Ermənistan Avropa İttifaqına yaxınlaşır

post-img

Ermənistan Avropa İttifaqı (Aİ) ilə yaxınlaşmağa hazırdır. Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan “The Telegraph” qəzetinə müsahibəsində bildirib.

Müxbirin Ermənistanın gələcəkdə NATO-ya üzvlüyü barədə düşünüb-düşünməməsi ilə bağlı sualına Paşinyan cavab verib ki, ölkəsində NATO-ya üzvlük məsələsinin müzakirəsi gündəmdə deyil.

Paşinyan vurğulayıb ki, hazırda hüquqi cəhətdən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdürlər, lakin bu blok strategiyasının uzunmüddətli perspektivdə Ermənistanın maraqlarına uyğun olub-olmaması ilə bağlı mübühisələr davam edir.

Ermənistanın baş naziri son vaxtlar ən mühüm məsələnin Gürcüstanın Aİ-yə namizəd ölkə statusu qazanması olduğunu, vəzifəyə başlamazdan əvvəl ölkəsinin ittifaqla hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq sazişi imzaladığını və sazişin həyata keçirilməsi mərhələsi çərçivəsində əlaqələri dərinləşdirdiklərini diqqətə çatdırıb. “Ermənistan Aİ ilə mümkün qədər yaxınlaşmağa hazırdır”, - deyə Paşinyan qeyd edib.

Paşinyan jurnalistin fevralın 1-dən Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Statutunu qəbul etdikdən sonra İrəvana gedəcəyi təqdirdə Putinin həbs edilib-edilməyəcəyi barədəki sualına belə cavab verib: "Həmin qərar qanuni çərçivədə Ermənistan məhkəmələri tərəfindən müzakirə edilməlidir. Mənim bu məsələdə səlahiyyətim yoxdur və vəzifədəki dövlət başçılarının statuslarına görə toxunulmazlıqları olduğuna dair hüquqşünasların fikirləri var".

Anar ƏLİ

XQ

Siyasət