Ortaq əlifbadan – ortaq universitetə

post-img

I məqalə

Ortaq Türk əlifbasının yaradılması­na nail olmaq tarixi hadisədir. 34 hərfin bütövlükdə türk mənəviyyatını, mədə­niyyətini, dünyaduyumunu, fəlsəfi-elmi təfəkkürünü, psixologiyasını dövlətçilik qavramını və çox sayda digər həyati əhə­miyyətli “kod”ları necə dəyişəcəyini indi, bəlkə də, tarixi və fəlsəfi təxəyyülü güclü olan insanlar dolğun təsəvvür edə bilər. Həmin 34 hərfin yaratdığı əlifbanın ruhu­nu, mənasını, məqsədini və mədəni feno­men kimi “kimliyini” isə sadə insanların real dərk etməsinə zaman lazım gələcək. 

Sözün məcazi mənasında, bu, Böyük Qayıdışın çoxmənalı formasıdır. Eyni kökdən olan xalqların düşüncəsində, dav­ranışında, siyasi və sosial özəlliklərində, mədəniyyətində dirçəlməsi üçün ortaq dəyərlərə yüksək elmi və təhsil səviyyə­sində qayıdışıdır! Bu, köhnəliyin qabardıl­ması deyildir, etnik-mədəni yaddaşın elə qatlarına işıq salmaqdır ki, orada əsrlərdir üstü malalanmış ortaq türk mədəniyyəti­nin kodları vardır. O kodlara işıq salmaq gələcəyə getməyin möhkəm təməlini ya­ratmaq deməkdir. Ortaq əlifba bu mənada bizi uğurlu və işıqlı gələcəyə apara biləcək “Ortaq yol”un intellektual çırağıdır! Bu te­zisin sübuta ehtiyacı vardır.

“Ortaq yol”un intellektual çırağı

Kanadalı sosioloq Marşall Maklüyen keçən əsrin 60-cı illərində “Hutenbergin Qalaktikası” adlı məşhur əsərində yazırdı ki, əlifba fərdlərin və cəmiyyətlərin sosi­al-psixoloji keyfiyyətlərini, onların özlə­rinə və dünyaya münasibətini formalaşdı­rır. Məsələn, Çin Əlifbası obrazlı təfəkkür yaradır, latın əlifbası məntiqi-rasional təfəkkür formalaşdırır. Uyğun olaraq, ya­pon əlifbası ərəb əlifbasından fərqli insan tipi yetişdirir və s. İlk baxışdan xeyli mü­cərrəd görünən bu müddəanın çox sayda tərəfdarı vardır. Bu mənada M.Maklüyen tək deyildir. Bu tezisin maraqlı fəlsəfi əsas­landırılması ola bilər. Onun üzərində ötəri dayanaq.

Məsələ Platona gedib çıxır. Platon rəmzləri (o cümlədən rəqəmləri) yaddaşla əlaqələndirirdi. Özlüyündə bu da olduqca maraqlı fəlsəfi məqamdır. Yəni 1, 2, 3, 4 və s. rəqəmlərin yaddaşla hansı məzmun əlaqəsi ola bilər? Filosoflara görə, məsələn “1” yazılışı mahiyyətcə insan beynindəki yaddaşın əlamətidir. Hər hansı rəmzi ifadə bu mənada yaddaşdır. Nə yaddaşıdır? Gen yaddaşı, sosial yaddaş, fərdi və kollektiv yaddaş, mədəniyyət yaddaşıdır və s. 

Deməli, hər hansı əlifbanın hərfləri (yəni rəmzi, obrazlı ifadələri) dərinlərdə insanın yaddaş özəlliyi ilə bağlıdır. Yaddaş özəlliyi fərdin və kollektivin daxili psixo­loji keyfiyyətləri ilə sosial həyatın təşki­li üsullarının sintezindən yaranır. Onda əlifbanın hərfləri ayrılıqda insanın daxili psixoloji xüsusiyyətləri ilə kollektiv hə­yatının özəlliklərinin hansısa aspektini əks etdirir. Bizim “əlifba” dediymiz hərflər sis­temi isə bütövlükdə, həyatın, varolmanın, sosial-mədəni həyat təzinin, dünyaduyu­munun və s. bütün aspektlərini vahid bu­caq altında ifadə edə bilmək üçün yaranan rəmzi sistem olaraq təsəvvür edilə bilər. Mürəkkəb və çətin qavranılan tərifdir. La­kin əlifbanın funksionallığı çox dərin və çoxaspektlidir! 

Bu qısa təqdimatdan belə alınır ki, müəyyən mənada əlifba toplumun həyat yolunun beyinlərdə təşkiledicisi və is­tiqamət vericisidir. Daha geniş aspektdə isə bütövlükdə toplumun həyat yolunun başlanğıcı və kompasıdır.

Türklərin “əlifba taleyi”

Bu həm maraqlıdır, həm də sosial, psixoloji, kulturoloji, fəlsəfi aspektlərdə vahid bucaq altında araşdırılmasını göz­ləyən aktual məsələdir. Bunu tarixi faktlar diktə edir. Məsələ ondan ibarətdir ki, türk xalqlarının sayı çoxdur. Çox passionar türk tayfaları dünya mədəniyyətini “çalxala­yan” mədəni dəyərləri yaratmışlar. Deyək ki, alman tədqiqatçılar (Vyana məktəbi) türkləri çöl mədəniyyəti sisteminin “sa­vaşçı çobanlar” mədəniyyəti kimi bütün dünya mədəniyyətini hərəkətə gətirdiyi, faktiki olaraq, onu “mayalandırdığı” qə­naətinə gəlmişlər. “Savaçı çobanlar” geniş bir məkanda insanlara ailə qurmaq modeli­ni vermiş və özləri də oturaq həyat tərzi ke­çirənlərdən eyni qayda ilə “dayanıqlı ailə” modeli almağa çalışmışlar. 

Türklərin bu cür mədəni mübadilə­sinə açıq olmaları, bütövlükdə, onların mental özəlliyidir. Buna görə də etnik sərhədinə qapanmış türk toplumu yoxdur, məhdud fəaliyyət göstərən türk dövlətinə rast gəlməzsən. Buna görədir ki, türklər­də şovinizm yoxdur – onlar mədəniyyət mübadiləsinə həmişə açıqdırlar (azərbay­cançılıqda mədəniyyətlərarası əlaqələrin və multikulturalizmin əsas yer tutduğunu xatırlayın). Ulu öndər Heydər Əliyev azər­baycançılıq kontekstində iki mədəniyyət faktorunu daim vurğulayırdı: öz mədəniy­yətini mütləq bilmək, ona dəyər verməklə dünya mədəniyyətinə daim açıq olmaq, onu öyrənmək bir-birindən ayrılmazdır! 

Ancaq mədəniyyətin yazılı növünə ke­çiddə türklər arasında “yol fərqləri” mey­dana gəldi – onlarn əlifbaları bir-birindən fərqləndi. Digər tərəfdən, türklər başqa inkişaf edən xalqlar kimi öz əlifbaları­nı yazılı mədəniyyət növünün substantiv və kommunikativ şərtlərinə uyğunlaşdı­ra bilmədilər. Nəticədə ikiqat fərqlilik və dağınıqlıq meyilləri gücləndi. Bu proses müasir mərhələdə türk xalqlarını düşüncə tərzi, həyat tərzi, siyasi, sosial, psixoloji və s. məsələlərdə bir-birindən uzaqlaşdırma­ğa doğru sürükləməkdədir. Paralel olaraq, türklər fərqli əlifbalardan istifadə edirlər. Böyük toplumlar kimi türklər ərəb, latın və kiril əlifbalarında yazırlar. Baxın, nə qədər dərin fərqliliklər yarana bilər!

Türk övlətləri Təşkilatına (TDT) üzv olan xalqların bir qismi kiril, digəri isə latın əlifbasında “düşünürlər”! Bu, bir təş­kilatda fərqli təfəkkür tərzi, həyat duyu­mu, dünya qavramı, mədəniyyət baxışının qalması deməkdir. Kirildən istifadə edən qazax, qırğız və ya türkmən azərbaycan­lı və ya türkiyəli ilə eyni sosial-psixoloji, fəlsəfi, bədii təfəkkürə malik ola bilərmi? Mümkün deyil! 

Bu çoxdüyünlü, çoxqatlı və çoxis­tiqamətli varolma yollarını ortaq yola çe­virmək həmin səbəblərdən tarixi olduğu qədər də, strateji mahiyyətlidir! Bu gələ­cəkdir. Gələcəyi necə görmənin zəkavi və duyğusal təməlidir.

Belə alınır ki, ortaq əlifba yaratmaq sa­dəcə hərfləri müəyyən etməkdən ibarət de­yildir. Eyni zamanda ortaq əlifbada əsasən Azərbaycanda işlənən əlifbadan istifadə etmək də texniki seçim deyildir. Bunun da dərin tarixi, fəlsəfi, psixoloji, mədəni, mental və etno-mədəni müəyyənedicilə­ri mövcuddur. Çünki “niyə məhz bu cür əlifba?” sualına təməldən düzgün cavab lazımdır. O cavabı isə bir türkün məqalə­sində tapmaq imkansızdır, çünki kollektiv elmi yaradıcı fəaliyyətin nəticəsi olma­lıdır. Proses olmalıdır və onun gedişində 34 hərfin bütün aspektlərdə mənaları dərk edilməlidir. O hərflərin yaratdığı kollektiv düşüncə həm varolma, həm də yaradıcı as­pektlərdə özünü təsdiq etmə deməkdir. 

“Əlifba və bir millətin dövlətləri” 

Heydər Əliyevi tam dərinliyinə qədər dərk etmək uzun çəkəcək. Ulu öndərin zahirən sadə və ümumi görünən hər kəla­mında, fikrində və davranışında türk kim­liyinin dəyərləri ifadə olunmuşdur. Bunu anlamaq asan deyildir. Buna görədir ki, mən tarix elmləri doktoru Eynulla Mədət­li ilə həmmüəlliflikdə Ulu öndərin “Bir millət, iki dövlət” kəlamının fəlsəfi-tarixi anlamlarına baş vurmaq cəhdimizi okean­da yarımdamla hesab edirəm. Fəlsəfənin və tarixin sonsuz ümmanında hansı tərəfə “üzsən”, orada bu kəlamın mənalarına rast gələ bilərsən. O mənalardan biri də türk dövlətlərini bir millətin övladları kimi, or­taq əlifba yoluna çıxardı. Həqiqət budur!

Öncə, aydın idi ki, Azərbaycan və Tür­kiyə bir millətin iki dövlətidirsə, fərqli yazı mədəniyyətinə, yaddaş məzmun və funksi­yasına, dövlətçilik qavramına, dünyaduyu­muna malik olmalı deyildilər. Bunun üçün onlar mütləq eyni əlifbadan istifadə etməli idilər. Azərbaycan müstəqilliyini qazanmış türk dövlətləri arasında ən cəsartlisi, türk­çüsü olaraq çevik qaydada latın əlifbasına keçdi. Əksəriyyət üçün adi və aksiom kimi görünən və yalnız Azərbaycanın daxili işi olaraq qəbul edilən bu möhtəşəm addım ortaq yola aparan ilk təşəbbüs idi. 

Məsələ onunla bağlıdır ki, Azərbay­canla Türkiyə arasında digər sahələrdə olduğu kimi elm və təhsildə sürətli mü­badilə prosesi başladı. Keçən əsrin 90-cı illərində bu, kulminasiya nöqtəsinə çatdı. Azərbaycanlılar asanlıqla Türkiyənin təh­sil ocaqlarında oxudular. Eyni zamanda, Türkiyə potensialı yüksək olan azərbay­canlı alimlərdən, mütəxəssislərdən sürətlə yararlanmaq imkanı əldə etdi. Faktdır ki, həmin dövrdə azərbaycanlı alimlər Tür­kiyənin elm və təhsil sahəsində inkişafın, islahatların aparılması üçün ciddi töhfələr verdilər. Hətta Türkiyə rəhbərləri Rusiyada əlləri çatan azərbaycanlı alimləri öz yara­dıcı komandalarına daxil edərək onlardan yararlandılar və bu proses indi də davam edir. 

Azərbaycanla Türkiyənin, demək olar ki, kiçik fərqlərlə eyni əlifbadan istifadə etmələri burada türk məktəblərinin uğur qazanmasına ciddi yardımçı oldu. Minlərlə azərbaycanlı Türkiyə təhsili və eyni qayda­da türkiyəlilər Azərbaycan təhsili ilə tanış oldular. Əlifbanın bu stimullaşdırıcı rolunu unutmaq olmaz! 

Ancaq əlifba məsələsinin başqa maraq­lı töhfələri də vardır. Onların sırasına türk dövlətlərinin inetqrasiyasında ortaq yazı­nın əhəmiyyəti xüsusi yer tutur. Təsadüfi deyildir ki, türk dövlətləri əlaqələri qurmaq üçün başlanğıcdan ortaq “türk dili” və “or­taq əlifba” terminlərini tez-tez işlədirdilər. Ancaq təcrübə göstərdi ki, bu, son dərəcə çətin prosesdir və incəlikləri var. Məsələ­nin bu tərəfini kənara qoyaq və konkret praktiki müstəvidə türklərin əməkdaşlıq prosesinin bir mühüm cəhətini vurğulayaq. 

Naxçıvan –2009: yeni mərhələnin sinerji qaynağı

Bəli, XXI əsrdə ortaq əlifbanın döv­lətlər səviyyəsində rəsmi dəstəklənməsi və konkret proqram çərivəsində mərhələli həlli Azərbaycanın Naxçıvan şəhərində 2009-cu ildə keçirilən Türkdilli Ölkələrin Dövlət Başçılarının IX Zirvə toplantısında imzalanmış "Türkdilli Dövlətlərin Əmək­daşlıq Şurasının yaradılması haqqında Naxçıvan Sazişi"ndən başladı. Bu, müasir dövrdə türk dövlətlərini bir araya gətirmək prosesində bir inqilabi hadisə idi. Onun bir sıra bəndlərinə nəzər salaq. Preambulanın başlanğıcında yazılmışdır: “Dövlət başçı­ları, tarix, dil və mədəniyyət yaxınlığına, dostluq, bərabərlik və qarşılıqlı faydaya əsaslanan, bütün sahələrdə mövcud olan yüksəksəviyyəli əlaqələrin və əməkdaş­lığın əhəmiyyətini qeyd” edirlər və 2-ci bənddə yzılır: “Türkdilli ölkələr arasında ortaq tarix, dil və mədəniyyət yaxınlığın­dan irəli gələn münasibətləri və həmrəyliyi qarşılıqlı maraqlar əsasında davam etdir­mək niyyətlərini ifadə etdilər”.

Sonra müvafiq olaraq 9-cu və 10-cu bəndlər: “Elm, təhsil, mədəniyyət, in­cəsənət, turizm, idman və digər sahələrdə əlaqələrin genişləndirilməsində qarşılıqlı maraqlı olduqlarını təsdiq etdilər, türkdil­li xalqlar arasında mənəvi və humanitar əlaqələrin saxlanılması və möhkəmləndi­rilməsinə tərəfdar olduqlarını bildirdilər”; “Elm təşkilatları və elm xadimləri arasında əlaqələrə, o cümlədən müvafiq sahədəki konkret layihələrə dəstəklərini ifadə etdilər və təhsil sahəsində əməkdaşlığın əhəmiy­yətini bir daha təsdiqlədilər”.

Daha sonra 27-ci və 28-ci bəndlər: “Türkdilli Ölkələrin Dövlət Başçılarının IX Zirvə toplantısında imzalanmış "Türk­dilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan Sazişi" əsasında təsis edilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının türkdilli dövlətlər arasında qarşılıqlı əlaqələrin möhkəm­ləndirilməsində yeni mərhələni müəyyən etdiyini qeyd etdilər”; “Tarixi əlaqələrə söykənən türkdilli dövlətlər arasında möv­cud olan yüksək səviyyəli təmaslar dostluq və mehriban qonşuluq ruhunda həyata ke­çirilir və türkdilli dövlətlərin maraqlarına cavab verir. Tərəflər ümumi mədəni irsin qorunması, gələcək nəsillərə ötürülməsi və beynəlxalq müstəvidə təbliğatı sahəsində sıx əməkdaşlığın inkişafı üçün səy göstərə­cəklərini bildirdilər”.

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Siyasət