Diplomat: “Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı səylər sülhə ümid yaradır

post-img

“Azərbaycanla Ermənistan arasında bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında münasibətlərin normallaşması ilə bağlı davam edən səylər regionda çoxdan gözlənilən davamlı və dayanıqlı sülh və sabitliyə ümid yaradır”.

AZƏRTAC-ın məlumatına görə, bu fikirləri Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev BMT Təhlükəsizlik Şurasında “Silahlı münaqişələr zamanı mülki əhalinin müdafiəsi: Təhlükəsizlik Şurasının 1265 saylı (1999) qətnaməsinin 25 illiyi” mövzusunda keçirilmiş açıq debatda çıxışı zamanı deyib. Səfir bildirib ki, BMT-nin Baş katibi, bir sıra beynəlxalq təşkilatlar və hökumətlər iki ölkə arasında birbaşa danışıqlar nəticəsində əldə olunmuş son irəliləyişi alqışlayıb. Lakin, müharibənin nəticələri mülki əhaliyə təsir etməkdədir: “Azad edilmiş torpaqlarımızda biz dağılmış şəhərlər, dağıdılmış və murdarlanmış mədəniyyət abidələri, tərk edilmiş ətraf mühitlə üzləşmişik. Münaqişə həmçinin Azərbaycanı dünyanın minalarla ən çox çirklənmiş ölkələrindən birinə çevirib. 1,5 milyon mina və naməlum sayda partlayıcı qalıqlar mülki əhali üçün ciddi risklər yaradır, məcburi köçkünlərin öz torpaqlarına təhlükəsiz şəkildə qayıtmasına mane olur və orada əsaslı yenidənqurma və abadlıq işlərini ləngidir”,- deyə Yaşar Əliyev vurğulayıb.

Diplomat bildirib ki, münaqişənin başa çatmasına baxmayaraq Ermənistan Azərbaycanı mülki ərazilərdə qəsdən basdırılmış minalarla bağlı tam və dəqiq informasiya ilə təmin etməyib. Səfir həmçinin debatların keçirildiyi gün daha bir mülki azərbaycanlının mina partlayışı nəticəsində həlak olduğunu deyib. Onun sözlərinə görə, bununla Azərbaycanda müharibə bitdikdən sonra mina qurbanlarının sayı 360 nəfərə çatıb. Onlardan altmış səkkizi həyatını itirib.

“Azərbaycanda mina təhlükəsinin miqyası və ağırlığı minatəmizləmə səylərinə təcili, davamlı və adekvat beynəlxalq dəstəyi zəruri edir”,- deyə Yaşar Əliyev vurğulayıb.

 

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Siyasət