Rusiyanın Sərhəd Xidməti 32 ildən sonra İrəvanın “Zvartnots” beynəlxalq hava limanını tərk edir
Erməni mediası bu barədə xəbərləri böyük sevinclə, əsl “qələbə müjdəsi” kimi tirajlamaqdadır. “Zvartnots” aeroportunun sərhəd-keçid məntəqəsinin mühafizəsinin İrəvana təhvil verilməsi haqqında protokolu Rusiya Federal Təhlükəsizlik Xidmətinin Ermənistandakı sərhəd idarəsinin rəisi, general-leytenant Roman Qolubitski və Ermənistan Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarının komandanı Edqar Hunanyan imzalayıblar.
Ermənistan sərhəd qoşunlarındakı yüksək vəzifəli mənbənin jurnalistlərə verdiyi özəl açıqlamasında bildirib ki, proses yaxın vaxtlarda başa çatacaq. Rəsmi şəxs bununla bağlı qərarın nədən qaynaqlandığının səbəblərini açıqlamasa da, onun siyasi xarakter daşıdığını təsdiqləyib.
Qeyd edək ki, Rusiya sərhədçilərinin “Zvartnots” hava limanında yerləşdirilməsi hökumətlərarası razılaşma ilə tənzimlənmir. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları ilə Rusiya Federal Təhlükəsizlik Xidməti arasında imzalanmış sənədə əsasən, Rusiya sərhədçiləri hava limanında xidməti həyata keçirir.
Ermənistan milli təhlükəsizlik xidmətindən mediaya məsələ ilə bağlı heç bir açıqlama verə bilməyəcəkləri deyilib. Rusiya sərhəd qoşunlarının Ermənistan ərazisində statusunu və fəaliyyətini tənzimləyən saziş 1992-ci ildə imzalanıb. Lakin bu müqavilədə sərhədçilərin hava limanındakı xidməti ilə bağlı bənd yoxdur.
Yəni, 32 il bundan əvvəl imzalanmış sazişə əsasən, Rusiya sərhədçiləri Ermənistanın Türkiyə və İranla sərhədlərini, eləcə də “Zvartnots” beynəlxalq hava limanının təhlükəsizliyini qorumaqla məşğul olub.
Oxuculara xagtırladaq ki, bir müddət öncə Ermənistan baş naziri Nikol Paşinyan Rusiya sərhədçilərinin 2024-cü il avqustun 1-də hava limanını tərk edəcəyini bildirmişdi. Deməli, işlər razılıaşdırılmış plana uyğun şəkildə həyata keçirilir.
Protokolda, həmçinin qeyd olunur ki, Ermənistan tərəfi “Zvartnots” hava keçid məntəqəsində sərhəd nəzarətinin təmin edilməsi üzrə uzunmüddətli birgə xidmətə görə Rusiya tərəfinə təşəkkür edir. Bundan başqa, sənəddə yerli hakimiyyətin Rusiya tərəfinə qarşı heç bir şikayətinin olmadığını da öz əksini tapıb.
Ermənistan mediası ölkədən çıxan rus sərhədçilərinə iki istiqamətdə xidmətə göndərilməsi üçün tapşırıq verildiyini yazır. Sərhədçilərin bir hissəsinin Ermənistanın Türkiyə ilə, digər hissəsinin isə İranla sərhəd xətti boyu yerləşdiriləcəyi planlaşdırılır. Xatırladaq ki, İrəvan hələ neçə ay bundan əvvəl “Zvartnots” hava limanına nəzarəti tam ələ almaqdan ötrü Moskvaya rəsmi məktubla müraciət etmişdi. Kreml əvvəlcə bu məsələ ilə razılaşmadığını açıqlasa da, danışıqlar nəticəsində rus hərbçilərinin hava limanını sadəcə Ermənistanın sərhəd zolağında xidməti davam etdirəcəyi təqdirdə tərk etməsi şərtini irəli sürüb. Rusiya sərhədçilərinin beynəlxalq statuslu “Zvartnots” hava limanından tez zamanda çıxmasını istəyən baş nazir Nikol Paşinyanın sonda Kremlin bu şərti ilə razılaşmaq məcburiyyətində qalıb.
İ.HƏSƏNQALA
XQ