2023-cü ilin siyasi almanax zənginliyindəki gərginlik anları arxada qaldı
Son gününü yaşadığımız 2023-cü il Vətənimiz Azərbaycan üçün siyasi anlamda çox uğurlu ildir. Əlbəttə, ötən müddətin hadisə və proseslərinə nəzər salarkən, bu uğurun heç də asan başa gəlmədiyini vurğulaya bilərik. Çətinliklərimiz oldu, ancaq əldə etdiyimiz möhtəşəm nailiyyət üzləşdiyimiz bütün çətinlikləri unutdurur. Söhbət dövlət suverenliyimizin bərpasından gedir.
Bəli, 2023-cü ilin ən böyük hadisəsi Silahlı Qüvvələrimizin sentyabrın 19-da keçirdiyi lokal xarakterli antiterror tədbirləridir. Bu tədbirlərin uğuru onu deməyə əsas verir ki, biz artıq bütövləşmiş, tamlaşmış Vətənə sahibik. Xocalı, Əsgəran, Ağdərə və nəhayət, Xankəndili Azərbaycanımız var. Allaha şükürlər olsun ki, torpaqlarımızda otuz ildən çox hökm sürmüş, at oynatmış erməni kabusu artıq canını tapşırıb. Bu gün tam qətiyyətlə deyə bilərik ki, ərazilərimizdə separatizm yoxdur. Əslində, bu mənada yanaşsaq, 2023-cü il xalqımız üçün yuxu, xəyal kimi bir ildir. Arzularımızı gerçəkləşdirib, haqqımızı və ədalətimizi bərpa etmişik. Bundan böyük xoşbəxtlik ola bilməz.
Azərbaycanın Qarabağ probleminin həllinin ideoloqu Ulu öndər Heydər Əliyevdir. Dövlət suverenliyimizə qovuşmağımızın Ümummilli liderin 100 illiyinə təsadüf etməsi isə ilahi qanunauyğunluqdur. Dahi şəxsiyyətin minbir əziyyətlə başladığı, böyük çətinliklər bahasına gələcəyə daşıdığı Qarabağ probleminin tam qələbə ilə yekunlaşması azərbaycanlı ruhunun müqəddəs Zəfəridir. Bu Zəfər Vətən naminə əzmkarlığın, prinsipiallığın və qətiyyətin dünyaya nümunə olacaq pərvəriş səhnəsidir. Deməli, Heydər Əliyev şəxsiyyətinin ruhu şaddır. Onun ruhunun şadlığı isə xalqımızın bu dahi azərbaycanlıya yanaşmasındakı misilsiz qədirbilənliyin təcəssümüdür. Ordumuz xalqımızın Heydər Əliyev qədirbilənliyini əməli fəaliyyəti ilə bir daha ucalara qaldırdı, bu böyük neməti milli şüur və düşüncəmizin yüksəliş mərhələsi kimi vurğuladı. Nəticədə 2023-cü il qarşımızda yeni üfüqlər açdı. Artıq daha böyük zirvələrin fəthinə doğru yol almışıq. Yolumuz daim açıq olsun!
Bildirdiklərimizin fonunda bir məqamı da vurğulamağa ehtiyac var. 2020-ci ilin 44 günlük müharibəsində Azərbaycan beynəlxalq aləmə güc amilinin həllediciliyini göstərdi. z torpağına qanı bahasına sahibolmanın örnəyinə çevrildi. Dünyanın müxtəlif qütblərindəki ermənipərəstlər bunu işğalçılıq kimi qiymətləndirməyə çalışsalar da, Vətən müharibəsindəki şücaətimiz hətta onların da xalqımıza rəğbətini doğurdu. Üzərindən üç il keçdikdən sonra Azərbaycan Qarabağa tam sahiblənmək, özünün ərazi bütövlüyü və suverenliyini bərpa etməklə, bir daha güc amilindən səmərəli, düzgün və tədbirli istifadənin nümunəsi olduğunu bir daha göstərdi. Heç şübhəsiz, cəmi 23 saat 43 dəqiqəyə yerinə yetirilmiş tapşırıq, 2020-ci ilin Şuşa əməliyyatı kimi, bütövlükdə, dünyanın hərb tarixinə peşəkarlığın və mübarizliyin növbəti təntənəsi olaraq düşəcək.
Azərbaycanın dövlət suverenliyinə qovuşmasının timsalında biz 2023-cü ili Heydər Əliyev idarəçilik məktəbinin növbəti böyüklük yaşantısı kimi də xatırlayacağıq. Xatırlayacaq və hər zaman vurğulayacağıq ki, Prezident İlham Əliyevin idarəçilikdəki mükəmməl varislik xəttindəki başlıca formul yenilməzlik, məğlubedilməzlik və ardıcıllıqdır. Axı, Heydər Əliyev də məğlubedilməz idi.
Dövlətimizin başçısı nəyi nə vaxt və necə etməyin lazım olduğunu bir daha göstərdi. Böyüklük də elə məhz bundadır. Böyüklük uğur və müvəffəqiyət anını duymaqda və son həmləni zamanında etməkdədir. Sentyabrın 19-dakı həmlə həm də böyük siyasət adamının dünyanı mat qoyan usta gedişi idi.
Bəli, suverenliyimizin bərpası Prezident İlham Əliyevin böyük siyasət meydanındakı parlaq qələbəsidir. Elə bir qələbə ki, dövlətimizin başçısının yetkin dövlət və siyasət adamı obrazına yeni xarizma qazandırdı. Bu qazanc, bütövlükdə, xalqımızın heyrətamiz qürur və fəxarət qazancıdır. Bu qazanc dünyadakı yerimizi və rolumuzu təsdiqləyən nemətdir. Nəhayət, bu qazanc parlaq gələcəyimizin əbədi təminat paktıdır. İlham Əliyev şəxsiyyətinin suverenliyimizin bərpası ilə xarakterizə olunan bu paktı özünün Prezident fəaliyyətinin iyirminci ilinin tamamında imzalamasında da xüsusi rəmzi anlam var. Deməli, möhtəşəm Zəfərimiz iyirmi illik yolun hesabatıdır. Bizi biz edən, bizi özümüzə qaytaran Zəfərin hesabatı. Ulu öndər Heydər Əliyevin ruhu, eyni zamanda, ona görə şaddır ki, bu gün onun qurub-yaratdığı, qara buludların cəngindən alıb aydın səmaya qovuşdurduğu Azərbaycan günəşi dünyaya da parlaqlıq gətirir, şölə saçır.
Əvvəldə də vurğuladığımız kimi, bütün qürur və fəxarət səhnələrinə, tarixi uğur və nailiyyətlərə baxmayaraq, son gününü yaşadığımız 2023-cü il Azərbaycan üçün siyasi anlamda heç də asan keçmədi. Dünyanın Cənubi Qafqazda marağı olan qütbləri ilə daimi ziddiyyətlər, psixoloji savaş, əsəb müharibəsi şəraitində keçdi. Siyasətin sərt, soyuq üzü ilə qarşılaşdıq. Lakin heç nədən nəinki çəkinmədik, bir addım da geri atmadıq. Bəs çətinliklərimiz əsasən kimlərlə, daha doğrusu, hansı dövlətlərlə oldu Nəzərə alaq ki, “soyuq müharibə” hələ də davam edir.
Xronoloji baxımdan yanaşsaq, 2023cü ilin yanvarından başlayaraq, cənub qonşumuz İranla aramızdakı gərginliyin pik həddə çatdığını vurğulaya bilərik. Bu trayektoriyada Azərbaycanın İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum başlıca rol oynadı. Qanlı olaydan sonra səfirliyimiz fəaliyyətini dayandırdı. Mövcud fonda İran–Ermənistan işbirliyinin güclənməsi, Tehranın İrəvana dəstək motivli açıqlamaları, müvafiq olaraq İranın bəzi dairələrindən qatı anti-Azərbaycan xarakterli fikirlərin səslənməsi durumu xeyli mürəkkəbləşdirdi. Bir anlıq elə təəssürat yarandı ki, İranla Azərbaycan müharibə şəraitindədir. Lakin hər iki dövlət – həm İran, həm də Azərbaycan vəziyyəti sabitləşdirmək, münasibətləri əvvəlki məcrasına qaytarmaq üçün zoru, gücü deyil, səbri və təmkini “silah”a çevirdilər. Nəticə isə göz önündədir. Bu gün Azərbaycan üçün müstəsna əhəmiyyət daşıyan və Ermənistanın reallaşmasına şərait yaratmadığı Naxçıvana yolun İran ərazisindən keçməsi kimi müstəsna razılaşma, bir növ, niyyət, səmimiyyət memorandumu var. Hər iki dövlət “3+3” regional platformasının aktiv iştirakçısı qismində çıxış etməkdə, “Region region dövlətləri üçündür” şüarını rəhbər tutaraq, qarşılıqlı əməkdaşlığı yeni, daha səmimi fazaya daşımaqdadırlar.
Fransa ilə yenə davam etməkdə olan gərginlik xətti də 2023-cü ilin xarakterik siyasi hadisələrindəndir. Fransa Prezident Emmanuel Makronun səriştəsizliyi səbəbindən dünya siyasətindəki mövqeyini itirməkdədir. lkə, sanki, yaralı ayıdır, həm acısını ovutmaq, həm də özünü təsdiqləmək üçün ətrafa hücum çəkməkdədir. Afrikada itirdiklərini kompensasiya etmək üçün şığıdığı bölgə isə Cənubi Qafqazdır. Paris üçün Cənubi Qafqazdan möhkəm yapışmağın başlıca formulu isə ermənipərəstlikdir.
Bəli, Fransanın ənənəvi ermənipərəstliyi 2023-cü ildə ən pik həddə çatdı. Nəticədə indi Azərbaycan–Fransa münasibətlərindəki ziddiyyətlər də özünün ən yüksək nöqtəsindədir. Deməli, 2023-cü il müasir müstəqillik dövründə Azərbaycan üçün uğurlu olduğu kimi, ölkəmizə qarşı ittihamların açıq formada səsləndiyi il kimi də yadda qalmaqdadır. Ancaq uğurlar çoxaldıqca bədxahların sayının artmasında müəyyən təbii qanunauyğunluq var və Azərbaycan dövləti hadisələrin bu cür axarına tam hazır olan müqavimət və immunitetə malikdir. Əlbəttə ki, bu sevindiricidir. Necə deyərlər, çəkişməsən bərkiməzsən.
Azərbaycanla Ermənistan arasındakı sülh gündəliyi, o cümlədən, danışıqlar prosesi ölkəmizin istər regional, istərsə də qlobal siyasət meydanındakı başlıca gündəmini təşkil etdi. Fransa və İranla bağlı məqamları diqqətə çatdırdıq. Əslində, Paris və Tehranla ziddiyyətlərimizin kökündə dayanan da elə erməni amili, Ermənistan avantürizmi və bu avantürizmi qlobal siyasətdə alətə çevirmək cəhdləridir. Qeyd edək ki, erməni amili 2023-cü ildə respublikamızın Rusiya və ABŞ kimi super güclərlə münasibət trayektoriyasına da təsirini göstərib. Ermənistanı yenidən öz orbitinə qaytarmaq, onu Qərb yolundan döndərmək istəyən Rusiya tərəfindən səslənmiş Qarabağla bağlı bəzi açıqlamaların tam anlamda Haqqa və ədalətə xidmət ruhuna köklənmədiyini görmüşüksə, ABŞ Dövlət Departamenti rəhbərinin köməkçisi Ceyms O'Brayenin Birləşmiş Ştatlar Konqresinin Nümayəndələr Palatasındakı çıxışının birbaşa təhdid xarakteri daşıdığına da şahidlik etmişik. Xatırladaq ki, Vaşinqtonun Azərbaycanın digər ərazilərini Naxçıvanla birləşdirəcək yolun İran ərazisindən keçməsinə qəti şəkildə qarşı çıxacağını bildirmiş cənab OBrayenin fikirləri beynəlxalq hüququ heçə saymaq, açıq demarş cəhdi idi.
Əlbəttə, Azərbaycanla təhdid dilində danışmaq mümkünsüzdür. 2023-cü il mövcud reallığı bir daha sübüta yetirdi. lkəmiz nə İranın, nə Fransanın, nə də ABŞ-ın təhdidləri qarşısında geri çəkildi. Azərbaycan, həmçinin, dünyanın, belə demək mümkünsə, birləşmiş ermənipərəstlərinin Bakı-İrəvan nizamlamasına təsir göstərmək meyillərinə qarşı da layiqli dirəniş göstərdi. Şübhəsiz, antiterror tədbirlərinin uğuru və suverenliyimizin bərpası dirənişimizin mükafatıdır.
Ümumən, 2023-cü il Azərbaycan-Ermənistan danışıqlarındakı intensivlik baxımından da yaddaqalan oldu. Ancaq prosesdəki qəribə trayektoriya diqqətdən yayınmadı. Əlbəttə, bu trayektoriya Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe ilə bağlı idi. Daim anti-Azərbaycan ritorikanı gündəmdə saxlayan rəsmi İrəvan danışıqlar masasında xal qazanmağa, xüsusən, Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi məsələsini beynəlxalq tribunalara daşımaqla, yeni reallıqlar formalaşdırmağa, Qarabağda separatçılığın leqal müstəviyə çıxması naminə zəmin yaratmağa girişdi. Lokal xarakterli uğurlu antiterror tədbirləri bir çox suallara aydınlıq gətirdiyi kimi, belə qəbuledilməz meyillərin də qarşısına birdəfəlik sədd çəkdi.
Sonda qeyd edək ki, 2023-cü ilin qısa siyasi təhlilini apardığımız və əsasən də ziddiyyətli məqamları və həmin məqamların fonunda qazandığımız suverenliyimizin müstəsna məziyyətlərini diqqətə çatdırdığımız bu məqalədəki ayrı-ayrı məqamlar qarşıdan gələn 2024-cü ilin də siyasi gərginlik baxımından rəvan keçməyəcəyini söyləməyə əsas verməkdədir. Ancaq, bu, heç də fövqəladə hal deyil. Çünki Cənubi Qafqaz coğrafiyası, ümumən, təbəddülatların yaşandığı siyasi platformadır. Başlıca məqam budur ki, çətinliklər dövlətimizi daha əzmli və qüdrətli edir.
Deməli, 2024-cü ildən başlıca gözləntimiz daha da güclənməkdir. Əminik ki, fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri gözləntilərimizin özünü doğrultması istiqamətində atılacaq yeni və daha müzə- Braddımlar üçün çıxış nöqtəsi kimi tariximizdə əbədi qalacaqdır. Fəqət, gözləntimiz olduğu kimi, arzumuz da var. Arzu edirik ki, 2024-cü ildə Azərbaycan–Ermənistan əsaslı barışığının yaranması, yekun sülh müqaviləsinin imzalanması fonunda Cənubi Qafqaza, nəhayət ki, əmin–amanlıq mühiti, firavanlıq və asayiş gəlsin.
Əvəz CAHANGİROĞLU
XQ