Gürcüstan, Ukrayna və Moldovanın AŞPA-dakı son mövqeyi bu sualı gündəmə gətirib
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası zamanı ölkəmizlə bağlı keçirilən səsvermə bir çox mətləblərin üstünə işıq saldı. Özümüzə yaxın dost saydığımız Gürcüstan, Ukrayna və Moldova heç gözləmədiyimiz halda səsvermədə iştirakdan imtina etdilər. Düzdür, onlar Azərbaycanla bağlı qətnamənin lehinə də səs vermədilər. Amma səsvermədə iştirak etməkdən imtina da müttəfiqə yaraşan hərəkət deyil.
Məlum olduğu kimi, Azərbaycan postsovet məkanında ərazi bütövlüyü ilə bağlı problemlər yaşayan yeganə dövlət deyil. Gürcüstan, Ukrayna və Moldova da ümumi problemlə – separatizm, torpaqlarının işğalı və etnik təmizləmə siyasəti ilə üzləşiblər. Amma 2020-ci ildə Azərbaycan keçmiş SSRİ məkanında bu problemi həll edə bilən yeganə dövlət oldu. Gürcüstan, Ukrayna və Moldova ərazi məsələləri həll olunmamış ölkələr klubunda qalırlar. Ancaq bu dövlətlərin nümayəndə heyətləri AŞPA-da özlərini adekvat aparmadılar. Onlar qeyd etdiyimiz kimi, sadəcə, səsvermədə iştirak etmədilər. Halbuki, AŞPA qış sessiyasında mahiyyətcə Azərbaycanın ərazi bütövlüyünü şübhə altına aldı. AŞPA-nın qətnaməsi “Azərbaycan hakimiyyətinin Dağlıq Qarabağdakı fəaliyyəti”, “Laçın dəhlizinin blokadası” ittihamları ilə doludur. Gürcüstan, Ukrayna və Moldova nümayəndələrinin Azərbaycanın ərazi bütövlüyünə qarşı bu hücumların əleyhinə səs verməməsi onların işğaldan azad edilmiş ərazilər üzərində Azərbaycanın suverenliyini tanımamasına işarə sayıla bilər.
Maraqlıdır ki, həm Tbilisidə, həm Kiyevdə, həm də Kişineuda Azərbaycandan söz düşəndə, ölkəmizi sabit strateji və ticarət tərəfdaşı, etibarlı dost adlandırırlar. Ancaq dost, necə deyərlər, dar gündə tanınır. Azərbaycan heç vaxt dostlarını dar gündə tərk etməyib. Eyni zamanda, dostlarının (eləcə də dünyanın bütün dövlətlərinin) ərazi bütövlüyünü şübhə altına almayıb.
Azərbaycan üç ölkə ilə birgə Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilatda (GUAM) təmsil olunur. Təşkilat Azərbaycan, Gürcüstan, Ukrayna və Moldova prezidentlərinin 1997-ci il oktyabrın 10-da Strasburqda Birgə Kommunike imzalaması ilə dörd dövlətin birliyi kimi fəaliyyətə başlayıb. 1999–2005-ci illərdə Özbəkistan da təşkilatın üzvü olub. Zənnimizcə, AŞPA-da baş verənlər Azərbaycanın da təşkilatla münasibətlərinə yenidən baxmasına gətirib çıxara bilər. Məhz səsvermədən sonra bu istiqamətdə müxtəlif çağırışlar səslənməyə başlayıb. Doğrudan da, müdrik atalarımız yaxşı deyib: “Dost dosta tən gərək...”
Ancaq Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov “XQ”yə bildirdi ki, AŞPA-da keçirilən səsvermə ilə bağlı Gürcüstan, Ukrayna və Moldovadan olan həmkarları sərt şəkildə qınamağa dəyməz. O, öz fikirlərini bununla əsaslandırdı ki, səsvermədə dövlətlər qərar vermirlər. Belə ki, hər bir deputat şurada hansısa fraksiyaya daxildir: “Fraksiyada isə səsvermə ilə bağlı qərar qəbul edildiyi halda deputatlar ya ona tabe olmalıdır, ya da tabe olmaq, eyni zamanda, qərarın əleyhinə çıxmaq istəmirlərsə, adətən, səsvermədən yayınırlar. Gürcüstandan, Ukraynadan və Moldovadan olan deputatlar da buna görə səsvermədən yayındılar. Çünki “Avropa mühafizəkarları” fraksiyası istisna olmaqla, digər fraksiyalar Azərbaycanın əleyhinə səs verməklə bağlı qərar qəbul etmişdilər”.
Bununla belə Rasim Musabəyov qeyd etdi ki, ümumiyyətlə, götürdükdə, GUAM-ın bir təşkilat kimi əhəmiyyətini çoxdan itirdiyini demək mümkündür: “Yada salmaq lazımdır ki, vaxtilə Azərbaycan Prezidenti Heydər Əliyevin, Ukrayna Prezidenti Leonid Kuçmanın, Moldova Prezidenti Pyotr Luçinskinin, Gürcüstan Prezidenti Eduard Şevardnadzenin GUAM-ı yaratmaqda məqsədləri Rusiya Prezidenti Boris Yeltsinin MDB-ni SSRİ-nin hansısa yeni formasına çevirmək cəhdlərinə bir növ sədd çəkmək idi. GUAM MDB çərçivəsində həmin missiyanı, demək olar ki, yerinə yetirdi. Ruslar MDB-ni Yeltsinin, Rusiyanın istədiyi şəkildə transformasiya etməyi bacarmadılar. Ona görə də sonradan gedib Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, Avrasiya İqtisadi İttifaqı kimi birliklər yaratdılar. Ancaq, yenə deyirəm, MDB-də bunu etməyə nail ola bilmədilər. Moldova, Gürcüstan və Ukrayna MDB-ni tərk etdikdən sonra, ümumiyyətlə, həmin təşkilat çərçivəsində Azərbaycanla səyləri əlaqələndirmək missiyası tamamlandı”.
Milli Məclisin deputatı bildirdi ki, GUAM-a üzv ölkələrin hamısının etnik separatizmdən əziyyət çəkdiyi nəzərə alınaraq biz yenə də əlaqələrimizi davam etdirirdik: “Üç ölkə yenə də Rusiyanın himayə etdiyi separatizmdən əziyyət çəkir. Ancaq Azərbaycan bu məsələni həll edib. Bu baxımdan da bizim səyləri əlaqələndirmək ehtiyacımız xeyli aşağı düşüb”.
Müsahibimiz GUAM-dan çıxmağı, yaxud təşkilatın buraxılmasını düzgün hesab etmədiyini vurğuladı: “Hazırda qayda, hər halda son dövrlərin ənənəsi belədir ki, yaradılan təşkilatları hər ehtimala qarşı saxlayırlar. Yəni, onu ləğv etmirlər. Nəzərə almaq lazımdır ki, hazırda həmin təşkilata Azərbaycan sədrlik edir. Onun baş katibi Azərbaycan diplomatı Altay Əfəndiyevdir. Təşkilatın buraxılması ilə bağlı ölkəmizin hansısa təşəbbüslə çıxış edəcəyini düşünmürəm. İndi yola verək, sonra isə təbii ki, götür-qoy etməliyik. Hər bir halda mənə elə gəlir ki, GUAM-ın indiki dövrdə, yəni dördlük formatında missiyası tamamlanıb. Hansı yeni siyasi zərurət ortaya çıxa bilər? Ola bilsin ki, təşkilatın daha geniş şəkildə, tutaq ki, Baltikyanı ölkələrin, Türkiyənin, Özbəkistanın, Vişeqrad qrupu ölkələrinin (Polşa, Çexiya, Slovakiya və Macarıstan) qoşulması ilə birgə əməkdaşlıq qurumuna çevrilməsi nəzərdən keçirilə bilər. Ancaq, bu, sonranın məsələsidir. Hələlik isə düşünürəm ki, təşkilat öz işini davam etdirəcək”.
GUAM Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Nəsib Məhəməliyev isə qəzetimizə müsahibəsində dedi ki, GUAM postsovet ölkələri arasında etnik separatizmlə üzləşən 4 ölkənin birgə səyləri nəticəsində yaradılıb. Onun sözlərinə görə, həmin vaxtlar təşkilatın əsas funksiyası beynəlxalq platformalarda vahid mövqedən çıxış etməkdən ibarət idi: “Çox təəssüf ki, GUAM həmin ölkələrdə mövcud olan siyasi konyukturadan asılı olaraq, xarici siyasətini müəyyənləşdirirdi. Məsələn, Ukraynada, yaxud Moldovada Rusiyayönümlü şəxslər siyasi hakimiyyətdə idilərsə, onlar, təbii ki, Qərbdən üz çevirirdilər. Yaxud, həmin ölkələrdə Qərbyönümlü şəxslər iqtidara gələndə onlar Rusiya əleyhinə siyasət aparırdılar. Beləliklə, təşkilatın fəaliyyəti siyasi konyukturadan asılı olaraq formalaşırdı. Bu, ən böyük nöqsanlardan idi”.
Nəsib Məhəməliyev bildirdi ki, GUAM üzrə müttəfiqlərimizin AŞPA-dakı səsvermə zamanı tutduqları mövqe təəssüf doğurur: “Müttəfiqlərimiz özlərini müsbət tərəfdən göstərmədilər. Düzdür, ukraynalı deputat Aleksey Qonçarenko Azərbaycanın mövqeyindən çıxış etdi və mövqeyini kifayət qədər əsaslandırdı. Ancaq Gürcüstan, Ukrayna və Moldova nümayəndə heyətləri bütövlükdə səsvermədə iştirak etmədilər. Bu da o anlama gəlir ki, həmin dövlətlər çətin durumda öz müttəfiqlərinə lazımi dəstək vermədilər. Təbii ki, AŞPA-da hansısa “dirijor” bu ölkələrin nümayəndə heyətlərinə konkret təzyiq göstərməklə onları Azərbaycan əleyhinə prosesə cəlb etdi. Ancaq həmin ölkələrlə sıx əlaqələrimiz olduğu üçün onlar açıq-aşkar əleyhimizə səs verə bilmədilər. Bu baxımdan onlar başqa bir yol seçdilər. Yəni, səsvermədə iştirak etmədilər”.
Milli Məclisin deputatı qeyd etdi ki, Azərbaycan GUAM təşkilatında həmin ölkələrə daha çox lazımdır, nəinki həmin ölkələr Azərbaycana: “Son 30 ildə Gürcüstanın bir dövlət olaraq ayaqda qalmasında, onun ən çətin zamanda problemlərinin həllində Azərbaycan özünü ən yüksək səviyyədə göstərib. Ölkəmiz qardaşlıq, strateji müttəfiqlik dəstəyini nümayiş etdirib. O cümlədən Ukraynanın ən mürəkkəb dövrlərində biz o dəstəyi vermişik. Mən xatırlayıram ki, 1999–2000-ci illərdə Ukraynada məhsul yığımı zamanı Rusiyadan gələn dizel yanacağı, sürtkü yağları tamam kəsildi. Ukraynanın məhsulu batmaq üzrə idi. O zaman ulu öndər Heydər Əliyev operativ qərar qəbul etdi və 500 min ton dizel yanacağı Ukraynaya göndərildi. Ölkəmizin Ukraynaya indi də verdiyi iqtisadi, siyasi, mənəvi dəstəyi daha bir nüansdır. Ancaq təəssüf ki, həmin ölkələr bu sınaqdan çıxmadılar. Yəni, Azərbaycanın bəzi hallarda, hətta, ehtimal olunan riskləri nəzərə almadan göstərdiyi köməyin əvəzini verməyə cürətləri çatmadı”.
Nəsib Məhəməliyev daha sonra dedi ki, ümumiyyətlə, biz dövlət olaraq, öz problemimizi həll etmişik. Gələcəkdə bizim onlara elə də ehtiyacımız yoxdur: “Hesab edirəm ki, biz GUAM-sız da keçinə bilərik. Əgər həmin ölkələrin bizimlə bağlı siyasətində ciddi dəyişikliklər olarsa, bundan sonra bizim yanımızda olacaqlarsa, bizim o təşkilatda qalmağımız, fəaliyyət göstərməyimiz mümkün ola bilər. Bununla belə düşünürəm ki, biz təşkilat çərçivəsində hansısa əlavə öhdəliklər götürmədən də fəliyyətimizi davam etdirə bilərik”.
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi direktorunun müavini, politoloq Fuad Çıraqov hesab edir ki, GUAM çərçivəsində qarşılıqlı öhdəliklərdən başqa, quruma daxil olan ölkələrin hər biri ilə Azərbaycanın ikitərəfli əsasda çoxsaylı müqavilələr üzrə qarşılıqlı öhdəlikləri mövcuddur: “Ötən müddət ərzində Azərbaycan həmin ölkələrin hər biri ilə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi və dərinləşməsi istiqamətində çoxsaylı təşəbbüslər irəli sürmüş və əlindən gələni etmişdir. Azərbaycan müxtəlif beynəlxalq platformalarda bu ölkələrin milli maraqları ilə bağlı təkcə prinsipial mövqe ortaya qoymamış, həm də həmin ölkələrin ən çətin zamanlarında etibarlı tərəfdaş kimi əməli yardım etmişdir.
Azərbaycan özünün xarici siyasətində həqiqi müstəqil dövlətin lakmus kağızı olan ikitərəfli münasibətlərini üçüncü tərəfin əsiri etməmişdir. Yəni, Azərbaycan GUAM ölkələrinin Rusiya ilə münasibətlərinin hətta açıq qarşıdurma və müharibə səviyyəsində olduğu zamanlarda da onlara yardımlar etmişdir. Hərçənd ki, Azərbaycanın o ölkələrə yardımlar etməsi normal münasibətlərdə olduğu Rusiyada bəzi dairələrin ciddi narazılığına səbəb olmuş, hətta Moskva ilə münasibətləri bəzən təhlükə altına qoymuşdur. Ancaq Moskvada da yaxşı anlayır və hörmətlə yanaşırdılar ki, bu mövqe Azərbaycanın xarici siyasətinin dəyişməz prinsipindən irəli gəlir və heç kimə qarşı çevrilməyib. Azərbaycan vaxtilə Qərb Kosovanın müstəqilliyini tanımaqla və beynəlxalq hüququn fundamental prinsipi olan ərazi bütövlüyünü pozmaqla təhlükəli “Pandora qutusu”nu açarkən necə buna qarşı prinsipial mövqe ortaya qoymuşdusa, GUAM-a daxil olan ölkələrin ərazi bütövlüyü pozulanda da eyni prinsipial mövqe nümayiş etdirmişdi”.
Fuad Çıraqov qeyd etdi ki, GUAM-a daxil olan ölkələr müstəqilliklərini bərpa etdikdən sonra həqiqi müstəqil dövlət olmaq sınağı ilə üz-üzə qaldılar. Bu müddət ərzində Azərbaycana da kənardan, eləcə də yad qüvvələrin dəstəyi ilə daxildən xarici siyasətini dəyişməyə çalışan müxtəlif qüvvələrin təzyiqləri oldu. Azərbaycan bu sınaqlardan üzüağ çıxaraq öz həqiqi müstəqilliyini sübut edə bildi və bu, ilk növbədə, həm də Bakının GUAM ölkələrinə müxtəlif formalarda dəstəyində özünü göstərdi: “Azərbaycana təzyiqlər hələ də davam etməkdədir. Ancaq belə görünür ki, GUAM ölkələri həqiqi müstəqilliklərini saxlaya bilməyib, bəzi ölkələrin təzyiqlərinə boyun əyiblər. GUAM ölkələrinin AŞPA-dakı mövqeyinin başqa cür izahı yoxdur. Əgər GUAM ölkələri xarici dövlətlərin iradəsinə boyun əyəcəklərsə, öz müstəqil mövqelərini ortaya qoya bilməyəcəklərsə və ən əsası Azərbaycanın onlara verdiyi dəstəyin, heç olmasa, yarısının əvəzini qaytarmayacaqlarsa, onda bu təşkilatda qalmağımıza nə ehtiyac var? GUAM təşkilat kimi ilk növbədə, bu quruma daxil olan digər ölkələrin milli maraqlarına cavab verir. Əgər bu ölkələr həqiqi müstəqil olduqlarını sübut etmək və milli maraqlarına uyğun siyasət ortaya qoymaq istəyirlərsə, bu səhvi tezliklə aradan qaldırmaq üçün ən qısa zamanda əllərindən gələni etməlidirlər”.
Səxavət HƏMİD
XQ