Milli Məclisin sədri Sahibə Qafarova Cenevrədə Parlamentlərarası İttifaqın (PAİ) Baş katibi Martin Çunqonq ilə görüşüb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Milli Məclislə Parlamentlərarası İttifaq arasında əməkdaşlıq məsələləri nəzərdən keçirilib. Qeyd olunub ki, beynəlxalq parlament qurumları ilə ikitərəfli və çoxtərəfli əsasda əməkdaşlıq edən Milli Məclis Parlamentlərarası İttifaqla əlaqələrin genişləndirilməsinə mühüm əhəmiyyət verir. Tərəflərin birgə əməkdaşlığı ilə bir sıra tədbirlərin uğurla təşkil olunması əməkdaşlığımızın daha da dərinləşməsinə imkanlar yaradır. Martin Çunqonq Azərbaycanın təşkilatda yüksək səviyyədə və fəal şəkildə təmsil olunmasını təqdir edib.
Sahibə Qafarova Parlamentlərarası İttifaqla Milli Məclisin rəhbərlikləri arasında fəal dialoqun münasibətləri inkişaf etdirmək niyyətinin göstəricisi olduğunu diqqətə çatdırıb.
Görüşdə cari ilin noyabrında Bakıda keçiriləcək COP29 çərçivəsində Parlament Konfransının təşkili ilə əlaqədar hazırlıq işləri barədə də müzakirələr aparılıb. Konfransın COP29 çərçivəsində keçiriləcək tədbirlərə parlament platformasında mühüm dəstək verəcəyinə əminlik ifadə olunub. Vurğulanıb ki, konfrans parlamentarilərə fikir mübadiləsi aparmağa, iqlim dəyişikliyi ilə mübarizədə təkliflərlə və yeni ideyalarla çıxış etməyə imkan verəcək.