İndi Ermənistan hakimiyyəti digər maneələri aradan qaldırmalıdır
Sülhə aparan yolun qarşısını kəsən əsas maneə Ermənistan konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarını ehtiva edən müddəalardır ki, bunlar tezliklə aradan qaldırılmalıdır. Rəsmi İrəvan regional kommunikasiyalara dair maddənin sülh sazişinin mətnindən qarşılıqlı razılaşma əsasında çıxarıldığı ilə bağlı Bakının bəyanatını təsdiqləyib.
Erməni mediası Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyanın bununla bağlı şərhini yayıb: “Bu razılaşma sayəsində kommunikasiyaların blokdan çıxarılması, suverenlik, yurisdiksiya, qarşılıqlı marağa və bərabərliyə əsaslanan, “Dünyanın kəsişməsi” proqramında əksini tapdığı kimi, Ermənistanın sülh və iqtisadi inkişafa dair baxışının mühüm hissəsi olmaqda davam edir”.
Qeyd edək ki, bundan əvvəl Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi, səfir Elçin Əmirbəyov “Azadlıq” radiosuna müsahibəsində bildirmişdi ki, tərəflər Azərbaycanın qərb hissəsini Naxçıvanla birləşdirən marşrut da daxil olmaqla nəqliyyat kommunikasiyalarına dair maddənin sülh müqaviləsi layihəsindən çıxarılması barədə razılığa gəlib. Onun sözlərinə görə, bu məsələnin sonrakı mərhələdə həlli barədə razılıq əldə olunub: “Söhbət Ermənistan konstitusiyasının Azərbaycanın təzyiqi altında dəyişdirilməsindən deyil, seçicilərin bir suala cavab verməsindən gedir: Siz sülh istəyirsiniz, yoxsa Azərbaycanla yeni qarşıdurma üçün fürsət? Əgər Ermənistan hakimiyyəti sualı bu cür qoyarsa, düşünürəm ki, referendumda iştirak edəcək Ermənistan vətəndaşlarının əksəriyyəti sülhü dəstəkləyəcək”. Onun sözlərinə görə, hazırda danışıqları asanlaşdıran amillərdən biri də odur ki, hər iki tərəf qalan məsələlərdən ən mübahisəli olanını – Azərbaycanın əsas hissəsini onun eksklavı olan Naxçıvanla birləşdirəcək nəqliyyat marşrutlarının təşkili, yəni Zəngəzur dəhlizi məsələsini sülh sazişindən sonrakı mərhələdə həll etməyə razılaşıb.
Bundan başqa, Bakı İrəvana Minsk qrupunun fəaliyyətinə xitam verilməsi barədə ATƏT-ə birgə müraciət göndərmək təklifini də irəli sürüb. Amma Ermənistan hakimiyyəti Azərbaycanın bu təklifinə hələ də cavab verməyib. Doğrudur, 44 günlük müharibə və 23 saatlıq antiterror tədbirindən sonra Bakının tarixin arxivinə göndərdiyi beynəlxalq “həmsədrlər institutunun” tərəfləri sülhə aparan yola təsir imkanları sıfıra bərabərdir.
“Zəngəzur dəhlizi böyük kommunikasiya xətlərinin açılmasının tərkib hissəsidir. Bu layihənin iki vacib xüsusiyyətini qeyd edə bilərik. Birincisi, bu dəhlizdən keçəcək nəqliyyat növləri – dəmir yolu və avtomobil marşrutları ilə bağlıdır. İkinci amil isə onların fəaliyyət rejimidir”. Mövzu ilə əlaqədar “XQ”yə açıqlamasında Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Fərhad Məmmədov diqqəti məsələnin hüquqi tərəfinə yönəltdi: “Birinci məsələ ilə bağlı Azərbaycan təxminən iki il ərzində Ermənistandan tələb edirdi ki, Araz çayı boyunca həm dəmir yolu, həm də avtomobil yolu sərbəst fəaliyyət göstərsin. Həmin ideyanı rəsmi İrəvan özünün “Dünyanın kəsişməsi” layihəsi kimi irəli sürdü. Xəritəyə diqqətlə baxsanız görəcəksiniz ki, ermənilərin layihəsində Araz boyu dediyimiz iki yol nəzərdə tutulub. Yəni, marşrut və nəqliyyat növü ilə bağlı Bakının tələbi İrəvan tərəfindən qəbul edilib.
Burada ən ciddi problem həmin nəqliyyat marşrutlarına nəzarət rejimi üzərindədir. Müqayisə üçün deyək ki, Azərbaycanın Qazax, Tovuz, Kəlbəcər, Laçın, Sədərək rayonlarından Ermənistana yollar var. Amma bunlardan fərqli olaraq, Zəngəzur dəhlizində xüsusi rejimin tətbiqi tələb olunur. Azərbaycanın tələb etdiyi həmin rejimlə bağlı üçtərəfli razılaşma mövcuddur. 2020-ci il 10 noyabr tarixli Bəyanatın 9-cu bəndi və 2021-ci il 10 yanvar tarixli ikinci üçtərəfli Bəyanat yalnız kommunikasiya xətlərinin açılmasını nəzərdə tutur. Rusiya da tərəf kimi hökumətlərarası komissiyanın işçi qrupunda bu işlərlə məşğuldur. Məhz Zəngəzur dəhlizində fəaliyyət rejimi məsələsində ziddiyyətlər mövcuddur”.
Politoloq, əslində, üç ildən çox davam edən ziddiyyətlərin Ermənistanla Rusiya arasında olduğuna diqqəti çəkdi: “Bu problemi İrəvanla Moskva həll etməlidirlər. İndi İrəvanın təklif edəcəyi xüsusi rejimin Bakını qane edib-etməyəcəyi müzakirə mövzusudur. Azərbaycan Prezidenti bəyan edib ki, əgər Zəngəzur dəhlizi olmasa bu istiqamətdə heç bir nəqliyyat-kommunikasiya xətləri açılmayacaq. Məhz son və konkret qərar olmadığına görə, mövzu da donmuş vəziyyətdədir. Məsələnin sülh sazişinin mətnindən çıxarılması onun yüngülləşdirilməsi anlamına gəlir. Azərbaycan tərəfi konstruktivlik nümayiş etdirərək, Zəngəzur dəhlizi mövzusunun sülh sazişi imzalanandan sonrakı mərhələdə müzakirə edilməsini məqbul sayıb. Ermənistan da buna razılığını bildirib”.
Bakının atdığı bu xoşniyyətli addımının qarşılığında rəsmi İrəvan da siyasi iradəsini toplayıb əsas qanunundakı nasist-revanşist müddəaları ləğv etməlidir.
* * *
Bəli, Bakı strateji baxımdan çox düzgün qərar verərək, Zəngəzur dəhlizi probleminin həllini sonrakı mərhələyə transfer etdi. Bununla həm də özünün sülh niyyətli olduğunu həm Ermənistana, həm onun arxasında duranlara, həm də, ümumiyyətlə, bütün dünyaya nümayiş etdirdi. “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi icmalçı Elxan Şahinoğlu da hesab edir ki, Zəngəzur dəhlizi ilə bağlı müzakirələr uzana bilərdi: “Sülh sazişinin mətnində sərhəd danışıqları məsələsi yoxdur. Çünki hər iki tərəf yaxşı anlayır ki, bu da vaxtaparan məsələdir. Ermənistan sərhədlərlə bağlı mövzunun sülh sazişinə salınmasını çox istərdi. Amma, bu, indiki vəziyyətdə mümkün deyil. Gürcüstan Azərbaycanın strateji əməkdaşı olsa da, otuz ildir iki ölkə arasında sərhəd xətti axıra qədər müəyyənləşməyib. Kommunikasiya xətlərinin açılması məsələsi də o cümlədən. Zatən, Ermənistan qəsdən bu məsəni uzadır, Azərbaycan da alternativ marşrutlardan faydalanmaqda davam edir. Yükdaşımaların həcmi də artır. İkinci istiqamət isə Güney Azərbaycandan keçəcək Araz dəhlizi olacaq. İrəvan dəhliz məsələsini uzatdığına görə Bakı bu marşruta yaşıl işıq yandırdı. Buna görə Zəngəzur dəhlizi məsələsinin sülh sazişinin mətnindən çıxarılması doğru qərardır. Bu qərar sülh müqaviləsinin, yaxud çərçivə sazişinin imzalanmasını sürətləndirə bilər”.
E.Şahinoğlu hazırkı durumda sülhə aparan yolda yeganə maneənin qaldığını, onu da Paşinyanın ortadan qaldıracağını bildirdi: “Həmin tək maneə Ermənistan konstitusiyasında Azərbaycana ərazi idiasını ehtiva edən müddəalardır ki, onlar əsas qanundan çıxarılmalıdır. Hesab edirəm ki, bu məsələ həllini tapandan sonra sülh və ya çərçivə sazişi imzalana bilər”.
Bəs, hələ də sülhün dəstəkləyiciləri missiyasına sadiq qaldığını bəyan edən kollektiv Qərb bu məsələdə nə qədər səmimidir? Onun səmimiyyət dozasının barometri kimi okeanın o tayından içi silah-sursatla dolu hərbi təyyarələrin Ermənistana uçmasını göstərə bilərik. Bəlkə hayların “müttəfiqləri” sülhə Ermənistanı cəbbəxanaya çevirməklə nail olmağa çalışırlar? Paşinyan komandası son nəticədə heç bir fayda verməyəcək belə avantürist hərəkətlərə baş vurmaqdansa, Türkiyə və Rusiyanın sülh sazişinin imzalanmasında iştirakından faydalanmaq barədə düşünsə yaxşıdır. Bu variantda sülh onun üçün möhkəm və daha təminatlı olar. İrəvan, nəhayət, Qərbin məkrli planlarına alət olmaqdan çəkinməli, onun silahlandırma siyasətinə uymamalıdır. Axı, onun üçün baxıb ibrət götürməli tarixi reallıq gözünün qabağındadır: Rusiya 30 il sizi silahlandırdı, axırda nəyə nail oldunuz?
İmran BƏDİRXANLI
XQ