Ermənistan hakimiyyəti yeni imkanları, o cümlədən Avropa İttifaqına (Aİ) daxil olmaq imkanlarını müzakirə edir. Bunu xarici işlər naziri Ararat Mirzoyan bildirib. O qeyd edib ki, hələlik bu prosesin nəticəsini “heç kim əminliklə deyə və ya proqnozlaşdıra bilməz”.
“Son üç-dörd il ərzində üzləşməyə məcbur olduğumuz çağırışları nəzərə alaraq, Ermənistanda mövcud yeni imkanlar fəal şəkildə müzakirə olunur. Onların arasında Aİ-yə üzvlük ideyasının da olduğunu desəm, sirr açmayacağam”, - nazir Türkiyənin TRT World kanalına müsahibəsində deyib.
A.Mirzoyanın sözlərinə görə, Aİ və ABŞ Ermənistanda demokratik islahatları təşviq edir. O, tərəfdaşlar və müttəfiqlər dairəsinin genişləndirilməsini vacib hesab edir. “Biz Aİ və ABŞ ilə münasibətləri dərinləşdirir, eyni zamanda, ənənəvi əlaqələri qoruyub saxlayırıq və ya məsələn, Şərqə baxırıq. Biz Hindistanla əlaqələr qururuq... Qonşularımızla münasibətləri tənzimləmək də prioritet məsələdir”, - deyə Ermənistan XİN rəhbəri əlavə edib.
Dekabrda Ararat Mirzoyan demişdi ki, İrəvanın “Avropa istəkləri” var. Nazir qeyd edib ki, Ermənistan “Aİ-nin mümkün hesab etdiyi qədər Aİ-yə yaxınlaşmaq” niyyətindədir.
S.ELAY
XQ