Regionun tranzit-nəqliyyat potensialının daha da inkişafı, eləcə də Mərkəzi Asiyanın nəqliyyat sisteminin inkişafı üzrə Kompleks Strategiyanın qəbul edilməsi böyük əhəmiyyət kəsb edir.
AZƏRTAC-ın Akordanın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Mərkəzi Asiya dövlət başçılarının VI Məşvərət Görüşündə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, “Şimal-Cənub” nəqliyyat dəhlizi, “Kəmər və Yol” təşəbbüsü kimi layihələrə xüsusi yer verilir ki, bu layihələrə də Mərkəzi Asiyanın bütün ölkələri bu və ya digər dərəcədə cəlb olunub.
“Birgə səylər sayəsində “Qazaxıstan-Türkmənistan-İran” dəmiryolu magistralının potensialı ardıcıl olaraq genişləndirilir. Bu gün bu, Fars körfəzi ölkələrinə ən qısa marşrutdur. Cənubi Asiya bazarlarına çıxış əldə edən Transəfqan dəmiryolunun tikintisini də perspektivli hesab edirik. Qazaxıstan nəqliyyat-tranzit sahəsində genişmiqyaslı daxili işlər aparır. 2030-cu ilə qədər ölkəmiz 11 min km uzunluğunda dəmiryolunu modernləşdirməyi və 5 min km-dən çox uzunluğu olan yeni dəmiryolunu inşa etməyi planlaşdırır”, - deyə dövlət başçısı bildirib.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana