Biz burada TÜRKPA-nı təmsil edirik. Səhər Bakıda məntəqələrin açılışını izlədik. Prosesin qaydalar çərçivəsində aparıldığını müşahidə etdik. Sonra da heyətimizlə birgə Qobustana və Şamaxıya gəldik.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Şamaxıda Milli Məclisə keçirilən növbədənkənar seçkiləri izləyən TÜRKPA-nın müşahidəçilər qrupunun üzvü Kılıç Filiz deyib.
88 saylı Şamaxı seçki dairəsinin 7 saylı məntəqəsində seçkiləri müşahidə edən K.Filiz bildirib ki, seçkilər demokratik şəraitdə keçirilir. “Hazırda Şamaxıda seçkiləri müşahidə edirik. Seçicilərin və məntəqə əməkdaşlarının səsvermə prosesindən, onun gedişatından məmnun olduqlarını gördük. Seçkilər şəffaf şəkildə təşkil olunub. Ümumiyyətlə, Şamaxı önəmli bir şəhərdir. Burada “Türk şəhidliyi” abidəsini də ziyarət etdik. Mən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Bu seçkilərin də Azərbaycan xalqına və dövlətinə, Türk dünyasına xeyirli, uğurlu olmasını arzulayıram”, - deyə o əlavə edib.