Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxışı zamanı səsləndirdiyi fikirlər, dünyanın müxtəlif ölkələrində jurnalistlərin, beynəlxalq ekspert və politoloqların suallarına verdiyi ətraflı cavablar dünya mediasının diqqət mərkəzində olub.
AZƏRTAC xəbər verir ki, Türkiyənin aparıcı media orqanları dövlətimizin başçısının fikirlərinə geniş yer ayırıb.
“TRT Haber”, “Akit”, “Star”, “Aydınlık” portalları yazıb ki, Prezident İlham Əliyev Ersin Tatarın Şuşa Zirvə toplantısında iştirakının Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyinə doğru atılan önəmli bir addım olduğunu bildirib. Deyib ki, biz hər zaman kiprli qardaşlarımızla birlikdə olacağıq.
Anadolu Agentliyi, “Haberler” saytı isə Azərbaycan Prezidentinin İsrail-Fələstin münaqişəsi ilə bağlı fikirlərinə diqqət çəkib. Qeyd olunub ki, Azərbaycanın dövlət başçısı Yaxın Şərqdə sülhün təmin edilməsi baxımından iki dövlətli həll yolunun yeganə çıxış yolu olduğunu diqqətə çatdırıb. Vurğulayıb ki, Fələstin dövlət qurmalı və Şərqi Qüds onun paytaxtı olmalıdır.
“Akşam” portalı, “TRT Avaz” kanalının saytı isə dövlətimizin başçısının “Türk Dövlətləri Təşkilatını dünya miqyasında güc mərkəzinə çevirməliyik” fikrini oxucuların diqqətinə çatdırıb. Qardaş ölkənin digər mətbuat orqanları da Azərbaycan Prezidentinin fikirlərini geniş oxucu kütləsinə təqdim edib.
Rusiya mediası da Azərbaycan Prezidentinin Forumdakı fikirlərini diqqət mərkəzində saxlayıb.
TASS, “İnterfax” agentlikləri, “Vestikavkaza”, “Aif”, “Ren.tv”, “News.ru” və digər mətbu orqanlarında dərc olunan informasiyalarda dövlətimizin başçısının müxtəlif mövzularla bağlı fikirləri təqdim olunub.
TASS agentliyi Azərbaycan Prezidentinin Avropaya qaz təchizatı ilə bağlı bu fikrini sitat olaraq gətirib: “Bu gün Avropanın bizim qaza böyük ehtiyacı var. Mən nəyə görə dedim ki, gəlin riyakarlığa son qoyaq?! Bir tərəfdən Avropa bizdən xahiş edir ki, hasilatı artıraq və onu Avropaya nəql edək. Çünki onların buna ciddi ehtiyacı var. Digər tərəfdən, onlar bunu maliyyələşdirmirlər”.
Agentlik dövlətimizin başçısının Rusiya Prezidenti ilə görüşləri, həmçinin ABŞ-da keçiriləcək prezident seçkilərinə dair fikirlərini də oxucularına çatdırıb.
“İnterfax” isə yazır ki, Prezident İlham Əliyev Rusiya ilə münasibətlərə dair fikirlərini belə ifadə edib: “İkitərəfli münasibətlərdə həll oluna bilməyən məsələ mövcud deyil və uzun müddətdir ki, belədir. Düşünürəm ki, hətta müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamədən əvvəl də belə idi. Prinsip etibarilə biz bütün məsələləri qarşılıqlı anlaşma, qarşılıqlı hörmət, qarşılıqlı maraqlar və xalqlarımızın münasibətlərinin çoxəsrlik tarixi nəzərə alınmaqla nizamlamışıq”.
“Vestikavkaza”da dərc olunan materialda isə dövlətimizin başçısına istinadla qeyd edilir: “Cənubi Qafqaz ölkələrinin hər birində çox ciddi siyasi və xarici siyasi transformasiyalar baş vermişdir və baş verməkdədir. Hətta deyərdim ki, kəskin dəyişikliklərə yaxın transformasiyalar baş vermişdir və bu da Cənubi Qafqazda yeni vəziyyətin üzə çıxması deməkdir və biz bunu dərindən başa düşməliyik. Əlbəttə, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası, - bu, ötən ilin sentyabrında baş verdi, - ən mühüm hadisədir”.
“News.ru” portalı isə yazır ki, Azərbaycanın dövlət başçısı Ermənistanın baş naziri Nikol Paşinyanın Britaniyada Cənubi Qafqazda böhranın həlli üzrə danışıqlardan imtina etməsinin sülh sazişinin imzalanmasının mümkünlüyünə zərbə vurduğunu bildirib.
Qırğızıstanın “turktoday.info” informasiya agentliyi də Qlobal Media Forumundan yazıb.
Agentlik Azərbaycanın dövlət başçısının Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatarın bu yaxınlarda Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirakı ilə bağlı fikirlərinə xüsusi diqqət çəkib.
Azərbaycan Prezidentinin Kipr türklərinə dəstək bəyanatının Türkiyə Silahlı Qüvvələrinin Kiprdə sülhün təmin edilməsi üzrə əməliyyatının başlanmasının 50-ci ildönümündə səsləndirildiyi vurğulanıb.
Dövlətimizin başçısının Türk Dövlətləri Təşkilatının inkişaf perspektivləri ilə bağlı fikirləri də yüksək qiymətləndirilib. Yaxın Şərqdəki vəziyyətə, xüsusilə Fələstin dövlətinə münasibətdə Azərbaycan liderinin sözlərinə xüsusi diqqət yetirilib.
Bundan əlavə, qeyd olunub ki, Prezident, həmçinin Pakistan mediasında da hər zaman qardaş dəstəyi gördüyünü vurğulayıb.
Prezident İlham Əliyevin “Biz istəyirik ki, Azərbaycanda keçiriləcək COP29 həmrəylik tədbiri olsun” fikri də qırğız oxucuların diqqətinə çatdırılıb.
Şuşa Forumu Gürcüstan portalları tərəfindən də geniş işıqlandırılıb. Bu ölkənin “interpress.ge”, “aktual.ge”, “realnews.ge” informasiya portalları, “1tv.ge” televiziya kanalı Azərbaycan Prezidentinin dünyanın müxtəlif ölkələrindən gəlmiş jurnalistlərin suallarını cavablandırdığını qeyd edib.
Əsasən AZƏRTAC-a istinadla yayılan xəbərlərdə dövlətimizin başçısının xüsusilə Cənubi Qafqaz regionunun inkişafı, sülh prosesi, Azərbaycanla bağlı həqiqətlərin düzgün, qərəzsiz işıqlandırılmasının vacibliyi barədə fikirləri əksini tapıb.
“Aktual.ge” portalı dövlətimizin başçısının bu fikrini sitat gətirib: “Biz heç bir zaman nə işğalı, nə fəsadları, nə verdiyimiz qurbanları, nə böyük Qələbəmizi unutmayacağıq. Biz və bizim gələcək nəsillərimiz bu Qələbə ilə fəxr edəcək”.
Özbəkistanın milli xəbər agentliyində (UZA) dərc olunan “Dünya mediası Azərbaycanda dezinformasiyaya qarşı mübarizə məsələlərini müzakirə edir” sərlövhəli materialda Şuşada keçirilən 2-ci Qlobal Media Forumunda 50-dən çox ölkədən media nümayəndələrinin iştirak etdikləri bildirilib. Vurğulanıb ki, Azərbaycan Prezidenti çıxışında süni intellekt məsələsinə toxunub, bəzi ölkələrin süni intellekt tərəfindən manipulyasiyaya məruz qala biləcəyini söyləyib. Onun bir tərəfdən müxtəlif sahələrdə işləri asanlaşdırdığını, lakin, eyni zamanda, bir sıra şəxsləri qurbana çevirə biləcəyini diqqətə çatdırıb. Qeyd edilib ki, Prezident İlham Əliyev bunun çox ciddi təhdid olduğunu deyib, buna son qoyulması üçün beynəlxalq səviyyədə, BMT səviyyəsində, yaxud da “Böyük 20”lik tərəfindən təşəbbüslər irəli sürülə biləcəyini vurğulayıb.
“Bəzən biz təəccüblənirik ki, Azərbaycan haqqında beynəlxalq mediada yayılan məlumatlar həqiqətə uyğun olmur - yəni, faktların manipulyasiyası, yanlış narrativlər. Biz uzun illər ərzində bunun qurbanı olmuşuq, əlbəttə ki, onlardan biri Ermənistan və Azərbaycan arasındakı münaqişə idi və bütün erməni diasporunun səfərbər olması idi. Ermənipərəst siyasətçilər, media nümayəndələri Azərbaycana qarşı hücum edirdilər, Azərbaycan haqqında yanlış narrativlər yayırdılar və Azərbaycanı reallıqdan çox uzaq olan bir şəkildə təqdim edirdilər”. Dövlətimizin başçısının bu fikirləri isə Qazaxıstanın “Kazinform” agentliyində Şuşa Forumu ilə bağlı dərc olunan məqalədə yer alıb. Yazıda Prezident İlham Əliyevin Azərbaycanın Qlobal Şimal ilə Qlobal Cənub arasında körpülər qurması, Qoşulmama Hərəkatına sədrliyi, eyni zamanda, ölkəmizin ABŞ-la münasibətlərinə dair fikirlər geniş oxucu kütləsinə təqdim olunub.
Qeyd edək ki, dünya mediası “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumundan yazmaqda davam edir.