Milli intibahdan dövlət müstəqilliyinə gedən yol
Müasir Azərbaycanın taleyində tarixi dönüş mərhələsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. 55 ildir ki, Azərbaycan dünya miqyasında ulu öndər Heydər Əliyev kimi nəhəng şəxsiyyətin qəlbinin işığında, iradəsinin möhkəmliyində, Vətən sevgisində qəbul edilir və örnək bir məmləkətə çevrilir. O, xalqını qorumaq üçün Tanrının göndərdiyi bir elçi idi.
1969-cu il iyul ayının 14-də respublikanın rəhbərliyinə gələn Heydər Əliyev Azərbaycanın Sovetlər İttifaqı kimi nəhəng bir imperiyanın tərkibində olmasına baxmayaraq, böyük uzaqgörənliklə gələcəyə hesablanmış bir sıra mühüm və zəruri addımlar atmağa nail ola bildi. O, Azərbaycanın tərəqqisi və inkişafı baxımından müstəsna xidmətlər göstədi. Hər şeydən əvvəl, kadrların düzgün seçilib yerləşdirilməsinə, onlara qarşı tələbkarlığın artırılmasına, dövlət və əmək intizamının möhkəmləndirilməsinə, idarəçilik sisteminin təkmilləşdirilməsinə diqqət göstərdi. Təsəvvür edin, Sovetlər İttifaqında korrupsiya və rüşvətxorluğa qarşı mübarizə ilk dəfə olaraq Azərbaycanda, məhz Heydər Əliyevin rəhbərliyi ilə başlandı.
Ulu öndərin fəaliyyətinin əhəmiyyətli bir hissəsi Dövlət Təhlükəsizlik Komitəsi ilə bağlıdır. Bu illərdə o, şərəfli xidmət yolu keçərək DTK sədri vəzifəsinə, general-mayor rütbəsinə qədər yüksəlmişdi. DTK-da çalışdığı dövrdə o, bu sistemdə milli kadrların sayının artmasına köməklik göstərmiş, həmçinin, Azərbaycanın bir çox elm və mədəniyyət xadimlərini-- Bəxtiyar Vahabzadəni, Ziya Bünyadovu, İsa Hüseynovu, Mayestro Niyazini və başqa görkəmli şəxsiyyətləri sovet təhlükəsizlik sisteminin cəzasından xilas etmişdi.
Paralel olaraq, iqtisadi sahədə çox mühüm uğurlara imza atıldı, böyük nailiyyətlər əldə eidildi. Statistikaya ötəri nəzər salaq: Ulu öndərin respublika rəhbərliyinə gəlməsi ilə Azərbaycan qısa zaman kəsiyində iqtisadi baxımdan özünü təmin etməyə başladı, ölkədə adambaşına düşən ümumdaxili məhsul istehsalında 2,5, sənaye istehsalında 3, kənd təsərrüfatı məhsullarında isə 2 dəfə artım əldə olundu. Onun rəhbərlik etdiyi 1969-cu ildən 1982-ci ilə qədərki dövrdə respublikada 250 zavod, fabrik və sex tikildi. Azərbaycan həmin illərdə iqtisadi sahədə əldə etdiyi bu uğurlara görə 12 dəfə ümumittifaq yarışının qalibi oldu, Lenin ordeni ilə təltif edildi.
Umummilli iderin Azərbaycana rəhbərlik etdiyi birinci dövrü sosial həyat sahəsində böyük nailliyyətlərlə əlamətdar oldu. Belə ki, 630 min iş yeri açıldı, 20 min kvadrat kilometr ərazidə Əhmədli, Yeni Əhmədli, Günəşli, Batamdar, Hövsan kimi yaşayış massivləri salındı, 2 milyondan artıq vətəndaşın mənzil problemi öz həllini tapdı. 101 min məktəbəqədər, 1058 ümumtəhsil müəssisəsi tikilib istifadəyə verildi. Heydər Əliyev Sovet Azərbaycanına rəhbərliyi dövründə 15 mindən artıq azərbaycanlı gəncin keçmiş SSRİ-nin müxtəlif şəhərlərində yerləşən 170-dən çox ali məktəbdə təhsil almasına, respublikamızın xalq təsərrüfatı, elm, təhsil və mədəniyyətinin 80-dən artıq sahəsini əhatə edən 250-dən çox ixtisas üzrə yüksək ixtisaslı mütəxəssislər kimi hazırlanmasına nail oldu.
Ulu öndər respublika rəhbərliyinə gələndən bir neçə il sonra o vaxt Sovetlər İttifaqı üçün gözlənilməz olan daha bir təşəbbüsə imza atdı. Heydər Əliyev böyük əzmkarlıqla 1972-ci ildə Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Liseyin əsasının qoyulmasına və azərbaycanlı gənclərin həm bu məktəbdə, həm də SSRİ-nin digər hərbi təhsil müəssisələrində oxumalarına nail oldu və böyük bir yolun başlanğıcını qoydu. Bu illər ərzində yetişən azərbaycanlı hərbi kadrlar 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının yenidən baş qaldırdığı bir vaxtda silaha sarılaraq Vətənin müdafiəsinə qalxdılar. Onlar müstəqil Azərbaycanın Silahlı Qüvvələrinin formalaşmasında və torpaqlarımızın müdafiəsində müstəsna rol oynadılar.
1993-cü ildə ulu öndərin ikinci dəfə Azərbaycan rəhbərliyinə gəlişi isə milli dövlətçiliyimizi təhlükədən xilas etdi. Həmin ilin iyununda Azərbaycan hakimiyyət böhranı ilə üz-üzə qalmışdı. Azərbaycanın müstəqilliyini istəməyən xarici güclərin dəstək verdiyi silahlı birləşmələr və onların müdafiəsinə qalxan bəzi siyasi qurumlar hakimiyyətin zəifliyindən istifadə edib ölkəni xaosa sürükləyirdilər. Belə bir çətin şəraitdə xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev antiazərbaycan qüvvələrin planlarını alt-üst edərək ölkəni böyük bir uçurumdan qorudu.
Ulu öndər müstəqil Azərbaycanın idarəçilik sükanı arxasına keçərək sabitliyin, sosial-iqtisadi inkişafın və tərəqqinin qarantına çevrildi. 1994-cü ilin oktyabr, 1995-ci ilin mart aylarında dövlət çevrilişinin qarşısı alındı, dövlətçiliyimiz təhlükədən xilas edildi.
Azərbaycanın ağır günlər yaşadığı bir vaxtda yenidən hakimiyyətə gələn və dövlət müstəqilliyimizin dayanıqlılığına nail olmaq üçün səylərini ilk növbədə ölkə daxilində siyasi sabitliyin bərqərar olmasına yönəldən Ulu öndər, paralel olaraq, strateji əhəmiyyət daşıyan bir sıra iqtisadi layihələrin gerçəkləşməsinə də öz töhfəsini verdi. Bu layihələrdən ən mötəbəri isə 1994-cü il sentyabrın 20-də Bakıda imzalanan, “Əsrin müqaviləsi” oldu. Ulu öndərin dəmir iradəsi, siyasi nüfuzu sayəsində nəhayət, 20-ci əsrin ən böyük neft müqaviləsi imzalandı və Azərbaycanın müstəqilliyinin qarantına çevrilən bir layihə gerçəkləşdi.
Azərbaycanın qarşısında uzun və maneəsiz inkişaf yolu açıldı. Bu inkişaf qısa zaman kəsiyində bütün istiqamətlərdə özünü göstərdi. Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının və ölkənin enerji təhlükəsizliyinin möhkəm təməli qoyuldu. Azərbaycan MDB məkanında Qərbin iri neft şirkətləri ilə böyük miqyasda saziş imzalayan ilk dövlət olmaqla, Xəzər dənizində beynəlxalq əməkdaşlığın əsasını da yaratdı.
Bundan əlavə, Azərbaycan qazının qərb bazarına ixracının təmin olunması baxımından ulu öndərin şəxsi təşəbbüsü ilə Bakı-Tbilisi-Ərzurum qaz kəməri istismara verildi. Beləliklə, Azərbaycan həm neft, həm də təbii qaz satışı bazarında özünə xüsusi yer tutdu. Zaman keçdikcə dövlətimiz Avropanın enerji təhlükəsizliyində əsas rol oynamağa başladı. Bu isə Azərbaycanın söz sahibi olan bir dövlət kimi böyük nüfuz qazanması deməkdir. Beynəlxalq imicə, yüksək nüfuza malik dövlətimiz bu gün dünyanın aparıcı dövlətlərindən biri, regionun söz sahibi olan ölkələrindəndir.
Ümummilli liderin hakimiyyəti dövründə Azərbaycanda senzura ləğv edildi, azad mətbuatın inkişafı təmin olundu, xaricdə diaspor təşkilatları yaradıldı, informasiya blokadası yarıldı və Azərbaycanın haqq səsinin dünyaya çatdırılması prosesi başlandı.
Ümumiyyətlə, Azərbaycanın inkişaf tarixinin son 55 ilinə nəzər salsaq, gələcəyə istiqamətlənmiş, dayanıqlı inkişafı təmin edən və cəmiyyətin hər bir üzvünün rifahına xidmət göstərən müdrik və uzaqgörən siyasətin nəticələrini görərik. Bütün bunlar Ulu öndər Heydər Əliyevin Vətən üçün sonsuz xidmətləri hesabına başa gəlib. O, öncə vətənpərvər, ölkəsini sevən bir insan, sonra isə böyük dövlət xadimi idi. Təsadüfi deyil ki, 2001-ci il Dünya Azərbaycanlılarının Birinci Qurultayında Heydər Əliyevin söylədiyi tarixi ifadə kiçikdən–böyüyə qədər hər bir azərbaycanlının dilində əzbərə çevrilib: “Mən həmişə fəxr etmişəm və indi də fəxr edirəm ki, mən azərbaycanlıyam”. Ölkəmizdə yaşlı və orta nəslin nümayəndələri də fəxr edirlər ki, Heydər Əliyev kimi dünya şöhrətli siyasət və dövlət xadiminin, çağdaş Azərbaycanın qurucusunun müsirləri olublar.
İstər Vətəndə, istərsə də qürbətdə yaşayan bütün dünya azərbaycanlıları da qürur duyurlar, fəxr edirlər ki, onların Azərbaycan kimi Vətəni, Heydər Əliyev kimi soydaşı, ümummilli lideri var. Biz hər birimiz onun əmanəti olan müstəqil, güclü, qüdrətli Azərbaycanın övladlarıyıq. Azərbaycanın təməli dahi şəxsiyyət tərəfindən qoyulan iqtisadi, siyasi, sosial və mədəni inkişaf xəttini bu gün Prezident İlham Əliyev uğurla davam etdirir. Uğurlu inkişaf modelinə uyğun olaraq, Azərbaycanın dünyanın qabaqcıl, aparıcı dövlətləri sırasında tutduğu mövqe hər il daha da möhkəmlənir.
Mədət MƏMMƏDOV,
Azərbaycan Jurnalistlərinin Həmrəyliyi
Komitəsi İctimai Birliyinin sədri