Yaxud kilsə–hakimiyyət ziddiyyəti və Köçəryan–Sarkisyan cütlüyü üçün Bakı həbsxanası
Bir neçə gündür ki, İrəvanda postso-vet məkanı tarixində ilk dəfə olaraq hökumət əleyhinə kilsənin rəhbərlik etdiyi “Müqəddəs mübarizə” adlı kütləvi aksiya keçirilir. Aksiyanın əsas tələbi Ermənistan baş naziri Nikol Paşinyana qarşı impiçmentdir. Bu məqsədə ölkə boyu açıq vətəndaş itaətsizliyi aksiyaları ilə nail olmaq niyyəti güdülür. Etirazın lideri Tavuş arxiyepiskopu Baqrat Qalstanyan hələlik tərəfdarlarını sakit olmağa və uzun mübarizəyə hazırlaşmağa çağırır. Əlbəttə, proseslər heç də hər şeyin sakit yaşanmayacağını söyləməyə əsas verir.
Ümumən, Ermənistanda yaşananlarla bağlı müxtəlif versiyalar var. Yazımızda onların ikisi üzərində dayanacağıq. Fikirlərinə diqqət yetirəcəyimiz ilk şəxs İrəvan Dövlət Universitetinin Sosiologiya fakültəsinin kafedra müdiri, siyasi elmlər doktoru Artur Atanesyandır. Bəri başdan deyək ki, A.Atanesyanın söylədikləri Ermənistanda kilsə-hakimiyyət ziddiyyətlərinin mövcudluğunu vurğulamağa hesablanıb. Yazıda mövqeyinə diqqət yetirəcəyimiz ikinci şəxs isə jurnalist Natali Aleksanyandır. Onun ölkəmizin “Globalinfo.az” saytına müsahibəsindəki bir sıra məqamları diqqətə çatdıracağıq. Onu da deyək ki, bu qeydlərimizdə Ermənistanda hazırda yaşananlara iki fərqli baxış ifadə olunur. Onlardan hansının daha ağlabatan olduğuna qərar verməyi isə dəyərli oxucularımızın ixtiyarına buraxırıq.
Beləliklə, İrəvan Dövlət Universiteti-nin kafedra müdiri A.Atanesyan Erməni apostol kilsəsi ilə siyasi hakimiyyətin qarşıdurması barədə söz açarkən bildirib ki, indiki halda bu iki qütb arasında yaşananlar münaqişə yox, birincinin ikinciyə cavabıdır. “Münaqişə, adətən, tərəflər arasında uyğun olmayan maraqlar səbəbindən yaranır. Kilsə həmişə dövlətin tərəfində, yanında olub. Bəzən dövlət olmayanda onun əvəzinə olub. İndi dövlət qərara gəlib ki, bizim kilsəyə heç bir mövzuda ehtiyacımız yoxdur. Düşünürəm ki, bu, həm də iki instansiyanın – ordunun və Erməni apostol kilsəsinin reytinqinin həmişə hakimiyyətin reytinqindən yük-səkliyi ilə bağlı idi”.
A.Atanesyan diqqəti erməni iqtidarı tərəfindən bütün ermənilərin katolikosu II Qareginin təqibinə, kilsənin “şam satan struktur” kimi qələmə verilməsinə, ölkədə müxtəlif məzhəb hərəkatlarının yayılmasına şərait yaratmasına yönəldib. O, bütün bunları dövlətçilik ənənələrinin pozulması kimi qiymətləndirib və sərhədlərin toxunulmazlığı xüsusu üzərində dayanıb: “Ermənistanda ən qədim dövlətçiliyin sütunlarından biri olaraq kilsə duruma reaksiya verməyə bilməz. O, erməni kimliyini qoruyub saxlamaq funksiyasını həyata keçirir. Təsadüfi deyil ki, bu funksiya sərhədyanı Tavuş bölgəsində tətbiq edilib. Çünki məhz orada dövlətin sərhədləri dağıdılıb. Çoxəsrlik tarixə və qədim yaddaşa malik kilsə dövlətçilik itkisinin haradan başladığını bilir. İtki məhz belə başlayır – rayonların itirilməsi ilə. Bundan sonra isə düşmən paytaxta yaxınlaşır”.
Göründüyü kimi, A.Atanesyan alim və pedaqoq yox, sözün əsl mənasında, xəstədir. O, xəstə fikirlərini davam etdirərək onu da deyir ki, əgər heç bir tarixi yaddaşa, eləcə də peşəkar qabiliyyətlərə malik olmayan səlahiyyətli şəxslər, yəni ölkə iqtidarı dövlətçiliyin itirilməsi prosesini görmürsə və ya görmək istəmirsə, kilsə qabaqlayıcı rol oynayır və hadisələrin sonrakı inkişafının qarşısını almağa çalışır. Bu yerdə Ermənistan baş naziri Nikol Paşinyanın ritorik sualını xatırladaq: Nəyə görə ümumerməni hərəkatına rəhbərliyi kilsə həyata keçirməlidir?
Jurnalist A.Atanesyandan soruşur ki, nə üçün kilsənin rəhbərlik etdiyi hərəkat hakimiyyətə ciddi problem yarada biləcək qədər kütləvi populyarlıq qazanmır? Əslində, belə məzmunlu sualın səslənməsi hər şeyi deyir. Atanesyan isə cavab qismində öz təfəkkürünün mücərrəd guşəsindəkiləri açıqlayır. O, hərəkatın getdikcə güclənəcəyini vurğulayır. Amma fikrini tərəddüdlə çatdırır. Məsələn, deyir ki, erməni cəmiyyəti itkilərə görə məyus durumdadır, travma alıb. İtki yaşamış insan dərdinin ertəsi gün küçəyə çıxıb aktiv olmağa hazır deyil: “Əhalimizin, təxminən, 60 faizi məlum vəziyyət nəticəsində depolitizasiyaya məruz qalıb. 2018-ci ilin “məxməri inqilab”ının nəticələrindən məyus olub. İnsanlarımız Qarabağ müharibəsində, ondan sonra böyük itkilər veriblər və hazırda siyasətə cavab verəcək durumda deyillər. Bu hərəkatın vəzifəsi isə etimad aşılamaqdır. Əgər hərəkat əhalinin həmin 60 faizinin ən azı yarısını aktivləşdirə bilsə, hərtərəfli xarakter alacaq və doğrudan da böyük nəticələr qazanacaq. Bunu etmək hərəkat liderlərinin vəzifəsidir. Söhbət insanları xristian dəyərlərinə, erməni kimliyini qoruyub saxlamaq funksiyasına, vətənpərvərliyə qaytarmaq vəzifəsinin icrasından gedir”.
A.Atanesyanın fikrincə, heç kəs kilsə ilə münaqişəyə təhrik edilməməlidir. Bu təhrik təkəbbür və həyasızlığın təzahürüdür. Siyasətçilər ruhanilərin adlarını çəkdikdə, özlərinin də xristian olduqlarını unudurlar. Xristian olduqlarını iddia etmələrinə baxmayaraq, cəmiyyətin həyatındakı bütün ənənələri və kilsənin rolunu, eləcə də mənəvi dəyərləri pozurlar. Bu, bütün ölkədə etirazlara səbəb olacaq.
Bununla belə Atanesyan onu da bildirir ki, siyasi problemlərin kilsənin öz liderləri vasitəsilə aradan qaldıracağına şübhə ilə yanaşır. “Siyasi problemlər daha dərindir. Birgə xarici və daxili səylər olmadan onların həlli, çətin ki, ermənilər üçün faydalı olsun. Ancaq kilsənin yüksək statusunun qorunub saxlanılması, ruhanilərin həyatımızda rolunun genişləndirilməsi cəmiyyət üçün vacibdir”.
Hazırda Ermənistanda yaşananların hansı nəticələr doğuracağı, hakimiyyətin kilsə üzərində nəzarəti bərqərar edib-etməyəcəyi ilə bağlı suala gəlincə, Atanesyanın dediyi budur: Kilsəyə nəzarət edilə bilməz. O, möminlərlə onların imanları arasında əbədi, sarsılmaz qalacaq əlaqə rolunu oynayır. Kilsə daimi mənəvi irsi təmsil edir, siyasi hakimiyyət isə müvəqqətidir. Müvəqqəti olan güc, əbədi olanı məhv etməyə qadir deyil: “Hakimiyyət kilsə ilə döyüşə girsə, intihar etmiş olacaq. Siyasi gücün reytinqi daha da aşağı düşəcək. Hökumət kilsənin əleyhinə danışmaqla xalqla – ermənilərlə konfliktə girəcək və bu, diaspora inamın tamamilə itməsinə səbəb ola bilər. Siyasi hakimiyyət diasporun dəstəyi olmadan heç bir problemi həll edə bilməyəcək. Problemləri həll etmək istəmirsə, çox güman, onların ağırlığı altında yıxılacaq”.
***
İndi isə yazımızın ikinci hissəsinə keçid alaq. Haqqında əvvəldə söz açdığımız jurnalist N.Aleksanyanın fikirləri A.Atanesyanın dediklərindən çox fərqlidir. Yəni, xanım jurnalist heç də hakimiyyət – kilsə mübarizəsi üzərində dayanmır. İrəvanda Tavuş yeparxiyasının lideri B.Qalstanyanın təşəbbüsü ilə keçirilən aksiyalara münasibət bildirən N.Aleksanyan vurğulayır ki, Qalstanyanın arxasında Qarabağ klanının timsalında keçmiş elita dayanır. O elita ki, yeganə məqsədi baş nazir Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaqdır. “Onların başqa məqsədləri yoxdur. Bu, ona görə edilir ki, Ermənistanın hazırda irəliləyiş əldə etdiyi sülh gündəliyi istər-istəməz son onilliklər ərzində ölkədə formalaşdırılmış ideologiyanın iflasına gətirib çıxaracaq. Beləliklə, Qarabağ klanının Ermənistana qarşı törətdiyi bütün cinayətlər üzə çıxarılacaq. Onlar özləri üçün qorxur, bu səbəbdən, Paşinyanın qarşısını almağa çalışırlar”.
Yeri gəlmişkən, Ermənistanda son etirazlar fonunda keçmiş prezidentlər – Robert Koçaryanın və Serj Sarkisyanın adları çəkilir. N.Aleksanyan onların ölkədə öz hakimiyyətlərini bərpa etmək istəkləri fonunda Qarabağ məsələsinə, işğal faktoruna, azərbaycanlılarla ermənilər arasında yaranmış və uzun müddətdir davam edən gərginliyə münasibət bildirir. Jurnalistin sözlərinə görə, son 30 ildə erməni və Azərbaycan xalqlarının başına gətirilən bütün bəlaların əsas baiskarları Robert Koçaryan və Serj Sarkisyandır: “Bütün Qarabağ hekayəsinin başladığı “miatsum” hərəkatının təşəbbüskarları və xaç ataları məhz bu şəxslərdir. Onlar dövlət cinayətkarlarıdır. Ermənistanın cinayət məcəlləsinin bütün mümkün maddələrini pozublar və pozmaqda davam edirlər. Ermənistan iki Qarabağ müharibəsində bütün ölümlərə, ölkəni Qarabağ məsələsi ilə inkişafdan qoyduqları üçün onlara “minnətdar” olmalıdır. Bu şəxslər əməllərinə görə cavab verməmək üçün hakimiyyəti öz əllərinə almaq istəyirlər, lakin buna nail ola bilməyəcəklər”.
Qeyd edək ki, jurnalist N.Aleksanyan Qazaxın dörd kəndinin Azərbaycana qaytarılması, sərhədlərin müəyyənləşdirilməsi məsələsinə də münasibət bildirib. O, kəndlərin ölkəmizə verilməsini və bütövlükdə, delimitasiya prosesini son dərəcə müsbət qiymətləndirib. “Həmçinin inanıram ki, bu, geri dönüş nöqtəsidir və sonra Ermənistanla Azərbaycan arasında qaçılmaz sülh olacaq. Düşünürəm, danışıqlar prosesi daha da sürətlənəcək, yekun nəticəni görməyə səbrim çatmır”, – deyən jurnalist ölkəsində Azərbaycanda həbsdə saxlanılan keçmiş separatçı rejimin rəhbərlərinin Ermənistana qaytarılması ilə bağlı tez-tez səslənən tələbə münasibət bildirib. O, Arayik Arutyunyanın, Ruben Vardanyanın, Bako Saakyanın və Arkadi Qukasyanın cinayətkar olduqlarını vurğulayıb: “Cinayətkarların yeri isə həbsxanadır. Ermənistanda onlar azad gəzərdilər, üstəlik, ölkənin siyasi sistemini də hər şəkildə sarsıdardılar. Ona görə də hesab edirəm ki, Bakı həbsxanası onlar üçün ən uyğun yerdir. Mən, həqiqətən ümid edirəm ki, Robert Koçaryan və Serj Sarkisyan da tezliklə onlara qoşulacaqlar”.
N.Aleksanyanın müsahibəsində haqqında söz açdığı sonuncu məsələ isə Azərbaycanla sülh çağırışlarına, ölkəmizə dost münasibətin təbliğinə görə Ermənistanda təzyiqə məruz qalması ilə əlaqədardır. Yeri gəlmişkən, jurnalist ötən il Prezident İlham Əliyevə müraciət edərək, ehtiyac olarsa, Azərbaycan qanunvericiliyinə uyğun şəkildə ölkəmizin vətəndaşlığını qəbul etməyə razı olduğunu vurğulamışdı. “Bu müraciətim ermənilərin hələ Qarabağda olduğu zamana və inteqrasiya imkanının müzakirə edildiyi prosesə aid idi. Mən bu məsələdə öz köməyimi təklif etmişdim. Təbii ki, həmin məktubdan sonra ağır təqiblərə məruz qaldım. Bu, qismən indi də davam edir. Amma Allaha şükür ki, Ermənistan xalqı sülhün alternativinin olmadığını anlamağa, yavaş-yavaş məni dəstəkləməyə başlayıb”.
Əvəz RÜSTƏMOV
XQ