Rafael HÜSEYNOV,
Milli Məclisin deputatı, akademik
Yol həmişə xatirədir, bizi dünənə bağlayan yaddaşdır, amma böyük yollar həm də daim insanı gələcəyə qovuşduran körpülərdir. İki dövlətin başçısı, vaxtilə yüksək hökumət və dövlət vəzifələri tutmuş şəxslər, sürdükləri şərəfli əməkçi ömrünə görə şöhrət qazanmış insanlar Kremldə toplaşaraq yuvarlaq bir ildönümünü qeyd edirlərsə, təbii ki, bu, sıradan olan hadisə sayılmaz. Ancaq 2024-cü il aprelin 22-də Moskvada baş tutan o görüş həm iqtisadi və siyasi siqləti baxımından göründüyündən də əhəmiyyətlidir, həm də fəlsəfəsi ilə çox düşündürücüdür.
Baykal-Amur Magistralının 50 illik yubileyi ilə bağlı dəmir yolu sahəsinin veteranları və işçiləri ilə keçirilən həmin qeydetmə bir tərəfdən keçmişə nəzər salmaq idisə, o biri yandan və bəlkə də daha artıq, sabahlar haqqında fikrə dalmaq məqsədi daşıyırdı.
Bunu elə sözə başlayan kimi Rusiya dövlətinin başçısı Vladimir Putin də dedi, Azərbaycan lideri İlham Əliyev də.
Bir vaxtlar Sovet İttifaqının dörd bucağından olan iki milyon insanın birgə zəhməti ilə tikilib-qurulmağa başlanmış bu magistral indi müstəqil Rusiya dövlətinə məxsusdursa da, mahiyyətcə XXI əsr və yeni minillik üçün qlobal logistikanı müəyyən edən layihədir, dünyanın ən böyük dəmir yolu arteriyalarından biri kimi dünəndən və indidən də çox gələcəyin yoludur.
Keçən əsrin səksəninci illərində indi Kremldə həmin toplantıda görüşənlərin az öncə qalxdıqları pillələrlə, irəlilədikləri dəhlizlərlə böyük azərbaycanlı Heydər Əliyev də addımlamışdı: hər gün bura işə gəlib, işdən getmişdi, oçağkı dünyanın iki ən qüdrətli dövlətindən birinin – Sovetlər Birliyinin rəhbərlərindən olmuşdu.
Həmin günün qeyri-adiliyi bir də ondaydı ki, müstəsna şəxsiyyət Heydər Əliyev bütün əzəməti ilə yenə, 1980-ci illərdə olduğu kimi, Kremldə idi və sadəcə bayram ovqatlı mərasimə dəvət olunmuş qonaqlardan biri kimi yox, əsl ev sahibi, bayramın yiyəsi, öndər kimi qayıtmışdı.
Yuxarı başda Rusiya Federasiyasının və Azərbaycanın bayraqları sıralanmışdı.
Söz yox, Azərbaycan dövlətinin birinci şəxsi İlham Əliyev də həmin məclisdədirsə, ölkəsinin bayrağının orada dikəlməsi qanunauyğun və məntiqli görünməlidir. Ancaq bayrağımız həmin məclisdə bir yox, üç idi, axı! Deməli, Azərbaycan həm də məzmunca, bu mərasimin əsas iki ev sahibindən biri idi. Yüksəksəviyyəli bu görüşə həmin çəkini və rəngi verən, Azərbaycanı bu tarixi mündəricəli ildönümündə iki əsas iştirakçıdan birinə çevirənsə, Heydər Əlyevin adı, xatirəsi, parlaq izi idi.
Onun böyüklüyü həmişə görünür. Dünən görünürdü, bu gün dünənkindən daha çox dərk edilir, vaxt ötdükcə indikindən də artıq hiss ediləcək. Həmin gün bu böyüklüyün bir daha milyonların gözü önündə cilvələndiyi saatlar yaşanırdı...
...O görüşdə, Prezident İlham Əliyev ifadə etdiyi həqiqətdən BAM-çıların da gözəlcə agah olduğunu vurğulayaraq söyləyirdisə ki, atası Heydər Əliyev 1984-cü ilin iyununda 10 gün ərzində Bratskdan Vladivostoka və Naxodkaya qədər yolu çətin şəraitdə, demək olar ki, piyada qət edib, BAM-çılarla sevinci və kədəri bölüşüb, dübbədüz deyirdi, tam haqlı idi.
Hər sözün yükünü, çalarlarını duyan Prezident İlham Əliyev bunları deyəndən sonra dərhal əlavə edirdisə ki, ayaqla, müxtəlif nəqliyyat vasitələri ilə gedib, anlatmaq istəyirdi – bilirəm, bu uzunluqda yolu elə əvvəldən-sonacan yeriyə-yeriyə getməyib; bunları bilə-bilə yenə “piyada gedib” söyləyirdisə, mühüm bir həqiqətə işarə vururdu və həmin anlarda başqaları sonacan duymasalar da, onu dinləyən, həmin əzablı yolları keçmiş köhnə BAM-çılar hər şeyi yaxşı başa düşürdülər.
Aydın məsələdir ki, sovet dövlətinin ali idarəedicilərindən biri, Siyasi Büronun üzvü buralara təşrif gətirmişdisə, onun rahat iş şəraiti, asudə irəliləməsi üçün hər şərait irəlicədən tədarük edilmişdi. Heydər Əliyev səfəri əsnasında bu məntəqədən o məntəqəyə qatarla da gedirdi, təyyarə ilə də, vertolyotla – dikuçarla da, arada yeraltı yollardan keçməkçün məxsusi hazırlanmış vaqonetkalardan da istifadə edirdi. Əlbəttə, yeri düşdükcə digər inşaatçılar kimi, rezin çəkmələr, su keçirməyən iş paltarı geyərək daşlı-kəsəkli, sulu-palçıqlı məsafələri piyada da adlayırdı. Bütün bunlar – həmin narahat kilometrlərin hər qarışının necə keçilməsi gözlərinin qarşısında baş verən, indi ixtiyarlaşmış, həmin günləri xatırladıqca könüllərini xiffət bürüyən, doluxsunan veteranlar Heydər Əliyevin o vaxt sadəcə irəliləmədiyinə, geridə qoyduğu yolların onun içərisindən keçdiyinə şahid idilər. Əgər məhz belə olmasaydı, Heydər Əliyev vur-tut onca gün çəkən səfəri əsnasında elə həmin yerlər kimi donmaqda olan inşaata yeni vüsət verə, çıxış yolu tapa, dirçəlişə nail ola bilməzdi.
Heydər Əliyevin məqsədə və hədəfə doğru, sözün məcazi mənasında, piyada – can yandıraraq, çətinliklərdən, əzab-əziyyətdən çəkinməyərək, usanmadan, nəticəyə nail olanadək dayanmadan irəliləməsi ona cavanlığından xas məziyyət idi. Pərvərdigarın bağışladığı çoxcəhətli istedad, qabiliyyətlər öz yerində, Ulu öndərin həyatı boyu digər üstünlüyü və onu tanıdığımız HEYDƏR ƏLİYEVə çevirən başqa vacib keyfiyyət də gördüyü işə, ona həvalə edilən vəzifəyə daim ifrat məsuliyyət və fədakarlıqla yanaşması, bütün varlığı ilə bağlanması oldu.
Dünya miqyaslı bir layihənin – BAM-ın yarım əsrlik ildönümünə həsr edilən görüşdə dünya liderlərindən olan Vladimir Putin danışırdı, keçilmiş yolu, görülmüş işləri dəyərləndirirdi və bu qiymətləndirmədə ən ucada dayanan azərbaycanlı (!) Heydər Əliyevin adı idi: “Bütün BAM inşaatçıları yaxşı bilir, – Heydər Əlirza oğlu BAM-ın tarixində müstəsna, böyük rol oynayıb. Heydər Əlirza oğlu SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsində Baykal–Amur Magistralının tikintisinə rəhbərlik edir və bu çətin layihənin həyata keçirilməsi üçün əlindən gələni əsirgəmirdi. Bu işdə ona böyük bilik və təcrübə, idarəçilik istedadı, ən mürəkkəb problemləri həll etmək bacarığı və əlbəttə ki, xüsusi şəxsi keyfiyyətləri, ilk növbədə çalışdığı insanlara qayğıkeş, hörmətli münasibəti kömək etdi və o, bu nəhəng problemləri həll edə bildi. O özü BAM-ın obyektlərində oldu, inşaatçılarla, yeni qəsəbə və şəhərlərin sakinləri ilə söhbət etdi. Necə deyərlər, rahatlıqla ona yaxınlaşa, problemlərini danışa, cari məsələləri müzakirə edə bilərdin”.
Rusiya Federasiyasının Prezidenti, digər iştirakçılar danışırdılar, hər birinin nitqindən o müdrik insanın, o tarixi şəxsiyyətin adı sayğı ilə, məhəbbətlə keçirdi və Prezident İlham Əliyev də dinləyirdi. Mən o sözləri eşitdikcə fərəhdən duyğulanırdım, hər dəfə bayrağımızı yüksəklərdə dalğalanan görəndə içərimdən keçən riqqətlə eyni olan həyəcanlı hissləri yaşayırdım və həmin anlarda məndən, mənim kimi düşünə bilən çoxlarından da neçə qat artıq qürurunsa Oğulun – dövlət başçımızın ürəyindən keçdiyi qənaətindəydim.
Heydər Əliyev yenə Kremldə idi, yenə Azərbaycanı, millətimizi böyük, uca göstərə bilirdi, yenə xalqına, dövlətinə xidmətini davam etdirirdi (Prezidentimizin həmin görüşdəki bu sözləri ilə də tam şərikəm: “Heydər Əliyev amili dövlətlərarası münasibətlərimizdə həmişə mühüm rol oynayıb və oynayacaqdır”).
Yarım əsr öncə – Baykal–Amur Magistralı Ümumittifaq tikintisi elan edilərək ümid və inamla işə başlananda Heydər Əliyev Azərbaycanda idi, respublikaya rəhbərlik edirdi və SSRİ-nin hər tərəfindən olduğu kimi, bizdən də əksəri komsomolçu gənclərdən ibarət inşaat dəstələrinin o azman quruculuq meydanına göndərilməsini təşkil edirdi. O çağlar mətbuat durmadan bu haqda yazırdı, mən həmin dövrdə universitet tələbəsi idim, Azərbaycan Televiziyasında hazırladığım “Yaşıdlarımız” verilişinin iki buraxılışını BAM-çı gənclərimizə həsr etmişdik, bir sözlə, tikintinin romantikası hər yerdə geniş təbliğ olunmaqdaydı. Amma qədimlərdə Misir ehramlarının hay-küylə, təmtəraqla başlanmış tikintisi günlərin birində həlli tapılmayacaq qədər ağır əngəllərlə üzləşib yerində saymağa başladığı sayaq, 1980-ci illərin əvvəllərində BAM-dakı əski romantika da nisbətən səngiməyə, qarşıya çıxmış aşılması çətin olan maneələr ciddi sıxıntılar doğurmağa başlamışdı. Ancaq bütün dünyaya car çəkilmiş, sovet giqantomaniyasının təzahürlərindən olan bu layihəni heç vəchlə yarımçıq qoymaq olmazdı.
BAM artıq həm də siyasət, ideologiya mövzusu idi və nəyin bahasına olursa-olsun tikintini vəd olunmuş vaxtda başa çatdırmaq lazımdı. İnşaat işləri gəlib-gəlib Severomuysk tunelində dirənmişdi. Dağın altından 15 kilometr yarımlıq tunel çəkilməli idi, zatən, çəkilişinə də başlayıblarmış, ancaq qəfilcə aşkar olur ki, sən demə, tədqiqatlar və layihələndirmə düz aparılmayıb, buradan yeraltı çay axır, hər tərəf selləmə sudur, işi davam etdirmək mümkünsüzdür. Məsələ Siyasi Büroda müzakirəyə qoyulur və məhz o zaman bu açılmaz kimi təsir bağışlayan düyünü çözmək, belə ağır yükü çiyinlərinə götürmək SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini Heydər Əlievə tapşırılır.
Heydər Əliyevtək hər məşğul olduğu məsələnin ən dərinlərinə qədər getməyi sevən, başqalarının təqdim etdiyi arayışlara arxayınca bel bağlamayaraq, işin qara-qurasından qorxmayan bir inadcıl şəxsiyyət olmasaydı, yəqin ki, BAM-n tikintisində o vaxt ortaya çıxmış dərin böhran ağır fəsadlarla nəticələnərdi. Heydər Əliyevlə birgə Muyska o vaxt əlaqədar sahələrin 4 sovet naziri də yollanmışdı. Heydər Əliyev özü əsl vəziyyəti gözü ilə görüb dəqiq qərar çıxara bilməkçün uzunboğaz çəkmələrdə suyu iti dağ çayı kimi axan tunel boyu xeyli irəliləyir. Kostyumda-qalstukda, xudmani kabinetlərdən telefonla göstərişlər verməyə alışmış 4 nazirin də Siyasi Büro üzvünün, bilavasitə tabeçiliyində olduqları Nazirlər Soveti Sədrinin birinci müavininin bu hərəkətindən sonra başqa çıxış yolları qalmır, onlar da düşürlər Heydər Əliyevin ardınca, dizəcən suyun-lehmənin içində Heydər Əliyevlə birgə düz 8 saat yerin altında bütöv bir iş gününü başa vururlar. Yuxarı qalxanda əldən düşərək şil-küt olmuş müşayiətçilərindən fərqli olaraq, iş gününü yeni başlayırmış kimi şux görünən Heydər Əliyev zarafat edir: “Hə, bəs bizi qarşılayan gül-çiçək dəstələriniz hanı? Axı mən bu gün dünya rekordu vurmuşam, 4 naziri yerin altına aparmışam!”
Heç vaxt unudulmayacaq 22 aprel günündə vaxtilə SSRİ nəqliyyat tikintisi nazirinin müavini işləmiş, son 25 ildə Rusiya Federasiyasının 54 regionundan 50 mindən çox veteranı birləşdirən “BAM Birliyi” ictimai təşkilatına rəhbərlik edən Yefim Vladimiroviç Basin xəyalən qayıtmışdı 40 il geriyə: “Heydər Əliyev məni tikintisi o vaxt cədvəldən geri qalan Kodar tunelinin vəziyyətini öyrənmək üçün iki baş idarənin rəisi ilə birlikdə vertolyotla həmin əraziyə göndərdi. Obyektin işə salınmasına cəmi altı ay qalmışdı. Biz tunelin sonuna çatmağa müvəffəq olduq, geri qayıdanda isə onun tavanı çökdü. Məsələ orasındadır ki, tunel daimi donuşluq şəraitində inşa edilmişdi. Təəssüf ki, tuneli inşa edənlər qazma işlərində irəliləsələr də, tunelin çuqun tubinqlər qoyulması işində yubanmışdılar. Təbii ki, biz vəziyyət barədə Heydər Əlirza oğluna məlumat verməli olduq. Gözləntilərimizin əksinə olaraq, o, yaranmış vəziyyəti sakit şəkildə qəbul etdi. Təkcə bunu dedi: “Yaxşı, burada Kodar tunelinə gedən kəsə yol inşa etmək lazımdır”. Yadımdadır, Heydər Əlirza oğlu 15 kilometrlik tunelin girişinin necə çəkildiyini qiymətləndirmək üçün Severomuysk tunelinə enmişdi. Bundan sonra o, mürəkkəbliyinə görə unikal olan bu obyektin inşası ilə bağlı ən aktual məsələlərin həll olunduğu böyük bir iclas keçirmişdi”.
Heydər Əliyevin bütün həyat yolunun nüvəsində fəhlə əməyi, alın təri durur. Elə BAM-a səfər etdiyi günlərdə də həmin ömür tempi ilə çalışmasaydı, o cür dar macalda belə qəlizdən-qəliz məsələlərə əncam çəkilməsinə nail ola, sanki açılmaz zənn edilən qapılara anidən ən zəruri açarları tapa bilərdimi?
Bir ucunda gecə düşəndə o biri başında səhər açılan SSRİ-nin hər bir şəhər-kəndinə hər gün nizamla çatdırılan, tirajı on milyon yarımı aşan “Pravda” qəzetində o vaxt Heydər Əliyevin BAM səfəri ilə bağlı xəbərlər dərc edilmişdi. Zəmanənin salnaməsidir, qalır. Ancaq canlı şahidlərin hərarətli xatirələrinin oyatdığı macəralı filmə bənzəyən gerçək tarixi mənzərəni xəsis qəzet xəbərləri necə yarada bilər?
O çağlarda xeyli gənc olmuş, indi atasının böyük yolunu ləyaqətlə davam etdirən Prezident İlham Əliyev də Kremldə köhnə BAM-çıları dinlədikcə həmin günlərə qayıtmışdı və artıq evdə müşahidə etdiyi özgə təfərrüatları nəql edirdi: “Bunu da xatırlayıram ki, o, qayıdanda yalnız sovet dövlətinin həyata keçirə biləcəyi tikintinin miqyasından deyil, ilk növbədə ən çətin şəraitdə, bəzən daim donuşluq içində olan keçilməz meşələrdə, yolsuzluq şəraitində həyatlarını riskə atan BAM-çıların fədakarlığından təsirlənmişdi. Çünki bu insanlar, demək olar ki, hər gün şücaət göstərərək, möcüzələr yaradaraq, sovet dövlətinin və bu gün isə həm Rusiyanın, həm də qonşu ölkələrin gələcək inkişafının müqəddəratını əvvəlcədən təyin edərək, uzun illər – 50 il və ya daha çox müddət ərzində həm regional, həm də beynəlxalq əməkdaşlığın inkişafı işinə xidmət edəcək unikal infrastruktur nümunəsi yaratmağa müvəffəq olublar”.
Prezident belə deyirdi, amma həmin məclisdə can yiyələri – BAM-lı şahidlər də vardı, onlar da danışırdılar və artıq yaşa dolmuş, ahıllaşmış həmin mətin insanlar da o günlərin axarındakı Heydər Əliyevi unutmamışdılar, üstündən bu qədər müddət sovuşandan sonra da ilk növbədə onun insanlığını, həssas davranışlarını anırdılar.
Bilavasitə işin içində olmuş, sonralar iki dəfə Rusiya Federasiyasının nəqliyyat yolları naziri işləmiş köhnə BAM-çılardan biri Gennadi Fadeyev elə həmin duyğulu nöqtələrə diqqət yönəldirdi. Deyirdi ki, mənə “BAM nədir” sualı veriləndə, adətən, belə cavab verirəm: “BAM insanlar deməkdir. BAM tikinti sərəncamlarını imzalayan, tikinti üçün birbaşa şərait yaradan, təbii ki, tikinti işlərini görən insanlar deməkdir”.
Heydər Əliyev Kremldən o yerlərə zabitəli, sadə inşaatçılarla arasında nəzərəçarpacaq məsafə saxlayan yüksək çinli məmur kimi yox, ən əvvəl qayğıkeş, həssas bir insan kimi gəldiyindən dərhal da rəğbət qazanmışdı, hamı ilə isinişmişdi və ona görə də üstündən dörd onillik ötərkən Gennadi Matveyeviç hər şey dünən baş veribmiş kimi, səmimiyyətlə danışırdı: “O, insanları çox sevən şəxsiyyət idi. O, kilometrlərlə deyil, tonlarla deyil, talelərlə, BAM-çıların bu və ya digər müddət ərzində işlədiyi şəraitlə maraqlanırdı. O, heyrətamiz rəhbər idi. Yalnız hansısa yekun məqamda o, təkrarən zəruri mövzuya yenidən qayıdar, işin daha səmərəli olması üçün sabah nə ediləcəyini və digər məsələləri düşünərdi”.
Heydər Əliyev – Kreml təmsilçisi ora, əlbəttə ki, məhz işləri yoluna qoymaq üçün göndərilmişdi və o çağların amiranə inzibatçılıq ənənələrinə görə, işin lazımınca irəli getməsindən ötrü rəhbər, sözünü hökmlə başlayıb əmrlə qurtarmalı idi (Şura hökuməti ayaq üstə durandan fəhlə-kəndli hökuməti olduğunu iddia etsə, guya, insanın onunçün ən ali dəyər olduğunu car çəksə də, yaşanmış tarixdən bilirik, axı, məqsədlərinə çatmaqçün yüz milyonlar və milyonlarla adamı uf demədən zavala uğratmaq onun əlində su içmək kimi asan iş idi). Ancaq Heydər Əliyev bu baxımdan da həmişə istisnalardan oldu. Elə BAM-da da hər kəs onu ilk təmaslardanca özlərininki bilmişdi, ürəyinə yaxın tutmuşdu, çünki onda insanlıq görmüşdülər. Elə olmasaydı, canlı şahid bir belə vaxt ötəndən sonra belə ürəkdən danışardımı?
Heydər Əliyevin ömür yolunu indi, həmin şanlı hekayət tamamlanandan sonra əvvəldən-sona seyr və təhlil edərkən, baxırsan ki, elə bil, İlahi cazibə ilə hər şeyin cizgisi öncədən çəkilibmiş, bu ömürdə BAM da hökmən olmalı imiş.
Şərqi Sibir və Uzaq Şərqdən keçib gedən 4.324 kilometr uzunluqlu Baykal–Amur Magistralı tarixə çoxdan dünyanın ən nəhəng dəmir yollarından biri kimi daxil olub. Miqyasları ilə dünyadakı digər nəhənglərdən biri sayılsa da, bir cəhətdən hər halda müqayisəsizdir – tikintisində müxtəlif xalqlardan olan bir belə insanın iştirakı ilə inşa edilmiş bu irilikdə dəmir yolu magistralı tarixdə olmayıb, çətin ki, bundan sonra da ola. Buryatiya, Zabaykalye diyarı, Yakutiya, Amur vilayəti, Xabarovsk diyarından keçən Baykal–Amur Magistralı gedib Tayşetdə qurtarır və o son dayanacaq Azərbaycan insanına doğma bir ünvan kimi tanışdır. Əslində, o yerlərin hamısı bizə, eləcə də keçmiş Sovet İttifaqında yaşamış çox isana qəlbən yaxın torpaqlardır. Bizə həmin ərazilər yalnız ona görə məhrəm gəlmir ki, ta qədimdən yaxın-uzaq qohum-əqrəbamızın – türklərin məskun olduğu ərazilərdir, yer-yurd adlarına türkcəmizin doğmalığı və şirinliyi hopub. O yerləri bizə və bir zamanlar dünyanın ən qüdrətli dövlətlərindən olmuş SSRİ xalqlarının əksərinə əziz edən həm də budur ki, daimi buzlaqlar məskəni həmin ucqarlarda on və yüz minlərlə ən seçmə övladların, böyük şəxsiyyətlərin həyatı tamamlanıb. Dahi Hüseyn Cavidin Bakıya, doğmalarına son məktubları da o əlçatmaz uzaqlardan yetişib. Bir vaxtlar o yerlər ucu-bucağı görünməyən sovet həbs düşərgələri ilə zığ verirdi və həmin gedər-gəlməzlərə də oğrudan-quldurdan daha çox Şura hökumətinin “xalq düşməni” damğası vurduğu parlaqlar – əsilzadələr, köklü-köməcli nəsillərin yetirmələri, görkəmli partiya və dövlət xadimləri, sərkərdələr, alimlər, şairlər, sənət xadimləri... göndərilirdi. Səbəbsiz deyil ki, çox sonrakı əyyamların məşhur Baykal–Amur Magistralının tikintisinə də tarixin və taleyin kinayəsi ilə, əslində, qorxunc NKVD-nin – Daxili İşlər Xalq Komissarlığının əmri ilə müdhiş 1937-ci ilin 1 sentyabrında başlanmış, çox keçmədən həmin işlərə 150 mindən artıq dustaq cəlb edilmişdi.
Yəni artıq 1980-ci illərdə iftixarla və açıqca Ümumittifaq tikintisi adlandırılan bu dəmir yolunun bünövrəsi geniş kütlələrə bildirilmədən, məxfi şəkildə saxlanılaraq elə əvvəlindən sovet xalqlarının müştərək inşaatı kimi qoyulmuşdu.
Bir zamanlar mən Hüseyn Cavidin İrkutsk vilayəti, Tayşet rayonu, Şevçenko kəndindəki həbs düşərgəsində saxlanılarkən orada adına açılmış cinayət işini vərəqləmişdim. İnsan həyatını məhv etməkdə pərgar olan Sovet hökuməti insanların məhvedilmə tarixçəsi ilə bağlı sənədləri də heyrətli bir səliqə ilə onillərcə qoruyub saxlayıb. Qəlb ağrısı ilə baxırdım ki, dünyaya gözəlliklər yaratmaqçün gələn Cavid orada – Sibir qürbətlərində hansı gün işə çıxırmış, neçə saat işləyirmiş, hansı gün xəstəliyi səbəbindən işə çıxmayaraq həbs düşərgəsinin tibb məntəqəsində qalası olurmuş. Qeydiyyatlar bunca sahmanlı aparılmışdı. Həmin arxivlər hamısı indi də qalmaqdadır, bu gün də qaldırılarsa, aydın olar ki, Baykal–Amur Magistralının tikintisinə o illərdə müxtəlif xalqların qiymətli, adları tarixə həkk olunan, əksərinin ömrü elə oralarda bitən nə qədər övladı qatılıbmış.
Dünyanın qəribə işləri, təsəvvürəsığmaz və izahsız cazibələri var. Hüseyn Cavid siyasi repressiya qurbanı olmuş və həyatı Sibir qiyamətində tamamlanmış, həm də çala qazılaraq içərisinə cəsədlər doldurulan ortaq məzarlıqlardan birində deyil, hansısa xoşbəxt təsadüf üzündən fərdi qəbirlərə gömülmüş on minlərlə sabiq siyasi məhbus arasında yeganə insan idi ki, sovetin qılıncının dalı da, qabağı da kəsən vaxtlarda nəşi Vətəninə qaytarılıb ana torpağa gömüldü və bu misilsiz vətəndaşlıq qeyrəti nümunəsi sayılası qeyri-adi hünərin də müəllifi unudulmaz Heydər Əliyev oldu.
Büsbütün yeni zaman içində artıq tamam təzə məzmun qazanaraq 1970–1980-ci illərdə tikilən Baykal–Amur Magistralı isə daha 1930-cu illərdəki kimi zillətli deyil, Sovet İttifaqının dörd bucağından minlərlə insanın, daha çox da gənclərin cəlb edildiyi, bir çoxlarınınsa elə könüllü üz tutduğu möhtəşəm quruculuq meydanı idi.
Böyük Heydər Əliyevə həmin fövqəllayihədə də pozulmaz imzasını qoymaq qismətmiş. Həm də bu imza yalnız minnətdar xatirələrdə, BAM-ın tarixi ilə bağlı yazılan məqalələrdə, kitablarda qalmır, coğrafiyaya da keçib – Baykal–Amur Magistralının 1181-ci kilometrində, bir vaxtlar elə Azərbaycandan olan cavanların inşa etdiyi, elə o vaxtlarda memarlığında Heydər Əliyevin təklifi ilə bizim milli ornamentlərdən istifadə edilmiş Anqoya vağzalı indi Ulu öndərin adını daşıyır.
Dünya dəyişib, Sovet İttifaqı və ona bağlı çox mətləblər dünənə çöküb, unudulub. Ancaq tarixdə qalmaq haqqı olan heç bir böyük xidmət hafizədən silinmir və əvvəl-axır qiymətini alır – vağzallar o yerlərdir ki, həmişə insanlıdır və hər gün də, qatarlar gəlib-getdikcə adları ucadan dilə gətirilir. Beləcə, illərdir ki, Zabaykalyedə, Vətənindən min kilometrlərlə uzaqda qatarlar gəlib dayandıqca, yola düzəldikcə Heydər Əliyevin adı hamının eşidəcəyi ucalıqda səslənməkdə, nurlu şəxsiyyətin ömür qatarı oralarda da yolunu davam etdirməkdədir.
...Görən, 1984-cü ilin iyununda Sibirdə olduğu günlərdə 2 il öncə, 100 yaşının tamamında, buralarda dünyaya gözlərini yummasından 41 il ötərkən məsud etdiyi, əbədi həsrətdən qurtararaq Vətəninə qaytardığı dahi Hüseyn Cavid unudulmaz Heydər Əliyevin yadına düşmüşdümü?
Bu solmaz misralar Cavidin yadigarıdır:
Bəxtiyarsan əgər çəkdiyin əmək
Cahan sərgisinə versə bir çiçək.
Çəkdiyi əməklər Vətən və cahan sərgisinə bir deyil, çox çiçəklər bağışlamış unudulmaz Heydər Əliyev, əlbəttə ki, bəxtiyardır və həmin gün də – 2024-cü ilin 22 aprelində bütün əzəməti ilə yenidən qayıdaraq Kremli təzədən fəth edərkən, əlbəttə ki, xoşbəxtlərin xoşbəxti idi!
23 aprel 2024