Azərbaycan və Rusiya prezidentlərinin bu görüşü iki dövlət arasında qədim qonşuluq və dostluq münasibətlərinin sağlam və səmimi olduğunu göstərir. Dövlətimizin başçısı İlham Əliyevin qonşu ölkəyə səfəri bütün aspektlərdən mühüm əhəmiyyətə malikdir. Bu, eyni zamanda, Azərbaycan ilə Rusiya arasında iqtisadi-siyasi əməkdaşlığın bundan sonrakı inkişafına verəcəyi töhfəni şərtləndirir.
Hazırda iki ölkə arasında iqtisadi-siyasi və mədəni sahələrdə əməkdaşlıq yüksək səviyyədədir. Bu səfər həm də göstərdi ki, Azərbaycan və Rusiya dövlətləri arasındakı mehriban qonşuluq və dostluq siyasətinin mövcud vəziyyəti hər iki ölkənin maraqlarına cavab verir və tərəflər münasibətlərin daha da inkişafında maraqlıdırlar.
Cari il yanvarın 22-də imzalanan “2024-2026-cı illər üçün əməkdaşlığın əsas istiqamətlərinin inkişafı üzrə Yol Xəritəsi” Azərbaycan-Rusiya arasında qarşılıqlı faydalı əməkdaşlığa mühüm töhfə verir, ticari-iqtisadi və investisiya qoyuluşunu sürətləndirir, nəqliyyat, sənaye, aqrar və qida təhlükəsizliyi, həmçinin innovasiya və informasiya texnologiyaları sahələrində birgə layihələrin gerçəkləşdirilməsinə əlverişli zəmin yaradır.
Hazırda iki dövlətin əməkdaşlıq münasibətlərinin uğurlu inkişafı Qafqaz-Xəzər regionunda sabitlik və təhlükəsizliyin mühüm amilidir. Azərbaycan MDB ölkələri arasında Rusiyanın əsas ticarət partnyorlarından biridir. Azərbaycan-Rusiya hökumətləri arasında sərbəst ticarət, hava nəqliyyatı, elektroenergetika sahələrində əməkdaşlıq, qarşılıqlı ticarətdə vasitəli vergilərin tutulması prinsipləri, beynəlxalq avtomobil əlaqələri, dəmir yolu nəqliyyatı ilə sərnişin və yük daşınmasının təşkili üzrə sazişlər mövcuddur.
Ticarətin asanlaşdırılması və ticarət axınının şaxələndirilməsi, gömrük və sərhəd-keçid infrastrukturunun təkmilləşdirilməsi, dövlət sərhədindən yük daşımalarının həcminin, habelə buraxılış məntəqələrinin keçirmə qabiliyyətinin artırılması və digər istiqamətlərdə görülən tədbirlər nəticəsində Azərbaycan-Rusiya ticari-iqtisadi əlaqələrinin dayanıqlı inkişaf dinamikası təmin edilib. Bununla əlaqədar statistikaya əsaslanıb qeyd edə bilərik ki, 2017-ci illə müqayisədə ticarət dövriyyəsi iki dəfədən çox artaraq, ötən il 4,5 milyard ABŞ dollarına çatıb. Həmçinin 2023-cü ildə iki ölkə arasında ümumi yük daşımalarının həcmi 2017-ci illə müqayisədə 87 faiz, o cümlədən tranzit yüklərin həcmi 4 dəfəyə yaxın artıb. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə yük daşımaları 2017-ci illə müqayisədə 44 faizdən çox olub.
İki ölkə arasında investisiya sahəsində əməkdaşlıq da yüksələn xətlə inkişaf edir. Respublikamızda Rusiyanın iştirakı ilə böyük investisiya layihələrinin reallaşdırılması məhz bunun bariz ifadəsidir. Rusiyanın Azərbaycandakı şirkətləri yeni istehsal sahələri, xidmət mərkəzləri yaradaraq, sənaye sahəsində daha geniş əməkdaşlığa töhfə verirlər.
Hazırda Azərbaycanda Rusiya kapitallı 1400-dən çox müəssisə fəaliyyət göstərir. Onların 300-ə yaxını 100 faiz Rusiya sərmayəsinə malikdir. Ötən il Rusiyanın Azərbaycan iqtisadiyyatına birbaşa investisiyalarının məbləği 300 milyon dollara yaxın olub.
Bu ilin yanvar-fevral aylarında iki ölkə arasında yükdaşımaların ümumi həcmində 10 faizdən çox artım qeydə alınıb. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ölkələrimizin əraziləri vasitəsilə Cənubi Asiyadan Avropaya yüklərin daşınması üçün optimal imkanların yaradılmasına yönəldilib və 2023-cü ildə bu dəhlizlə yükdaşımaların həcmi təxminən 17 faiz yüksəlib.
Rusiya-Azərbaycan arasında turizm imkanları da davamlı olaraq genişlənib. Rəsmi məlumatlara əsasən, ötən il Rusiyadan respublikamıza 625 mindən çox turist səfər edib. Qısa müddət ərzində Dağıstan, Tatarıstan, Başqırdıstan, Udmurt, Həştərxan, Ryazan vilayətləri, Perm diyarı və Rusiya Federasiyasının digər subyektləri ilə qarşılıqlı səfərlər həyata keçirilib.
Qeyd edək ki, iki ölkə arasında müşahidə olunan bütün bu uğurların təməlində, qarşılıqlı əlaqələrin möhkəmlənməsində Ümummilli lider Heydər Əliyevin müdrik siyasəti dayanır. Yeri gəlmişkən, dahi şəxsiyyət istər 1969-1982-ci illərdə Azərbaycana uğurla rəhbərlik etdiyi illərdə, istərsə də 1982-ci il noyabrın 22-də Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü seçiləndən və noyabrın 24-də SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin ediləndən sonra ölkələrimiz arasında münasibətlərin möhkəmlənməsini daim diqqətdə saxlayıb, dostluq körpülərinin sarsılmaz sütunlarının formalaşmasında yorulmaz səy göstərib. Dövrün ən böyük infrastruktur layihələrindən olan Baykal-Amur Magistralı tikintisinin sürətləndirilməsində yeni ideyaları ilə adını Azərbaycan-Rusiya dostluq tarixinə qızıl hərflərlə yazdırıb.
Xatırladaq ki, bu magistralla ildə, təxminən, 180 milyon ton yük daşınıb. Rusiyanın vaxtilə insan ayağı dəyməyən, ucu-bucağı görünməyən əyalətlərində BAM hesabına müasir şəhərlər yaradılıb. Bu yol Rusiyanın tranzit sahəsində də inkişafına böyük təkan verib. Çin, Koreya Respublikası, Vyetnam, Hindistan və digər cənub Şərqi Asiya və Orta Asiya dövlətlərinin Avropa ilə ticarət əlaqələri məhz BAM vasitəsi ilə qurulub. Rusiya ekspertlərinin bildirdiklərinə görə, 2030-cu ilədək BAM-in daha 3,5 min kilometr uzadılacağı, yeni stansiyaların tikiləcəyi nəzərdə tutulub.
Bu gün Azərbaycan Ulu öndərin ideyalarını uğurla davam və inkişaf etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edir, regionda əməkdaşlığın və davamlı inkişafın təmin olunması üçün ardıcıl səyləri uğurla həyata keçirir. Bu prosesdə Rusiya ilə əlaqələrin inkişaf etdirilməsi xüsusi yer tutur. Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri məhz bu baxımdan mühüm önəm daşıyır.
XQ