Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlər xarici müdaxilə cəhdlərinə birgə müqavimət göstərməlidirlər. Bunu Çin Sədri Si Cinpin iyulun 4-də Astanada ŞƏT-n sammitində bəyan edib. Məlumatı “İzvestiya.ru” yayıb.
“Biz kənar müdaxilələrə qarşı əl-ələ verməliyik və bir-birimizə güclü dəstək göstərməliyik”, - deyə o, bildirib.
O, həmçinin xarici müdaxilə və parçalanma kimi problemlər qarşısında qüvvələri birləşdirərək həmrəylik nümayiş etdirməyin zəruriliyindən danışıb.
Çin Xalq Respublikasının sədri ŞƏT-in tarixin və ədalətin doğru tərəfində olduğunu vurğulayıb. O, əlavə edib ki, təşkilat sülh üçün həyati əhəmiyyət kəsb edir.
Həmin gün Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, ŞƏT sammitində Rusiya Prezidenti Vladimir Putinin təklif etdiyi yenilənmiş Avrasiya təhlükəsizlik sisteminin yaradılması ideyasının müzakirəsi planlaşdırılır.
İyunun 14-də Putin Rusiya Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə görüşü zamanı Avrasiyada xarici qüvvələr olmadan yeni təhlükəsizlik sisteminin yaradılmasını təklif edib. Onun sözlərinə görə, Avrasiyanın dövlətləri və regional strukturları müstəqil şəkildə “sabitlik və inkişafın ümumi məqsədlərinə nail olmağa xidmət edəcək” iş mexanizmləri, institutlar və sazişlər sistemlərini müstəqil şəkildə qurmalıdırlar.
P.ƏMİRCANOV
XQ