Sərhəd xəritəsi və Mher Qriqoryanın “hüquq məntiqi”

post-img

Baş nazirin müavini də nala-mıxa vurur

Ermənistan baş nazirinin müa­vini Mher Qriqoryanın erməni mediasına açıqlamasında ma­raqlı məqamlar var. O bildirib ki, delimitasiya prosesi, sadəcə, xəritələrlə işləmək deyil, daha çox şeyi əhatə edir: “Delimi­tasiya prosesi müəyyən bir xə­ritənin tərtib olunduğu hüquqi bazanın müəyyən edilməsini nəzərdə tutur”.

Bəli, söhbət Azərbaycan–Ermənistan sərhədlərinin müəyyənləşməsi zamanı nəzər­də tutulacaq xəritələrin hansı hüquqi bazaya məxsusluğundan gedir. Deyə bilmərik ki, baş nazirin müavini bu fikri dilə gətirərkən, kons­truktiv olmağı düşünüb, amma o, son dərəcə vacib nüansı qabardıb. Bəs nə üçün erməni hökumət rəsmisinin obyektiv mövqe tutdu­ğuna şübhələnirik? 

Məsələ ondadır ki, M.Qriqoryanın bil­dirdiyi digər xüsuslar bu şəxsin hüquqa əsas­lanmaq əzminə tərs mütənasibdir. Daha doğ­rusu, o, hüquqa yalnız manipulyasiya aləti kimi baxır. Bu şəxsin söylədiklərindəki yol­verilməz məntiqin ayrı-ayrı detallarına diqqət yetirəcəyik. Ancaq əvvəlcə Azərbaycan Pre­zidenti İlham Əliyevin 2024-cü il yanvarın 10-da yerli televiziya kanallarına müsahibə­sində sərhədlərin müəyyənləşdirilməsində ölkəmizin mövqeyinə dair səsləndirdiyi bir fikri diqqətə çatdırırıq: “Bizim mövqeyimiz çox ədalətli və məntiqlidir. Ya siyasi meto­dologiya əsas götürülməlidir, ya xronologiya götürülməlidir, ya da biz bütövlükdə heç bir xəritə əsasında işimizi qurmamalıyıq. Ko­missiya (Azərbaycan və Ermənistan tərəfdə­ki sərhəd komissiyası – red.) yaradılıb. Ko­missiyanın işini fəallaşdırmaq üçün ekspert qrupları yaradılmalıdır. Getsinlər qarış-qarış o yerləri gəzib o sərhədi müəyyən etsinlər. Çünki bu gün bizim sərhədimiz şərti xarakter daşıyır”.

Prezident İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycan–Ermənistan sərhədi şər­tidir. Onu da deyək ki, dövlətimizin başçısı yuxarıda diqqətə çatdırdığımız fikirlərini Ermənistanın və havadarlarının 1991-ci ilin Alma-Ata Bəyannaməsinə fokuslanmalarına və mövcud xüsusda 1970-ci ildən sonrakı xəritələri əsas götürmələrinə münasibət kon­tekstində bildirmiş, eyni zamanda, 1918-ci ildən 1969-cu ilin mayınadək Ermənistana Azərbaycan torpaqları hesabına hədiyyələrin edildiyi reallığını nəzərə almış və bir növ, or­taya yeni yanaşmanın qoyulmasının zərurili­yini vurğulamışdı. 

Lakin Ermənistan rəhbərliyinin hazırkı davranışları onu göstərir ki, ölkə yenə əv­vəlki “ampluasındadır”. Rəsmi İrəvan Praqa və Brüsseldə əldə edilmiş razılaşmaları və bu razılaşmaların 1991-ci ilin Alma-Ata Bə­yannaməsinə istinad məntiqini ehkamlaşdırır və elə fon yaradır ki, sanki Bakı üzərinə gö­türdüyü öhdəlikləri yerinə yetirmir. Söhbət Azərbaycan Prezidentinin və Ermənistanın baş nazirinin Avropa İttifaqı Şurasının prezi­denti Şarl Mişelin vasitəçiliyi ilə keçirilmiş görüşlərindəki razılaşmalara riayətdən gedir. 

Onu da xatırladaq ki, Ermənistan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəlikləri tamamilə unu­dub. Baş nazir Nikol Paşinyan və komandası bu barədə danışmır. Yalnız Alma-Ata Bə­yannaməsindən söz açır. Ola bilər, erməni iqtidarı bir azdan ölkənin müharibə məğlubu olduğunu da yaddan çıxarsın. Hər şey müm­kündür... 

Bəli, hazırda M.Qriqoryanın sözlərin­dən gəlinən nəticə də budur ki, Ermənistan 44 günlük müharibədəki rüsvayçılığı xatırla­mır. O, açıq şəkildə deyir ki, tərəflər 1991-ci ilin dekabrındakı sərhəd xəttinin bərpası ilə məşğul olmalıdırlar. Sual olunur: Ermənistan həmin sərhəd xəttindən əsər-ələmat qoymuş­dumu? Otuz ilə yaxın müddətdə sərhədi Ağ­damda, Füzulidə təsəvvür edən, özünü ona uyğun aparan rəsmi İrəvan deyildimi? İndi hansı haqla belə danışırlar? Hələ baş nazir Nikol Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə!” bəyanatını, habelə onun artıq sabiq olan müdafiə nazirinin “Yeni ərazilər uğrun­da yeni müharibələr” şüarını bir kənara qo­yuruq. Halbuki, bunlar da nəzərə alınmalıdır. 

İndi isə birbaşa M.Qriqoryanın “hüquqi baza” məntiqinə gələk. Onun bu deyimi ilə əvvəldə diqqətə çatdırdığımız “xəritələrin müəyyənləşməsində hüquqi baza” məntiqi üst-üstə düşmür. Məlumdur ki, Azərbaycan torpaqlarına sahiblik Ermənistana keçən­də heç bir hüquqi bazaya istinad edilməyib. Yaxşı, tutaq ki, İrəvan 1918-ci ildə Ermənis­tana paytaxt kimi Azərbaycan Xalq Cümhu­riyyəti rəhbərliyinin bağışlanmaz səhvi ilə verilib və bu təsdiqlənib. Bəs sonrakı peşkəş­lər? Onlarda hansısa hüquq normalar nəzərə alınmışdırmı? 1929-cu ildə keçmiş Ermənis­tan SSR ərazisində Azərbaycan torpaqları hesabına Meğri rayonu yaradılıb. Bəlkə bu zaman hüquqa riayət edilib? Yoxsa, həmin vaxt Azərbaycan rəhbərliyinin və xalqının mövqeyi nəzərə alınıb? 

Prezident İlham Əliyev müsahibəsində Ermənistana torpaqlarımız hesabına ərazi peşkəşlərinin 1969-cu ilin mayınadək edil­diyini vurğulayıb. Dövlətimizin başçısı yada salıb ki, bu mənfur prosesin qarşısı yalnız ümummilli lider Heydər Əliyevin respub­lika rəhbərliyinə gəlişindən sonra alındı. Görəsən, M.Qriqoryanın hüquq anlayışında bunlar varmı? Qətiyyən yoxdur!

Üstəlik, ulu öndər Heydər Əliyev 1987-ci ildə SSRİ rəhbərliyindən uzaqlaşdırıldıqdan dərhal sonra ermənilərin Qarabağ iddiaları başladı. Sanki fürsət gözləyirdilər. 1969-cu ildən 1987-ci ilədək etmək istədiklərini, an­caq bacarmadıqlarını həyata keçirməyə gi­rişdilər. Nəticə olaraq torpaqlarımız işğala məruz qaldı, 1988–1991-ci illərdə azərbay­canlıların Ermənistandakı dədə-baba yurd­larından zorla çıxarılması bir yana, Qarabağ avantürası ilə Azərbaycan ərazisindən də yüz minlərlə vətəndaşımız didərgin salındı və otuz ilə qədər davam edən acı məhrumiyyət­lər dövrü yaşandı. Heç şübhəsiz, M.Qriqor­yan bunlara da əhəmiyyət vermir və öz alə­mində ağıllı-ağıllı danışır... 

Ermənistan–Azərbaycan sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə hər iki ölkənin komissiyalarının növbəti iclasının vaxtı ilə bağlı hələlik qərara gəlinmədiyini deyən erməni hökumət rəsmisinin jurnalist­lərin bir sualına cavabı da maraqlıdır. Qeyd edək ki, erməni media təmsilçiləri ondan sərhədlərin müəyyənləşdirilməsi xüsusunda­kı danışıqlar prosesi çərçivəsində tərəflərin razılaşdığı ən azı bir məsələni göstərməsini xahiş ediblər. Qriqoryan bunları deyib: “Əl­bəttə, prosesin nə qədər mürəkkəb olduğunu hamınız yaxşı dərk edirsiniz. Xüsusilə, xə­ritələrdən söz açılarkən başa düşməliyik ki, biz yalnız topoqrafik sənədlərdən – peşəkar xəritələrdən danışmalıyıq. Bir çox insanlar sxematik və ya metodoloji xəritələri topoqra­fik xəritələrlə qarışdırırlar ki, bu da, əslində, tamamilə fərqli keyfiyyət və məntiqə malik­dir”. 

Bundan sonra M.Qriqoryan lap əvvəl­də diqqətə çatdırdığımız fikrini də bölüşüb. Yəni, delimitasiya prosesi zamanı istinad ediləcək xəritəyə dair hüquqi baza məsələsini qabardıb. Onun açıqlamasının kulminasiya anı isə sırf “hüquqi baza” anlayışına baxışı­nı ortaya qoymasıdır. Sən demə, baş nazirin müavini üçün hüquqi baza Praqa Sammiti imiş. O sammit ki, orada tərəflər Alma-Ata Bəyannaməsinə sadiqliklərini bildirdilər. Al­ma-Ata Bəyannaməsi hara, xəritə hara? İndi Ermənistan 1970-ci ildən sonrakı xəritələrə istinad üzərində dayanır. Görəsən, bu, nə za­mandan bəyannaməyə sadiqlikdir? Yaxud, əksinə, Azərbaycan sərhədlərin demarkasiya­sı və delimitasiyasında öz mövqeyini ortaya qoyursa, belə yanaşma niyə bəyannaməyə zidd sayılmalıdır? Nəhayət, sənəddə, sadəcə, keçmiş müttəfiq respublikaların bir-birinin ərazi bütövlüyünü tanımalarından söhbət açılır. Orada ərazilərin bölgüsü ilə əlaqədar hansısa konkretlik yoxdur. 

Ancaq Ermənistanın Praqa prosesinə məhəl qoymadığını təsdiqləyən məqamlar yetərincədir. Bir halda ki, 2022-ci ilin Praqa Sammitində Alma-Ata Bəyannaməsinə əsasən, 1991-ci il sərhədləri çərçivəsində dövlətlərin ərazi bütövlüyünün və suveren­liklərinin tanınmasına dair razılaşma var idi. Bəs nəyə görə 2023-cü ilin sentyabrına, yəni lokal xarakterli antiterror tədbirlərinədək Qa­rabağda Ermənistan ordusunun on minədək hərbçisi qalırdı? Hansı səbəbdən bölgədə İrəvanın dəstəklədiyi separatçı rejim at oyna­dırdı? Bu idimi Brüssel formatına, Alma-Ata Bəyannaməsinə sadiqlik? Olmazdımı ki, İrə­van oyun oynamasın? Görünür, olmazmış. 

Sonda qeyd edək ki, Ermənistan həm sərhədlərin müəyyənləşməsində, həm də ümumən Azərbaycanla sülh gündəliyi məsələsində oyun oynamaqla məşğuldur. Elə M.Qriqoryanın söylədikləri də İrəvanın manipulyativ yanaşma tərzinin məhsuludur və əlbəttə ki, qeyri-səmimilik göstəricisidir. Belə yanaşmaların Ermənistana heç bir xeyri dəyməyəcək. Əksinə, bu cür yarıtmaz mövqe ölkə üçün sərfəli sülh perspektivi bucağını getdikcə daha çox məhdudlaşdıracaq. 

Ə.RÜSTƏMOV
XQ

Siyasət