COP29 ilə əlaqədar Təşkilat Komitəsinin beşinci iclası keçirilib

post-img

İyulun 8-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar Təşkilat Komitəsinin beşinci iclası keçirilib.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, Təşkilat Komitəsinin sədri Samir Nuriyev COP29-a hazırlıq prosesinin Prezident İlham Əliyevin daimi nəzarəti altında olduğunu qeyd edib.

Samir Nuriyev bildirib ki, Prezident İlham Əliyev iyulun 4-də keçirilmiş “Şanxay Əməkdaşlıq Təşkilatı plyus” formatında tədbirdə və iyulun 6-da Şuşada təşkil edilmiş Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə Azərbaycanın COP29 zamanı inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq və konsensusa nail olmaq üçün səylərini əsirgəməyəcəyini vurğulayıb. Təşkilat Komitəsinin sədri əlavə edib ki, Şuşa Zirvə görüşündə qəbul olunmuş “Qarabağ Bəyannaməsi”ndə qardaş türk dövlətləri COP29-da real nəticələrin əldə edilməsi istiqamətində Azərbaycanın ardıcıl səylərini dəstəkləyiblər.

Samir Nuriyev Prezident İlham Əliyevin Liderlər Sammitinə dəvətinə cavab olaraq tədbirdə iştirak edəcək dövlət və hökumət başçılarının sayının artdığını bildirib. O, Sammitə böyük marağın ölkəmizə hörmətin, Azərbaycanın nəhəng beynəlxalq tədbirləri yüksək səviyyədə təşkil etmək qabiliyyətinə inamın və yaşıl keçidlə bağlı qəti siyasi iradəsinə etimadın göstəricisi olduğunu vurğulayıb.

Prezident Administrasiyasının rəhbəri bildirib ki, Azərbaycan Hökuməti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Katibliyi arasında imzalanacaq “Ev Sahibi Ölkə” Sazişinin yekun mətni müvafiq dövlət qurumlarının rəyləri nəzərə alınmaqla yaxın zamanlarda hazır olacaq.

Təşkilat Komitəsinin sədri 2024-cü il iyunun 3-13-də keçirilmiş Bonn iqlim konfransından sonra Azərbaycanın COP29 sədrliyinin aktiv mərhələsinə qədəm qoyduğunu qeyd edib.

Azərbaycanın COP29 prioritetləri barədə danışan Samir Nuriyev müxtəlif dövlət qurumlarının təklifləri əsasında, eləcə də BMT və digər beynəlxalq qurumlarla intensiv müzakirələr nəticəsində 14 təşəbbüsdən ibarət ilkin təkliflər siyahısının hazırlandığını bildirib.

Samir Nuriyev qeyd edib ki, artıq BMT ilə razılaşdırmaqla COP29-un tematik günlərinin bölgüsü aparılıb.

Azərbaycanın iqlim dəyişmələrinə qarşı mübarizədə dövlətlərlə yanaşı, qeyri-hökumət təşkilatları, beyin mərkəzləri ilə də əməkdaşlığa açıq olmasına toxunan Samir Nuriyev vurğulayıb ki, bir sıra nüfuzlu əcnəbi şəxslərdən ibarət COP29 Beynəlxalq Məşvərət Komitəsinin yaradılması istiqamətində işlər yekunlaşmaqdadır.

Sonra ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev çıxış edərək, COP29-la bağlı ümumi gedişat, Bonn iqlim konfransının nəticələri, COP29 komandasının xarici səfərləri barədə məlumat verib.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov COP29-a hazırlıq çərçivəsində təşkilati-logistika sahəsində aparılan fəaliyyət, o cümlədən Bakı Olimpiya Stadionunda infrastrukturun qurulması üzrə başlanmış işlər barədə məlumat verib.

Xarici işlər naziri Ceyhun Bayramov ümumi substantiv məsələlər, Bonn iqlim konfransında yeni iqlim maliyyəsi hədəfi üzrə aparılmış danışıqlar, COP29 Sədrliyinin Fəaliyyət Gündəliyi, təşəbbüslər barədə çıxış edib.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev kommunikasiya məsələləri, o cümlədən xarici media ilə aparılan işlər barədə danışıb.

İnsan hüquqları üzrə müvəkkil (ombudsman) Səbinə Əliyeva COP29 üzrə həyata keçirilmiş fəaliyyət və nəzərdə tutulan tədbirlər barədə məlumat verib.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov yanğın və texniki təhlükəsizlik sahəsində görülən tədbirlər barədə çıxış edib.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov paytaxtın COP29-a hazırlığı barədə danışıb.

Qida Təhlükəsizliyi Agentliyi sədrinin müavini Zəkiyyə Mustafayeva ictimai iaşə xidmətlərinin təşkili və bu istiqamətdə həyata keçirilən nəzarət tədbirləri barədə çıxış edib.

“DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Nigar Məmmədova DOST İnklüziv xətti ilə COP29-la bağlı görülən işlər barədə danışıb.

İclasın sonunda COP29 Tədbirlər Planının icrası və digər aidiyyəti məsələlər üzrə tapşırıqlar verilib.

Siyasət