Bölgədə sülh prosesinin qarşısını Qərb “şlaqbaumları” da kəsə bilməz
Keçən ilin dekabrında qələmə aldığımız məqalənin sərlövhəsi belə idi: “Bakı sülhə səs verir! Bəs İrəvan?”. O zaman və ondan bir neçə ay əvvəl Ermənistanın rəsmi və qeyri-rəsmi düşərgəsindən səslənən nikbin açıqlamalar, ayrı-ayrı ekspertlərin, sabiq səlahiyyət sahiblərinin bəyanatları kənar müşahidəçidə sülhün, az qala, qapının kandarını kəsdirdiyi qənaətini yaradırdı.
Hətta hayların baş diplomatı Ararat Mirzoyan “sülh sazişi yaxın iki ay ərzində imzalana bilər” kimi optimizmlə yüklənmiş açıqlama da vermişdi. Bu qənaətə gəlməyə ən çox əsas verən amil hər iki tərəfdən Bakı və İrəvan arasında vasitəçisiz sülh dialoqunun tərəfdarlarının getdikcə artması, Ermənistan cəmiyyətinin barışığa hazır olması barədə yayılan xəbərlər idi. “Ermənistan ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsini imzalamağa hazırdır”. İqtidardakı “Vətəndaş sazişi” partiyasının parlamentdəki təmsilçisi Sarkis Xandanyan da bunu əminliklə söyləmişdi.
Bunları oxucuların yadına salmaqda məqsədimiz səkkiz ay bundan əvvəl Ermənistan və Azərbaycan arasında sülhün əldə olunacağı ilə bağlı yaranan ümidlərin sonradan özünü doğrultmamasının səbəblərinə işıq salmaqdır.
Sülhə mane olan niyyətlər
2023-cü ilin dekabrında ABŞ Dövlət Departamentinin rəhbəri Antoni Blinkenin Bakı və İrəvanı Vaşinqtona dəvət etməsi Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında 2024-cü ilin yanvarında Vaşinqtonda keçirilən görüşün arzuedilən sonluqla bitəcəyinə Bakıdan çox İrəvan inanırdı. Amma Ermənistan hakimiyyətində heç də hamı Paşinyanın bu nikbinliyini bölüşmürdü. Məsələn, hökumətin xüsusi tapşırıqlar üzrə səfiri Edmun Marukyan ölkənin ictimai televiziyasına verdiyi müsahibəsində 2023-cü ildə iki ölkə arasında yekun sülh razılaşmasının imzalanmayacağını qəti şəkildə bəyan etdi. Baxmayaraq ki, sülh prosesinin müsbət sonluqla reallaşacağına ümidlər, həqiqətən də, böyük idi.
Yanvar ayında Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ümumi sözlərdən ibarət açıqlamalarla başa çatan Vaşinqton görüşünün ardınca sülh danışıqlarında bir müddət fasilə yarandı. Sonradan məlum olacaq ki, bu “antrakt” İrəvana “üçlər”in aprel görüşünə hazırlıq məqsədi üçün lazım imiş. ABŞ–Brüssel–Ermənistan “üçlük”ünün Belçikanın paytaxtında gerçəkləşən 5 aprel toplantısı Azərbaycana təkcə diplomatik deyil, sonradan məlum olduğu kimi, həm də hərbi xarakterli təzyiq cəhdi idi. Daha doğrusu, ABŞ və Avropa İttifaqı Ermənistana maliyyə və hərbi-texniki yardımı nəzərdə tutan gizli anlaşma ilə kollektiv Qərb Azərbaycana qarşı “vahid cəbhə”dən çıxış edə biləcəyi mesajını vermiş oldu. Artıq bütün kartlar masanın üstünə düzüləndən, ermənipərəst Fransanın ssenari müəllifi olduğu yeni “layihənin” konturları aydın şəkildə görünəndən sonra rəsmi Bakı özünün qəti sözünü deməli idi və dedi: Sülh danışıqlarının Fransanın iştirakı ilə keçiriləcək istənilən platformasından imtina edirik! Azərbaycan iqtidarından qətiyyətli siyasi iradəyə söykənən bu qərarı gözləməyən Vaşinqton dərhal “telefon diplomatiyası”nı işə saldı. Ardınca ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Braynın Bakıya “barışıq” səfəri təşkil edildi. Alt qatında Ermənistana güzəştlərə getmək məqsədinin gizləndiyi bu təmaslarda Bakı özünün siyasi iradəsi ilə yanaşı, Qafqaz xarakterini də göstərmiş oldu. Və sonda Ağ ev rəsmiləri anladılar ki, vasitəçisiz, ikitərəfli sülh prosesinin qarşısını heç nə ilə, hətta cəlbedici Qərb “şlaqbaumları” da kəsə bilməyəcək.
Almatı formatı gündəmdən çıxmayıb
Kollektiv Qərbin Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanması istiqamətində göstərdiyi çeşidli “təşəbbüslərə” qısa nəzər saldıqdan sonra qeyd etməliyik ki, Bakının irəli sürdüyü “Qafqaz evi” ideyası gündəmə gətirildi. Burada, sadəcə, Tiflis platformasını Almatı formatı ilə əvəzləmək zərurəti yarandı. İlk baxışda, ikitərəfli danışıqların məkanı kimi Almatı Moskva üçün də məqbul variant sayılırdı. Fəqət NATO-nun yubiley Sammitinə dəvətdən yararlanan Vaşinqton Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil etsə də, bundan bir nəticə hasil olmadı. Yenə sülhə dəstək vermək, bölgədə əmin-amanlığa nail olmaq barədə ümumi və şablon açıqlamalar... Vəssalam!
Əlbəttə ki, Moskva Qərbin bu jestinə cavab verməli idi. “Rusiya Azərbaycan və Ermənistan nümayəndələri arasında danışıqlarda öz platformasını təqdim etməyə və onlar üçün ən rahat şəraiti yaratmağa hazırdır”. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqində Azərbaycan Prezidenti İlham Əliyevin II Şuşa Qlobal Media Forumunun açılışında Ermənistanla sülh müqaviləsi ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib. Xatırladaq ki, İlham Əliyev həmin forumda sülh sazişinin mətni üzərində danışıqların davam etdiyini, amma indi bununla bağlı daha az nikbin olduğunu vurğulamış və diqqəti Ermənistan baş naziri Nikol Paşinyanın Britaniyada görüşməkdən imtina etməsinə yönəltmişdi.
Moskva formatı ideal olmasa da…
Son olaylara Ermənistan daxilində fərqli yanaşmalar var. Bəzi müstəqil siyasi ekspertlər danışıqların Bakının irəli sürdüyü şərtlər çərçivəsində aparılmasının qaçılmaz olması ilə razılaşırlar. “Görünür, Trampın qələbəsi artıq təmin olunub və bu, Rusiya rəhbərliyinə nəfəs almaq və postsovet məkanında baş verən siyasi proseslərə, xüsusən də, Cənubi Qafqaz reallıqlarına yenidən baxmaq imkanı verir”. Bu sözləri erməni politoloq Qagik Keryan yerli mediaya müsahibəsində deyib. Donald Trampın hakimiyyətə qayıdışı ilə Ukrayna müharibəsini tez bitirəcəyini deyən erməni politoloq bu məqamda Moskvanın Ermənistan və Azərbaycanı Rusiya platformasında danışıqlara dəvət etməsinin təsadüf olmadığına diqqəti çəkir: “Faktiki olaraq, Kreml yenidən sülh danışıqları prosesini öz nəzarətinə götürməyə çalışır. Ermənistan bu təklifə hələlik cavab verməsə də, sonda İrəvan da bununla razılaşmalıdır. Çünki Ukrayna müharibəsi başa çatdıqdan sonra Rusiya regiona qayıtmağa və öz təsirini bərpa etməyə çalışacaq, Azərbaycan onunla əməkdaşlıq edəcək, Gürcüstan da müəyyən dərəcədə Qərbin təsir zonasını tərk edəcək. Bu vəziyyətdə Ermənistan pis duruma düşəcək. Qərbin kağız üzərindəki çağırışlarına, dəstəyinə, qətnamələrinə, maliyyə yardımına ümid etməyin mənası yoxdur”.
Aydındır ki, hazırda Qərb Ermənistanın Rusiyanın təsir zonasına qayıtmasının qarşısını almaq üçün əlindən gələn hər şeyi edir. Bu nöqteyi-nəzərdən yanaşanda sülh danışıqlarının Almatı formatının həmin Qərbin də maraqları ilə üst-üstə düşən tərəfləri yox deyil. Rusiya XİN-in sözçüsü Mariya Zaxarovanın açıqlamasına qayıdaraq onu da qeyd edək ki, Moskva platformasının da hər iki tərəfin maraqlarının kəsişmə nöqtəsinə düşən məqamları var. Burada, ilk növbədə, iqtisadi mənafeyin qorunub saxlanması məsələsi var. Ermənistan istəsə də bu amili nəzərdən qaçıra bilməz.
Son günlər Ermənistan mediasında müzakirə predmetinə çevrilən maraqlı mövzulardan biri də Rusiya və Qərb arasında separat danışıqların getməsi ətrafındadır. Hay blogerlərdən biri yazır: “Belə bir fikir var ki, Qərblə Rusiya arasında Cənubi Qafqazda “bölücü xətlər”in çəkilməsi ilə bağlı razılaşma var. Ehtimal olunur ki, Ermənistan Qərbin təsir zonasına düşüb, amma Putinin strateji planının nədən ibarət olduğunu bildiyimizə görə, təbii ki, buna inanmaq çox çətindir”.
İrəvan seçim qarşısında
Bəli, Azərbaycanın qalib tərəf kimi şərtlərini irəli sürmək ixtiyarı var. Tarix özü bunun əyani sübutlarını ortaya qoyub. Misal üçün, Birinci dünya müharibəsində məhz qaliblərin şərtlərinin yerinə yetirilməsi ilə üç imperiya dağıldı. İkinci dünya müharibəsindən sonra faşizm üzərində qələbə çalan ölkələr Almaniyanı dörd işğal zonasına parçaladılar. ABŞ-yə məğlub olan Yaponiya isə Vaşinqtonun təkidi ilə özünün konstitusiyasını dəyişməyə məcbur oldu. Azərbaycanın Ermənistandan tələbi bu tarixi faktlarla müqayisədə zəif görünə bilər. Sadəcə, qalib Azərbaycanın məğlub Ermənistana qarşı mülayim şərtləri həm mövcud reallığa, həm də beynəlxalq hüquqa tam uyğundur.
Son vaxtlar müxtəlif ölkələrin, yaxud güc mərkəzlərinin təsiri altında Ermənistanın Azərbaycana qarşı təxribat xarakterli hərəkətləri müşahidə olunmaqdadır. İrəvanın bu cür avantüralara rəvac verməsi yeni hərbi toqquşmaya gətirib çıxara bilər. Gizli deyil ki, Ermənistana “daydayılıq” edən “böyük güclər”in istəyi də budur. Amma Ermənistanı intensiv silahlandıran həmin ermənipərəst mərkəzlər bunun fəsadları barədə də düşünməlidirlər. Onların Hayastanın Rusiyanın hərbi texnikasından asılı olmaması barədə mülahizələri isə iz azdırmaqdan başqa heç nə deyil.
Əsas məsələ. Bakı, İrəvandan fərqli olaraq, sülh danışıqlarının nə zaman və harada keçirilməsi barədə qərarını özü qəbul edir. Ermənistan iqtidarı isə bu məsələni Cənubi Qafqazda altniyyətli və təxribatçı məqsədlər güdən, bölgədə idarə olunan xaosun yaranmasına çalışan xaricdəki havadarları ilə məsləhətləşməyə, məhz onların iradəsi ilə hərəkət etməyə məhkumdur. Yazımızın əvvəlindəki sual hələ də aktuallığını saxlayır: Bakı sülhə səs verir! Bəs İrəvan? İndi Paşinyan iqtidarı bu suala birmənalı cavab verməli və seçim etməlidir.
Elxan ŞAHİNOĞLU,
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi analitik
– Azərbaycan sülh danışıqlarında Fransadan başqa istənilən ölkənin moderatorluğunu qəbul etməyə hazırdır. Yetər ki, bu prosesdə irəliləyişə nail olunsun. Təəssüf ki, Ermənistan baş naziri Nikol Paşinyan Londonda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən son anda imtina etdi. Bu imtinanın səbəbi kimi Böyük Britaniyanın Azərbaycanın müttəfiqi olması göstərilsə də, bu, sadəcə, bəhanə idi. Əsas səbəb Paşinyanın İlham Əliyevin sülh paketinə əlavə etdiyi şərtləri yerinə yetirməkdən boyun qaçırmasıdır. Söhbət Ermənistan konstitusiyasından məlum iddiaların çıxarılmasından və ATƏT-in Minsk qrupundan birgə imtinadan gedir. Yəni, o, bu məsələlərin müzakirəsindən qaçmağa çalışır.
İndi rəqiblərindən geri qalmaq istəməyən Moskva da sülh danışıqlarında moderatorluq etmək təklifi ilə çıxış edib. Aydın məsələdir ki, Cənubi Qafqazda maraqları olan Rusiya əvvəlki kimi tərəflər arasında moderatorluğunu bərpa etmək istəyir. Azərbaycan prinsip etibarı ilə, bunun əleyhinə olmasa da, Ermənistan Kremlin təşəbbüsünü qəbul etmir. Bundan ötrü Nikol Paşinyanın Rusiyaya gedəcəyini güman etmirəm. İrəvan bununla həm də sülh danışıqlarından yayınmağa çalışır. Amma gec ya tez İrəvan Azərbaycanın dediyimiz iki tələbini yerinə yetirməyə məcbur olacaq. Çünki biz qalib tərəfik.
Bu gün Paşinyanın arxasında duran güclər anlamalıdırlar ki, əgər ortada sülh sazişi yoxdursa, onların bölgədə yeritdiyi militarist siyasəti Ermənistanın özünə qarşı çevrilə bilər. Hayastan baş naziri etiraf etmişdi ki, orduya tam nəzarət edə bilmir və yeni silahlar ordudakı həmin “beşinci kolon”un əlinə keçə bilər. Bu ilin fevral ayında şərti sərhəddə baş vermis silahlı insident təhlükənin reallığından xəbər verir. Bu təhlükəni Rusiyadan savayı, Avropa İttifaqı, ABŞ də görməlidir.
Sülh danışıqlarının Moskva formatına gəldikdə isə Azərbaycan bu təşəbbüsə öz mövqeyini bildirib. İndi Kreml İrəvanla dil tapmalıdır. Əgər İrəvan buna razılıq verməsə, deməli, görüş baş tutmayacaq.
İmran BƏDİRXANLI
XQ