Yeni tarixi mərhələdə milli ideya

post-img

XI MƏQALƏ

Çox sevindiricidir ki, Avrasiya­nın böyük bir hissəsini birləşdirən bizim ölkələr artıq müstəqil döv­lətlər kimi regional əməkdaşlığa başlamışlar.

Heydər ƏLİYEV,

Ümummilli lider

Türk xalqları: tarixi yaddaş və müasirlik

Türk xalqlarının altı dövləti mövcud­dur – Azərbaycan, Qazaxıstan, Özbəkis­tan, Qırğızıstan, Türkiyə və Türkmənis­tan. Əgər ayrı-ayrı dövlətlər varsa, bu, BMT-nin təsnifatına görə, millətin varlı­ğına dəlalət edir. Burada türk millətinin tərkibinin ierarxik (pilləli) olduğu nəticəsi alına bilər. Bu, maraqlı fenomendir: bir tərəfdən ortaq tarix, mədəniyyət, dil və din mənsubluğu vardır, digər tərəfdən isə ayrı-ayrı dövlətləri vardır. Bir millətin bir neçə müstəqil dövləti hansı şərtlər daxilində mümkündür? Onu da nəzərə almaq lazımdır ki, türklər bir neçə dövlə­tin tərkibində avtonom hüquqa malikdirlər və hətta bəzi respublikaları müstəqilliyə yaxın səlahiyyətlərə sahibdir.

Dövlətçilik və qloballaşma prosesində milli dövlətçiliyin inkişafı baxımından ar­tıq bu reallığın üstündən sükutla keçmək mümkün deyil. Çünki söhbət ümumiyyət­lə, dünyanın qloballaşmasından gedirsə, türk xalqlarının həm bir-biri ilə münasi­bətləri, həm də digər dövləti olan xalqlar­la münasibəti çox aktuallaşır. Hələlik sayı 6 olan dövlətlərin bir milləti təmsilən dün­ya geosiyasi nizamında necə yer ala bilər ki, ədalətə və beynəlxalq hüquqa uyğun olsun? Bu suala cavab axtarışları işığın­da Türk Dövlətləri Təşkilatı (TDT) bir həll modeli, optimal inteqrasiya forması təsiri bağışlayır. İki səbəbdən.

Birincisi, türk dövlətlərini kimsə bir kənara qoyub, onun taleyini istədiyi kimi həll edə bilməz. Çünki onların hər biri müstəqil dövlətdir. İkincisi, türk xalqları­nın ortaq geosiyasi, siyasi, iqtisadi, enerji və s. maraqlarının olduğunu inkar etmək mümkün deyildir. Bunu həm tarixi təcrübə göstərir, həm də indiki reallıq təsdiq edir. Burada əhəmiyyətli olan faktorlardan biri də türk dövlətlərinin coğrafi olaraq qon­şu olmalarıdır. Məsələ ondan ibarətdir ki, dünyanın böyük gücləri özləri üçün xüsusi “qonşuluq siyasəti” kursu hazırla­mışlar. Məsələn, Avropa İttifaqı üçün bu, “qonşuluq siyasəti” proqramında ifadə edilmişdir. Bizə məlum olan “Şərq Tərəf­daşlığı” proqramı da bura daxildir. Rusiya qonşuluq siyasətini “yaxın xaric” və “uzaq xaric” kimi daxil etdiyi iki yeni siyasi ter­min əsasında fomalaşdırır. 

Aydındır ki, müstəqil və güclü döv­lətlər qonşuları ilə münasibətlərə strateji xarakterli məsələ kimi baxırlar. Bu, həm də indi qlobal geosiyasət üçün aktual məsələyə çevrilmiş “yeni regionçuluq” təlimi və müxtəlif formada regionlaşma prosesinin vüsət alması fonunda böyük aktuallıq kəsb edir. 

Avtomatik olaraq təbii bir sual meyda­na çıxır: türk dövlətləri həm qonşu, həm də eyni kök və mədəniyyət sahibləri kimi bir-biri ilə münasibətləri necə qurmalıdır­lar ki, yeni dünya nizamında ədaləti və hüququ saxlamaq mümkün olsun? Sual ritorik deyildir və ciddi fəlsəfi-siyasi qav­rama tələb edir. Bunun da öz səbəbləri vardır. 

Əvvəla, türk xalqları uzun müddət fərqli sosial, siyasi və dövləti mühitdə mövcud olmuşlar. Türkiyə Qərbə daha yaxın olmuş və Osmanlı kimi möhtəşəm imperiya yaddaşına malikdir. Azərbaycan həmişə siyasi cəhətdən “qaynayan mə­kan” olmuşdur. Burada çox sayda güc­lü dövlətlər yaranmış və süqut etmişlər. Azərbaycanda XIX əsrdən başlayaraq dövlətçilik kontekstində düşündürücü və fəlakətli proseslər özünü göstərmişdir. Azərbaycanı Səfəvilər təmsil edirdi və o da Rusiya və Osmanlı kimi iki güclü im­periya ilə savaşa girişmişdi. Nəticədə çox geniş ərazisi olan Səfəvi dövləti parça­landı və kiçik ərazi (Şimali Azərbaycan­da) türklərə qaldı. “İran” adlanan ölkədə isə aparıcılıq farslara keçdi ki, bununla dövlət quruculuğu aspektində türk fakto­ru arxa plana atıldı. 

Mərkəzi Asiyadakı türk xalqlarının aqibəti Azərbaycandan daha pis idi. Ru­siya onları tamamilə əsarətə almışdı və təhsil bütövlükdə “rus ssenarisi” üzrə formalaşmağa başlamışdı. Rusiyada, Çində, Hindistanda, Moldovada və digər ölkələrdə yaşayan və dövləti olmayan türkləri hələ demirik.

Bütövlükdə, türklər “dövləti və siyasi kimliyi” XX əsrə çox qarışıq, fraqmentar və dünya siyasətində sözü olmayan top­lum kimi daxil oldu. Osmanlı dağıldıqdan sonra bu tendensiya daha da gücləndi. Nəticədə real mənzərə necə olur? Türk mədəniyyəti var, türk xalqları var, türk siyasi toplumu da var, lakin qlobal miq­yasda sözü keçən, qəbul edilən güclü türk dövləti yoxdur! Yalnız XX əsrin son onilliyində SSRİ-nin dağılması ilə türk kimliyi dövləti kontekstdə dirçəlmək şansı əldə etdi. Bu prosesin də qarşısını böyük dövlətlər minbir hiylə ilə almağa çalışdı­lar. Bacarmadılar. Azərbaycanın fəallğı sayəsində türklər qazandı. Nəyi nəzərdə tuturuq?

Ulu öndərin dahiyanə formulu: “Bir millət, iki dövlət” 

Türk xalqlarının inteqrasiyası ide­yası həmişə olduğu kimi Azərbaycanda formalaşdı. Ulu öndər Heydər Əliyev ta­rixi və geosiyasi vəziyyəti doğru dəyər­ləndirərək, bütövlükdə, Azərbaycanda müstəqil dövlət quruculuğu strategiyasını yeniləşdirdi. Ümummilli lider “Bir millət, iki dövlət” düsturu ilə türk xalqlarının dövlət kimi müstəqil olmaları, lakin millət, mə­dəniyyət, sosial-psixoloji özəllik, geosiya­si güc kimi vahid olmalarının mükəmməl formulunu yaratdı. Bu əsasda da konkret fəaliyyət göstərdi. Qısa zamanda Ankara Heydər Əliyevin yanaşmasını qəbul etdi. Sonrakı mərhələ daha çətin idi – Mərkəzi Asiya siyasi, ideoloji və dövləti baxımdan kökündən çox uzaqlaşmışdı. Bunun da öhdəsindən gəlindi! İndi TDT var! Bütün türk dövlətlərini təmsil edən və güclü in­kişaf potensialına malik Türk Dövlətləri Təşkilatı! Bu, Heydər Əliyevin türk döv­lətçiliyinə əvəzedilməz tarixi, siyasi və geosiyasi “hədiyyəsidir”!

Bu mənada deyə bilərik ki, türk birli­yi Azərbaycan Respublikasının müasir mərhələdə milli ideyasının nüvəsində dayanan ideyalardan biridir! Türk dövlət­ləri ilə münasibətlər Azərbaycan milli ide­yası üçün aparıcı faktorlardandır! Çünki bu ideya Azərbaycanda “doğulmuşdur”! Burada konkret siyasi məzmun almış və fəaliyyət proqramına çevrilmişdir. TDT-yə türk inteqrasiya formulu kimi sahib çıxmaq azərbaycanlıların tarixi və təbii haqqıdır! İndi TDT-ni “bir millət, altı döv­lət” formulu ilə xarakterizə etmək arzusu vardır! Tarix göstərəcək!

Bizi isə bu məqalədə türk dövlətləri­nin real inteqrasiya formulunun yeni tarixi mərhələdə milli ideya kontekstində hansı səbəblərdən uğurlu ola biləcəyi sualına cavab maraqlandırır. Hansı faktorlar bu prosesin həyata keçməsi mexanizmi ro­lunu oynaya bildi? Öncə, məsələyə bir qlobal müqayisə fonunda baxaq.

İnteqrasiya modeli və perspektivli millətlər 

Zənnimizcə, ilk sırada amerikanlar və türklər yer alırlar. Amma paradoksdur – amerikanlar tarixi yaddaşlarının olmama­sı səbəbindən perspektivlidirlər, türklər isə bənzəri olmayan tarixi yaddaş formu­luna malik olduqlarına görə perspektivli­dirlər. Amerikanları və türkləri tarixi yad­daş kontekstində bir-biri və başqaları ilə müqayisə etmək olar. 

Müasir fransız tarixçi Pyer Nora ya­zır ki, dövlətçilik baxımından “Fransa yaddaşdır, Amerika yaddaş deyil”. An­caq Fransa tarixi yaddaş məkanı kimi perspektivli ola bilmədi. Bir dövlət olaraq Fransa fransız olmayanlara yaddaşında ədalətli və hüquqi yer tapa bilmədi. Bu dövlət uzun illərdir ki, müstəmləkə və abstrakt “Frankofoniya” siyasətindən ay­dın görünür. 

“Frankofoniya”nın bir təşkilat olaraq tarixinə və məqsədlərinə qısa nəzər sa­laq. Bu təşkilatın təşəbbüskarları 1970-ci ildə L.S.Senqor, H.Burbika, A.Diori və N.Sianuk olmuşlar. Onlar Nigerin Yanta­la (maraqlıdır: “yan”+”tala”) əyalətində­ki Niamey şəhərində təşkilatın əsasını qoymuşlar. Məqsəd fransız dilinin po­pulyarlaşdırılması ilə məşğul olmaqdan ibarətdir. Sonra başqa vəzifələr qarşıya qoydular, məsələn, texnoloji əməkdaşlıq və s. 

Bu təşkilata 88 (!) ölkə daxildir. On­lardan Fransadan başqa kökü fransız olanları yoxdur, hər birinin dövlətçilik və mədəniyyət baxımından fərqli tarixi yad­daşı vardır. Məsələn, bir nigerli və ya kaledoniyalı ilə əsl fransızın hansı tarixi yaddaşı ortaqdır? Ən əsası isə əksəriy­yəti hüquqi aspektdə Fransanın müstəm­ləkəsi olmaq kimi alçaldıcı yol keçmişdir. Ermənistan isə gülməli şəkildə onlara qo­şulmuşdur. Qafqazda fransızların tarixən izi-tozu olmamışdır. 

Deməli, “frankofoniya” həm ideya, həm də təşkilat kimi perspektivsiz ya­naşamdır. Heç bir tarixi əsası olmayan, bir-birindən coğrafi olaraq çox uzaqda olan xalqların birliyi mümkün deyildir. Bu, milli ideya kimi yararsızdır. 

Amerikaya gəlincə isə bu ölkəni müxtəlif regionlardan tarixi baxımdan yaxın keçmişdə miqrasiya etmiş və özlə­ri ilə tarixi yaddaşlarını gətirmiş müxtəlif xalqlar yaratmışlar. Onların başqa xalqla­rın yaratdıqları dövlətlərdən fərqi ondan ibarətdir ki, hazır mövcud olan müxtəlif yaddaşların “ortaq sahəsində” yeni top­lum qurmağı bacarmışlar. Bu, təməldən Amerika cəmiyyətini inteqrasiya baxımın­dan açıq və perspektivli edir. Məhz tarixi yaddaşın olmaması dövlət quruculuğun­da və mədəniyyət formalaşdırmaqda ge­niş spektrli manevrlərə imkan verir. ABŞ dünyada yeganə dövlətdir ki, çox sayda ştatların (müəyyən mənada dövlətlərin) birliyi kimi yüz illərdir mövcuddur və ha­zırda dünyanın ən güclüsüdür.

Lakin Amerika inteqrasiyasının həs­sas və zəif yerləri mövcuddur. Birincisi, amerikanlarda bir “amerikan müstəsnalı­ğı” formasında özündənrazılıq sindromu inkişaf edir. 

İkincisi, Amerikada irqi ayrı-seçkilik qalmaqdadır. Nə qədər gizlədilsə də, zəncilərə qarşı hüquqsuzluq çoxalır. 

Üçüncüsü, Amerikanın daxili inteqra­siyada sərbəstliyi ilə onun dünyaya ağa­lıq etmək istəyi arasında ciddi ziddiyyət meydana gəlmişdir. Bu, tarixi ziddiyyətdir və necə həll ediləcəyindən çox şey ası­lıdır. 

Dördüncüsü, müəyyən mənada Ame­rikanın yaddaşsızlığı artıq özünəxas “yaddaş formasına” transformasiya edir ki, bunun da nəticəsi proqnozlaşdırılan deyildir. 

Nəhayət, beşincisi, inteqrasiya as­pektində ABŞ-ın qonşuluq siyasəti yox­dur və olsa da, absurd məzmun alardı. Çünki Amerika su ilə dünyadan təcrid olunmuşdur və onun birbaşa geosiyasi qonşusu mövcud deyildir (yeri gəlmişkən, bir sıra geosiyasətçi bunu təhlükəsizlik baxımından ABŞ-ın üstünlüyü sayır). Ka­nada isə həm onsuz da Amerikadır, həm də oturuşmuş güclü dövlətlərdəndir – onun mövcudluğuna təhlükə yoxdur. 

Beləliklə, Amerika güclü inteqrasiya modeli olsa da, milli ideya kimi qüsurlu və bir qədər qeyri-müəyyəndir. ABŞ müxtə­lif ştatları uğurla birləşdirə bilmişdir, lakin onun xalqları birləşdirmək potensialı ay­dın deyildir. ABŞ-ın sərhədləri daxilində irqi ayrı-seçkilik, sərhəddən kənarda isə dünya ağası olmaq iddiası amerikanların şanslarını xeyli azaldır. Uinston Çörçill demişkən, amerikalılar bütün səhv qərar­ları qəbul edəndən sonra düzgün qərar qəbul edirlər! Görünür, Amerika cəmiy­yəti düzgün qərarı hələ çox gözləməli olacaq. 

Türk tarixi yaddaşı isə milli ideya kon­tekstində tamamilə fərqli mənzərəni orta­ya qoyur. 

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Siyasət