28 may təqvimin sıradan bir günü deyil, azadlıq arzusuyla yaşayan bir xalqın müstəqilliyinin dünyaya rəsmi bəyanı idi.
Uzun müddət işğal həyatı yaşayan xalqımızın azadlıq istəyi nəhayət ki, reallaşdı. 1918-ci il may ayının 28-də bir qrup mütərəqqi aydınlarımızın təmsil olunduğu Azərbaycan Milli Şurası "İstiqlaliyyət Bəyannaməsi" ilə Azərbaycan Demokratik Cümhuriyyətinin yarandığını bildirməklə müsəlman dünyasında ilkə imza atdılar və bu fədakarlığa görə xalqımızın müqəddəslik simvoluna çevrildilər.
İlkin olaraq dünyəvi cümhuriyyətimizin parlamenti yaradıldı, dövlət atributları təsis olundu, dövlət quruculuğu prosesində mütərəqqi tədbirlər həyata keçirildi. Cümhuriyyətimizin beynəlxalq aləmdə tanınması, milli maraqlarımızın qorunması ilə müşayiət olunan xarici siyasətin qurulması istiqamətində mühüm addımlar atıldı.
Xalq Cümhuriyyətinin yaradılması ilk növbədə milli və siyasi iradəmizin, azadlıq istəyimizin nəticəsi idi. Öz müqəddəratını təyin etməyə qadir olan xalqımız mütərəqqi insanlarımızın liderliyi ilə 28 mayda istiqlalımızın rəmzi olan üçrəngli bayrağımızı qaldırmaqla azadlığımızı dünyaya ifadə etdilər. Lakin təəssüf olsun ki, bu ümumxalq xoşbəxtliyi cəmi iki il çəkdi. Yurdumuzun bəzəyinə çevrilmiş, Cəfər Cabbarlı demişkən, ulduzlardan, hilaldan da yüksəklərdə dalğalanan müqəddəs bayrağımızı seyr etməyə, oxşamağa imkan vermədilər.
Bayrağımız xaincəsinə süngü ilə endirildi, istiqbalımız əlimizdən alındı. Bütün bunlar azmış kimi, xalqımızın milli düşüncəsinə divan tutuldu, qətllər, repressiyalar, sürgünlər başladı. Amma bütün bu basqılarla, qətllərlə şər qüvvələr azadlığımızı əlimizdən alsa da, onun sevgisini qəlbimizdən çıxara bilmədi.
Uzun işğal həyatı yaşayan Azərbaycan nəhayət ki, ötən əsrin sonlarında yenidən tarixi xoşbəxtliyinə qovuşdu. Xalqımızın əvəzsiz övladı Heydər Əliyevin birbaşa rəhbərliyi ilə mübarək bayrağımız AXC-nin süqutundan sonra ilk dəfə olaraq rəsmi şəkildə Naxçıvanda yenidən başımız üzərində dalğalandı.
Daha sonrakı illərdə Azərbaycan övladının qanı-canı hesabına ikinci dəfə müstəqilliyinə nail oldu. Lakin müstəqilliyini bərpa etdikdən sonra xalqımız azadlığın sevincini yaşamamış yenidən onu itirmək təhlükəsi ilə üz-üzə qaldı. Bir tərəfdən Ermənistanın ölkəmizə qarşı ərazi iddialarının başlaması və elan olunmamış müharibə şəraiti, digər tərəfdən o vaxtkı dövlət rəhbərliyinin səriştəsizliyi, daxili siyasi ixtilaf, vətəndaş qarşıdurması fonunda müstəqilliyimiz əldən gedir, Azərbaycan yıxılırdı!
Məhz bu taleyüklü məqamda - 1993-cü il iyunun 9-da müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalan Azərbaycanın çağırışına cavab verən Heydər Əliyev Bakıya gəldi.
1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi. Həmin gün xalqımızın tarixində dönüş nöqtəsi oldu, Azərbaycan müstəqilliyini itirməkdən, xalq isə parçalanmadan, qardaş müharibəsindən xilas oldu. Beləliklə, ölkəmizdə xalq-iqtidar birliyinin təməli qoyuldu ki, bu da müstəqil Azərbaycanın xilasınına çevrildi.
Heydər Əliyevin müdrik və uzaqgörən strategiyası ona kömək etdi ki, Azərbaycan öz dövlətçiliyini, tarixi özünəməxsusluğunu, öz parlamentini, Konstitusiyasını əldə etdi. Bu kurs Azərbaycanın dövlət suverenliyinin möhkəmləndirilməsinə, ərazi bütövlüyünün bərpasına, xalqımızın firavanlığına və rifahına çevrildi.
Sonrakı illərdə Prezident İlham Əliyevin rəhbərliyi altında siyasi ənənələrə və dövlətin qorunmasının ali prinsiplərinə uyğun olaraq Azərbaycanda demokratik cəmiyyətin formalaşdırılması, hüquqi dövlət quruculuğunun daha da dərinləşdirilməsi istiqamətində genişmiqyaslı islahatlar həyata keçirildi.
Keçmişə ehtiram hər zaman Prezident İlham Əliyevin fəaliyyətində özünü büruzə verib. Bu mənada dövlət başçımızın 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında sərəncam imzalaması azərbaycanlılar və Azərbaycan dövləti üçün tarixi əhəmiyyətli addım kimi qiymətləndirilmişdi. Prezidentin bu sərəncamı onun AXC-yə, onun qurucularına olan dərin hörmət və ehtiramının təsdiqi idi.
Hazırda müstəqilliyimizin simvolu olan üçrəngli bayrağımız bütövləşən Azərbaycanın bütün ərazisində düşmənlərə gözdağı verirmiş kimi dalğalanır. 28 mayda ideoloji olaraq yüksələn bayraq bu gün gerçək yüksəkliyinə qovuşub. Azərbaycan lideri İlham Əliyevin Müzəffər Ali Baş Komandan olaraq yazdığı şərəfli hərb tarixi-Zəfər savaşı müstəqil dövlətimizin işğal dönəminə son qoyaraq ərazi bütövlüyümüzü təmin etdi. Mükəmməl daxili və xarici siyasət nəticəsində dövlətimizin gücü üçrəngli bayrağın iqtisadi və geosiyasi gücünün önəmli hissəsidir. Bu gün tam əminliklə demək olar ki, müsəlman Şərqində ilk demokratik cümhuriyyətin varisi kimi Azərbaycan Respublikası beynəlxalq arenada öz haqq etdiyi yerini tutub. Prezident İlham Əliyev öz şəxsiyyəti, yürütdüyü siyasəti ilə müstəqilliyimizin təminatçısı kimi bugünkü qüdrətli Azərbaycana görə ümumxalq qəhrəmanı kimi xalqın sevimlisinə çevrilib.
İftixarla qeyd etmək olar ki, bu gün cümhuriyyət qurucularımızın ruhu şaddır. Çünki onlar belə qüdrətli Azərbaycan arzulamışdılar. Qurucu lider İlham Əliyev bu xoşbəxtliyi bizə yaşatdı və fəaliyyəti ilə sübut etdi ki, bu Vətəni bölməyə, onun bayrağını endirməyə heç bir qüvvənin cəsarəti çatmaz.
Azadlığımız var olsun!
Rəşad MAHMUDOV,
Milli Məclisin Səhiyyə komitəsinin
sədr müavini