Putin-Paşinyan təması: müsbət ovqat hiss olunmur

post-img

Ekspert cameəsi də nikbin deyil

Mayın 8-də Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan baş naziri Nikol Paşinyan arasında görüş olmalıdır. Kreml rəhbərinin köməkçisi Yuri Uşakovun bununla bağlı açıqlamasında konkretlik yoxdur: “Mən bir daha qeyd etmək istərdim ki, biz bu xüsusi ikitərəfli görüşə böyük əhəmiyyət veririk. Mənə elə gəlir ki, bu, bir çox məsələlərin həllinə kömək edəcək”.

Bu fikirlər isə N.Paşinyana məxsusdur: “Sabah Avrasiya İqtisadi İttifaqının Ali Şurasının iclasına sədrlik etmək üçün Moskvaya gedirəm və Rusiya Federasiyasının Prezidenti ilə də ikitərəfli görüşüm olacaq. Rusiya ilə gündəm çox müxtəlifdir. Bilirsiniz ki, bu müddət ərzində çoxlu sual yığılıb və onların bəziləri artıq səsləndirilib. Biz heç vaxt fikirləşməmişik ki, suallar yalnız söz xatirinə səsləndirilir. Onlar Ermənistan – Rusiya dostluq münasibətləri kontekstindən neqativ nüansları aradan qaldırmaq məqsədi ilə gündəmə gəlir. Təbii ki, biz münasibətlərimizin bütün ikitərəfli və çoxtərəfli gündəliyini müzakirə edəcəyik”.

Diqqətə çatdırdığımız sitatdakı bir fikir maraqlıdır. Paşinyan Moskvaya Aİİ-nin Ali Şurasının iclasına rəhbərlik etmək üçün getdiyini vurğulayır. Bu, nə deməkdir? O deməkdir ki, rəsmi İrəvanın Rusiya ilə yeganə bağı Aİİ-dir. Paşinyan məsələni dünyaya agah edir. Yəni, Moskva ilə təmas iqtisadi zəmindədir, başqa heç nə yoxdur. Digər tərəfdən, Paşinyan Aİİ-yə sədrliyi önə çəkməklə Putinlə görüşü sanki arxa plana atır. Bu yanaşma da rəsmi İrəvanın Kremlə münasibətinin indiki trayektoriyasını müəyyənləşdirir. 

Qeyd edək ki, Putin–Paşinyan görüşü məsələsində Rusiyanın siyasi şərhçilərinin fikirləri də maraq doğurmaqdadır. Bu baxımdan Rusiya Xarici İşlər Nazirliyinin Moskva Beynəlxalq Münasibətlər İnstitutu Avro-Atlantik Təhlükəsizlik Mərkəzinin aparıcı elmi işçisi, politoloq Sergey Markedonovun “Bunin&Co” teleqram kanalı üçün bildirdiklərinə diqqət yetirək. 

S.Markedonov, ilk növbədə, Putinin köməkçisi Uşakovun söylədikləri ­üzərində dayanıb. Uşakov Rusiyanın və Ermənistanın yüksək səviyyəli nümayəndələri arasında təmasların sayının azaldığından, həmçinin iki dövlət arasında münasibətlərdə bir çox problemlərin yığılıb qaldığından söz açmışdır. O, həmçinin sosial şəbəkələrdə yayılmış və vəziyyətin bərbadlığına dair fikirlərə də nəzər salmışdır. Lakin durumun heç də çıxılmaz olmadığını qabartmışdır. Sözlərindən belə çıxmışdır ki, Ermənistan həmişə Qərbə doğru istiqamət götürüb. Yəni, indiki durum təəccüblü deyil. 

Markedonov isə xüsusən sonuncu məqama nəzər salıb. O, İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə münasibətlərinin həddən artıq pis durumda olduğunu bildirib. Bunun müqabilində Ermənistanın NATO və Avropa İttifaqı ilə yaxınlıq xəttinin mövcudluğunu vurğulayıb. Əlbəttə ki, Qarabağ məsələsi də var. Politoloq yazıb ki, Ermənistanın Qarabağdakı uğursuzluğa görə Rusiyanı günahlandırması da ikitərəfli münasibətlərin hazırkı vəziyyətində neqativ faktor kimi diqqət çəkməkdədir. 

S.Markedonov Ermənistanın ­2024-cü ildən Aİİ-yə sədrlik etdiyini diqqətə çatdırıb. O, rəsmi İrəvanın qurumdakı prioritetlərini yada salıb. Bildirdiyimiz kimi, həmin prioritetlər Aİİ-ni sırf iqtisadi müstəvi kimi görməklə bağlıdır. Paşinyan ötən il onu da demişdi ki, qurumun siyasi məsələlər naminə iqtisadi məqamları rıçaq olaraq istifadəsi yolverilməzdir. Təxminən belə: siyasi baxımdan Rusiya ilə düz gəlməyəcəyik, amma iqtisadi nöqteyi-nəzərdən ölkə bizə heç nə etməməlidir. Əlbəttə, belə yanaşma Moskvanı razı sala bilməz. Kreml Ermənistanın durumu gərginləşdirdiyi anlarda ölkənin Aİİ platformasındakı qazanclarını yada salır. Putinin köməkçisi Uşakov İrəvanın Aİİ müstəvisindən ən çox gəlir əldə edən statusa malikliyini vurğulayır. Markedonov da bu barədə söz açır. 

Politoloq, ümumən, son bir neçə ildə Ermənistanın yanaşmasında çox şeyin dəyişdiyini bildirib. “Amma vurğulamaq yerinə düşər ki, əgər əvvəllər ­Ermənistanda Moskvanın təhlükəsizlik sahəsində müstəsnalığını, Rusiya Federasiyası ilə iqtisadi əməkdaşlığın Aİ ilə qarşılıqlı əlaqə ilə tamamlanmasının zəruriliyini bildirirdilərsə, bu gün tam əksi müşahidə olunur. İrəvan Avrasiya inteqrasiya layihəsi ilə tərəfdaşlığın yüksək səviyyəsindən razı qalaraq, xarici siyasətin “şaxələndirilməsi” ideyasını irəli sürür”, – deyən Markedonov sual verir: Bəs Moskva qarşılıqlı fəaliyyətin bu variantını qəbul etməyə hazırdırmı? 

Ekspertin sözlərinə görə, Qərblə qarşıdurma dayanmayacaqsa, təhlükəsizlik və iqtisadi inteqrasiya məsələlərini bir-birindən ayırmaq perspektivi işlək ssenariyə çevrilə bilməz. Digər tərəfdən, Rusiya özünün hakim rolunu qoruyub saxlamağa çalışacaq ki, bu zaman daha bir sual yaranır: İrəvan bunu qəbul etməyə hazırdırmı? 

Əslində, Markedonov, bütövlükdə, Rusiyanın siyasi industriyasının Rusiya – Ermənistan münasibətləri ilə bağlı fikirlərini ifadə edir. Mövcud xüsusda Putin –Paşinyan təmasının müsbət nəticələr doğuracağını söyləmək mümkünsüz görünür. Hər bir halda, iki ölkə liderinin birbaşa təması ümumən hansısa pozitiv ovqata köklənməyə imkan verir. Ən azı ona görə ki, Rusiyada Ermənistandan fərqli olaraq, rəsmi səviyyədə müsbət nəticəyə ümid bəsləmək meyili var. Proseslər hansı səmtə doğru gedəcək, onu zaman göstərəcək. 

R.ƏVƏZ
XQ

 

Siyasət