma olan COP29 tədbirinin Bakıda keçirilməsi Azərbaycana təsəvvür etdiyimizdən daha çox dividendlər qazandıracaq. Bu, iştirakçı sayının və müzakirə panellərinin genişliyi fonunda dünyanın ən böyük tədbiri hesab olunur”.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Demokrat.az xəbər portalının baş redaktoru Vasif Həsənli bildirib.

Onun sözlərinə görə, hər şeydən öncə paytaxt Bakının belə mötəbər tədbirə ev sahibliyi etməsi Azərbaycanın qlobal imicinin güclənməsi baxımından əhəmiyyətlidir:

“Adətən belə qlobal tədbirlərin keçirilməsi üçün seçilən məkanlarda bir neçə amilə xüsusi diqqət edilir. Bunlardan biri təhlükəsizlik, digəri təcrübədir. Azərbaycan isə dünyanın ən təhlükəsiz ölkələrindən biridir və COP29 bu istiqamətdə ölkəmizin qlobal reytinqini daha da gücləndirəcək. Dövlətimiz indiyə qədər müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi etməklə zəngin təcrübə qazanıb. Bu tədbir ölkəmizin təcrübəsini daha da zənginləşdirəcək”.

Vasif Həsənli deyib ki, COP29-un Azərbaycana qazandıracağı dividendləri bir neçə aspektdə dəyərləndirmək olar:

“Onlardan biri iqtisadi dividenddir. Ölkəmizə çoxsaylı qonaqların gəlməsi gələcəkdə turizm sektorunun inkişafına yatırılan kapitaldır. Digər tərəfdən, Azərbaycanın yaşıl enerji sektoru xarici investorlara təqdim ediləcək ki, bu da yeni yatırımlar gətirəcək. Həmçinin burada siyasi dividendlər də əhəmiyyətlidir. Bu səviyyədə tədbirə ev sahibliyi etməyimiz ölkəmizin qlobal siyasətdə rolunu daha da artıracaq”.

Siyasət