Paşinyan hakimiyyəti Zəngəzur dəhlizinin dünyaya çıxış olduğunu dərk etməlidir
Bakı Zəngəzur dəhlizinin bölgə ölkələri, o cümlədən, Ermənistan üçün faydalı və cəlbedici olduğunu dəfələrlə əsaslandırıb. Azərbaycanın və Türkiyənin münasibətlərin nizamlanması, qarşılıqlı əməkdaşlığın bərpası, regional və transmilli layihələrdə birgə iştirak barədə İrəvana ünvanladıqları çağırışlara hələ də aydın və dürüst cavab verilməyib. Siyasi açıqlamalarında gah Qərbin, gah da Rusiyanın birbaşa təsirindənmi rəsmi İrəvan ətəyindəki daşı yerə tökməyə, buxovdan azad olmağa, qonşuları ilə normal münasibətləri bərpa etməyə tələsmir.
Bununla bağlı növbəti açıqlamanı Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi, səfir Elçin Əmirbəyov Antalya Diplomatiya Forumunda verdi. O, Zəngəzur dəhlizinin Ermənistanla Azərbaycan arasında etimadın möhkəmləndirilməsi, eləcə də sülhün qurulması üçün vacib zəmin ola biləcəyini bildirib. Antalya Diplomatiya Forumu çərçivəsində “Avrasiyada əməkdaşlığın yeni dinamikası” mövzusunda keçirilən panel iclasında çıxış edən E.Əmirbəyov onu da qeyd edib ki, post-münaqişə şəraitində ölkələr arasında nəqliyyat əlaqələrinin bərpası sırf iqtisadi səmərə ilə yanaşı, həm də mühüm etimad quruculuğu rolunu oynaya və sülh yaratmaq üçün effektiv alət ola bilər:
“Bunun bariz nümunəsi Zəngəzur dəhlizi layihəsidir ki, bu, həm Ermənistanla Azərbaycan arasında birbaşa nəqliyyat əlaqələri yarada, həm də onun regionda iqtisadi təcridinə son qoya bilər. Bu layihənin həyata keçirilməsi bölgədəki digər ölkələrin, ilk növbədə, Türkiyə, Rusiya və İranın maraqlarına tam cavab verir və onlara fayda gətirəcək. Bundan əlavə, Zəngəzur dəhlizi artıq mövcud olan Orta Dəhlizə (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) alternativ marşrut kimi, Çini Mərkəzi Asiya və Cənubi Qafqaz vasitəsilə Azərbaycan və Gürcüstan ərazisi ilə Avropaya birləşdirə bilər”.
E.Əmirbəyov onu da əlavə edib ki, üç ildən artıq müddətdə öhdəliklərini yerinə yetirməkdən yayınan və faktiki olaraq Zəngəzur vasitəsilə nəqliyyat əlaqələrinin bərpasına mane olan İrəvan, nəhayət, bu layihənin Ermənistan üçün tam faydasını dərk edəcək: “Əks–halda, arzu edilən “yolayrıcının” regional dalana dirənməsi riski var”.
Ortada formalaşmış mənzərə ondan ibarətdir ki, rəsmi İrəvan nə yekun sülh müqaviləsi, nə də kommunikasiyaların açılması yönündə konkret qərara gələ bilməyib. Paşinyan iqtidarı suverenlik və ərazi bütövlüyü amillərini bəhanə gətirərək, Zəngəzura dəhliz statusu verilməsinə qarşı çıxır.
Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyanın Antalya Diplomatik Forumundakı çıxışında İrəvanın Zəngəzur dəhlizini açmayacağı barədə bəyanatı isə Hayastan rəhbərliyinin öz maraqlarından daha çox Qərbin diktəsi ilə hərəkət etməsinin göstəricisidir.
“Radikal - şovinist ideyalar bu ölkəni dalana dirəyib”
Mövzu ilə bağlı “XQ”-yə açıqlama verən Qərbi Kaspi Universitetinin professoru, siyasi analitik Fikrət Sadıxov hesab edir ki, Ermənistanı Zəngəzurla bağlı qərar verə bilməməsinin səbəbi şovinist və separatçı düşüncəsindən qurtula bilməməsidir: “Ermənistanın həm siyasi hakimiyyətində, həm də digər dairələrində millətçi-şovinist düşüncəsi çox güclüdür. Azı son iki yüz ildə xaricdəki dəstəkçilərinə arxalanaraq, özünün faydaları üzərindən xətt çəkən İrəvan tamamilə yanlış yol seçib. Yəni, onlar hesab edirlər ki, əsas ideyaları uğrundakı mübarizələrinin nə vaxtsa real faydasını görəcəklər. Bir faktı yada salaq ki, hələ 1994-cü ildə “Əsrin müqaviləsi” imzalananda neft kəməri marşrutunun seçilməsində Ermənistan variantı da var idi. Əgər o vaxt Azərbaycana qarşı torpaq iddialarından əl çəksəydilər, kəmər Ermənistan ərazisindən keçə bilərdi. Bunu etməlidilər və öz faydalarından məhrum oldular. İndi isə Zəngəzur dəhlizinin açılmasını milli maraqlarına zərbə kimi anlayırlar. Birbaşa ermənilərə fayda verəcək layihə olsa da, yenə millətçi-şovinist, radikal ideyalar bu ölkəni faktiki olaraq dalana dirəyib”.
Tanınmış politoloq dedi ki, Azərbaycanın bundan sonra da davam etdirəcəyi hücum diplomatiyası, regionun digər dövlətləri ilə birgə əməkdaşlığı daha gücləndirərək, Zəngəzur dəhlizinin açılmasına mütləq nail olmalıdır: “Burada həm Türkiyə, həm Rusiya, həm də İranla maraqları üst-üstə düşür. Ola bilsin İran bu layihənin rellaşmasında o qədər də maraqlı deyil, fəqət Rusiya və Türkiyə ona “hə” deyib. Düşünürük ki, məhz bölgədəki tərəfdaşlarımızla birgə müsbət nəticə əldə edə bilərik”.
“Ermənistan kollektiv Qərbin əlində işlək alətdir”
Zəngəzur dəhlizi ilə bağlı Paşinyan hökumətindən gələn fərqli açıqlamalar ona edilən kənar təsirlərin nəticəsidir. 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata imzasını atmaqla boynuna konkret öhdəliklər götürən Ermənistan baş naziri məhz Qərbdən aldığı dəstəyə və vədlərə görə şərti yerinə yetirməkdən boyun qaçırır.
Siyasi şərhçi Tofiq Abbasova görə, Ermənistan suveren dövlət olmadığına görə Zəngəzur dəhlizi ilə bağlı qərar vermək iqtidarında deyil: “İrəvan bütün ixtiyarını əlindən verib və onun əvəzinə Parisdən, digər mərkəzlərdən aldığı göstərişlərlə hərəkət edir. Açıq-aşkar görünür ki, bu gün Ermənistan dəhliz layihəsi ilə yox, yeni müharibə ab-havası ilə yaşayır. Əlbəttə ki, bu, İrəvanın öz planı deyil. Əgər Nikol Paşinyanın əlində real səlahiyyət olsaydı, bəlkə Zəngəzur dəhlizinə çoxdan “hə” deyərdi. Onu bunu deməyə qoymayanlar Fransa, Hindistan və Amerika Birləşmiş Ştatlarıdır. Böyük dəhlizin istifadəyə verilməsi məhz onların mənafeyinə toxunur və bunu özlərinə problem kimi görürlər. “3+3” formatına qarşı çıxmalarının səbəbi də bu idi...”.
Dünyanın yenidən bölünərək paylanması ilə bağlı böyük güclərin öz planlarının mövcudluğuna diqqət çəkən T.Abbasov Ermənistanın kollektiv Qərbin əlində işlək alətə çevrildiyini dedi: “Onlar bölgədəki siyasətlərinə mane olanlara divan tutmağa hazırdılar. O ki qaldı, Zəngəzur dəhlizinin Ermənistan üçün müsbət, faydalı cəhətlərinə, bu layihə, həqiqətən də, bölgə ölkələrinə yeni imtiyazlı durum vəd edir. Bakı–Tbilisi–Qars dəmir yolu işə düşəndən sonra bu ikinci nəhəng layihə həm yüklərin daşınması, həm də insanların gediş-gəlişi üçün geniş imkanlar yaradacaq. Cənab Prezidentin şəxsi nümayəndəsi Elçin Əmirbəyov Antalyada Zəngəzur dəhlizinin məhz bu üstün tərəflərini bir daha nəzərə çatdırıb. Məqsəd beyinləri zərərli ideyalarla yuyulmuş erməniləri öz xeyirlərindən qaçmamağa çağırmaqdır”.
“Əvvəlcə çərçivə sazişi imzalanmalı və dəhliz açılmalıdır”
Son üç ildə Azərbaycan Ermənistanla münasibətlərin normallaşması istiqamətində bir sıra addımlar atdı. 2022-ci ilin martında Bakı sülh sazişi üçün vacib əhəmiyyətə malik 5 baza prinsipini elan etdi. Həmin prinsiplər Ermənistan hakimiyyəti tərəfindən qəbul edilib, eyni zamanda, beynəlxalq ictimaiyyət tərəfindən müsbət dəyərləndirilib. Azərbaycan tərəfindən hazırlanan və qarşı tərəfə təqdim olunan sənəd layihəsində qarşılıqlı etimadın yaradılması, beynəlxalq hüququn normalarına uyğun şəkildə davranılması qeyd edilib.
Bu barədə qəzetimizə danışan “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, İrəvan nəqliyyat yolunun fəaliyyətinə özü daha münasib şərtlər daxilində nail olmağa çalışır:
“Birincisi, Elçin Əmirbəyov çıxışında deyib ki, iki ölkə arasında nəqliyyat əlaqələrinin bərpası bölgədə etimad quruculuğu rolunu oynaya və sülh yaratmaq üçün effektiv alət ola bilər. İkincisi, Prezidentin xüsusi tapşırıqları üzrə nümayəndəsi bildirib ki, Zəngəzur dəhlizi Ermənistanın regionda iqtisadi təcridinə son qoya bilər. Üçüncüsü, E.Əmirbəyov bir daha xatırladıb ki, Zəngəzur dəhlizi Çini Mərkəzi Asiya və Cənubi Qafqaz vasitəsilə birləşdirə bilər. Azərbaycanlı diplomat sonda onu da xatırladıb ki, rəsmi Bakı ümid edir ki, layihənin Ermənistan üçün tam faydasını İrəvan dərk edəcək”.
Politoloqun fikrincə, Ermənistan baş naziri Zəngəzur dəhlizinin iqtisadi faydalarını anlamamış deyil, sadəcə olaraq, düşünür ki, nəqliyyat yolunun fəaliyyətinə Ermənistan üçün daha münasib şərtlər daxilində imkan yarana bilər:
“Rəsmi Bakı İrəvanın nəqliyyat dəhlizinə nəzarət istəyinə razı deyil. Buna baxmayaraq, rəsmi Bakının İrəvana mesajı bundan ibarətdir ki, digər ölkələrin dəhlizdən keçən yüklərini yoxlaya bilər. Əslində, Nikol Paşinyan Rusiyanın təsirindən qurtulmaq istəyirsə, bunun üçün ilk növbədə çərçivə sazişi imzalanmalı və dəhliz açılmalıdır. Bu, bölgədə inam atmosferi yaratmaqla bərabər, Ermənistanın üçüncü dövlətlər vasitəsilə özünü Azərbaycandan qorumaq qorxusundan qurtara bilər”.
Xatırladaq ki, bir neçə ay öncə aparılan danışıqlarda Azərbaycanın əsas hissəsindən Naxçıvana aparılacaq yük və gedəcək vətəndaşlara güzəştlərin edilməsi, amma üçüncü ölkələrlə bağlı normal gömrük prosedurunun tətbiqi barədə razılıq əldə olunmuşdu. Amma indi İrəvan bu razılaşma üzərində də işləməkdən boyun qaçırır. Son günlər Rusiya və KTMT əleyhinə kəskin bəyanatlar səsləndirən Paşinyan açıq şəkildə rus sərhədçilərin Zəngəzurda fəaliyyətini arzulamır. Ermənistan bununla bağlı özünün sərhəd qoşunlarının tərkibində kommunikasiyaların mühafizəsi üçün xüsusi bölmənin yaradılmasına start verib. Bu vəziyyətdə ortaya iki sual çıxır: birincisi, əgər Zəngəzurun xüsusi statusu ilə razı deyildisə, niyə Paşinyan 10 noyabr bəyanatını imzaladı və bununla rus sərhədçilərin Zəngəzurda yerləşdirilməsini təsdiqlədi? İkincisi, əgər sərhəddə nəqliyyat-kommunikasiya xətləri ümumi qaydalara uyğun açılacaqsa, onda xüsusi mühafizə bölməsinin yaradılması nəyə lazımdır? Aydındır ki, Paşinyanın bundan əsas məqsədi Rusiya FTX-sini, Zəngəzura buraxmamaqdır.
Beləliklə, Ermənistanın Zəngəzurla bağlı xüsusi planı var. Fəqət Bakının ədalətli tələblərinə və Moskvanın Cənubi Qafqazdakı maraqlarına görə, İrəvan özünün bu xüsusi planını gerçəkləşdirə bilmir. Bununla da qeyri-adekvat addımlar atmaqla vaxt qazanmağa çalışır. Üçüncü sual: nə vaxta qədər?
İmran BƏDİRXANLI
XQ