Azərbaycanın və Şimali Kiprin qanunverici orqanları arasında əlaqələr müzakirə edilib

post-img

Milli Məclisin sədri Sahibə Qafarova Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) 13-cü Plenar iclasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Zorlu Töre ilə görüşüb.

Azərbaycan parlamentinin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə plenar iclasın yüksək səviyyədə təşkil olmasından məmnunluq ifadə edilib. Qeyd olunub ki, TÜRKPA qanunvericilik orqanlarımız arasında əməkdaşlığın daha da genişləndirilməsi və yeni istiqamətlər üzrə zənginləşdirilməsi baxımından əhəmiyyətli platformadır. Sahibə Qafarova Azərbaycanın bu təşkilata sədrlik edəcəyi qarşıdakı dövrdə parlamentlərarası münasibətlərimizin daha da möhkəmləndirilməsi istiqamətində bütün zəruri addımların atılacağını söyləyib.

Söhbət zamanı Prezident İlham Əliyevin iyunun 6-da TÜRKPA-nın nümayəndə heyətini qəbul edərkən səsləndirdiyi çox mühüm fikirlərə diqqət çəkilərək, Azərbaycanın dövlət başçısının rəhbərliyi ilə Türk dünyasının gücləndirilməsi, ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələrinin daha da inkişafı istiqamətində gördüyü işlərin önəmi qeyd edilib.

Görüşdə 2023-cü ilin oktyabrında Bakıda “Şimali Kipr Türk Cümhuriyyəti Mədəniyyət və Təqdimat Günləri"nin keçirilməsi, bu çərçivədə Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarın Azərbaycana səfəri və Prezident İlham Əliyevlə görüşü məmnunluqla xatırlanıb.

Söhbət zamanı qanunverici orqanlar arasında əlaqələrlə bağlı fikir mübadiləsi aparılıb. Zorlu Töre bu ilin aprelində Milli Məclisdə Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupunun yaradılmasına görə təşəkkürünü ifadə edərək, deyib ki, Azərbaycanın bu addımı Şimali Kiprdə yüksək minnətdarlıqla qarşılanıb.

Görüşdə, həmçinin dostluq qrupları və deputatlar arasında təmasların artırılması, qarşılıqlı səfərlərin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Siyasət