Şvabe və Fransanın qırıq alman “şvabrası”

post-img

Yaxud AŞPA-nın anti-Azərbaycan mövqeyinə sözardı

Görünür, Avropa Şurası anti-Azərbaycan, həm də ermənipərəst ritorikasının dozasını artıq edib. Ölkəmizin qurumun Parlament Assambleyasındakı səsini dondurmaq təşəbbüsünü yalnız bu cür qiymətləndirmək mümkündür. Məlum olduğu kimi, təşəbbüsün müəllifi almaniyalı deputat Frank Şvabedir. Bu, həmin Frank Şvabedir ki, 2020-ci il fevralın 9-da Azərbaycanda keçirilmiş parlament seçkilərində AŞPAnın müşahidə missiyasının rəhbəri olmuş və prosesdən sonra da qərəzli bəyanatı ilə yadda qalmışdı. 

Bəli, indi həmin F.Şvabe, niyəsə, bu fikrə gəlir ki, Azərbaycanda vəziyyət günü-gündən pisləşir. Əslində, almaniyalı deputatın bu fikri qərəzin bariz göstəricisidir. Məsələ heç də təkcə onda deyil ki, o, gözünün içinə qədər yalan deyir. Başlıca məqam Strasburqda AŞPA-nın qış sessiyasının ilk günündə müzakirəyə çıxarılmış məsələnin mahiyyətidir. Yəni, avroparlamentarilər Şvabenin dilə gətirdiyi xüsusa deyil, “təşkilatın prinsiplərinin pozulması” məntiqinə səs verərək Azərbaycanın təmsilçiliyinin dondurulmasını dəstəkləyiblər.

Sual olunur: təşkilatın prinsiplərinin pozulması hara, “Azərbaycanda vəziyyətin günü-gündən pisləşməsi” hara? Sözümüz ondadır ki, AŞPA-dakıların Azərbaycana qarşı aşkar qərəzi onların öz prinsiplərinə də hörmətsiz yanaşmaları ilə bağlı durum formalaşdırıb. Bu isə bir daha onu göstərir ki,  onlar konkret sifariş yerinə yetiriblər. Sifariş kimdən gəlir, onu yazının sonunda bildirəcəyik.

Bəli, F.Şvabe açıqlamasında vurğulayır ki, guya, Azərbaycanda demokratik seçkilər yoxdur, bunun üçün zəruri şərtlər yerinə yetirilmir. Adama deyərlər, nə yatdın ki, nə də yuxu görəsən? mumən, bu şəxs hələ keçirilməmiş prosesi nə üçün gözdən salmağa girişir? Əslində, sual ritorikdir. Çünki Ermənistanın işğalçı siyasətini dəstəkləyənlərdən, indi də erməni avantürizminin davamı üçün canfəşanlıq edənlərdən başqa gözlənti ola bilməz. Hər fürsətdəcə özlərinin yaramaz xislətlərini ortaya qoyacaqlar. Fürsət isə düşüb - 7 fevral Prezident seçkiləri. Şvabe və onun dostları prosesin Azərbaycan xalqının iradə meydanı olduğunu gözəl anlayırlar. Bilirlər ki, ölkəmizdə xalq-iqtidar birliyi möhkəm və sarsılmazdır. Bu birliyə çamur atmaq istəyirlər. Bir neçə gün əvvəl Azərbaycandakı qulbeçələri də meydana atılmışdılar. Namizədləri var imiş – Tural Sadıqlı. Bütün günü sosial şəbəkələrdə ağzına gələni danışan bu şəxs, guya, lider imiş. Budur, avropalıların, elə AŞPA-nın və oradakı ermənipərəstlərin ortaya çıxardıqları “siyasi güc” Həqiqətən də ortada gülüş doğuracaq mənzərə var...

Əslində, “Azərbaycanda demokratik seçkilər yoxdur” deyimi ilə “Azərbaycanda siyasi məhbuslar var” klişesi ilk baxışdan bir-biri ilə əlaqəsiz məqamlardır. Yəni, fikirlər sırf seçki ritorikası baxımından üst-üstə düşmür. Ancaq bu deyimlərdə ehkamlaşmış anti-Azərbaycan təbliğatının izləri var. Məlum olduğu kimi, ölkəmizə qarşı çıxanlar həmişə yuxarıda qeyd etdiyimiz məsələlərlə, bir növ, silahlanıblar. F.Şvabe də eyni “kursu” davam etdirməkdədir. Belə nəticə hasil olur ki, əvvəl Azərbaycanın AŞPA-dakı təmsilçiliyini məhdudlaşdırmaq qərarı qəbul edilib, sonra isə həmin qərarı əsaslandırmaq üçün bəhanələr axtarılıb. Hansı səmtdən yanaşılsa, bəhanələr “təşkilatın prinsiplərinin pozulması” məntiqi ilə uzlaşmır. Axı Şvabe deyir ki, Azərbaycanın nümayəndə heyətinin başlıca öhdəliyi AŞPA təmsilçilərinin ölkəyə sərbəst girişini təmin etmək və seçkilərin müşahidəsi üçün dəvət göndərməkdir. Bu, tam texniki məsələdir. Niyə anlaşılmazlıq yaransın ki? Deməli, anlaşılmazlıq bir yana, ziddiyyətli durumu qəsdən formalaşdırmaq niyyəti güdənlər var. Onlar üçün seçkini izləmək önəmli deyil. Önəmli olan seçkiyə ləkə gətirməkdir. Buna görə cəfəng məsələləri əldə bayraq ediblər.

AŞPA doğrudan da Azərbaycandakı seçki prosesini izləməkdə maraqlıdırsa, o zaman nə üçün bu marağı Şvabe, özü də tam bir fikir deformasiyası şəkildə ifadə etməlidir? O kimdir ki, səlahiyyət sahibi olsun? Adi bir deputat. Ancaq görünür, burada səlahiyyətlilik heç də başlıca məqam deyil. Şübhəsiz, almaniyalı parlamentari özü belə bir təşəbbüslə çıxış etməyib. Onu ortaya atan dairələr var və bu dairələr, tez-bazar, anti-Azərbaycan qərar çıxarıblar. Axı AŞPA-nın seçkiləri izləmək üçün ölkəmizə gəlməməsi bizə nə verəcək? Heç nə. Necə deyərlər, xoruz olmasa, səhər açılmırdı ki? Qurumun təmsilçiləri prosesdə müşahidə aparsalar, nə olacaq? Nə isə dəyişəcəkmi? Əlbəttə, yox Onsuz da seçki tam demokratik şəraitdə keçiriləcək. Göründüyü ki, bütün bunlar yalnız bəhanədir.

Daha bir məqama diqqət yetirək. F.Şvabe AŞPA-nın məruzəçilərinin “Laçın dəhlizini ziyarət edə bilmədiklərini” də bəhanə gətirir. Görəsən, budamı “təşkilatın prinsiplərinin pozulması”dır? Yəni, Laçın yolu ilə bağlı məsələnin ümumi kontekstdə götürülməsini də anlamaq tam mümkünsüzdür. Yaxşı, tutalım, Laçın yolu prioritetdir və Azərbaycan həmin yolu bağlayıb. Sual olunur: yolun bağlanması nəticəsində əziyyət çəkdiyi bildirilən şəxslər kimlərdir? Ermənilər. Bəs həmin ermənilər hansı dövlətin ərazisində idilər? Azərbaycanın. Yəni, Avropa Şurası tərəfindən ərazi bütövlüyü və suverenliyi tanınmış Azərbaycanın. O zaman AŞPA nə üçün Azərbaycanın Qarabağın erməni sakinlərinə yardım göstərmək niyyətini nəzərə almayıb? Hansı səbəbdən indiyədək Ağdam-Əsgəran yolunun açılmasından söz açmayıb? Qarabağ ermənilərinə ancaq Laçın yolu vasitəsi ilə Ermənistandan göndərilən yardım çatmalı idi ki, durum insan hüquqlarının pozulması kimi qiymətləndirilməsin? Bəlkə, həmin yoldan bölgədəki keçmiş separatçı rejim üçün silah-sursat və minalar daşınmalı idi ki, təməl prinsiplər qorunmuş sayılsın? F.Şvabenin sözlərindən belə çıxır ki, bütün yuxarıda qeyd olunanlar Azərbaycanın AŞPA ilə əməkdaşlıq etmək istəməməsi ilə əlaqədardır. Guya, qurumun ölkəmizin səsini dondurmaq qərarına gəlməsi həm də bundan qaynaqlanır. Əlbəttə, almaniyalı deputatın söylədikləri digər məqamların üzərində də dayanmaq mümkündür. Amma buna ehtiyac duymuruq. Tam aydındır ki, ölkəmizə qarşı qərəzli münasibət xüsusi planlaşdırılmış saxta mahiyyətə söykənir. Yəni, F.Şvabe böyük oyunun kiçik “peşka”sıdır.

Bəli, AŞPA-nın qərarının Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə heç bir əlaqəsi yoxdur. Bu, öz suverenliyini və ərazi bütövlüyünü bərpa etmiş ölkəmizdən qisas almaq cəhdidir. Əlbəttə, son dərəcə cılız cəhddir. AŞPA vaxtilə ona qoşularaq ədalət axtarışında olan Azərbaycanın ümidlərini doğrultmadı. Haqqı deyil, nahaqqı dəstəklədi. Bunu xristian təəssübkeşliyinə əsaslanaraq etdi. Özünün təməl prinsiplərinə etinasız yanaşdı, insan hüquq və azadlıqlarının qayğısına qalmadı. Əksinə, ədalətsizliyin davamı, Azərbaycan torpaqlarının işğalda qalması üçün susqunluq nümayiş etdirdi. Ara-sıra mahiyyətcə neytral mövqe tutan növbətçi bəyanatlar verməklə, işğalın şüurlarda və düşüncələrdə möhkəmlənməsinə xidmət göstərdi.

AŞPA üçün Azərbaycanın bir milyon vətəndaşının öz doğma yurd-yuvasından, el-obasından didərgin düşüb məcburi köçkün həyatı yaşaması heç bir anlam daşımadı. Bu gün Qarabağdan öz xoşuna köçüb siyasi ambisiyaların girovuna çevrilməyi seçmiş Qarabağ ermənilərinin durumundan qat-qat ağır vəziyyətə düşmüş insanlarımızın çadır şəhərciklərində, vaqonlarda illərlə yaşamaları AŞPA üçün heç bir mənəvi məna kəsb etmədi. Təşkilatın bəyanatları lakmus kağızından o yana keçmədi. Bəli, AŞPA bu gün də erməni avantürizminə xidmət edir. Qurumun Azərbaycana qarşı qərəzini başqa cür qiymətləndirmək mümkün deyil. Onun mövqeyi siyasi oyunbazlıqdır. Məlumdur ki, bu oyunbazlığa rəhbərlik edən Fransadır. Yəni, əvvəldə haqqında söz açdığımız sifarişçi rəsmi Parisdir. Alman F.Şvabe də əslində Fransanın Almaniyanı özünün anti-Azərbaycan ritorikasına alət etməsinin növbəti bariz obrazıdır.

Ə.CAHANGİROĞLU 

XQ

 

Siyasət