Oliver Pardo: Heç bir hüquqşünas Makronun Ermənistanı silahlandırmaq qərarını qəbul edə bilməz

post-img

Heç bir hüquqşünas Fransa Prezidenti Emmanuel Makronun Ermənistanı silahlandırmaq qərarını qəbul edə bilməz. Fransa ATƏT-in Minsk qrupunun, yəni Azərbaycan ilə Ermənistan arasında vasitəçilər qrupunun üzvüdür (44 günlük Vətən müharibəsində Azərbaycanın öz ərazilərini işğaldan azad etməsindən sonra faktiki olaraq mövcud deyil – red.). İndi isə vasitəçilərdən birinin tərəflərdən digərini silahlandırdığını görürük ki, bu da qəbuledilməzidir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri CBC telekanalında efirə gedən “Anastasiya Lavrina ilə qlobal diskussiya” verilişinin qonağı olmuş fransız hüquqşünas, keçmiş hakim və Fransa ədliyyə nazirinin sabiq birinci müşaviri Oliver Pardo səsləndirib.

Fransız ekspert qeyd edib: “İkincisi, bütün beynəlxalq qətnamələr Azərbaycanın hərəkətlərinin qanunauyğun olduğunu təsdiq edir, çünki Qarabağ Ermənistan tərəfindən güc yolu ilə işğal edilmişdi. Azərbaycanın mövqeyi müstəsna şəkildə ona məxsus olan ərazilərin azad edilməsindən ibarət idi. Bu, müəyyən dərəcədə Fransanın bir zamanlar işğal altında olmuş torpaqlarını – Elzas və Lotaringiyanı azad etməsinə bənzəyir.

Üçüncüsü, bu qərarın təsdiqi üçün seçilən məqam da olduqca həssasdır. Tarixi bilənlər üçün bu məqam Xocalı qırğınının xatırlandığı andır. Həmişə susqunluqla qarşılanan bu qətliam sözün həqiqi mənasında əsl etnik təmizləmə idi. Ona görə də təəssüf edirəm ki, mən fransızam. Amma biz yalnız Prezident Makronun mövqeyini pisləyə bilərik”.

Siyasət