Həyasızlıq... Bu qədər?

post-img

Yaxud Ermənistan XİN mətbuat katibinin sərsəmləmələri

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan “Armenpress” informasiya agentliyinə müsahibəsində Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin bildirdiklərinə münasibətini açıqlayıb. Yazımız bu barədədir.

Amma əvvəlcə bildirək ki, Ermənistan baş naziri Nikol Paşinyan “Dünyanın kəsişməsi: Təhlükəsizlik və demokratiyanın birləşməsi” adlı konfransda çıxışı zamanı 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat üzərində dayanmışdı. A.Hacızadə isə Paşinyanın bununla bağlı söylədiklərini reallığı təhrif cəhdi adlandırmış və Ermənistanın sözügedən bəyanatla üzərinə götürdüyü öhdəliklərə etinasız yanaşdığını vurğulamışdı. Nikolun nələrdən söz açdığını yada salmayacağıq. Çünki onun dilə gətirdikləri ilə A.Badalyanın siyasi manipulyasiyasındakı motivlər, demək olar, eynidir. Doğrudur, erməni XİN rəsmisi, necə deyərlər, barıtı həddindən çox edib.

Ümumən, təkcə Badalyanın yox, rəsmi İrəvanın digər təmsilçilərinin, öz aləmlərində, nəyisə əsaslandırmaq üçün gətirdikləri arqumentlərə diqqət yetirəndə elə təsəvvür yaranır ki, Ermənistanın dövlət idarəçiliyində hər cür həyasızlığı və etikasızlığı diplomatiya bilən gerizəkalılar yer almaqdadır. XİN mətbuat katibini fərqləndirən isə Roma papasından daha artıq katolikliyə can atmasıdır. Yazımızın son bölümündə onun bu “niyyətinin” ən parlaq təzahürünü diqqətə çatdıracağıq.

***

Beləliklə, A.Badalyan deyib ki, üçtərəfli bəyanatda Dağlıq Qarabağda Rusiya sülhməramlılarının mövcudluğu, eləcə də beş kilometr eni olan Laçın dəhlizinin onların nəzarəti altında olması yer alıb. Amma nə Laçın dəhlizi var, nə də Rusiya sülhməramlıları. İlk elementar sual budur: Əgər üçtərəfli bəyanat yoxdursa, o zaman nə üçün Paşinyan rəsmi şəkildə sənəddən imtina etdiyini bildirmir?

Təkcə Badalyanın deyil, digər erməni rəsmilərinin problemləri bundan ibarətdir ki, onlar vaxtilə rus sülhməramlılarının Qarabağdakı mövcudluğunu bölgənin Azərbaycanın olmaması kimi qiymətləndiriblər. Məhz buna görə də Ermənistan özünün hərbi birləşmələrini qeyri-qanuni şəkildə bölgədə saxlayıb. Halbuki, həmin üçtərəfli bəyanatda onların ərazini tərk etmələri göstərilirdi. Tərk etmədikləri, eyni zamanda, Qarabağdakı separatçı rejimi leqallaşdırmaq cəhdlərinə baş vurduqlarından, Azərbaycan 2023-cü ilin sentyabrında lokal xarakterli antiterror tədbirləri reallaşdırdı. Başqa cür mümkün deyildi. Çünki nəinki Ermənistan, eləcə də ölkənin xaricdəki havadarları var gücləri ilə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini şübhə altına almağa başlamışdılar. Nəzərə alaq ki, Qarabağın erməni əhalisinə beynəlxalq təminat məsələsi elə-belədən gündəmə gəlməmişdi.

***

A.Badalyan bildirib ki, üçtərəfli bəyanatda məcburi köçkünlərin və qaçqınların BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nəzarəti altında Dağlıq Qarabağ ərazisinə və ətraf rayonlara qayıtmaları nəzərdə tutulub, lakin Azərbaycan Dağlıq Qarabağ ərazisinin mövcud olmadığını iddia edir və bu, mahiyyət etibarilə sənədə əsasən nəzərdə tutulan öhdəliyi yerinə yetirməkdən imtinadır. İndiyə kimi nə Dağlıq Qarabağ ərazisinə, nə də ətraf rayonlara bir nəfər də olsun erməni qaçqın və ya məcburi köçkün qayıtmayıb.

Göründüyü kimi, A.Badalyanın həyasızlığı sərhəd tanımır. Əvvəla, Rusiya sülhməramlıları Qarabağda yerləşdikdən sonra bölgəyə xeyli sayda erməni qayıtdı.

İkincisi, belə başa düşülür ki, rəsmi İrəvan digər ərazilərə də ermənilərin dönməsini arzulayırmış. Görəsən, hansı ərazilərə? O ərazilərə ki, başdan-ayağa onların özləri minalayıblar? Söhbət otuz ilə yaxın davam etmiş işğal dövründə qarət olunmuş, daşı daş üstə qalmamış, xarabazara çevrilmiş ərazilərdən gedir? Məgər, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil olmayan rayonlarda erməni əhalisi yaşayırdı ki? Birmənalı şəkildə yox! Ərazidən böyük ölçüdə hərbi məqsədlər naminə istifadə edilirdi.

Üçüncüsü, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları bəyanatda qaçqınların və məcburi köçkünlərin qayıtmaları əksini tapıb. Orada “erməni qaçqın və məcburi köçkünlər” yazılmayıb. Görəsən, Badalyan nə üçün bunu görməzdən gəlir? Sual ritorikdir. Çünki başqa cür mümkün deyil. Axı o, erməni xislətli diplomatdır.

Dördüncüsü, Badalyanı məsələ maraqlandırmaz, amma deyək ki, azərbaycanlı qaçqın və məcburi köçkünlər üçtərəfli bəyanata uyğun olaraq öz yurd yerlərinə qayıda bilməzdilər. Çünki Ermənistan elə həmin rus sülhməramlılarının müşayiəti ilə bölgəyə mina və silah-sursat daşıyırdı. Yəni, sözügedən sənədə hansı tərəfin riayət etmədiyi aydındır.

***

A.Badalyan vurğulayıb ki, üçtərəfli bəyanatda hərbi əsirlərin və digər məhbusların dəyişdirilməsi nəzərdə tutulur, amma 2020-ci ilin oktyabr və noyabr aylarında əsir götürülənlər də daxil olmaqla, bu günə qədər Azərbaycan həbsxanalarında ermənilər saxlanılır. Badalyanın növbəti həyasızlığı da elə bu fikirdir.

Məsələ ondadır ki, Azərbaycan həbsxanalarında saxlanılanlar üçtərəfli bəyanatın imzalanmasından sonra ərazilərimizdə kəşfiyyat-diversiya fəaliyyəti həyata keçirməyə cəhd göstərənlərdir. Deməli, sənədin onlara şamil edilməsi, sadəcə, mümkünsüzdür. Əlbəttə, təkcə Badalyan deyil, digər erməni rəsmiləri də bu düşüncədən uzaqdırlar. Onlar, hətta, Qarabağdakı keçmiş separatçı rejimin Bakı həbsxanalarındakı liderlərini də məhbus qiyafəsində görürlər. Aydındır ki, belə təqdimat siyasi məqsədlidir və ölkəmizlə bağlı beynəlxalq miqyasda anti-təbliğat aparmaq məramına söykənir.

***

A.Badalyan Azərbaycanın itkin düşmüş şəxslərin problemini daim gündəmə gətirdiyini bildirir və öz aləmində buna qarşılıq deyir ki, iki müharibə nəticəsində Ermənistan tərəfində də minə yaxın itkin düşmüş şəxsin olub və ölkəsi onların tapılması üzrə əməkdaşlığa hazırdır. Sual olunur: müharibə Ermənistan ərazisindəmi gedib? Xeyr! Belə olan halda, daha bir sual yaranır: Erməninin Azərbaycan torpağında nə işi var idi ki, orada da itkin düşürdü? Mövcud istiqamətdə hansısa əməkdaşlıq forması ola bilərmi? Əlbəttə ki, yox! Ancaq Ermənistan dövləti Azərbaycan ərazisində əsir götürdüyü şəxslərin taleyi ilə bağlı məlumat verməlidir və buna borcludur. Rəsmi İrəvan yüzlərlə azərbaycanlının kütləvi şəkildə basdırıldığı qəbirlərin yerlərini müəyyənləşdirməlidir və müəyyənləşdirəcək də.

***

Erməni XİN-in mətbuat katibi, bilavasitə, üçtərəfli bəyanatın 9-cu bəndi üzərində də dayanıb. Bildirib ki, sözügedən bənd Naxçıvana yolda Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhədçilərinin fiziki mövcudluğunu nəzərdə tutmur. Onun sözlərindən belə çıxır ki, ərazidə sərhəd və gömrük nəzarətini Ermənistan özü həyata keçirməlidir. Bu, üçtərəfli bəyanata spekuyativ yanaşmanın, konkret olaraq, sənədin 9-cu bəndinin fərqli tərzdə interpretasiyasından başqa bir şey deyil. Məsələ ondadır ki, həmin bənddə Ermənistanın Naxçıvana maneəsiz yola təminat verməsindən söz açılır. Bu o deməkdir ki, 44 günlük müharibədə məğlub olan Ermənistan Naxçıvana quru yolunun təminatı üçün öz ərazisinin heç bir prosedursuz istifadəsinə razıdır. Yəni, konkret olaraq, bu bənd İrəvanın apardığı iki müharibəyə görə verməli olduğu təzminatdır.

Baş nazir Nikol Paşinyan isə həmişə başlıca mahiyyətdən yayınıb, sanki uşaq oyunu oynayırmış kimi deyib ki, üçtərəfli bəyanat Ermənistana məğlub ölkə qiyafəsində baxılması üçün əsas vermir. Görəsən, necə baxılmalıdır? Bəlkə məğlubiyyətin başqa adı var? Yoxsa üçtərəfli bəyanata konkret yazılmalı idi ki, Naxçıvana yolda erməni varlığının izi-tozu da qalmamalıdır? Bəlkə Azərbaycan tanklarının İrəvan küçələrində hərəkət etməsidir məğlubiyyət? Böyük ehtimalla, düşüncə elə göstərdiyimiz formadadır. Çünki xəstə erməni qövmünün zor dilindən başqa anladığı dil yoxdur.

***

Sonda Ermənistanın “Dünyanın kəsişməsi” avantürası barədə. Məlum olduğu kimi, rəsmi İrəvan bütün beynəlxalq platformalarda bu avantüranın təbliğatını aparır, onu şüurlarda leqallaşdırmaq yolunu tutur, beynəlxalq ictimaiyyətin dəstəyini qazanmaq istəyir. Həm Paşinyanın, həm də onun komandasındakı şəxslərin mövcud istiqamətdə çox canfəşanlığını görmüşük. Bu mənada A.Badalyan lap uzağa gedib. Sən demə, “Dünyanın kəsişməsi” Ermənistanın üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməsi üçün hazırladığı və regional kommunikasiyaların blokdan çıxarılmasını nəzərdə tutan yol xəritəsi imiş. Bu fikrə həyasızlığın pik nöqtəsi deyilir. Utanmasan, oynamağa nə var?

Ə.RÜSTƏMOV
XQ



Siyasət